adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Noyabr 2020 16:05
63014
MƏDƏNİYYƏT
A- A+

“Ağdamın dağılmış vəziyyətini hər görəndə mənəvi olaraq çökürdüm” - VİDEOMÜSAHİBƏ

“Bizim bəzi muğamlarımız var ki, qadınların səsində alınmır. Necə? “Rast” muğamının mayesinə görə qadınlar müraciət etmirlər. Əgər “Şahnaz”, “Qatar” muğamı kişi ifaçıları üçün çətinlik törədirsə, xanım ifaçılarımız onu çox rahatlıqla ifa edirlər. Bizim çox gözəl xanım xanəndələrimiz var. Nümunə ola biləcək qadın xanəndələrimiz çoxdur”. “Ədalət” qəzetinin qonağı Respublikanın Əməkdar artisti Təyyar Bayramovdur.

-Mən həmişə xanəndələrimizlə müsahibə edəndə onlara ənənəvi bir sual verirəm, muğam sizin üçün nə deməkdir?

-Əvvəla qeyd edim ki, muğam bizim xalqımızın milli sərvətidir, milli musiqimizdir. Mənim üçün muğam həyatımın ayrılmaz hissəsidir. Demək olar ki, həyatımın mühim bir hissəsi muğamla bağlıdır. İstər tələbələr yetişdirmək, istər Opera və Balet Teatrında fəaliyyətim, istərsə də konsertlər və səfərlər baxımından muğam həyatımda xüsusi yer tutur.

-Xanəndələrimizin hərəsi bu sualıma isə fərqli cavab verir. Mən onlardan soruşanda ki, muğam ifa edəndə nələr hiss edirsiniz, kimisi deyir ki, möcüzələr aləmində oluram, kimisi söyləyir ki, Allaha bağlanıram və başqa-başqa cavablar. Bəs Təyyar müəllim muğam ifa edəndə hansı hissləri keçirir?

-Bu, məkana, sənin həmin vaxtda olan ruh halınla bağlı bir haldır. Və bir də burada hansı muğamı ifa etmək də mühim rol oynayır. Çünki hər muğamın öz xarakteri var. Hansısa bir qəzəli bir muğamda oxuyarsan, başqa bir abu-havaya düşərsən, digər muğamda isə başqa. “Çahargah”ın öz xarakteri, “Rast”ın, “Bayatı-Şiraz”ın, “Segah”ın isə öz xarakterləri var. Muğamı ifa edəndə hansı ruh halındasansa, özünü də o cür hiss edirsən.

“Uşaqlıq xatirələrim çoxdur”

-İlk olaraq sizi təbrik edirəm. Bizim doğma torpaqlarımız, Qarabağımız qayıdıb. Sizin uşaqlıq xatirələriniz bol olduğu bir məkan-Ağdam... Ağdamı xatırlayanda nələr yada düşür?

-Təbrikiniz üçün minnətdaram. Mən də bütün xalqımızı təbrik edirəm. Böyük bir bayramdır. Bu sevinci bizə yaşadan Ali Baş Komandanımıza, qüdrətli Ordumuza təşəkkür edirəm. Canından keçən Şəhid qardaşlarımızın ruhları qarşısında baş əyirik. Bizə bu bayramı Şəhidlərimiz, igid oğullarımız yaşatdı. Qarabağlılar üçün bu qələbə ikiqat bayramdır. Doğulub boya-başa çatdığımız torpaqlarımız 27 ildir ki, mənfur düşmənlərimizin ayağı altında idi. İndi geri dönürük. Ağdam yadımdadır. Uşaqlıq xatirələrim çoxdur. Mən yay aylarında Laçın, Şuşa, Kəlbəcər kimi yerlərdə olmuşam. O gözəl, Cənnət kimi yerlərdə çox gəzmişəm. Çox təəssüf ki, Ağdamın son vaxtları yadımda qalıb. Düşmənin atdığı o top mərmiləri, onların evləri dağıtması, bu məqamlar yadımda qalıb. Daha sonra sosial şəbəkələrdə Ağdamın dağılmış vəziyyətini hər görəndə mənəvi olaraq çökürdüm. İçim qan ağlayırdı. Orada daş üstündə daş qalmasa da, o torpaq bizim üçün əzizdir, müqəddəsdir. Cənab Ali Baş Komandanımızın da dediyi kimi, Qarabağımız günü-gündən çiçəklənəcək.

-Bir az da oğlunuzdan-Kənandan danışaq...

