adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Ölənlərin əvəzinə Qalanımız Vətən! – desin - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
121230 | 2020-10-15 12:22

Səngərdə olan əsgərim, bilirsən nə düşünürəm? Bilirəm ki, bütün günü döyüşmüsən. Bizim kimi sosial şəbəkədə olmağa, TV-yə baxmağa vaxtın olmayıb. Amma yəqin ki, Ali Baş Komandanın çıxışından xəbərdarsan. Çıxışa baxmasan da, tezisindən xəbərdarsan.

Bilirsən, ƏSGƏR, bu gün Ali Baş Komandanın müsahibə zamanı üzündəki mimikası, gözlərindəki təbəssümü, el dilində "açarıq sandığı, tökərik pambığı" deyib ürəkdən gülməsi və "bu gün səhər mənə verilən məlumata görə, Azərbaycan ordusu daha böyük bir qələbəyə imza atdı və lazım olan vaxtda açıqlama veriləcək" deməsində, "18 oktyabrda sizə elə bir tarixi tvitim olacaq ki..." oxudum mən...

O "daha böyük qələbə" sanki bugünkü tvitə aid deyildi. Əksinə, bugünkü tvit, 18 oktyabrın anonsuymuş kimi gəldi mənə...

Düşünürəm ki, görəsən sənin hansı böyük qəhrəmanlığının anonsu idi bu?

Sürprizin nədir, ƏSGƏR?

Bilirsən, ƏSGƏR, bu gün həm də "Vətən mənə oğul desə nə dərdim..." deyən Məmməd Arazın 87-ci doğum günüdür. O, həm də deyirdi ki,

Bu gün gərək

Hər anımız Vətən! – desin!

Qılıncımız, qalxanımız

Vətən! – desin

Ölənlərin əvəzinə

Qalanımız Vətən! – desin.

Vətən! – desin

Qəlbimizin hər duyğusu,

hər vurğusu

Vətən! – desin.

Fərqi yoxdur, harda olaq,

Zamanımız, məkanımız

Vətən! – desin!

Bax, ƏSGƏR, bu gün Məmməd Arazın ruhu da bir ayrı şaddır. Bir tərəfdən Vətən sənə OĞUL deyir, o biri tərəfdən, harda olmağımızdan asılı olmayaraq, zamanımız, məkanımız, hər anımız VƏTƏN deyir...

ƏSGƏR oğul, sənə olan inamından, güvənindən, sevgisindən, Azərbaycan VƏTƏN deyir.

Qarabağlı Azərbaycan üçün özünü qoru! Sən qalib gələcəksən!

TƏQVİM / ARXİV