SON DƏQİQƏ:

“Tarın səsi doğmadır” - MÜSAHİBƏ

  43898   |  
Şriftin ölçüsü  

“Hər bir insan ömrü boyu bu və ya digər şəkildə günah da işlədir. Kimisi xırda günahlar, kimisi böyük günahlar edir. Allah bağışlayandır. Allah günahları bağışlayır. Təki insan günah etməkdən uzaqlaşsın”. “Ədalət” qəzetinin qonağı tarzən Həsənağa Səmədovdur.

-Söhbətimizə elə sənətinizdən başlayaq...

-9-10 yaşımdan sənətdəyəm. İlk musiqi təhsilimi Göyçay şəhərində almışam. İxtisas müəllimim Tamella xanım, muğam müəllimim isə Həsənağa müəllim olub. Məhz bu müəllimlər mənə musiqinin sirlərini öyrədiblər. O müəllimlərin üzərimdə əziyyəti çox böyük olub. 5 illik musiqi təhsilimdə uğurlarım olub. Həm müsabiqələrdə, həm də konsertlərdə dəfələrlə iştirak etmişəm. Düzdür, musiqini davam etdirmək fikrim olmayıb, daha çox hüququ istəyirdim. Amma valideynlərimin və müəllimlərimin təkidi ilə Asəf Zeynallı adına Musiqi Kollecinə sənədlərimi verib daxil oldum. Daha sonra isə Milli Konservatoriyada təhsil almışam. İstər Musiqi Kollecində, istər Konservatoriyada müəllimlərimin üzərimdə əziyyəti çox olub. Hazırda həm də müəllim kimi fəaliyyət göstərirəm, eyni zamanda da muğam üçlüyündə və solo ifalarla çıxış edirəm.

“Ömrü boyu Şəhidlərimizə borcluyuq”

-Sənətdə əziyyətləriniz çox olub?

-Bəli, əziyyətlərim çox olub. İstər sənətdə, istərsə də şəxsi həyatda çox əziyyət görmüşəm. Bu sənət ümumən əziyyət tələb edir. Əziyyət çəkməsən, sənətdə uğura nail ola bilməzsən. Ola bilər ki, sənin istedadın olar, amma əziyyət çəkməsən, heç nə mümkün olmaz. Əziyyət çəkməklə istedad mənim üçün paraleldir. Uğura nail olmaq üçün əziyyət çəkməlisən. Şəxsi həyatıma qalanda onda da əziyyətlərim çox olub. Əziyyət sözü eşidəndə uşaqlıq illərim gözümün önündə canlanır. Uşaqlıq illərim müharibə dövrünə təsadüf edir. Gözümü açıb mərmi səsi, top səsi eşitmişəm. Şuşada doğulmuşam, orada evimizə mərmi düşmüşdü və evimizin bir hissəsi dağılmışdı. Uşaqlığım çox acınacaqlı keçib. Təsəvvür edin, ibtidai sinifdə 4 məktəb dəyişmişəm. Bu da bir məkandan digər məkana getməyimizlə əlaqədar olub. Şükür bu günə, artıq Şuşamız, Qarabağımız azaddır. Allah Ali Baş Komandamızı, Ordumuzu qorusun. Şəhidlərimizə rəhmət diləyirəm. Ömrü boyu Şəhidlərimizə borcluyuq. Onların qanı, canı bahasına bu qələbəni qazandıq.

-Niyə məhz tar?

-Atam tar ustası olub. Hər zaman evimizdən tar səsi gəlib. Ümumən bizim ailədə hər zaman muğama, milli musiqilərə, klassik mahnılara üstünlük verilib. Tarın səsi çox doğmadır, əzizdir. Düşünürəm ki, tar musiqi alətlərinin şahıdır. Düzdür, alətlərin pisi yoxdur, pis ifaçı var, amma bizim üçün tar doğmadır. Tarın səsində, avazında Azərbaycan xalqının milliliyi var.

“İnsan vicdanı ilə hərəkət etməlidir”

-Mövzunu bir az dəyişək, daxili dünyanıza bələd olan kimsə var?

-Zənnimcə, insanın içini Allah bilə bilər. Belə bir fikir var, Allah insana şah damarından da yaxındır. Bizim nə etmək istədiyimizi Allah daha yaxşı bilir. İnsan öz əməlində haqsızlıq etməməyə çalışır, fikrimcə daxilində də bunu gözləməlidir, günahdan uzaq olmalıdır. Ola bilər ki, sən nəyisə əməlində göstərəsən, amma daxilində elə bir insan olmayasan. Əsas insanın daxilidir. İnsan vicdanı ilə hərəkət etməlidir. İnsanların içini bilmək olmur. İnsan var ki, üzü gülür, amma onun daxilində nə baş verdiyini bilə bilmərik. Ona görə deyirəm ki, insanın içini Allah yaxşı bilir.

-Nə üçün peşimansınız?

-Düzü, məni peşiman edəcək böyük hansısa bir şey olmayıb. Hər bir insanın həyatında olduğu kimi məndə də peşimanlıq var. Məsələni vaxtında qiymətləndirməyib, vaxtında dəyər verməyib zaman keçdikcə peşiman olmaq kimi hisslər olur insanlarda. İnsanın həyatında səhvlər də olur, o səhvlərdən nəticə çıxarmaq lazımdır. Səhvləri yenidən təkrarlamamaq lazımdır. Bəzən də elə olur ki, kiçik səhvlərin peşimanlığına fikir vermirsən və zaman keçdikcə o kiçik səhvlər böyüyür. Peyğəmbərimiz buyurub ki, bir işə görə peşiman olmaq əslində tövbə etmək deməkdir.

-Həyat deviziniz nədir?

-Yaxşı insan olmaq, yaxşı ailə başçısı olmaq, yaxşı ata olmaq, yaxşı övlad olmaq və yaxşı müəllim olmaq. Bu cür düşünürəm.

-Özünüzə bağışlamadığınız hansısa günahınız varmı?

-Elə bir günahım yoxdur. Təbii ki, günahsız da deyiləm. Hər bir insan ömrü boyu bu və ya digər şəkildə günah da işlədir. Kimisi xırda günahlar, kimisi böyük günahlar edir. Allah bağışlayandır. Allah günahları bağışlayır. Təki insan günah etməkdən uzaqlaşsın.

“Musiqi vaxt tələb edən sənətdir”

-İnsanın uğurlu və uğursuz olması nədən asılıdır?

-Uğurlu və uğursuz olmaq insanın öz əlindədir. Əziyyət çəkəcəksənsə, dözümlü, səbrli olacaqsansa, məqsədinə çatacaqsan. Uğurlu insan paxıl, kinli olmaz, kimsənin şəxsi həyatına baş qoşmaz. Heç buna vaxtı da olmaz. Zənnimcə, uğurlu insan məqsədə nail olan insandır, məqsədə çatmaq üçün hər çətinliyə dözən insandır.

-Zaman sizə yetirmi?

-Bəzən yetir, bəzənsə yox. Bilirsiniz, musiqi sənəti vaxt tələb edən sənətdir. Musiqidə saatlarla çalışmaq lazımdır, məşğul olmaq, öyrənmək lazımdır. Mən müəllim kimi də fəaliyyət göstərirəm, şagirdlərimə nələrsə öyrədirəm, bax bu da vaxt tələb edir. Zamanı düzgün bölüşdürmək lazımdır. Hazırda pandemiya dövrüdür, vaxt yetir.

-Çətinlikləri necə dəf etmisiniz?

-Həmişə Allaha inam mənə kömək edib, güc verib. İnsan çətinliklərə baxmayaraq irəliləməlidir, düşünməlidir ki, hər bir qaranlığın sonunda işıq var.

-Ən böyük kəşfiniz nədir? Musiqi?

-Bəli, musiqi hesab edilə bilər. Ən böyük kəşf özlüyümdə tarın tembrini tapmaq olub. Mən əvvəllər ifa edirdim, amma istədiyim nəticəni ala bilmirdim. Çox çalışdım, çox axtardım və o tembri tapdım. Bu da mnə çox rahatlıq verir. Gərək, musiqiçi öz ifasından zövq alsın ki, dinləyiciyə də o zövqü yaşatsın.

-Çox sağ olun ki, dəvətimi qəbul etdiniz.

-Siz sağ olun.

Rövşən Tahir

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-28
2021-01-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
January: 28, 26 23, 22, 19, 16, 14, 12, 09, 07,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK