adalet.az header logo
  • Bakı 7°C
18 Noyabr 2020 13:45
71089
ƏDƏBİYYAT
A- A+

Xalq yazıçısı Kamal Abdullanın “Seçilmiş əsərləri”nin dördüncü cildi işıq üzü görüb

Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçilmiş əsərləri”nin dördünücü cildi işıq üzü görüb. Kitab müəllifin “Qorqudnamə” adı altında birləşdirdiyi elmi, publisistik əsər­lərdən bəzilərini əhatə edir. Bu cildə Kamal Abdullanın xalqımızın ana kitabı “Kitabi-Dədə Qorqud” dastanının gizli qatlarından dünya xalq­la­rı­nın eposları ilə müqayisəli şəkildə bəhs edən “Gizli “Dədə Qorqud”, yaxud Mif­dən Yazıya” kitabı, Dastanın poetik özəlliklərini elmi əsəslarla şərh edən fundamental “Kitabi-Dədə Qorqud” poetikasına giriş” monoqrafiyası, Azərbaycanşünaslığın “Dədə Qorqud” dastanında təzahürünü tapmış so­sial, iqtisadi, etnik, dini, milli, siyasi köklərindən bəhs edən “Azərbay­can­çılıq və “Kitabi-Dədə Qorqud” adlı dərs vəsaiti və dastanla bağlı elmi-pub­li­sistik məqalələri, oçerkləri daxil edilib.

Bu cildə müəllifin Qorqudşünaslıqla bağlı həyata ke­çir­diyi geniş miqyaslı işlərin və araşdırmaların, o cümlədən, “Gizli “Dədə Qor­­qud” silsiləsinin yalnız bir qismi daxil edilib. Belə ki, akademik Kamal Ab­dullanın 1991-ci ildə çap olunmuş “Gizli “Dədə Qorqud” əsəri 1999-cu ildə əlavələr edilmiş və təkmilləşdirilmiş halda “Sirriçində dastan” və yaxud Gizli “Dədə Qorqud”-2” adı ilə  yenidən nəşr edilib. Lakin bu ki­tab­la­rın heç biri IV cildə daxil edilməyib. Bu kitabların bütün elmi kvin­tessensiyası müəllifin IV cildə daxil edilən “Gizli “Dədə Qorqud”, yaxud “Mifdən Yazıya” (Bakı, Mütərcim, 2009) adlı monoqra­fi­ya­sında akkumulyasiya olunub.

Müxtəlif illərdə türk və rus dillərinə tərcümə olunaraq Türkiyədə və Rusiyada çap edilən bu silsilə kitabların mahiyyəti və əsas mövzusu “Kitabi-Dədə Qorqud” dastanının dərinində miflə yazının müna­si­bət­lə­ri­nin araşdırılmasından ibarətdir. Dastanın batinində gizlənmiş sirlər burada mi­fin gücündə və güzsüzlüyündə, həmçinin yazının mifə qalib gəlməsi, ya­xud məğlubiyyəti kontesktində aşkarlanaraq oxucuya təqdim edilir. Oxucu dastanın zəngin iç dünyasına Kamal Abdulla təxəyyülünün qanaqdlarında səyahət edir, dastan mətninin öz sirrinin aşkar etməmək üçün büründüyü qatbaqat libası bütövlükdə öz təsəvvüründə canlandırır.

Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poeti­ka­sına giriş” (Bakı, 2017) monoqrafiyası dünya kulturoloji fikrinin kon­teks­tin­də yazılmış bir əsər kimi bu cilddə xüsusi yer tutur. Bu dərin elmi tədqi­qat əsə­ri rus dilinə tərcümə edilərək “Введение в поэтику “Китаби-Деде Коркуд” (Москва, Художественная литература, 2018) adı ilə Rusiyada, türk dilinə çevrilərək “Dede Korkud Kitabı” Poetikasına Giriş” (İstanbul, Ötüken Basınevi, 2020)  adı ilə Türkiyədə nəşr edilib. Bu monoqrafiyada qədim bir mətn nümunəsi olan “Kitabi-Dədə Qorqud” dastanı ana­xro­nik mətn, bədiipoetik enerji, bədiipoetik yasaqlar, estetik poetiklik, auten­tik mif, mif dövrü, ibtidai sənətlərin və qədim mətnin formalaşma prosesi, birbaşa və məcazi məna sahələri, xaos-kosmos qarşıdurması kimi yeni termin və anlayışların orbitində qiymətləndirilir. Burada Dastanın mət­ni mifdən yazıya doğru müxtəlif tarixi və kulturoloji dövrlərin izlərini öz canında daşıyan anaxronik mətn kimi tədqiq olunur. Kamal Abdulla bu ta­rixi dövrləri mərhələlər kimi götürərək onları kulturoloji və estetik key­fiy­yətlərinə görə də ayrıca təhlil edir. Bu elmi analizlərin nəticəsində oxu­cu “Dədə Qorqud” qəhrəmanlarının mənəvi-psixoloji və ictimai for­ma­si­yasını mətnin dilindən verilən nümunələr əsasında tam təsəvvür edə bilir.

