SON DƏQİQƏ:

ŞAİR OSMANIMIZI İTİRDİK - Seyfəddin Altaylı yazır

  45821   |  
Şriftin ölçüsü  

"Ölüm bir körpüdür, dostu dosta qovuşdurur”

Hz. Məhəmməd Peyğəmbər


Osman Əhmədoğlunu 90-cı illərdən tanıyıram. O, Gürcüstanda, məni onunla tanış edən Əli Şamil Naxçıvanda yaşayırdı. Sonradan öyrəndim ki, onlar tələbə yoldaşı olublar və Qubanın Xanagah kəndində doğulmuş İsrafil Qurbanovla otaq yoldaşı olublar. Özlərinin dediyi kimi, gəlirlərini və xərclərini "kolxoz" metodu ilə paylaşıblar. Yəni heç zaman kim nə qədər qazandı, nə qədər xərclədi deməyiblər. Əllərində nə varsa, birlikdə bölüşüblər, dərdi-sərləri, sevincləri, qəmləri bir, sirrləri ayrı olub. Sirlərinin ayrı olmasının səbəbi isə bir-birini qorumaqdan doğub. Dostluqları, əqidə qardaşlıqları tələbəlik illərindən qədəm götürüb.

İti yaddaşı olan, klassik və müasir şairlərin onlarla şeirini əzbər bilən Osman ünsiyyətçilliyi, xeyirxahlığı, səxavətliliyi ilə Bəxtiyar Vahabzadə, Xəlil Rza, Hüseyin Arif və başqa şair, yazıçı, vəzifə sahibi ilə dostluq münasibəti qura bilib. Tələbə vaxtı Musiqili Komediya Teatrında fəhlə işləyəndə xəstələnən aktyorları əvəz etməsində, Nəsibə Zeynalova ilə səhnəciklərdə tərəf müqabil olmağından məzəli əhvalatlar danışardı. Bütün bunlar ona imkan verib ki, universiteti bitirəndə Bakıda qalsın, qəzet və jurnallarda, nəşriyyatlarda işə düzəlsin. Buna onun haqqı da vardı.

Şeir yazırdı, lirik publisistik məqalələri az bir zamanda tamamlayıb redaksiyaya, radio və televiziyaya verə bilii, nitqi də rəvan idi. Radio-televiziyada da, teatrda da, mədəniyyət ocaqlarında da işləyə bilərdi. Amma o, Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirdikdən sonra Bakıda qalıb işləmək haqqında düşünməyib və doğma diyarı, qədim Türk yurdu Borçalı (Bozsalı, Bosşalı) mahalına qayıdıb, elinə-obasına mənəvi qüdrət bəxş edən, yol göstərən bir ziyalı olub, sonra da el ağsaqqalına çevrilib.

Osmanın xasiyyətindən söz açmaqda acizlik çəkdiyimin fərqindəyəm və bu mənlik deyil. Dostluq yönündən desəm onu Hz. Əli (ə.s.) bu sözləri ilə nişan verə bilərəm: Hər şeyin xeyirlisi yenisidir; lakin dostun xeyirlisi köhnə olanıdır. Əqidə yönündən isə onu ancaq "əqidəsinin çılğın şəxsiyyəti" kimi qələmə verə bilərəm. Bilmirəm təsvir edə bildimmi!

Azərbaycanın müstəqilliyini qazanmasının ilkin illəri idi. Türkiyədə yaşasaq da belə bir dönəmdə hər birimiz Azərbaycanımıza nə cür köməklik edə bilərik, öhdəmizə nə düşə bilər, onu həyata keçirmək üçün bütün gücümüzlə öyrənməyə və yerinə yetirməyə çalışırdıq.

Azərbaycana gəldikdə də hər bir qardaş-bacımızla söhbətləşir nə etmək lazımdırsa, çatışmayan nə var və gücümüz nəyə çatarsa o tərəfə yönəlirdik.

AMEA Folklor İnstitutunun direktoru, əziz dostum Hüseyn İsmayılov Bakıda uluslararası bir tədbir təşkil etmiş, mən də TRT-dən icazə alaraq məruzə etməyə gəlmişdim. Yaşar Kalafat bəy də həmin tədbirdə iştirak edirdi. Yaşar Bəy Əli Şamilə mümkünsə, onu Borçalıya aparmasını xahiş edib, Əli də məmnuniyyətlə qəbul edib. Əli bəy məsələni mənə də dedi və təkidlə də onlarla birlikdə getməyimi istədi, getdik. Dostumuz Osman Əhmədoğlunun üç gün qonağı olduq.

