SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: BİR İNCİ SAFLIĞI

  19225   |  
Şriftin ölçüsü  

Şair gərək anadan şair doğula... Əgər anadan şair doğulmayıbsa, onun yazdıqları söz yığınından və cızma-qaradan başqa bir şey olmayacaq. Mən bir fikri dəfələrlə səsləndirmişəm və yenə də deyirəm: sonradan jurnalist olmaq olar, yazıçı olmaq olar, publisist olmaq olar, hətta dramaturq da olmaq olar, amma 20-30 yaşdan sonra heç vaxt şair olmaq mümkün deyil. Bu gün elə 90 faiz sonradan şair olanlar və şeir yazanlardı. Tay arxasını demək istəmirəm. Qoy bu barədə şairlər özləri düşünsün. Görsünlər, mən dediklərim yalandı, yoxsa düz!..

...Bir çoxları Azərbaycan gəncləriyinə bir o qədər də ümidlə baxmır. Amma çox nahaq yerə! Bugünkü gənclərin arasında çox istedadlı, dünyagörüşlü və savadlı insanlar var. Düzdür, onların bəziləri öz istedadına və yaradıcılığına güvənərək özündən razıdı və bəzən də orta və yaşlı nəslin şeirlərini, romanlarını, poemalarını bəyənmirlər. Və bu bəyənmədiklərini də çox vaxt konkret faktlarla, arqumentlərlə ortaya qoyurlar. Buna da sözümüz yoxdu...

Bu yaxınlarda redaksiyamızda çalışan istedadlı gənc Emin Piri mənə öz kitabını bağışladı. Ümumiyyətlə, mənim belə istedadlı gənclərə çox böyük sevgim var. Ən azından ona görə ki, onlar tapdanmış yolla deyil, kiminsə açdığı cığırla yox, özünün yaratdığı cığırla, yeni nəfəs və səslə oxucunu təəccübləndirir. Emin mənə öz kitabını bağışladı: "Sağ qalan varmı?!”. Elə həmin günü də birnəfəsə o kitabı oxuyub başa çatdırdım. Və kitabı oxuyanda hiss elədim ki, dünyanı Emin Piri başqaları kimi bir rəngdə görmür. Və bu dünyanın min rəngini, min çalarını şeirlərinə gətirir. Özü də hər misranı, hər sətri, hər bəndi o qədər orijinal ifadə edir ki, həmin misralardan sən dünayanın yeni nəfəsini, yeni rəngini, yeni səsini eşidirsən.

Onun şeirlərinin ruhu Ramiz Rövşənə çox yaxındır. Amma o, qətiyyən Ramiz Rövşəni yamsılamır. Ondan bəhrələnir, şeirinə yeni rəng, yeni çalar qatır. Eminin bütün şeirlərində eyni ritm, eyni dinamika, eyni sürət hiss olunur. Sanki yüksək sürətlə avtomobilini idarə edən sürücü sərt döngələrə rast gələndə də çox ustalıqla, həmin sürətlə o döngəni necə keçirsə, Emin Pirinin şeirlərində də bu ritm və sürət özünü aydın göstərir.

O, sevgidən yazır, məhəbbətdən yazır, Vətəndən yazır, insandan yazır... Və nəyi yazırsa, çox təbii və səmimi qələmə alır. Onun poeziyasının fəlsəfəsi səmimiyyət və dərin fikirdir. Səmimiyyət və dərin fikir olmayan bir şeir sabun köpüyü kimi bir şeydi. İnanmırsınız, "Eşq ayələri” şeirindəki bu misralara diqqət yetirək:

Susayırsan gecəyarı

Durub şəklinə baxarsan.

Kəbə divarıtək

Üzümü sürtərəm – yanağına

mənim tövbə yerim...

Bax, Emin sevgiyə belə bir rəng verir. O rəng şairin ürəyi kimi tərtəmizdi. Yaxud "Baş daşları utandırdı məni” şeirindəki misralara nəzər yetirək:

Şəhid məzarlarını

mərmərə bükdük

daş qoyduq başlarına

qalxa bilməsinlər

üzümüzə tüpürməyə...

Fikri bu qədər orijinal və yaddaqalan ifadə etmək şairdən məntiqi və fəlsəfi düşüncə və bir də dərin savad tələb edir. Onun bütün şeirlərində bu elementləri görür və hiss eləyirik.


Emin Pirinin hər bir şeiri təzə fikir və orijinal ifadə yeniliyi ilə oxucunu özünə cəlb edir. "Sağ qalan varmı?!.” şeirini gözdən keçirəndə görürük:

Əsgər sinəsi axtarır

isinməyə

fevral şaxtasından

üşüyən güllə.

hər əsgər tabutu

bir ağ gəlinlik köçər...

əsgər deyil,

sevən qızın arzularını

götürüb gedir

hər atılan güllə...

Bayaq dedik axı, onun şeirlərində Vətən də var, Vətən qeyrəti də. Vətən qeyrəti bir əsgərin düşüncəsində və əməlində özünü əks etdirir. "Ayağım özümdən qeyrətli çıxdı” şeiri adamın istər-istəməz iç dünyasını silkələyir və yatıbsa onu yuxudan oyadır:

danlayır özünü hər səhər-axşam

əlini başına, dizinə çırpır:

o qaldı cəbhədə,

mənsə qayıtdım

ayağım özümdən qeyrətli çıxdı...

Mələklər dünyanın ən günahsız varlığıdı. Və bəzən də yaxşı insanı mələyə bənzədirlər. "Mələklərə atılan mərmilər...” şeiri insanı istər-istəməz həyəcanlandırır, qəlbinin "sarı siminə” toxunur və qulağına pıçıldayır:

Toplardan,

təyyarələrdən

doğan uşaqlar

yerdə bələklərdən çıxırdı.

uşaqların yerdə

batan səsləri

göydə mələklərdən

çıxırdı.

Yaxud:

Darıxır

anamın cehizlik ütüsü

Atamın biçənək ətirli

pal-paltarıyçün...

ütüyə gəlmir ancaq

heç birisi!..

Yayın gözü açılan kimi

anam yorğan-döşək

çırpır həyətdə.

Gözündə sevgi,

qolunda nifrət

Çırpır

ürəyinin çırpıntısını

çırpır atamın yoxluğunu...

Onun şeirlərinin hər biri, hər misrası bir oxucu olaraq mənim qəlbimin "sarı siminə” toxunur. "Sarı simə” toxunan həm də bu misralardı:

İndi

kitabları arasında qurutduğu

Gül ləçəklərində axtarır

sevgilisinin cəbhədə itirdiyi əlləri...

Beləcə, Emin Pirinin şeirlər aləminin içində sanki qeyri-adi bir dünyaya düşmüşəm. Və bir şeiri – "Sükutlu səngər” yenə mənim ruhuma sığal çəkir.

Pozulur

səssiz gecələrdə

gözlərdən qovulmuş

səngərin sükutu...

Bu misraları ancaq səngəri, onun ətrini, qoxusunu hiss eləyən şair yaza bilər. Bu misralar təmiz və saf qəlbin hayqırtısıdır desək, yanılmarıq. Bayaq dedim axı, onun heç bir şeirində söz yığını, bayağı ifadələr tapmaq mümkün deyil. Hara əl atırsan, "qızıl balıq” tutursan. "Uşaqlıq illərim asan keçməyib” şeiri kimi:

Kişilər ağlamaz deyən anam

yerimə özü ağlardı.

Nağıl söylərdi,

göydən üç alma düşməzdi nağıllarından,

deməzdi bunu anam –

birdən ürəyimiz alma istəyər...

Bu gün bir çoxları qız uşağını sevmirlər və oğlan uşağı arzulayırlar. Həkimə gedib uşağı abort elətdirirlər. Eminin "Abort stolunda yalvaran körpə” şeiri də bəşəri bir hayqırtı, bəşəri bir çağırış, bəşəri bir oyanış və bəşəri bir səsdi! O hayqırır və deyir:

... Şeytan boylanır

ağxalatlı pəncərədən

gözləri bərəlib

dizləri əsir

ürəyi dözmür baxmağa.

qadın dözür ancaq

və baxır...

Bu fikri səsləndirmək üçün insanda bir bəşəri sevgi, bəşəri məhəbbət, bəşəri vicdan da lazımdı. Və nə yaxşı ki, Emində bu ürək var. Bu balaca boy şairin Allah, nə boyda ürəyi varmış?! Yaxud başqa bir bəşəri şeir:

Söymə bu dənizi, balıqçı qardaş,

xırda soxulcana gəlməz

hər balıq.

Bir dəfə də öpüş qoy tilovuna

bəlkə sevgiylə aldanıb

bir balıq düşə "toruna”.

Yayın istisinin adamı tıncıtmağını Emin Piri belə görür:

Dodağı çatlamış asfalt küçələr

silir

dənizdən qayıdan

maşın təkərlərinin tərini.

Emin həyatı sevir, insanları sevir və ən nəhayət, həyatı və insanları yaradan Allahı sevir... "Allahın zarafatı” şeirində bu hissləri və duyğuları özünəməxsus formada sevdiyi oxuculara çatdırır:

Ölənlər oyanıb çıxa qəbirdən

durub dirilərin qaza qəbrini.

gedəsən sevdiyin qəbrin üstünə

görəsən yazılıb:

bir zarafatdı.

Eşq olsun, bu misranı poetik deyimə çevirən gənc şairin böyük ürəyinə! Bilmirəm, Emin insanlarda vəfa görüb, görməyib, amma şeirlərində hiss eləyirəm ki, o, adamları, insanları sevməyə bir o qədər də ürək eləmir. Çünki yaşadığımız cəmiyyətdə o qədər yalançı, etibarsız və kəsdiyi çörəyə xəyanət eləyən adamlar var ki. Yəqin elə həyatda da, sevgidə də belə adamlara Emin Piri rast gəlib. Yoxsa "Səni sevməyə qorxuram, Allah!” şeirini yazmazdı. Görün, şair nə yazır:

Kimi sevdim, dönük çıxdı,

Dönüklərim yaman çıxdı.

Mələk sevdim

şeytan çıxdı,

Səni sevməyə qorxuram,

Qorxuram,

Allah!

Vallah, məndən olsa Eminin bütün şeirlərindən nümunə çəkərdim. Çünki onun hər şeirində, hər bəndində və hər misrasında orijinal fikirlər, yeni rənglər və yeni çalarlar var. Və o şeirləri oxuduqca, vərəqlədikcə bir oxucu olaraq mənim ürəyimdə və qəlbimdə Azərbaycanda olan istedadlı gənc şairlərə şevgim daha da artdı. Çünki çox şeyi bəyənməyən, hər şeydə bir qulp axtaran, amma dünyanı yeni rəngdə görən bu gəncləri oxuyaq, sonra topa tutaq. Düzdür, onlar iddialıdı.. düzdü, onların ürəyindən çox şey keçir. Amma iddialarına görə istedadları da var. Bu istedadlı gənclər kirayənişin qalırlar, istədiyini tapıb yeyə bilmirlər, istədiyini alıb geyə bilmirlər. Amma görün bu qədər çətinliklər içərisində onlar ədəbiyyatımıza, poeziyamıza yeni bir cığır, yeni bir nəfəs gətirirlər.

Biz onları topa tutmaq yox, biz onlara arxa və söykək olmalıyıq ki, bu istedadlar tapdanmış yolla yox, öz yolları ilə gedirlər və çiyinlərində həm də bizim yükümüzü çəkirlər. Bir daha Emin Piriyə şeirlərində bu gözəl anları və məqamları mənə yaşatdığına görə, "çox sağ ol!” deyirəm. Elə bil ki, yeni bir dünyaya düşdüm, o yeni dünyanın güllərinin, çiçəklərinin ətrini ciyərlərimə çəkdim, havasını uddum, saf suyunu içdim. Və o rənglər dünyasında bu dünyamızı onun təsvir etdiyi dünya kimi görmək istədim...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-23
2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK