adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Avqust 2020 14:44
78679
MÜSAHİBƏ
A- A+

Qandaşımla müsahibə

İllərdir ki, mənə xitab edəndə "Qandaşım” deyir və doğrusu, bu müraciətdən çox xoşumgəlir; fərqli və gözəl səslənir.Niderlanda gəldiyimin ilk illəri idi, yeni-yeni fəaliyyətə başlamışdım. Niderland mətbuatında ara-sıra, Azərbaycan mətbuatında mütəmadi olaraq yazılarla çıxış edirdim.Bir gün telefonuma zəng gəldi. "Vüqar bəy, Hollandiya Türk Federasiyasından Murat Gedikdir narahat edən. Zamanınız olanda görüşək” – dedi xəttin o tərəfindəki şəxs. Görüştəyin etdik, getdim HTF-nin Amsterdamdakı Baş qərargahına. İlk görüşümüz o zaman oldu və o vaxtdan da münasibətlərimizin təməli qoyuldu. Mənə zəng edən də, bugünkü müsahibim də Hollandiya Türk Federasiyasının sədri (genel başkan) MuratGedikdir.Murat bəy bir Azərbaycan sevdalısıdır. Özünə bunu deyəndə haqlı olaraq:

- Vüqar bəy, biz Azərbaycan sevdalısıyıq, burası doğru. Ancaq biz Türükün olduğu hər yeri sevirik, Türkün olduğu hər yer bizə doğmadır – deyir.

Doğru da deyir, ancaq bu barədə bir qədər sonra. Murat bəyə:

- Buna şübhəm yox. Sadəcə Siz Azərbaycanıın tarixi şəxsiyyətlərini, M.Ə. Rəsulzadəni, Əhməd Cavadı, Əhməd bəy Ağaoğlunu və.s. məndən daha yaxşı bilirsiniz – deyincə özünəməxsus təvazökarlıqla:

- Əstəğfürullah – deyir və dərhal da əlavə edir: - Azərbaycana mənim ayrı bir sevgim, yanaşmam var. Azərbaycan Türkü ilə Anadoludakı Türkün arasında heç bir fərq yoxdur. Buna belə baxmaq lazımdır, Türklüyü bir bütövlük halında görməyimiz lazımdır. Hər vaxt deyirəm, bunun əksini deyən çıxıb sübut etsin. Türkiyə Cümhuriyyətinin (TC) qurulmasında bütün Türk dünyasının qatqısı var, hər mənada: istər əsgər vermək baxımından, istər maddi, siyasi və.s. Məsələn, Türkiyə Cümhuriyyətinin qurulmasında fikir baxımından Rəsulzadənın çox böyük qatqısı olub. Əhməd bəy Ağaoğlunun xidmətlərini danmaq olmaz. Əhməd Cavadın gəlib Türk əsgərinə yardım etməsi böyük qatqıdır. Baxın, bunları deyən zaman belə tüklərim biz-biz oldu. "Çırpınırdı Qara dəniz”in yazılma səbəbini bilsəniz, məsələ aydın olar. Məni də, bizi də Türklüyə bağlamaqda bu insanların böyük qatqısı var. Bəlkə bu insanların da köməyi ilə TC qurulmasa idi, bu gün dünyada Azərbaycan da olmazdı, Türkmənistan da və.s. Çünki bu torpaqlarda TC olduqca ordakı insanlar da Türklüyü içlərində yaşatdılar. Asan deyil 70 il kommunist bir rejimdə yaşayıb Türklüyü qorumaq. Azərbaycan insanına "Azərbaycanlı” dedilər. Halbuki kommunistlərdən öncə ordakı insanlar özlərinə Türk deyirdilər. Tək Azərbaycan Türkləri deyil, məsələn, Qazaxıstanlı şair Mağcan Cumabəy Qazaxıstandan yürüyərək Moskvaya gəlir ki, ordan topladığı 3-5 quruşu Atatürkə çatdırsınlar deyə. Bunları yaxşı bilmək lazımdır. Bu barədə məqaləm var, onu sizə göndərəcəm, Macanı mütləq oxumaq lazımdır (göndərdi də. V.A.). Yusuf Akçura... Türkiyədəki Türk ocaqlarının qurulmasında kimlərin rolu var? Yusif Akçura, Əli bəy Hüseynzadə və digərlərinin rolu danlmazıdır.

Hələ bir də Cənubi Azərbaycan Türkü var. Onlarla bağlı heç nə eşitmirik. Onarın məsələlərini də dilə gətirmək lazımdır, eyni millətik. Məsələn, Ankaradakı insanla Yozqatdakı insanın necə fərqi yoxdursa Azərbaycandakı insanla Anadoludakı insanın arasında da heç bir fərq yoxdur. Aramızdakı ayrılıq sadəcə coğrafi yerləşimlə bağlıdır, mən belə görürəm.

Sizə bir məsələni də danışım. Çanaqqala şəhidlərinin məzarlarını ziyarət etdiyin zaman baxırsan ki, hər yerdə Məhmətlər yatır. Baxırsan Məhmət, Ankara, Diyarbəkir və.s. Bunlar anlaşılandır. Ancaq bir də baxırsan Gəncə, Mosul, digər Türk torpaqlarının adları yazılıb. Mən də deyirəm ki, Çanaqqala Türk dünyasınındır. Mən belə baxıram. Ona görə də bizim Azərbaycan sevgimiz boşuna deyil. Biz tək Azərbaycana deyil, üzünü görmədiyimiz Türküstana aşıqik.

- Murat bəy, gözəl qeyd etdiniz və dediklərinizdən də belə anladım ki, Türkiyənin mövcudluğu digər Türk dövlətləri üçün bir güvənc yeridir. Şəxsən mən də bu fikirdəyəm. Bəlkə müqayisə düzgün deyil, ancaq mənə elə gəlir ki, HTF də Niderlanddakı Türk kökənli insanların bir güvənc yeridir. Bu fikirlə razısınız?

Haşiyə: Mənim belə düşünməyim səbəbsiz deyil, 50 ildən artıq yaşı olan bir təşkilatı "təşkilatların ağsaqqalı” adlandırmaq olmazmı? Hələ onu demirəm ki, HTF-də 50-yə yaxın təşkilat birləşib ki, bunun da 30-u qərargahı olan təşkilatlardır. Qərargah deyəndə isə sadəcə bir-iki otaq düşünmə, dəyərli oxucu, bəziləri bir neçə mərtəbəli, içərisində məktəbi, çayxanası, məscidi və.s. olan binalardır.

- Bəli, hardasa doğrudur. Biz təşkilat olaraq 50 ildir ki, fəaliyyət göstəririk, ancaq təşkilatımız hələ də böyüməkdədir. Yeni nəsildən də sıralarımıza qatılanlar çoxluq təşkil edir. Bu da nədən irəli gəlir? İnamdan. Bizə hər kəs gələ bilər. Nədəndir bu inam? Biz deyirik ki, bizim mənəvi və milli dəyərlərimizlə problemi olmayan hər kəslə eyni masaya otura bilərik. Biz terror təşkilatları ilə eyni masa arxasında otura bilmərik. Ancaq kiminsə türklüyə, dinimizə bir düşmənçiliyi yoxdursa biz onunla bir masa arxasında otura bilərik. Din seçimi, əlbəttə ki, sərbəstdir, ancaq söhbət geniş anlamda gedir. Bunun üçün də inam yaradırıq...

- Sözünüzü kəsdim. Ümumi mənzərəni, Türk kökənli insanların diasporumu deyim, onların qurduqları təşkilatların fəaliyyətimi... Adı hər nə olsa da bütün bunlara sizin münasibətinizin "Ədalət”in oxucuları üçün maraqlı olacağını düşünürəm.

- Bilirsiniz, Türkiyədən gələrək burda yaşayan təxminən 450 000 nəfər insan var. Biz bunlara Anadolu Türkü deyirik. Bundan başqa, son illərdə isə bura istər Azərbaycandan, istər İraqdan, istərsə də başqa yerlərdən gələn çoxsaylı türklər də var. Hər Türk toplumunu təmsil edən müəyyən təşkilatlar da mövcuddur. Hər kəs öz düşüncəsinə, baxışlarına görə təşkilatlar qurub. Bunlar toplumumuzun gözəllikləridir. Bunların hamısına da hörmətlə yanaşmaq, hamısını da qucaqlamaq lazımdır. Mən də Niderlandda fəaliyyət göstərən Türk Federasiyasının (HTF) genel başqanıyam. Türk Federasiyasının quruluş məqsədi də bəllidir. Təşkilatımızın təməli 70-ci illərdə atılıb. Hər vaxt deyirəm ki, bu işdə Türkiyənin siyasəti var. Belə ki, o zaman Rusiyadan, sovetlərdən gələn kommunist fikirlərə qarşı bir Türk millətçiliyini mənimsəmiş bir quruluşuq biz. Təbii ki, zamanla hər şey dəyişdi, kommunizm-filan qalmadı. Ancaq Türk Federasiyası bu məqsədlə qurulsa da, daha çox mədəni, kültürəl fəaliyyət üzərində qurulub. Yəni təşkilatlarımız dil dərsləri verdi, mədəni tədbirlər keçirtdi, sonradan din məsələsi də bura daxil oldu, camilər tikildi və.s. HTF Niderlandda mövcud olan türk təşkilatlarından sadəcə biridir. Bizim də özümüzə görə insan qaynağımız, təşkilatlarımız var. Amma əlbəttə ki, biz burdakı bütün Türk insanlarını təmsil etmirik, bu da ayrı mövzudur...

Bu yerdə müsahibimin sözünü kəsmək məcburiyyətindəyəm. Hiss edirəm ki, müsahibim kimsənin xətrinə dəyməmək üçün suala birbaşa cavab vermir. Bəlkə də yanılıram. Ancaq buna sualımı bir qədər dəqiqləşdirərək aydınlıq gətirəcəyimi düşündüm deyə bu dəfə sualı belə qoydum:

- Murat bəy, mən bura gəldiyim illərdə burdakı Türk təşkilatları vaxtaşırı bir yerə yığılırdı. Hətta mən heç bir təşkilatı təmsil etməsəm də, tədbirlərin bir çoxuna dəvət alırdım. İndi bu birliyi görmürəm. Təşkilatlar daha bir yerə yığışmırlar. Nədir bunun səbəbi?

- Məncə səbəblərdən biri budur ki, quruluşlar var idi, təməli yox. Məsələn, Türk dünyasının hər hansı bir yerini təmsil edən bir nəfər var və o da özünə bir təşkilat yaradırdı ki, mən filan yeri təmsil edirəm, dərnəyim var. Sonra bu adam hər hansı bir səbədən başqa yerə köçə, fəaliyyətini dayandıra bilir və təşkilatın da fəaliyyəti sona çatır. Yəni təməl yoxdur, təşkilatçılıq anlayışı, davamlılıq yoxdur. Bir, yaxud da iki-üç nəfərin olduğu təşkilatların çoxu belə olur. Bir də ki, iqtisadi sıxıntılar və.s. səbəblərdəndir. Deyək ki, kimsə çıxıb deyir ki, mən Qafqazdakı filan xalqı təmsil edirəm. Təşkilat yaradır və sonra işləmək məcburiyyətində qalır, təbiidir və işə başlayır deyə vaxt məhdudiyyəti yaranır. Bu da öz növbəsində təşkilatın bağlanması ilə nəticələnir. Məsələ budur...

- Məsələ tək budurmu?

- Ən böyüyü budur. Daha sonra isə eqoizm. Bu da var. Bu olmayan yerdə iş davamlı olur...

- Bəli, özünü önə çıxartmaq istəyi də problemlərdən biridir.

- Bəli, belə deyək, mən HTF-nin genel başqanıyam. Mən sabah bu vəzifədən getsəm, qurultayda məndən sonra yerimə gələcək biriləri mütləq olacaq. Ancaq digər bir çox təşkilatlarda bu yoxdur. Bir özü var...

- Bir də özü...

- (Gülür) Bəli, bir də özü var.

- Bu gün Türk kökənli diaspor təşkilatlarının birlikdə hərəkət etməsi, fəaliyyət göstərməsi üçün çox çağırışlar gəlir. Belə birlik varmı, yoxsa əməldə deyil, ancaq sözdə var?

- Təəssüf ki, sözdə var. İnsanın sözü nədirsə özü də elə olmaldır və əksinə. Özün, sözün və hərəkətin, bunun üçün çox önəmlidir. Birində problem olsa, demək ki, bu işlər olmayacaq. Bir də bir məsələni də unutmamaq lazımdır. Kimlərsə istəyir deyə bir şeylər olmaz. İnsanın özündən gəlməlidir. Məsələn, bizim federasiyaya tez-tez gəlirlər ki, filan yerdə bir tədbirimiz var, filan gün filan olacaq. Sual edirəm, mən axı illərdir burdayam. Mən deyən zaman təşkilatı, HTF- ni deyirəm. Niyə indi gəlirsən? Niyə özünə lazım olanda gəlirsən? Əvvəldən də gəl, tanış ol. Arxayınsan, düşünürsən ki, HTF Türk millətçiliyi üzərində qurulub, mən ora gedən kimi yardım edəcəklər. O dövrlər bitdi artıq. Sifarişlə iş olmaz. Bir də ki, fəaliyyətimizi bir qədər fərqli qurmalyıq. Kitablar nəşr etməliyik, qəzetlər buraxmalıyıq, qəzetlərə yazılar verməyimiz lazımdır, yəni yazılı fəaliyyət göstərməyə üstünlük verməliyik. Öz dilimizdə təbliğata son qoymalıyıq. Türkcə təbliğat olmaz. Türkcə etdiyin təbliğatı niderlandlı anlamaz. Bunun üçün də biz HTF olaraq artıq iki ildir ki, belə fəaliyyətə üstünlük verməyə başlamışıq. Bir kitab çıxartmışıq, bunu da çoxaldacağıq. Hətta Azərbaycanın Qarabağ problemindən bəhs edən bir kitabı da Niderland, İngilis dilində çap etməyi düşünürük.

Bu yerdə müsahibimə Azərbaycandan gələrək Niderlandda yaşayan soydaşlarımız, başqa sözlə, Azərbaycan diasporu barədə sual vermək istədim və düşündüm ki, bu suala təcrübəli təşkilatçının cavabı siz dəyərli oxucular üçün maraqlı olar.

- Murat bəy, Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirərsiniz?

- Vallah o mövzuda nə deyə bilərəm... Bunu deyim... Azərbaycan diasporunda olan soydaşlarımız əllərindən gələni etməyə çalışırlar...

- Əllərindən gələn sizi qane edirmi?

- (Gülür) Daha yaxşı da ola bilər.

Haşiyə: Yenə kimisə incitmək istəmir. "Daha yaxşı da ola bilər” cavabını da bu məqsədlə verir. Yoxsa Murat bəy də gözəl anlayır ki, hər şeyin daha yaxşısı mümkündür. Üzümün ifadəsindən nə demək istədiyimi anlayır, arif adamdır, sözünə davam edir:

- Açığı, onların təşkil etdiyi tədbirlərdə biz də zaman-zaman iştirak etdik. Onların Niderland və İngilis dilində olan çalışmalarını görmürəm. Biz niderlandlılara yönəlik fəaliyyət göstərməliyik, əgər məqsədimiz problemlərimizi yerli insanlara çatdırmaq, özümüzü onlara tanıtmaqdırsa. Bu gün Azərbaycanın Qarabağ problemi var və əslində bu problem bütün Türk dünyasının problemidir. Biz bunu Türkcə kimsəyə anlada bilmərik. Yerli mətbuatda yazılar verməyimiz lazımdır, kitablar çap etməliyik. Bunları görmürəm, düzünü deyim. İnanıram ki, dostlarımız məndən inciməzlər.

Mətbuat məsələsi mənim, necə deyərlər, yaralı yerimdir. Odur ki, burda müdaxilə etməsəydim olmazdı.

- Murat bəy, mətbuat demişkən, fikir vermişəm ki, sizin və digər Türk təşkilatlarının fəaliyyəti Türkiyə mətbuatında o qədər də geniş işıqlandırılmır. Ancaq Azərbaycan diasporu öskürəndə də, asqıranda da Azərbaycan mətbuatı bu barədə yazır. Bu, Türkiyə mətbuatının öz diasporuna diqqətsizliyi, Azərbaycan mətbuatının isə öz diasporuna diqqəti kimi qəbul oluna bilər?

- (Gülür) Vüqar bəy, onu bilmərəm... Yəni belə bilmərəm ki, bizim fəaliyyətimiz Türkiyə insanına yönəlik deyil və bizim reklama ehtiyacımız yoxdur. Biz işimizi görərik, Türklüyümüzü və.s. qorumağa, özümüzü yerli insanlara daha yaxşı tanıtmağa çalışarıq. Azərbaycan diasporu ilə bağlı olan hissəyə isə özləri daha yaxşı ("yaxşı” sözünü bilərəkdən "iyi” deyil, məhz "yaxşı” deyə işlədir, demək olar ki, hər vaxt – V.A.) cavab verərlər. Ancaq onu demək istəyirəm ki, Azərbaycan diasporu çalışsın ki, müstəqil fəaliyyət göstərsin. Kabinetlərdən gələn göstərişlərlə irəli getmək olmaz...

- Murat bəy, açığını desəm, son vaxtlarda Azərbaycan mətbuatında bir çoxları elə fikir formalaşdırmağa çalışırlar ki, guya xaricdəki Türk təşkilatları birlikdə fəaliyyət göstərirlər, bu birliyə nail olunub və bunu da uğur kimi təqdim edirlər. Varmı belə bir uğur, birlik?

- Olsa idi yaxşı olardı, Vüqar bəy. Ancaq təəssüf ki, belə bir birliyin, bərabər hərəkətin olduğunu deyə bilmərəm. Qarabağ hamımızın problemidir, buna şübhə yoxdur. Ancaq birlik deyiriksə, bu birliyi həm də Doğu Türküstan, Kərkük və.s. kimi məsələlərdə də göstərmək lazımdır. Bir-birinə dəstək əlbəttə ki, var, bu dəstək hər zaman olub. Ancaq istədiyimiz birliyin olduğunu kimsə iddia edə bilməz. Yalandan deməklə deyil.

- Murat bəy, qısa olaraq son baş verənlərə münasibətinizi öyrənmək istəyirəm. Ötən ayın (iyul ayının) sonlarında Azərbaycanın Niderlanddakı, Belçikadakı səfirlikləri önündə, Los Ancelesdə olanlara münasibətiniz necədir? Lazım idimi səfirliklərin həyətinə yığışmaq?

- Belə məsələlərdə diqqətli olmaq lazımdır. Bu cür işlər, mənim düşüncəmə görə, lazım deyil. Diaspor öz fəaliyyətini səfirliklərdən uzaq tutmalıdır, mənim fikrimcə. Niyəsini soruşsanız, səfirliyin qoruması var. Ancaq ordan fəaliyyət yönləndirilərsə diasporunuza "Azərbaycanın uzun qolları” deyəcəklər, necə ki, burdakı türklərə "Ankaranın uzun qolu” deyirlər. Reallıqda belə bir şey yoxdur. Demokratiya baxımından da burda kimsə sənin mitinqinə mane olmur. Bəlkə etiraz mitinqlərini başqa yerlərdə təşkil etsələr daha yaxşı olar. Sualınıza konkret cavab versəm, məncə, həmən gün deyil, məsələn, bir gün sonra Azərbaycan səfirliyinin önündə Azərbaycana dəstək məqsədi ilə mitinq etmək daha münasib olardı.

- Türkiyənin illərdir ki, PKK problemi var və Avropada da PKK- lılar Türkiyə səfirliklərinin önündə tez-tez mitinqlər keçirtdilər. Sualım qapalı sual olacaq, sadəcə "hə,” yaxud da "yox” cavabı istəyirəm. Heç oldumu ki, PKK Türkiyə səfirliyi önündə mitinq edəndə Avropadakı türklər səfirliyin həyətində buna etiraz etsinlər?

- Xatırlamıram. Bildiyim qədər yox. Açıq deyim ki, belə bir şeyin ola biləcəyinə də inanmıram.

- Olmadı?...

- Belə oldu ki, PKK əsgərimizə bir zərər verdikdə Avropadakı Türk insanları səfirliyə gedərək Türkiyəyə dəstəklərini ifadə etdilər. Bu isə ayrı bir məsələdir.

Əlavə heç bir şərh vermədən müsahibəyə burda son qoyuram.

Vüqar Abbasov.

Niderland.