Akademik Kamal Abdullanın “ADA” Universitetində tələbələrə oxu­du­ğu “Azərbaycanşünaslıq” mühazirələrinin əsasında hazırlanmış “Azər­bay­cançılıq və “Kitabi-Dədə Qorqud” adlı dərs vəsaiti IV cildin xüsusi bir böl­məsini təşkil edir. “Dədə Qorqud” dastanında bəhs edilən Oğuz cəmiyyətinin sosial, iqtisadi, etnik, dini, milli, siyasi durumu və dövlətçilik dü­şün­cəsi müstəqil Azərbaycanın əsas ideologiyası olan Azərbaycançılıq kon­tekstində təhlil edilir. Ulu öndər Heydər Əliyevin xalqımızın sahib ol­du­ğu qədim adət-ənənələr üzərində yaratdığı və bu gün dünyada olan bütün azər­baycanlıları birləşdirən Azərbaycançılıq ideologiyasının ilkin rüşeym­ləri dastan mətnindən hasil edilir və oxucuya təqdim olunur.

Bu cildin son bölümünü təşkil edən məqalələr də birbaşa “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı Kamal Abdullanın müxtəlif illərdə yazıb öl­kə­mizdə və xaricdə çap etdirdiyi dastan mətninin ayrı-ayrı prob­lem­lə­rin­dən bəhs edən elmi və elmi-populyar tədqiqlərdir. Bura həmçinin “Kitabi-Dədə Qorqud” ensiklopediyası”nda Kamal Abdullanın müəllifi olduğu ensiklopedik oçerklər də daxil edilmişdir. Hər bir oçerk dastan mətnində olan və ya mətni anlamaqda oxucuya kömək edən anlayışların əhatəli iza­hı­na həsr edilib.

Akademik Kamal Abdulla “Kitabi-Dədə Qorqud” dastanının uni­ver­sal şər­hinə, ana abidəmiz olan dastanın dünyada tanıdılmasına təkcə elmi və bədii yaradıcılığında deyil, ictimai, həmçinin dövlət xadimi kimi siyasi fəa­liy­yətində də böyük yer verib. Belə ki, Kamal Abdulla “Kitabi-Dədə Qor­qud” dastanının dünya xalqalarının eposları ilə birgə öyrənilməsi üçün “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar nəğməsi” adlı müqayisəli elmi araş­­dır­­malar proyektinin əsas müəlliflərindən (Almaniyadan prof. Z.Hart­man və prof. H.Buşhotenlə bir yerdə) və bu layihə çərçivəsində on il ərzin­də alman alim­ləri ilə bir yerdə ölkəmizdə və xaricdə həyata keçirilən konfrans, dəyirmi masa və nəşrlərin təşkilatçılarından biri olub.

Akademik Kamal Abdulla 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tər­cü­məsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı xüsusi sə­rəncamdan irəli gələn tədbirlərin icrasına rəhbərlik edib. Bu cildin məqa­lələr hissəsində verilən yazı da məhz alman diplomatı və şərqşünası Fridrix fon Ditsin türk dünyası üçün gördüyü misilsiz fəaliyyətə müəllifin minnət­darlığının ifadəsidir.

Xalq yazıçısı Kamal Abdullanın çoxcildliyinin müxtəlif cildlərinə daxil edilən “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında yazılmış şeirlər, kiçik poemalar, esselər, hekayələr, romanlar, pyeslərlə yanaşı, bu isti­qamətdə  namizədlik və doktorluq dissertasiyalarına rəhbərlik etməsi, Qor­qudşünaslıqla bağlı məruzələri, müsahibələri də, əslində, müəllifin dəyərli “Qorqudnamə”sinə daxil edilə bilər.  Deməli, “Qorqudnamə” bu gün də davam edir desək, səhv etmərik. Məhz buna görə Kamal Abdullanın Qorduqşünaslıq istiqamətindəki titanik fəaliyyətini yüksək dəyər­ləndirən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1999-cu ildə Azərbaycan xalqının mühüm tarix və mədəniyyət abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanının tədqiqindəki xidmətlərinə görə ona “Azər­baycan Respublikasının əməkdar elm xadimi” fəxri adını vermişdir.