adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Noyabr 2020 17:30
55026
MÜSAHİBƏ
A- A+

Aqil Abbas: “İcazə verilən ilk gün Ağdama gedib, atamın həyətində çadır quracam” - MÜSAHİBƏ

“Sanki Allahın vəhyi ilə “Dolu” filmində göstərmişdim ki, biz Ağdama əliyalın gedirik”

Noyabrın 20-i Ağdamın erməni işğalından azad olunması ilə tarixə düşdü. Hazırda bütün ölkə bu qələbəni qeyd etsə də, Ağdamdan məcburi köçkün olan vətəndaşlarımızın sevinci, həyəcanı, yurd həsrəti bir başqadır. Tanınmış ağdamlılardan biri, millət vəkili, “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas bu əlamətdar gündə sevincini, fikirlərini Musavat.com-un əməkdaşı ilə bölüşüb.

Aqil Abbasla müsahibəni təqdim edirik:


-Aqil müəllim, gözünüz aydın olsun. Ağdam artıq azaddır. Yenidən ata evinizə geri dönə biləcəksiniz. Nə hisslər yaşayırsınız?

- Hamımızın gözü aydın olsun. Məni ən çox sevindirən Ağdamın, Kəlbəcərin, Laçının Azərbaycan ordusuna təslim olunması oldu. Biz indiyəcən nə qədər şəhid vermişiksə, Ağdamı, xüsusən də Kəlbəcəri azad edəndə bir o qədər də şəhid verəcəkdik. Çünki Kəlbəcər Allahın qurduğu bir istehkamıdır. Kəlbəcərdə Allahın yaratdığı elə kahalar var ki, orada 300 əsgər gizlətmək olar, tank da gizlətmək olar. Ağdamda da ermənilərin çox möhkəm istehkamları var idi. Bu rayonlarımızın belə azad olunması çox böyük uğurdur. Ermənilər Ağdamı, Kəlbəcəri, Laçını işğal edəndə nə qədər şəhid vermişdik. İndi bu ərazilərin şəhid və yaralı olmadan azad olunması Ali Baş Komandanın ən böyük hərbi və siyasi uğurudur.

Elə özünün dediyi kimi, güc olmasa siyasət işləmir. Azərbaycan ordusu özünün gücünü göstərdi və bundan sonra siyasət də o gücə qulluq elədi. Görürsünüz ki, artıq bütün dünya Azərbaycanın sözünü deyir, daha ermənilərin sözünü deyən yoxdur. Çox xoş oldu ki, artıq evlərə şəhid gəlməyəcək, analar, atalar ağlamayacaq. Bu 3 rayonu azad edəndə bəlkə də 3 mindən çox şəhid verəcəkdik. Bundan böyük uğur ola bilməz. Allahın vəhyi ilə mən bunu “Dolu” filmində göstərmişdim ki, biz Ağdama əliyalın gedirik. “Dolu” filminin sonunda komandir, ruhlar və bütün millət onlarla Qarabağa gedir. Elə də oldu, Ağdama həmin yolla gedirlər, film də həmin yerdə çəkilmişdi. Bundan böyük nə sevinc ola bilər. Mənim həmişə bir sözüm olub ki, Şuşa olmayandan sonra mənə Ağdam lazım deyil. Bayraq Şuşaya sancıldı, ondan sonra isə Ağdam azad edildi. Dekabrın 1-ə qədər də bütün ermənilər digər ərazilərimizdən rədd olub getməlidir. Bu mənada böyük bir qələbədir, Ali Baş Komandanımız başda olmaqla, bütün millətimizin gözü aydın olsun.

- Aqil müəllim, Rusiya sülhməramlılarının Qarabağa daxil olması sizi də narahat edirmi? Vətəndaşların bir qismi bu amilə görə qələbəyə tam sevinə bilmədiklərini yazırdılar...

- Klaviatura arxasında insan çox yaxşı qəhrəman ola bilər. Bu qədər böyük bir qələbə qazanılıb. Üstəgəl, Türkiyə də yanımızdadır. Putin də çıxışında qeyd etdi ki, nəzarət məntəqəsində Türkiyə ilə bir yerdə olacaqlar. Nəzarət məntəqəsi də Xankəndində, ya da Ağdamda olacaq. Buna qərar veriləcək. Türkiyə ilə bir yerdə nəzarət ediləcək, Türkiyə PUA-ları hər yerdə olacaq. Heç olmasa Putinin çıxışına qulaq asın. Rusiya sülhməramlıları 5 illik gəlib, gedəcəklər. Bundan başqa, biz hələ sülh bağlamamışıq, sadəcə bəyanat imzalanıb. Bu sülh deyil, sülh sazişi bağlananda bütün şərtlər, sərhədlər, təzminat məsələsi müəyyən ediləcək. Bizə vurduqları ziyana görə təzminatı da alacağıq, həm də sökə-sökə alacağıq. Bəzi QHT-lər var, içimizdə bəzi kərtənkələlər var, onlar bu millətin sevincini oğurlamaq istəyirlər.

- Putinin mövqeyi sizi təəccübləndirdimi?

-Putin bitərəf qaldı, ancaq məni təəccübləndirmədi. Çünki öncədən müzakirələr gedirdi, Putinlə sayın Ərdoğanın görüşü oldu. Bizim bilmədiyimiz məsələlər var. Bizim prezidentimizlə də görüşlər keçirildi. Onların hamısını açıb bizə danışmalı deyillər ki... Bu səbəbdən Rusiyanın müharibədə bitərəf qalacağı gözlənilən idi. Həm də Rusiya hansı əsasla müdaxilə edəcəkdi, biz Ermənistan ərazisində müharibə etmirik axı... Ermənistandan bizim şəhərlərimizə, dinc sakinlərimizə o qədər raket atıldı, ancaq biz onların mülkilərinə cavab raketini atmadıq. Ermənistanın bu savaşda dövlətçiliyi də, ordusu da əlindən getdi. Putinin bir neçə dəfə çıxışları oldu. Savaş başlayan kimi ermənilərin Rusiyaya yalvarmağı və onlara verilən cavabı da gördük. Atatürkün məşhur bir sözü var. Ona deyirlər ki, ingilis gəmiləri gəlib, İstanbul boğazındadır.

Deyir ki, gəldikləri kimi də gedərlər. Ruslar da bir gün gedəcək, həmişə burada qalası deyillər ki. Rusiyada 2 milyon azərbaycanlı yaşayır, iqtisadi-siyasi əlaqələrimiz var. Nə qədər qarşılıqlı öhdəliklərimiz var. Tələsmək olmaz, qoyun əvvəlcə bir özümüzə yer edək, ondan sonra görün neyləcəyik də. Hələ bir azad olunan torpaqların bərpasına başlayaq, ondan sonra bu söhbətləri edərik. Cənab prezident də bu gün xalqa müraciətində dedi ki, heç kim bizim işimizə qarışa bilməz, ermənilər təxribata əl atsa, artıqlaması ilə cavabını verəcəyik. Bu məsələləri çox kəskin vurğuladı. Şərh vermək istəyənlər prezidentin çıxışına diqqətlə qulaq assınlar, o, çox ciddi mesajlar verir.

- Qərb dövlətləri niyə bu məsələdə Azərbaycanın gözləntilərini doğrultmadı?

- Artıq Qərb də bizi dəstəkləyir, böyük dövlətlərdən biri İngiltərə bizi dəstəklədi. Əsas Niderland erməniləri dəstəklədi, bunlar da lalə əkənlərdir. Biri də Fransadır, hansı ki, “Ermənistan bizim bacımızdır” demişdilər. Fransanın dediyi də mənasızdır. Nə istəyirlər etsinlər, artıq müharibə bitib, Ermənistan da təslimçilik aktına qol çəkib. Artıq Ermənistanın özü dağılır. BMT qətnamələrini özü icra etməliydi, etmədi və Azərbaycan ordusu bunu etdi. Mən onun adına “Birləşmiş Millətlər Çayxanası” deyirəm. Putinə sual verəndə ki, Türkiyə hərbçilərinin Azərbaycana gəlməsinə nə deyirsiniz, o da bildirdi ki, Azərbaycan müstəqil dövlətdir, ona heç kim bu sualı verə bilməz ki, Türkiyə niyə gəlir. Azərbaycan suveren dövlətdir və öz torpaqları uğrunda müharibə aparır. Dünya da bizim sərhədlərimizi tanıyır.

- Aqil müəllim, sizcə bu prosesdən sonra Rusiya-Türkiyə-Azərbaycan üçlü ittifaqı formalaşacaqmı?

- Rusiya Türkiyəsiz yaşaya bilməz. Yer üzündə dünya iki dövlətə qarşı düşmənçilik edir. Rusiyaya və Türkiyəyə qarşı. Rusiyada 20 milyon türk dilində danışan insan yaşayır. 20 milyon elə-belə rəqəm deyil. Putin Türkiyə ilə münasibətlər haqqında verilən suala necə cavab verdi? Dedi ki, almanlarla fransızlar da uzun illər müharibə ediblər, ancaq indi bir yerdə yaşayırlar, birgə orduları var və sair. Rusiya ilə Türkiyə arasında tarixdə müharibələr olsa da, həmişə müharibə olmalı deyil ki. İndi yaxınlaşıblar və onların yaxınlaşmasında Azərbaycan mühüm rol oynayır. Vaxtilə təyyarə vurulanda da Rusiya ilə Türkiyəni barışdıran İlham Əliyevlə Nursultan Nazarbayev oldu. İndi biz Rusiya ilə Türkiyə arasında münasibətlərdə, onların birləşməsində zəncirin bir halqası olduq. Bu birlik davam edəcək, bir ziyalı kimi belə fikirləşirəm.

- Qayıdaq Ağdama... Köçüb orada yaşayacaqsızmı, həyatınızı orada necə təsəvvür edirsiniz?

- Qızım, onu birinci mən özüm demişəm. Ağdamda mənim ata evim var. Ağcabədidə anadan olmuşam, Ağdama 10 yaşım olanda köçmüşük. İlk icazə verilən gün Ağdama gedəcəm, birinci Pənah xanın, qardaşımın , anamın qəbrini ziyarət edəcəm. Daha sonra atamın həyətində qəşəng bir çadır quracam. Sonra da qohum -əqrəbanı yığıb deyəcəm ki, gəlin kömək edin əminizin evini tikin. Atamın evi necə olubsa, o cür tikəcəm, ancaq ondan qəşəng alınacaq. Çünki müasir avadanlıqlar var. Oradan da “Ədalət” qəzetini internetlə idarə edəcəm. Deputat kimi də lazım olanda gələcəm.

- Sizcə 1 milyondan artıq məcburi köçkünlər könüllü olaraq qayıdacaqmı?

- 80 faizi qayıdacaq. Ondan sonra da başqa cür qayıdışlar olacaq. Cənab prezident orada iki qəşəng universitet açacaq, gənclər oraya oxumağa gələcəklər. Hərəsi də 5 min tələbə, nə qədər müəllim olacaq. Gənclər orada bir-birini sevib evlənəcəklər, ev tikib yaşayacaqlar. Ağdamın bərpası çox asan olacaq, ağdamlılar qaçqın-köçkün olsalar da imkanlıdırlar, daşdan çörək çıxartmağı bilirlər. Hamımız gedib öz evimizi tikəcəyik.

Nərgiz LİFTİYEVA
Musavat.com