-Kənanı ilk olaraq Mənsum müəllimlə tanış etdim. Mənsum müəllim Qasım müəllimi məsləhət bildi. Kənan bir müddət onun yanına getdi. Daha sonra Mənsum müəllimin dərs dediyi məktəbə Kənanı qoyduq və Kənan da Mənsum müəllimin tələbəsi oldu. Təbii ki, evdə mən də məşğul oluram. Amma orada sırf məktəb şəraitində dərs alır. Həm də Kənanın özü üçün də bir məsuliyyətdir ki, ustad Mənsum İbrahimovdan dərs alır. Belə deyək, atasının ustadından dərs alır. Mənim üçün də, Kənan üçün də şərəfdir ki, elə bir ustaddan dərs alır.

“İnsan məsuliyyətli olmalıdır”

-Hazırda özünüz də müəllimsiniz, tələbələr yetişdirirsiniz. Müəllim olmağın, yoxsa tələbəliyin məsuliyyəti çoxdur?

-Ümumiyyətlə, insan hansı peşədə olursa, olsun, məsuliyyətli olmalıdır. Tələbə gərək məsuliyyətli ola ki, yetişə və müəllim ola. Məsuliyyətsiz tələbədən heç nə gözləmək olmaz. Bir də görürsən ki, elə gözəl səslər olur ki, amma sənətinə qarşı məsuliyyətsizdir. Həmin şəxs heç vaxt uğur qazanmır. Təbii ki, tələbə olanda bir məsuliyyət olur, amma müəllimin üzərində daha çox məsuliyyət. Çünki o bir neçə tələbə yetişdirir.

-Niyə məhz Şahnaz muğamı?

-Muğamlarımızın hər birinin öz xarakteri var. “Şahnaz” muğamı kişi ifaçıları üçün səs tələb edən, çətin bir muğamdır. Bu muğamı görkəmli sənətkarımız Xan əminin ifasında “O olmasın, bu olsun” filmində eşitmişdim. Hər zaman bu muğam mənə xoş gəlib. Müsabiqədə də o muğama müraciət etdim. Bizi izləyənlər tərəfindən çox yaxşı qarşılandı. İndinin özündə də harada oluramsa, “Şahnaz” muğamı ifa etməyimi istəyirlər. Hətta xahiş edirlər ki, həmin sözlərlə ifa edim: “Sevgilim ləblərin yaquta bənzər”. Müsabiqədə uğur qazandıqdan sonra bu muğama daha da üstünlük verdim. “Şahnaz” muğamı ilə 4 müsabiqə qalibi olmuşam. Bu muğam səs göstərə bilmək baxımından digər muğamlardan fərqlənir.

-Bir də belə bir fikir var ki, qadın səsləri kişi səslərinə uduzur. Təyyar müəllim bu haqda nə düşünür?

-Bu fikir kimə məxsusdur, bilmirəm. Bizim bəzi muğamlarımız var ki, qadınların səsində alınmır. Necə? “Rast” muğamının mayesinə görə qadınlar müraciət etmirlər. Əgər “Şahnaz”, “Qatar” muğamı kişi ifaçıları üçün çətinlik törədirsə, xanım ifaçılarımız onu çox rahatlıqla ifa edirlər. Bizim çox gözəl xanım xanəndələrimiz var. Nümunə ola biləcək qadın xanəndələrimiz çoxdur.

-“Qarabağ Şikəstəsi”ni dinləyəndə bir haray, yanğı hiss edirdik bu vaxta qədər. Amma torpaqlarımız artıq işğaldan azad edilib və mən düşünürəm ki, “Qarabağ Şikəstəsi”nin də sözlərində müəyyən bir dəyişikliklər olmalıdır...

-Bu dəyişikliklər barədə bizim çox şairlərimiz məsləhətlər verib. “Qarabağ Şikəstəsi” bayatılarla ifa edilən bir muğamdır. Hansı bayatını istəsəniz, oxuya bilərsiniz.

“Əzizinəm Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ”.

Bu sözləri dəyişməyə nə ehtiyac var ki? Oldu ki, ayrı-ayrı şairlərimiz təkliflər verdilər, amma mən klassik formada necə ifa olunmuşdusa, elə də ifa etdim.

“Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan,

Axşamüstü qoy uzaqdan,

Havalansın xanın səsi,

Qarabağın Şikəstəsi”.

Bu da arzu, istəkdir. İşğaldan əvvəl də belə oxunub.

-Təyyar müəllim, mən sizdən xahiş etsəm ki, elə Qarabağımızı vəsf edərək “Qarabağ Şikəstəsi”ndən bir parça oxuyun, oxuyarsınızmı?

-Ordum keçir Qarabağdan,

Gah Şuşadan, gah Ağdamdan.

Xəbər gəldi Komandandan.

Bu gün biz bir zəfər çaldıq,

Qarabağı geri aldıq (ifa edir).

Rövşən Tahir