SON DƏQİQƏ:

Ağdamdan kənarda nə qazanmışıqsaNicat Novruzoğlu yazır

  164154   |  
Şriftin ölçüsü  

Ağdama qayıtmaq üçün qazanmışıq

 

Ağdama ilk raket 1992-ci ildə düşüb. Səhv etmirəmsə həftənin ikinci günü idi. Tarixi yadımda deyil. Sonra raketlərin ardı-arası kəsilmədi. Mən onda 10-cu sinifdə oxuyurdum. Həmin gündən məktəblər bağlandı.  Amma bütün müəssisə və idarələr fəaliyyətlərini davam etdirirdi. Camaat Ağdamı tək qoymadı, onu yaşatdı.

İlk raket atəşlərindən sonra üz tutmuşduq Qərvəndə. Ağdamın böyük kəndlərindən biridir. Gecəni yola verib, səhəri qayıtdıq şəhərə. Amma burada yaşamaq mümkün deyildi. Atırdılar. Üz tutduq şəhərdən təxminən 8-9 kilometr üzü Ağcabədiyə sarı, atamın baba yurdu olan Evoğlu kəndinə. Hər gün qayıdacağımızı fikirləşirdik. Elə hər gün də Ağdama gedirdik. Sadəcə, o hava zərbələrinin altında yaşamaq təhlükəli olduğundan axşam kəndə qayıtmağa məcbur olurduq. Bu məcburiyyətlə 11-ci sinifi kənddə başa vurdum. Sonra isə artıq Evoğluya da atmağa başladılar. Və məcbur olub Bərdəyə gəldik.

Ağdam şəhərinin mərkəzini son dəfə iyulun 22-si görmüşəm. İl 1993. Dayım dedi ki, Ağdama gedirəm. 15 yaşım var idi. Mən də ona qoşulub üz tutduq Ağdama. Uzundərə yolu gedirdik. Yolun hər iki tərəfi insan axının ilə doluydu. Biz gedən istiqamətə gedən yox idi. Hər kəs Ağdamı tərk edirdi. Yolda bizə çox əl eləyən oldu ki, onları da Ağdama aparaq. Bu o insanlar idi ki, ailəsini Ağdamdan çıxardıb təhlükəsiz yerə qoyub yenidən şəhərə qayıtmaq istəyirdilər. Maşınımıza 3 nəfər mindirdik.

Ağdama atırdılar. “Qrad”ın səsinə qulağım o qədər öyrəşmişdi ki,  təxminən hansı tərəfi vurduqlarını dərhal bilirdim. Polis idarəsi tərəfə döşəyirdilər. Mərkəzi dövr edib qayıtdıq evimizə. M.F.Axundov küçəsi 46. Yolda götürdükləimiz elə mərkəzdəcə düşdülər.

Bizim ev salamat idi. Amma dayımın evinin üzərinə qrad düşmüşdü. Ev böyük və dözümlü olduğundan ümumi görünüşünə xələl gəlməmişdi. Damının bir hissəsi dağılmışdı. Raket üçüncü mərtəbənin beton örtüyünü deşmişdi.

Məhləmizdə təxminən yarım saat ləngidik. M.F. Axundov küçəsi indi Ağdamdan paylaşılan videolarda viranə gününə salınmış cümə məscidinin ön tərəfindəki küçədir. Yarım saat ərzində küçəmizdən təxminən 10-12 tank keçdi. Onlar şəhəri tərk edirdi. Sanki heç nə baş vermir. Çox pis mənzərə idi. Artıq “ordu” öz “sözünü” deyirdi. Böyük təxribat idi. Bundan  böyük təxribat isə hələ rayonun işğal edilməsindən 5-6 ay əvvəl baş vermişdi. Camaatın içərisinə belə bir panika salmışdılar ki, Ağdam bir günlük də olsa veriləcək. Səbəb isə bu göstərilirdi ki, rayonda külli miqdarda yeyinti olub, onun üstünü ört- basdır etmək istəyirlər. Artıq hər kəsi Ağdamın işğal olunacağına hazırlamışdılar.

Nəsə... Evimizi tərk edəndən sonra dayımla onların həyətlərinə getdik. Ev böyük və dözümlü olduğundan camaat raket hücumlarından qorunmaq üçün onun zirzəmisinə sığınırdılar. Həmişə xeyli sayda qonşularımızın yığışdığı zirzəmidə o gün iki nəfər var idi. Biri yadımda deyil kim idi. O birisi tanınmış jurnalist Asəf Quliyev idi. Dayım israrla onlardan tələb etdi ki, burda qalmaq təhlükəlidir, şəhəri tərk edin. Asəf əvvəl razlaşmasa da sonra razılaşdı. Amma bizimlə çıxmadılar.

Müharibə vaxtının Ağdamıyla bağlı bir kövrək hadisə də indiyənəcən yaddaşımdadır. Demək olar ki, əvvəllər hər gün, sonradan isə hər həftə Ağdama gedirdik. Ən çox gedib baxdığım yer məktəbimiz idi. Sədrəddin Bayramov adına Ağdam şəhər 1 nömrəli orta məktəb. Elə bilirdim ki, sinif yoldaşlarımı orda görəcəm. Amma çox təəssüf ki, hamımız pərən-pərən düşmüşdük. Məktəbimizin həyət-bacasını gəzib qayıdırdım evimizə. Belə günlərin birində evimizə qayıdarkən qonşumuz, Aztv-nin əməkdaşı Allahverdi Əsədov gilin  qapısının önündəki böyük çinarın budaqları arasından keçən işıq xəttinə bir bayquşun qonduğunu gördüm. Hansısa kitabda oxumuşdum ki, bayquşun qonduğu yer gec-tez xarabalığa çevrilir. Və elə o kitabda  onu da oxumuşdum ki, ona daş atmaq günahdı. Gərək qonduğu yerin altına duz-çörək qoyub uçmağına çalışasan. Tələsik evə qaçdım. Anam mənim hövlank gəldiyimi görüb səbəbini soruşdu. Vəziyyəti danışdım. O da tez mənə duz-çörək verdi. Gətirib duz çörəyi bayquşun qonduğu işıq xəttinin altına qoyub yalvarmağa başladım. Məhəlləmizdə heç kim olmadığından lap ürəklə yalvarırdım.  Nə qədər yalvardım bayquş uçmadı. Az qalırdım ağlayam. Əslində içim elə ağlayırdı. Növbəti “qrad” məni ordan uzaqlaşmağa vadar etdi. Zirzəmidə anama dedim ki, “deyəsən, doğurdan  da Ağdam gedəcək”.

...Məcburi köçkün günlərimiz başladı. Bərdə, Yevlax, Ağdaş, sonda Bakı. Məskunlaşdıq Bakıda. Bizi bura həm də mənim təhsilim gətirib çıxartdı. Bəlkə də elə Evoğluda qalardıq.

Çox çətinliklər yaşadıq. Həm mənəvi, həm maddi. Ömrümün ən gözəl günləri bu əzab-əziyyət içində çürüdü. 15 yaşından köçkün həyatı yaşamaq çox çətin idi. Həyatımın bütün dadı dəyişmişdi. Havam, suyum, torpağım. 15 il deyib güldüyüm insanlardan, dostlardan heç kimim yox idi. İndiki dövrə nə var, kimi istəsən 2 dəqiqəyə tapırsan. Dünyanın o başı ilə görüntülü əlaqə yaradırsan . O vaxt bu mümkün deyildi.

Sonradan yavaş-yavaş bir-birimizi tapdıq. Bölgələrə dağılsaq da bir birimizə sarıldıq. Bu ömrümün cüzi də olsa xoşbəxt anları idi.

27 ildir ki, elə bir görüşümüz olmayıb ki, orda Ağdamdan danışmayaq. Elə bir günümüz olmayıb ki, Ağdamın işğal olunmamış kəndlərində yaşayan qohum-əqrabamızla, dostumuzla əlaqə saxlamayaq.

Nə gizlədim, nə vaxtsa qayıdacağımıza inansaq da illər sözünü deyirdi. Artıq inam solmağa başlayırdı. 

Amma ordumuzun günü-gündən qüvvətlənməsi, dövlətimizin bu sahəyə xüsusi diqqət ayırması gec-tez müharibənin başlayacağından xəbər verirdi. Müharibə mütləq bizi qaytaracaqdı Ağdama. Bunu bilirdim.  

Və bu baş verdi. 2020-ci ilin sentyabrın 27-də rəşadətli ordumuz düşmənin təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına start verdilər. 44 günə işğal olunmuş ərazilərimiz düşməndən təmizləndi. Biz zəfər çaldıq. Təslim edilən düşmən imzalanmış bəyannaməyə əsasən dövlətimiz tərəfdən verilən zaman kəsiyində bir neçə rayonlarımızı tərk etdi.  Ağdama 20 noyabr 2020-ci il tarixində ordumuz ayaq basdı.

Ağdam azaddır.

Bəyquş barədə oxuduqlarım düz çıxdı. Xarabaya çeviriblər Ağdamı.

Yaşadığım 42 illik həyatımda xoşbəxtlik nədi o vaxt anladım. Xoşbəxt idim.

Hələ ki, yaşamaq mümkün deyil. Heç küçələrində gəzmək də mümkün deyil. Düşmən hər cığırı minalayıb. Bilirdi ki, gec tez qayıdacağıq. Qayıtdıq da.

İndi söhbət ümumi qayıdışdan gedir. Ağdamlılar Ağdama qayıdacaqmı? Artıq özlərinə məskunlaşdığı yerlərdə gün-güzəran yaratmış insanlar bütün infrastrukturu məhv edilmiş şəhərə qayıdıb hər şeyi sıfırdan yenidən başlayacaqmı? Hər kəs bunu müzakirə edir. Köçəndə olmayan, qayıdışdasa həyatımızın ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələrdə. Yerindən duran bunu müzakirə edir. Və bir növ məcburi köçkünlərin qayıdacağına inanmırlar.

Bu mövzuya çox uzun və ətraflı cavab verə bilərdim. Lakin ehtiyac duymuram. Qısaca onu deyim ki, bu 27 ildə elə bir ağdamlı görməmişəm desin ki, “mənə lazımdı Ağdam?” Baxmayaraq ki, Ağdamın elə işğal olunduğu gündən düşmən onu xarabalığa çevirməyə qərar vermişdi. Yəni biz 27 ildi bilirik ki, Ağdam xarabalıqdı. Bu 27 ildə bizim şərimizdə də, xeyrimizdə də Ağdam olub. Bu 27 ildə bizim doğulan övladlarımızın hər birinin qəlbində bir Ağdam ilahiləşdirmişik. Bu 27 ildə ölənlərimizn ruhları hamısı ordadı-Ağdamda. Biz Ağdamdan kənarda nə qazanmışıqsa, Ağdama qayıtmaq üçün qazanmışıq. Və biz Ağdama qayıdacağıq. Həm Ağdamı yaşatmaq üçün, həm də özümüz yaşamaq üçün.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK