adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

VƏ NİDA! - ƏBÜLFƏT MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
95411 | 2020-10-19 12:26

Bu, tarixin sübut etdiyi həqiqətdir

 

Sizə təqdim edəcəyim fikirlərin adını oxuyanda yəqin ki, ilk öncə Azərbaycan Prezidentinin  artıq dillər əzbəri olan məşhur “Qarabağ Azərbaycandır və Nida!” deyimini xatırlayacaqsınız. Əslində bu bir doğru yanaşmadı. Yəni mənim də fikrim elə o deyimə köklənib, ondan qaynaqlanıb. Sadəcə olaraq, bu köklənmə mənim bir vətəndaş, bir qarabağlı, torpağı işğal olunmuş insan kimi özümü toparlamağım deyil. Bu, mənim son günlər stolüstü kitabım olan “Və Nida!”dan qaynaqlanır. Çünki...

Stolumun üstündəki kitabın müəllifi tələbə yoldaşımdı. Necə deyərlər, bir igid ömrünü yanaşı yaşamaqda davam edirik. Və bir-birimizin də yazı dünyasından, söz coğrafiyasından xəbərdarıq. Bunu ona görə xüsusi vurğulayırma ki, indi barəsində düşüncələrimi sizinlə bölüşəcəyim kitabın “göydən düşmə” olmadığının “qeybdən” gəlmədiyini biləsiniz. Birmənalı şəkildə əmin olasınız ki, bu, özü-özündən qaynayan, özü öz səmtinə axan bir bulağın növbəti toplumudur. Yəni bu bulaq mənim tanıdığım, bildiyim 80-ci illərdən bu günə kimi axmaqdadır. Arzu Əsəd də həmin bulağın özüdü və hərdən ruhunun yerə meyl edən məqamında onun pıçıltılarını misralayır. Sonra da bir az xəsisliklə təqdim edir öncə dostlara, söz adamlarına, sonra oxucuya. Bax, elə bu kitabın da, özünün də bir araya gətirdiyi bütün pıçıltıları mən ayrı-ayrı məqamlarda, ayrı-ayrı ovqatlarda dinləmişəm. Amma heç vaxt ağlıma gəlməyib ki, bu, bütöv bir əsərin fraqmentləridi. O vaxta qədər ki, “Və nida!”nı stolumun üstündə gördüm.

Təbii ki, tələbə dostumu, kitabın müəllifini təbrik elədim - həm kitabın nəşrinə, həm o kitabın nəfisliyinə, həm də zamanında ortaya gətirilməsinə görə. Düşünə bilərsiniz ki, bu adi bir haldı. Lakin siz özünüz də kitabla tanış olsanız, bu adilikdə çox mənalar görəcəksiniz. Ən azından mənim özüm üçün müəyyənləşdirdiyim məqamları. Onlardan birisi müəllifin hardasa bəsirətidi. Elə bil o, röyalar, xəyallar dünyasında yerlə, göylə əlləşir... bizim milli kimliyimizin qatlarına enir... hardan hara yol gəldiyimizi nöqtə-vergülünə qədər sadə, amma kəskin məntiqlə ortaya qoyur. Və yazır ki:

 

Sənmi nöqtə qoyursan taleyin yazısına,

Sənmi son verəcəksən tarixin gedişinə?

Ey çırpınan tükəniş, ey köpükdən fırtına,

Varmısan, hazırmısan, əsrin titrəyişinə?

 

Bu parça xalqımızın bu gün yaşadığı, sevincini artıq özünün faciəsinə çevirmiş Paşinyana ünvanlanıb. Arzu Əsəd ondan soruşur. Özü də yaxasından tutub soruşur ki:

- Sənmi nöqtə qoyursan taleyin yazısına!

Təbii ki, kiminsə başqasının – özü də dövlət  olaraq, millət olaraq taleyinə nöqtə qoyması bu, absurd bir düşüncədi, həm də bunu dilə gətirməyin özü şizofreniyanın göstəricisidir. Ona görə də kəskin suallarına ardınca:

 

Bir amal, bir yüksəliş, bir mənadır Qarabağ,

Sənin nöqtə varlığın onu bitirə bilməz!

Ruhunu yaxıb-saran bir sevdadır Qarabağ,

Azərbaycan kül olar onu itirə bilməz!

 

Bax, burda artıq Arzu Əsəd bütöv Azərbaycanı Qarabağ kimi təqdim edir, Qarabağı bütöv Azərbaycan kimi görür. Və bu bütövlüyün içərisində Qarabağa nöqtə qoymaq istəyənin özünün nöqtə boyda olduğunu onun üzünə çırpır. Mən də, elə siz də bunun ardınca müəllifin hansı duyğunu ifadə edəcəyini artıq hiss edirsiniz. Çünki əvvəldə dediyim o bəsirət, o xəyallar, o röyalar artıq yeriməyə, ayaq tutmağa, gerçəkləşməyə başlayır. Necə deyərlər, çin olur. Və:

 

Milyonlar ayaqdadır, milyonlar hazır durub,

Milyonlar qurban gedir o günün gəlməsinə.

Azərbaycan – çırpınan əlli milyon nidadır,
Ali Baş Komandanın bir “Hücum” kəlməsinə!

 

Hə, bax, mən bunu deyirdim. Elə siz də bunu düşünürdünüz. Deməli, Arzu Əsəd də öz şair fəhmilə bu günü – 27 sentyabrı görürmüş. Ona görə də içi, ruhu ona rahatlıq vermirmiş. O bulağın nuru misralara çevrilirmiş, məhz o “Hücum”a görə... Bizim yaşamağa başladığımız sevincə, nidaya görə!..

Mən kitabı oxuduqca özüm üçün işarələdiyim ikinci məqam məhz Arzu Əsədin fəhmidi. O fəhmlə söylədiyim, işarə etdiyim 27 sentyabrı görübdü. Onu içində nidaya çeviribdi. Özü də  həm fəhmlə, həm də fəhmdən öncəki bəsirətlə. Çin olan yuxular, röyalar onun gözlərini açıb. Adi bir vətəndaş, insan kimi yox, bir şair kimi, bir Haqqa yaxın bəndə kimi açılan göz – bəsirətdən çıxmaq fəhmin qanadlanmasına, özünü ruhlarımızın dolaşdığı ünvana üz tutmasına səbəb olub və bəlkə də təkan verib desəm, daha doğru olar. Ona görə ki, 27 sentyabrdan öncə iki məqam var. Bunlardan biri Lələtəpə zəfəridi. İkincisi, Tovuz dərsi!

Yəqin siz də xatırlayırsınız, 2016-cı ilin aprelində ordumuz Ali Baş Komandanın Hücum Əmrilə bayrağımızı Lələtəpədə dalğalandırdı. O anda Arzu Əsəd özünün “Mən səni sındırdım Lələtəpədə” şeiri yazdı. Bu şeirin ilk dinləyicisi, ilk oxucusu kimi böyük maraqla oxudum və etiraf edim ki, onda da Arzunun fəhminin, bəsirətinin şahidi oldum. Çünki tələbə dostum o şeirində təkcə döyüş səlnaməmizi yox, tariximizi, kimliyimizi, o döyüşən oğulların soykökünü poetik duyumla rəsm kimi işləmişdi. Sanki qələmin bir ucu da fırça idi – həm yazmışdı, həm də göstərmişdi. Demişdi ki:

 

Lələtəpə, Lələtəpə,

Hələ ilkdir, hələ təpə...

Vulkanları püskürəcək,

Ucalacaq, dağ olacaq!

 

Deməli, mən yanılmamışam. Həmin o bəsirət də, o fəhm də özünü Tovuz dərsində göstrədi. Düşmən bu ikinci zərbədən hiss etdi  ki, başını daşa vurur və bu daş onun başını partladacaqdı. Necə ki, 27 sentyabrda həmin daş tuşlandığı başa dəydi. Bunun ifadəsini isə Arzu Əsəd özünün “Azərbaycanlılar”ında yazdı. Dedi ki:

 

Dünya dönər, dəyişər,

siz haqq ilə birsiniz,

Tarixin qatlarında

açılmamış sirsiniz.

Yer üzünə səpilən

bərəkət, xeyirsiniz,
Azərbaycanlılar,

azərbaycanlılar.

 

Bunu oxucuya demək, dünyaya çatdırmaq haqqını Arzu Əsəd həm tariximizdən, həm də bu günümüzdən əldə edib, ordan götürüb. Yəni “Ölkəm əmin əllərdədir” şeirini yazanda artıq Arzu Əsəd azərbaycanlıların kimliyini hayqıraraq dünyaya çatdırmışdı. Bunun üçün onun söykənəcəyi nöqtə var idi.  O həmin nöqtəni tapməşdı, görmüşdü və ona inanmışdı. İnam da həmişə qalibiyyətin açarı olur. Deməli, ölkəmizin əmin əllərdə olmağı bizim azərbaycanlı kimi tanınmağımızın həm qarantıdı, həm də açarıdı. Bax, bu yerdə mənim yadıma Arzunun kitabı ilə bağlı özüm üçün müəyyənləşdirdiyim 3-cü məqam düşür. O da duyumdu, intiusiyadı. Yəni Arzu bəsirətiylə, fəhmiylə paralel olaraq, həm  də intiusiyası ilə oxucunu gerçəklə üz-üzə qoyur. Göstərir ki:

 

Allah yaradan dünyadan

daha gözəl bir dünya yox,

Vətən, millət sevgisindən,

daha böyük bir məna yox.

O nağıllar, o sehrlər,

Şərin köhnə havasıdır,

Yüksək sözlər bəhanədir,

dava yorğan davasıdır.

Min ayının min oyunu,

bu torpağın başındadır.

Hiylələrin ilki, sonu,

bu torpağın başındadır.

Müharibə aşkardadır,

müharibə  gizlindədir –

Həqiqətin çölündədir,

yalanların içindədir.

Hə, indi yəqin ki, razılaşdınız yenə mənimlə. Şərik oldunuz ki, bütün dediyim məqamlar xeyirlə şərin, gizlinlə aşkarın pərdə önü və pərdə arxası savaşlarının bir qələmlə ifadə olunmasına gəlib çıxıbdı... bir şairin bəsirətiylə, fəhmiylə, duyumuyla şeirləşibdi. Bu da məhz o dediyim tarix dərslərindən  keçib gələn yolumuzun özündə ifadə olunan həyatımızdı. Tam cəsarətlə deyə bilərəm ki, biz keçdiyimiz yolu bizdən daha mükəmməl görən, daha içdən araşdıran Arzu Əsəd özünün məhz intiusiyası ilə yazıb ki, “Ver, ver bizə zəfəri”! Bunu o vaxt yazıb ki, biz Lələtəpədə bayraq qaldırmışdıq. Bax, onun şair duyumu, şair fəhmi onda anlamışdı ki, qarşıda 27 sentyabr var. Ona görə də əmin əllərin sahibi olan Ali Baş Komandana üzünü tutub bir şair coşğusu ilə yazmışdı:

 

Yaşın o yaşa çatıb,

damarlarında o qan –

Dönüb keçən yüz ilin

yetmişlərinə baxsan.

Bundan sonra sən böyük,

tarix yaradacaqsan!

QƏLƏBƏ – bu möhtəşəm

tarixin şah əsəri!

Ver, ver bizə zəfəri.

İdrakın ən dərini,

sözlərin ən sadəsi

Haqq və xalq – bar varlığın

və ruhun ifadəsi!

Önündə haqq, arxanda

bu xalqın iradəsi,

Kim durduracaq səni,

Haqq yolunda irəli!

Ver, ver bizə zəfəri!.

 

Tam səmimi deyəcəm. Mən Arzu Əsədin bu kitabını oxuyanda yaşadıqlarımı bir yazıda, bir söhbətdə oxucu olaraq şərh etmək, çözmək gücündə deyiləm. Çünki burdakı hər fikrin dərindən-dərin qatları var. O qatların zirvəsində BAYRAĞIMIZ və QƏLƏBƏMİZ durur. Bunu Arzu Əsəd də yazıb. O da üzünü hamımıza tutub beyib ki:

 

Gəl, şəhid ruhları çağırır,

sonunda mən də

bir kök dolusu bağırım:

Qələbə! Qələbə!

 

Bəli, “Və nida!” kitabının sonunda akademik Nizami Cəfərovun yazısı, bir məqaləsi nöqtə qoyub. Mən bu məqaləni də oxudum. Təbii ki, bilmədiklərimi, duymadıqlarımı özüm üçün aydınlaşdırmaq üçün. Oxuyub bitirəndən sonra mənə elə gəldi ki, içimdən keçən fikrilərin yığcam ifadəsini hörmətli akademikimiz Nizami müəllim çox mükəmməl ifadə edib:

- Arzu Əsədin “Və nida!” kitabı içində yaşadığımız tarixin hiss-həyəcanının, bu tarixi yaradan Xalq və onun Liderinin sarsılmaz birliyinin poetik ifadəsi, torpaqlarımızın azadlığı və müstəqil dövlətimizin inkişafı naminə müasir Azərbaycan poeziyasının – Azərbaycan ruhunun Azərbaycan varlığına səslənişidir!

Bəli, bu, həqiqətən belədir. Bu, Ali Baş Komandanın dünyaya bəyan etdiyi “Qarabağ Azərbaycandı və Nida!”nın şeirə köçürülmüş özüdür!

 

 

 

TƏQVİM / ARXİV