Osman bəy o vaxt el-obası üçün canfəşanlıqla işləyir, necə deyərlər, ayağı altına gəlmirdi. Bu, Osmanın köhnə xasiyyəti idi, o millət vəkili olmasa da bu işləri görürdü. Birlikdə Tiflisə getdik, Türkiyənin fövqəladə səfiri ilə görüşdük, şəhərdəki tarixi yerlərdə, Borçalıda ziyarətgah olan məkanlarda olduq, xalqın ziyalıları ilə görüşüb söhbətlər etdik. Yaşar bəy xalqın dilindəki folklor və mifoloji örnəkləri toplayıb qeydlər götürdü. Bu üç gündə ən çox zəhməti də Osmanın həyat yoldaşı əziz bacım Güldərən xanım çəkdi. Yaşar bəy axşamları bir araya gəldikdə Osmanın babası Cındır Osmanın müridi olduğu Seyid Həmzə Nigari üçün Qafqaz bölgəsində gördüyü işləri, Hacı Mahmud ağanın ziyarətgahına yığılan nəzirləri qızıl pula çevirərək cındırından cin ürkən çuxasının astarına tikdirb. Amasiyaya aparmasından şövq ilə danışardı. Babasının əməllərinə heyrət edər və danışdıqca gülərdi. Borçalıdan Amasiyaya kimi olan 1000 kilometrdən çox məsafəni təkbaşına gedən, sərhədlər keçən, oğru quldurla rastlaşan bu adam yalan da danışmazmış.

Hətta sərhədçilər ondan: "Əmi, xurcununda nə var?" - deyə sorduqda Cındır Osmanın, "Bala, qızıl var" dedikdə sərhədçilər onu nə cür lağa qoyduğunu danışmaqdan ləzzət alardı. Yaşar Kalafat bölgə ilə bağlı, bölgədə yaşayanların inancları ilə bağlı bir kitablıq material topladı. Üç gün sonra sağollaşıb Bakıya qayıtdıq. O gündən sonra Türkiyədən Azərbaycana Gürcüstan yoluyla gəlişimizdə və qayıdışımızda yoldaşım Fatma xanımla Osmanın evinə baş çəkdik. Güldərən bacımıza əziyyət verib səhərisi gün yola düşdük. Bakıda Borçalı Cəmiyyətinin təşkil etdiyi tədbirlərdə birlikdə iştirak etdik.

Osman Əhmədoğlu ziyalı bir folklorşünasdı, gözəl şairdi, anadangəlmə istedadlı bir natiqdi, kütlələri bir anda təlatümə gətirəcək söz və nitq qüdrətinə malikdi, urfanı havasını özünə məxsus bir əda ilə rəqs edən bir qamdı, ozandı.

Bir insanın ən böyük əsəri övladlarıdır. Atalarımız "Ağac yaşkən əyilər" sözünü elə-belə deməyib. Osman Əhmədoğlu gözəl övladlar yetişdirib, onları yaşkən tərbiyə edib. Namiq Kamal "Tərbiyə, ana qucağında başlayır; hər söylənən söz uşağın şəxsiyyətinə qoyulan bir kərpicdir" - deyib. Onu və ailəsini tanıdıqca gördüm ki, Osman övladları Savalanı, Qoşqarı, Alpayı, qızı Tamamı, nəvələrini Namiq Kamalın, atalarımızın və peyğəmbərimiz Hz. Məhəmmədin sözlərinə əməl edərək "gözəl tərbiyə edib".

Dinimizin bizə öyrətdiyinə görə, insanların qazandıqları savab və günah prosesi canı çıxdığı andan başlayaraq dayanır. Ancaq bəzi insanlar vardır ki, ölmüş olsalar da, savab qazanmağa illər, yüzillər boyu davam edirlər. Onlar da gözəl əsərlər buraxıb gedən insanlardır və əsərlərindən istifadə edildikcə rəhmət, dolayısıyla da savab qazanırlar. Övladlar da belə əsərlərdir. Osman hər ikisini, yəni həm gözəl övladlarını, həm də zəngin folklor dünyamızla bağlı əsərlərini yaradıb ərsəyə gətirərək, Tanrımıza qovuşdu. Onu düşünməkdən və yad etməkdən şəxsən məni və mənim kimi olanları ölüm ayıra biləcək, həmişə ürəyimizin ən mutəna guşəsində öz yerini tutacaqdı.

Ocağına hər üz tutduğumuzda onun yerini boş görüb ürəyimizin başında göynərti yaranacaqdı, ancaq neyləyə bilərik, gəlimli-gedimli olan bu fani dünya üçün Tanrı, "Qurani Kərim”də "Küllü nəfsün zayiqəl məvt, hər bir canlı ölümü dadacaqdır" deyib, növbə çatdıqda biz də dadacayıq. Ulu Tanrım qardaşım Osmanın məkanını cənnət eyləsin, qəbri nurla dolsun, başda ailə üzvlərinə və onu sevən bizlərə səbr versin.

"Əminəm, saf ruhlar salamlar səni,

"Xoş gəldin" öyərək qarşılar səni,

"Yolbayı tək qoydun?"- sorğular səni,

Salam de, onlara məndən, ay Osman!

Salam de, onlara eldən, ay Osman!

Ayrılmaq çətindir səndən, ay Osman!

Zəlimxan Məmmədli



Seyfəddin Altaylı,

Ankara,

altaylı[email protected]


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK