SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: DÖYÜŞƏN KİŞİ

  71710   |  
Şriftin ölçüsü  

Onda dünyanın kələfi dolaşmışdı. Ermənilər yenə öz məkrli siyasətlərinin tonqalını qalamışdılar. Və Azərbaycanın əzəli torpağı olan, bu gün Ermənistan adlanın ərazidə qan su yerinə axırdı. Adamlar mallarını, əmlaklarını unudub canlarının hayına qalmışdılar. Sanki göy, yer bir ah-nalənin burulğanına düşmüşdü...

Bu məqamın adını tapmaq, onu kağıza köçürmək, dilə gətirmək çox çətindir. Amma neyləyim ki, bu bir həqiqətdir və onu yaşamağa da biz məhkumuk. Bütövlükdə millətimizin qan yaddaşına hopmuş ötən əsrin 1918-ci ilindən başlayan erməni azğınlığının növbəti dalğasını xatırladıqca xəyalım uzaqlara qanadlanır. Bu da səbəbsiz deyil. Çünki barəsində yazmaq istədiyim bir insanın həyat yolu məhz həmin od-alovun, ah-nalənin içərisindən başlayıbdır.

Bəzən deyirlər ki, yol hardan, necə başlayırsa, davamı da elə bu cür gedir. Bax, bu mənada Qasım Əsədovun tale yazısı da həmin deyimdəkini təsdiq edir. Çünki o, bu dünyanın qara üzünü öz ömrünün qara səhifəsindən işığa çıxarmış bir insan olubdu...


Təsəvvür edin ki, bu gün işğal altında düşmən torpağı kimi qalmış Qərbi Azərbaycanın Masis rayonunda öz həyatını yaşayan, öz gününü-güzəranını qurub, ev-eşiyiylə, təsərrüfatı ilə məşğul olan bir ailənin üstünü qəflətən qara buludlar aldı. Evlərə od vuruldu, mal-davar yağmalandı, uşaq ata-anasından, valideynlər uşaqlarından pərən-pərən düşdü. Hər kəs nə edəcəyini bilmədən elə necə gəldi oğlunu, qızını, atasını, anasını səsləyə-səsləyə ölümdən canını götürüb qaçmağa başladı. Bax, həmin vaxt, yəni 1920-ci ildə indi Masis kimi tanınan bölgədə dünyaya gəlmişdi Qasım Əsədov. Nə danışa bilirdi, nə qışqıra bilirdi, nə də kim olduğunu ifadə etmək zorunda deyildi. Evin yeganə övladı olan Qasım Allah umuduna sığınmışdı daşın dibinə. Bu zaman övladlarını haylayıb tapa bilməyən Zəhra bibisi, yəni atasının bacısı bir xilaskar mələk kimi özünü onun üstünə atdı. Nağıllarda deyildiyi kimi, Xızır Peyğəmbər haya çatdı. Öz uşaqlarını haraylayan Zəhra bibi Qasımı görəndə yerindəcə dondu və heç nə düşünmədən özünü qardaşı oğlunun üstünə atdı. Başından sürüşüb düşmüş yaylığına büküb bircə kəlmə "can, qorxma, yanındayam” deyib sinəsinə sıxdığı uşaqla birlikdə qaçmağa başaldı. Kolların, kosların arasından necə keçdi, Qasımı necə xilas etdi, bunu yalnız Allah bilir. Biz isə bunu yalnız möcüzə adlandırırıq. Çünki o vəziyyətdən insanı yalnız möcüzə xilas edə bilərdi. Elə böyük Allahımız da Zəhra bibinin timsalında möcüzəni gerçəkləşdirdi...

Bəli, bir ailə pərən-pərən düşdü. Hərə özünə Azərbaycanın bir bölgəsində sığınacaq tapdı. Zəhra bibi də özüylə birlikdə Qasımı Ağdaş rayonuna gətirdi. Artıq öz övladlarından əlini üzmüş ana bütün mehrini qardaşı oğluna salmışdı. El arasında bir deyim var. Atalar deyib ki, "yetim böyüyür, yamanlıq Əzrayıla qalır”. Bu mənada Qasım da bütün yaşıdları kimi həyatın bütün sınaqlarına dözə-dözə bir qarnı ac, bir qarnı tox böyüdü. Və günlərin bir günü onun həyatının ikinci səhifəsi yazılmağa başladı. Bu səhifə artıq böyük bir savaşdan keçirdi. Yəni Qasım Əsədov Sovet ordusu sırasında alman faşizminə qarşı döyüşə çağırılmışdı.


Azərbaycandan çağırılan əksər döyüşçülər kimi onun da döyüş yolu birbaşa ön səngərdən başladı. Digər millətlərin nümayəndələri ilə birlikdə o da bir əsgər kimi müharibənin bütün əzab-əziyyətini, bütün uğur və məğlubiyyətlərini yaşadı, şahidi oldu. Heç vaxt bir addım geri çəkilmədi. Özünü həmişə önə atdığından döyüşlərin birində mühasirəyə düşdü. Yanında partlayan mərminin təsirindən yerə yıxıldı. Gözlərini açanda başının üzərində alman əsgərlərini gördü. Faşistlər ona öz iyrənc təbəssümləriylə, baxışlarıyla və anlamadığı dildə nələrsə deyirdi. Bircə onu hiss etdi ki, çiyninə vurulan avtomat zərbəsi "təslim ol” deməkdir.

Qasım Əsədov alman əsirliyində olsa da, gecə-gündüz Azərbaycanda qoyub gəldiyi doğmalarını, xüsusilə Zəhra bibisini düşünür və bu əsirlikdən necə qaçıb qutarmağın yollarını arayırdı. Nəhayət ki, tez-tez təmasda olduğu insani diqqətini çəkdiyi bir alman əsgəriylə "dil” tapdı. Və bəlkə də dünyanın bir möcüzəsi də bu anda baş verdi. Əsirlərə nəzarət edən həmin alman əsgəri beş barmağını ona göstərib dedi:

- Beş dəqiqə vaxt verirəm. Sənin dediyin kimi, mənim də anam var, bizi analarımız gözləyir. Beş dəqiqəyə qaça bilsən, qurtulacaqsan. Yalnız sən qaçandan sonra havaya atəş açacam. Qaça bilməsən, bir də mənə dil tökmə...



Bu fürsət Qasım üçün nicat yolu idi. O, arxaya baxmadan meşənin dərinliyinə doğru qaçdı. Arxadan açılan atəşlər artıq ona yetişmək gücündə deyildi. Görünür, azadlıq həqiqətən çox şirindi. Elə bu azadlıq eşqi də Qasımı bir rus kəndinə gətirib çıxardı. O, həmin evin qapısını döyüb gizlənmək üçün kömək istədi.

Ev sahibəsi onu zirzəmiyə düşürdü. Bir neçə gündən sonra o, artıq partizanlara qoşulmuşdu. İndi o, Polşada faşizmə qarşı silaha sarılmışdı. Döyüş yolunun haralardan keçməsinə baxmayaraq, bir neçə dəfə ölümlə üz-üzə gələn, hətta ağır yaralanıb bir böyrəyini itirən Qasım Əsədov Sovet əsgərinin üzərinə düşən vəzifəni qələbə gününə qədər yaşadı və o, 9 May qələbəsinin sevincini Varşavada qeyd etdi.

Müharibə bitdi. İndi o, qalib əsgər kimi dönürdü vətənə, doğmalarının yanına. Onu da elə qaliblərə layiq şəkildə qarşıladılar. Təbii ki, hamıdan çox sevinən isə Zəhra bibisi idi. Bu sevincin ardını isə o, böyük inşaat meydançası olan Mingəçevirdə davam etdirdi. Bu şəhərin salınmasında yaxından iştirak edən Qasım Əsədov bütün həyatını demək olar ki, məhz çətinliklərdən keçə-keçə başa vurdu. Və ən maraqlısı odur ki, o heç vaxt nə özündən, nə də qəhrəmanlıqlarından danışmadı. Sinəsini bəzəyən orden və medalları ilə bir şərəfli ömrün nümunəsinə çevrildi. Hər il qələbəni ailəsiylə, övladları, nəvələriylə qeyd edən Qasım Əsəd oğlu Əsədovun bu dünyaya əlvida deməsindən sonra onun qələbə sevincini onun övladları, nəvələri, nəticələri xatırlamaqla bir DÖYÜŞMÜŞ KİŞİNİ yaşadırlar. Ruhu şad olsun!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK