adalet.az header logo
  • Bakı 20°C
19 Yanvar 2021 11:08
62748
ƏDƏBİYYAT
A- A+

ŞƏHİD GECƏYƏ ÜÇ ELEGİYA

- I -

 

Qara bayraqdı göy üzü,

qar üstündə qan izi...

 

Qaranlığı tapdalayır,

qanlı, yalın ayaqlar.

Ölüm çiçəyi açır

cadar-cadar torpaqlar.

 

Tank tırtılı altında,

inləyir igid gecə.

Çiyin-çiyinə yeridik,

ölümdən keçə-keçə.

 

Qara bayraqdı göy üzü,

qar üstündə qan izi...

 

Çiyin-çiyinə yeridik,

Ay-ulduzlu

bayraqların altında.

Eyni tale yazılmışdı

hamımızın alnında.

 

- II -

 

Uçmaq üçün doğulmuşdu,

bir qanadlı quş olmuşdu.

Qırıldı qolu qanadı,

dilində sözü qanadı.

 

Allah kimindi bu uşaq?

Qançır-qançırdı dil-dodaq.

Qucaqlayıb nəm torpağı,

gözləri elə bil oyaq.

 

 

Sinəsini deşib süngü,

açılan lalədi sanki.

Göy üzü qürbətdi ona,

ruhu canından sürgün.

 

On dörd-on beş yaşı olar,

gözümdə göz yaşı olar.

İndən belə bu dünyada

mələklərə qardaş olar.

 

- III -

 

Dağ başında günəş doğur,

Günəş doğur - qan qırmızı.

Ana Vətən, Ana Vətən,

özün sarı yaramızı.

 

Al qanımız halal olsun,

bu yurdun hər qarışına.

Şəhidlərimiz qaldırıb,

Günəşi dağ başına.

 

Yaramızı sarıyanda

bir gün Anamız Vətən.

Onda sənin yarandan

öpəcəm qardaşım mən.

 

ADİL ŞİRİN