adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Iyul 2020 11:00
88044
MÜSAHİBƏ
A- A+

"Qurandakı ayə də şairlərin xeyrinə işləmir" - MÜSAHİBƏ

Həmsöhbətimiz şair Faiq Hüseynbəylidir.

-Çox zaman gileylənən görürəm səni. Sanki ədəbi mühit sözünün hallandığı hər olaydan.

-Əslində, sənin giley kimi gördüyün anlam, Faiqin daxilində baş verən müharibənin təzahürüdür. Ədəbi mühitdəki razılar və yaxud narazılar cərgəsində olmağa çalışmamışam. Olsa-olsa, adi bir küskünlük yarana bilər. Onun da möhürünü atalar öz sözü ilə vurublar: "Uman yerdən küsərlər”. Söz həmişə müxalif mövqedə olduğu üçün narazılıq təsiri bağışlayır. Füzuli də şikayət edib, nə olsun? Salamın rüşvətə çevrildiyi məkanda narazılıq, şikayət nəyi dəyişə bilər ki? İrfan düşüncə tərzində nəinki narazılıq, şikayət, hekayətin özü belə acizlikdi. Bu gün ədəbi mühit dediyimiz ortamda bütün zamanlarda xaos, qarışıqlıq baş aparıb. Yaradandan çox yamsılayanlar olub. Nəticədə, yaddaşımıza tək-tük obraz köçüb, əbədilik qazanıb. Bu yaxınlarda sosial şəbəkədə Cəlilabad ədəbi mühiti haqqında bir yazı paylaşılmışdı. Demək olar ki, 200-ə yaxın şairin-yazıçının adı vardı. Adı olmayanlar da rəy bölümündə "özlərini göstərirdilər”. Hətta, bir nəfər yazmışdı ki, bu bir ordudur. Boya-başa çatdığım Alar kəndində əllidən çox şairin, səkkiz nəfər Yazıçılar Birliyinin üzvünün olmasını bir el şairi aparıb Qazaxın aşıqlarının sayına bərabər tutmuşdu. Allah o şairə rəhmət eləsin!Kəmiyyətə və keyfiyyətə görə sıxılmaq lazım deyil. Haqq varsa, divan da var. Əsl narazılıq haqqın tapdandığı yerlərdə baş qaldırır. Mən haqqımı kimsəyə tapdatmamışam. Haqqı isə vermirlər, alırlar. Sadəcə, bir narazılıq var, o da çağdaş poeziyada dorla doşaba fərq qoyulmamasıdır.

Ədəbiyyatdan ev, maşın, lüks həyat umanları gördük

-Nə istəyirsən bu ədəbiyyatdan?

-Təəssüflər olsun ki, bir çox yazıçı və şairlərin timsalında ədəbiyyatdan ev, maşın, lüks həyat umanları gördük. Yuxarılara palaz-palaz məktublar yazıb şairin-yazıçının dilənçi kökündə yaşadığını obrazlaşdıranlar bu gün də olmasa, yüz ildən sonra bunun cəzasını çəkəcəklər. Axı, niyə miskin durumdasınız? Sizi kim bu günə qoyub? Niyə heç bir enerji sərf etmədən hər şeyə nail olmaq istəyirsiz? Bəyənmədiyiniz sovet dövründəki adınız-sanınız hara getdi? Niyə dilənçi obrazına girmisiniz? Hansısa qəzetdən qonorar almaq üçün əqidəsini dəyişənləri də bu siyahının qulağına yazıram. ƏGər sualın bu anlamda qoyulubsa, mən bu sualı tərsinə dəyişib cavablandırıram: Ədəbiyyat məndən nə istəyir? Ədəbiyyat məndən "mən” olmağımı istəyir. Özün ol, özünü yarat. Necə ki, Qərb ədəbiyyatı biz Şərqlilərə maraqlı görünür, Qərb ədəbiyyatına da biz Şərqli olaraq maraqlıyıq. Şərq düşüncə tərzinin kökü dərindir. Mən bunu burada daha sadalamaq istəmirəm. Şərqin minillik dərvişini də gətirib Qərbin Don Juanının yanına qoymaq kimi bir ideyam da yoxdur. Ədəbiyyat mənim üçün gözəllikdir, sevgidir. Bizim ədəbiyyat dediyimiz sözə ruslar "literatura”, ingilislər "litriçə” deyir. Onların ifadə etdiyi ədəbiyyat təbiət anlamına gəlir. Dolayısı ilə, ədəbiyyat təbiət elmidir, yaxud da, təbiət hadisəsidir. Mən təbiətdən nə istəyə bilərəmsə, ədəbiyyatdan da onu istəyirəm: Bol Günəş, Yağış və Bahar!

-Bu yaxınlarda yeni kitabın dərc olundu. Səhv etmirəmsə, "Ulduz” jurnalının maliyyə dəstəyilə.

-Mənim tanıdığım Emin Pirinin səhv etməyə ixtiyarı yoxdur. Odur ki, düz təxmin etmisən. Amma, yaxşı olardı ki, maliyyə dəstəyindən daha çox, kitabın söz yükü haqqında danışaq. Bu kitab mühitdə maraqla qarşılandı. Bu dəstəyə görə Qulu Ağsəsə təşəkkür etmişdim, fürsətdən istifadə edib, bir də təşəkkür edirəm. Bu kitab "ulduzlu nəşrlər” layihəsi çərçivəsində işıq üzü gördü.10 gəncin kitabını "Ulduz” jurnalı hesabına jurnalın buraxılışları ilə birgə nəşr olunması haqqında elan verilmişdi. Müraciət etdik, müraciətimiz geri çevirilmədi. Kitabın adını "Sevgi heykəli” adlandırdım. Kitab "Ulduz” jurnalının 2019-cü ilin dekabr sayı ilə birgə işıq üzü gördü. Kitab haqqında dəyərli tənqidçimiz Elnarə Akimova həm "Ədəbiyyat qəzeti”ndə, həm də "Ulduz” jurnalının aprel sayında eyni mətnlə çıxış elədi. Yeri gəlmişkən, Elnarə xanıma da bir daha təşəkkür edirəm.

-Elə bil bu kitabın sükutla, pıçıltıyla qarşılanmasını istəyirsən. Bu kitaba inamın azdır ya?

-Bayaq qeyd etdiyim kimi, hələ ki, Elnarə Akimovanın yazısı liderdi. Necə deyərlər, fağır bir nümunə var ortada, kimin xoşuna gəlmirsə, sağdan da döşəyə bilər, soldan da. Belə ürəyindən keçirsə, götür, tənqid elə, mətnləri sök, yenidən yığ. Sükut, pıçıltı bədii xarakterimdir. Bir vaxtlar "Rezonans” qəzetində şeirlərimi təqdim edən Şakir Xanhüseyn sözünə belə xitam verir: "Faiqin nisgilli hisslərinin axarına qovuş və ehmal-ehmal pıçılda: Dolanıb, qələm, başına, Səndə bəxtimi gəzirəm”. O zaman mənim 16 yaşım var idi. Bu günə kimi şeirə konkret tərif verilməyib. Şeir pıçıltıdı, şeir duadı, şeir nəğmədi, layladı, ağıdı, ayədi... Şeir hər nədisə, şair də onun sahibidir. Hərdən deyirlər, şeir şər sözündən götürülüb, Qurandakı "şüəra” ayəsi də şairlərin xeyrinə işləmir. "Yaşananların tamını başqalarına daddıra bilirsənsə, toxunmadan ağlatmağı, xatırlamağı, yaraları qanatmağı bacarırsansa, deməli şairliyin içindəsən, şair sənin içindədir...” – bu ifadə Nərgiz Cabbarlının "İnsanlıqdan şairliyə bir addım” yazısındandır. Qeyd edim ki, bu yazı mənim "Yer üzü bir beşikdir” adlı kitabıma ön söz kimi yazılsa da, ümumi mənzərədə şair kimi sənin də adın hallanır.

Şeir indiki dövrdə maddi gəlir gətirmir

-Bilal Alarlı ilə aran necədir? Atalar və oğullar. "Kommunist” atalar nə istəyir bu "kapitalist” oğullardan?

-Şairlik sümükdən-qandan gəlir, deyirlər. Təvazökarlıqdan uzaq olsa da, Bilal Alarlı mənim sümükdən gələn şairliyimdir. Sümükdən gələn şairlik sümük kimi sərt, dözümlü, dayanıqlı olar yəqin. Bilal müəllimlə ata-oğul münasibətindən daha çox, dost münasibəti içindəyik. Həmyaşıdlarım nə qədər özündən əvvəlki nəsilləri inkar etsə də, bunu görüntü kimi qəbul edirəm. Hər bir "kommunist” ata "kapitalist” övladın yaxşılığını istəyər və əksinə. Görüntü özü bir maskadı, gec-tez yırtılır. Ata-övlad sevgisini heç bir boya ilə rəngləmək olmaz. Biz bu təzadı Rəsul Rzadan Anara, Səməd Vurğundan Vaqif, Yusif qardaşlarına keçdiyini görmədik. Qəşəm Nəcəfzadə - Kəramət Böyükçöl, Sabir Yusifoğlu – Emin Piri tandemində ata-oğul münasibətləri nə qədər təzadlı görüntülərlə yadda qalsa da, nəticədə, ata – oğul sevgisini heç nə dəyişməyib. Həmyaşıdlarımla çəkişmələr zamanı atalarının onları müdafiə etdiyinin şahidi olmuşam. Ədəbi atanı əbədi ataya çevirən də övladdır. Emin Piri nə qədər inkar etsə də, işlədiyi qəzetlərdə Sabir Yusifoğlunu çap edəcək. Atanın missiyası oğula yaşıl işıq yandırmaq, oğulun missiyası atanın adını yaşatmaqdır, istər ədəbi fəaliyyəti ilə, istərsə də əməli fəaliyyəti ilə. Bu adi həyatda da belədir. Atalıq təkcə fizioloji tərəfləri ilə bitmir ki. Biz mənəvi kamillikdən danışırıq. Sənin "kommunist” dediyin Bilal Alarlı Milli Azadlıq Hərəkatının iştirakçısı olub, buna görə iki il məhbəs həyatı yaşayıb. Bu yaşantı onun yaradıcılığından qırmızı xətlə keçir. "Cəlilabad hadisələri” kitabı, "Zindan şeirləri” kitabı, sonrakı dövrlərdə nəşr edilən və "mən o kəslərdən yazıram ki, onlar haqqında çoxları susur” frazası ilə başlayan "Çağdaş repressiya ədəbiyyatı” heç də "kommunist” düşüncəsi deyil. Kapitala gəldikdə, şairin şeirin, yaradıcılığından başqa yatıracaq heç bir kapitalı yoxdur. Şeir isə indiki dövrdə maddi gəlir gətirmir. Yüz ildən sonranı zaman göstərəcək. Ona görə də, zamana ehtiyacımız var.

-Ara-sıra gənc şairlər arasında adının hallandığını görürəm. Mən bilən, yaşın 35-i keçib, hələ lap çox da olar. Sənin tayların beynəlxalq mükafatlar alır. Bizdəsə sanki, yaşca bir az özlərindən azları "gənc şair” adıyla başının altına yastıq qoyurlar.

-Rəsmi sənədlərdə gənclik 36 yaşda bitir. Düzdür. Mənim bu ilin sonunda 37 yaşım olacaq. Dünya ədəbiyyatına çıxmaq bu gün fərdi qaydada aparılır. Hansı yolla aparılır, onu da dünyaya çıxanlar bilir. Nə məlum strukturlar, nə də rejim ədəbi gəncliyin dünyaya çıxmasına maraqlı deyillər. Əslində, yaxşı nümunələr seçilməli, tərcümə olunmalıdır. Ədəbi gənclik adına danışanların bu istiqamətdəki fəaliyyəti sıfıra bərabərdir. Bizdə yaxşı ədəbiyyat kriteriyası yoxdur, "yaxşı oğlanlar” kriteriyası var və onlar xaricə çıxmaqda daha fəaldırlar. İstedaddan daha çox sədaqətə üstünlük verən ədəbi fillərə bunu sübut etmək kimi öhdəliyimiz yoxdur. 15 il öncə yazmışdım ki, dünya ədəbiyyatının bütün zir-zibilini dilimizə tərcümə etmişik. Amma, öz klassiklərimizin, müasirlərimizin xarici dillərə çevrilməsinə biganə qalmışıq. Bu 15 ildə heç nə dəyişməyib. Köhnə hamam, köhnə tas. Fikrimcə, ildə bir gəncin kitabını xaricdə çap eləmək bu sahədə fəaliyyət göstərən "büdcə” sahib və sahibələrinə əlavə yük kimi görünməz. Gəlirəm yaşımla bağlı sualına. Sənin qeyd etdiyin yaş məhfumu cismani məhfumdu. Fikrət Qoca müsahibələrinin birində deyir ki, 80 yaşında yaradıcılığa başlayan şəxs yaradıcılıqda gənc hesab olunur. 36 yaşıma qədər səkkiz kitab müəllifi olmuşam. Vaqif Yusifli haqqımda yazdığı yazıda məni "gənclərin ən qocamanı” adlandırıb. Mənə görə 30 yaş kamilliyin astanasıdır. İndi bir məsələ də var da. Yaşım 35-i keçib deyə, oturub gözləməliyəm ki, Yazıçılar Birliyi nə vaxt 50 yaşıma təbrik ünvanlayacaq? 36 yaşa qədər gənc, 50-dən sonra qoca oluruqsa, ortada qalan illəri ərafa yazaq? Cənnətlə cəhənnimin arasına? Bütün yaşlar gözəldir, yaşaya bilənlər üçün.

-Şairlər dolanışıqdan gileylənir. Bakıda oturmaqdansa, Cəlilabada gedib kartof ək, çiyələk becər. Vallah, mənim torpağım olsa, çoxdan gedərdim.

-Şairlər dolanışıqdan ona görə gileylənirlər ki, şeirin bazarı yoxdur. Mən Bakıda oturmağa gəlməmişəm. Mən Bakıya əllərimi götürüb gəlmişəm. Məhz elə dolanışıq üçün. Hansı axmaq ayda filan qədər kirayə pulu verər ki, sadəcə Bakıda otursun? Beynimin çörəyini yeyə bilməsəm də, əllərim var. Məqam, pillə bir az da şans məsələsidir. Bir də, sənə kim deyibsə, Cəlilabadda torpaq var, səninlə zarafat edib. Cəlilabadda torpaq nə gəzir? Alan alıb, satan satıb. Cəlilabadda günəmuzd kiminsə kartofunu əkib, çiyələyini becərə bilərsən ancaq.Sən elə bilirsən, monapoliya təksə şəhərdədi? Bölgələrdə sehrli həyat, firavan günlər yaşayır adamlar? Üç yüz minə yaxın əhalisi olan rayonda 30 nəfərin birgə işlədiyi bir iş yeri yoxdur rayonda. Əvvəllər Bakıya gəzməyə gələrdilər, indi əksinədi. Bakıda işləyib, rayonda gəzirsən. Kartof dediyin bu il otuz qəpiyə oldu. Nə əziyyətini ödədi, nə qoyulan mayanı. Sənin nəzərdə tutduğun ucsuz-bucaqsız torpaqlardan da əsər-əlamət qalmayıb. Yəqin, Cəlilabaddan xəbərin yoxdur.

Qan Turalı uşaqkən yazdığım ilk qələm təcrübələrimi tənqid edib lağa qoymuşdu

-Sualımın ardı olaraq düşünürəm ki, şairin ayağı torpaqdan üzülürsə, asfalt qoxuyursa, bunun özü istedada xəyanətdir.

-Xəyanət dediyin sözünə sadiq olmamaqdır, şair kimi yad düşüncə tərzi ilə mətni yükləməkdir. Yazdıqlarını illər sonra pozmaqdır, yandırmaqdır, cırıb tullamaqdır. Mən hərbi xidmətə çağrılanda Qan Turalı uşaqkən yazdığım ilk qələm təcrübələrimi tənqid edib lağa qoymuşdu. Mən yazdığım mətnləri yazıldığı tarixlərə görə dəyərləndirilməsini istərdim. Suala gəlincə, o qədər kənddən şəhərə gələn şairlər olub ki. Hüseyn Arif atamı Bakıya gətirmək üçün çox çaba göstərdi. Hətta, baba yurdumuza gəlib, babama dedi ki, sən də Hüseyn, mən də Hüseyn, balıq dəryada böyüyər. Atam kənd həyatını seçdi. Bu atamın seçimi idi. Bizim kənddəki həyətimiz söz ocağı olub. Atamın dostlarından bu mövzuda eşitdiyim çox söz-söhbətlər var. Arxası şəhərə, qabağı kəndə olanın arxası qabağından şərafətlidir, bunu da atamın dostlarından eşitmişəm. Əslində, Bakı əvvəllər elit şəhər olub. Sonradan biznes mərkəzinə döndəriblər. Necə ki, "qazanan əl hər yerdə qazanar”, eləcə də, duyan könül hər yerdə duyar, döyünən ürək hər yerdə döyünər. Məkan fərqi yoxdur. Faiq elə Faiqdir, istər Bakıda yaşasın, istər Kamçatkada yaşasın. Əsas odur ki, ürək döyünür. Hə, kənddə-kəsəkdə mövzu bolluğu var, təbiətə yaxınsan. Amma, mərhumiyyət özü də bir poetik stuasiyadır. Şəhərdə yaşayıb kənd havası üçün darıxmaq da var. Adaşım Faiq Balabəyli deyirdi ki, darıxmayan adam bədbəxtdir.

-Bir dəfə haqqında yazmışdılar ki, Faiq çox yazmağa – kəmiyyətə meyillidir. Halbuki, bu qədər çox yazmaqdansa, bir neçə şeirdə o fikirləri sıxmaq olar.

-Sona Vəliyevanın yazısını nəzərdə tutursan. Hər bir şeirin, mətnin yaranma səbəbi olur. Fəlsəfə elmi deyir ki, səbəbsiz nəticə olmur. Əgər nəticə varsa, mütləq bir səbəbi vardır. Mətni başdan ayağa epitet ilə, metafora ilə yükləyəndə, səmimiyyət yox olur. Bilal müəllim yazılarının birində deyir ki, mən şeirin texnikasını bildiyim üçün yazıram, amma Faiqin şairliyi fitrətəndir. Yaradıcılığa uşaq şeirləri ilə başlamışam, gənclik illərimdə yazdığım sevgi şeirləri trafaret bəndlər olsa da, onlardan imtina etməmişəm. Yazdıqlarımı avtobioqrafiyam hesab edirəm. Hər dövr yaşantıların mətnə özünə aid təsiri var. Yazdıqlarımı yazmaq xatirinə yazmamışam, yaşantılarımı nəzmə çəkmişəm. Çox yazmaq da bir hünərdir. Bunu hər adam bacarmır.

-Heca-sərbəst. Düzünü desəm, mənə oxuduğun sərbəst şeir daha orijinal idi. Kütlədən, ətrafından ehtiyat edirsən orijinal sərbəst yazmağa?

-Sərbəst şeir öz daxilində hecalanır, haçalanır. Əsas olan, ruhu sözə hopdurmaqdır. Yazdıqlarınla insanların taleyi, yaşantıları kəsişməlidir ki, seviləsən, oxunasan. İstər sərbəst olsun, istər sərməst olsun, bütün mətnlər insana, insanlığa xidmət eləməlidir. Hər bir yazının məqsədi, məramı olmalıdır. Sən öz mətninlə sabahlara hansı ismarıcı ötürürsən? Niyə yazırsan? Səni yazmağa vadar edən nədir? Bu yazılarla hansı boşluğu doldurursan? Məncə, hər bir yazı adamı bu suallar qarşısında əlinə qələm almalıdır.

Söhbətləşdi: Emin Piri