Aqil ABBAS: RƏŞAD MƏCİDİ  AĞILLI ADAM  BİLİRDİM!

AQİL ABBAS
142042 | 2020-10-25 11:33

Rəşaddan  heç gözləməzdim.  Hamıdan gözləsəm də  Rəşaddan  vabşe gözləməzdim. O boyda  Yazıçılar İttifaqının  katibi olasan! Şair, publisist, yazıçı kimi həm ölkədə, həm də  xaricdə neçə-neçə kitabın müəllifi  olasan! İsa bulağından su içəsən! Bütün  bunlardan  əfzəl ağdamlı olasan! Bir ağdamlı  kimi  haqq-hesabı biləsən və belə bir  status paylaşasan…

…  Səfər Əbiyev Müdafiə Fonduna pul  köçürüb, yoxsa yox? Bilən var?...

Əziz qardaşım, Səfər  Əbiyevin  pulu var ki? Nə olsun ki, 20 ildən çox müdafiə naziri  olub, nazirin   maaşı  nə qədərdir ki? Uzağı özün öldürsün-öldürsün rütbəsiylə, payokuyla birlikdə 3500 manat.  O pulla  artırmaq olar? İndi də  pensiyadadı, aldığı təqaüd də özün öldürsün-öldürsün  3000 manat.  Bunu  hara  çatdıra bilər ki?

Bütün Azərbaycan  xalqı bilir ki, Səfər Əbiyev nazir olanda əsgərin  bir  tikə çörəyinə əl  uzatmayıb. Heç bir tenderdə  «şapka» almayıb. Aldığı  ərzaqları ucuz qiymətə  alıb ikiqat qiymətinə «aformut» eləməyib. Nazirliyin balansında  olan torpaqları hansısa iş adamına   peşkəş  eləməyib ki, orda hündürmərtəbəli binalar  tiksinlər və sair və ilaxır.

Əsgərlərə də öz övladları kimi baxıb, bəy balası kimi saxlayıb, yeyib-içib,  yatmaqdan  yorulmuşdular.  Əsgərlərimizi öz övladları kimi elə geyindirib-keçindirirdi ki, iki göz istəyirdi tamaşa eləsin.

Müdafiə Nazirliyinin  büdcəsinə gözünün  ucuyla da baxmadı. İndi  nə pensiya da alır ki, Müdafiə Fonduna  pul keçirsin?

Deyə bilərsən ki, bəs, o şəkili Hikmət  baba niyə  öz pensiyasını Müdafiə Fonduna  keçirtdi?  Qardaş, Hikmət baba kənd yerində yaşayır, həyəti-bacası var, qoyun-quzusu, toyuq-cücəsi  var, özü də toyuqları  gündə iki-iki  yumurtlayır.  Yəni  onun  üçün  ayı başa  vurmaq o qədər də  çətin olmaz.  Səfər müəllim kənddə-kəsəkdə  yaşamır ki, qoyun-quzu, toyuq-cücə saxlasın, toyuqları iki-iki yumurtlasın.

Sən Səfər Əbiyevi  sevmirsən, özün bilərsən, xalqımız onu  sevir. İnşallah, azad olunan kəndlərin  birinə adını da verəcəyik: Səfərbalabəyli.

Uzun illər  bundan  əvvəl belə bir  anekdot  yazmışdım.

Gecə saat  1. Heydər Əliyev Milli Məclisin  sədri  Murtuz Ələsgərova  zəng edir:

- Murtuz müəllim, bu Napoleonu Parisə qədər qovan  sərkərdənin adı nəydi?

- Kutuzov.

- Onun bir gözü  yoxuydu?

- Bəli, möhtərəm  prezident.

Yarım saat  keçir. Heydər Əliyev Murtuz Ələsgərova yenə zəng edir:

- Murtuz müəllim, İngiltərəni istiqlaliyyətə qovuşduran sərkərdənin adı nəydi?

- Admiral Nilson.

- Onun da bir  gözü yoxuydu?

- Bəli, möhtərəm  prezident.

Heydər  Əliyev deyir:

- Murtuz müəllim, deyirəm  bəlkə biz də bu  Səfər Əbiyevin bir gözünü çıxaraq?!

İndi, ay Rəşad, bu  anekdotu  yazdığıma görə  hərdən elə xəjələt çəkirəm. Deyirəm, gün gələr,  sən də bu statusa görə xəjələt çəkərsən.

Rəşad! Ali Baş Komandan televizorda danışarkən televizoru qucaqlayıb öpən nəvən  İpəyin mən babası da gözlərindən  öpürəm!

TƏQVİM / ARXİV