SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: BİR UDUM DOST HAVASI

  51597   |  
Şriftin ölçüsü  

Adətən köşə yazılarımı daha çox "Ədalət”in şənbə sayılarına yazıram. Amma bu dəfə dözə bilmədim. Çünki onun diqqəti, sayğısı və fasiləsiz olaraq hər gün telefonla, elektron yazışma yolu ilə məni araması, ailəmdən xəbər tutması içimdəki ümidi, yaşamaq həvəsini və bir az da güvəncimi daşdırdı. Və bir də gördüm ki, bilgisayarın qarşısında dayanmışam. Buradan Trabzonla səsləşirəm. Daha doğrusu, dostum, canım-qardaşım Əhməd bəylə üz-üzə, göz-gözə dayanıb hal-əhval tuturam və...

Bir xatırlatma edim, bilməyənlər, öncəki yazılarımı oxumayanlar tanıyıb bilsinlər, kimdi Əhməd Varol! Bu insan Trabzonda doğulub. Bir az ağır, amma şərəfli ömür yoluna imza atıb. Gənc yaşlarından əməyə, torpağa, zəhmətə bağlanıb. Həm də gəzməyi, görməyi çox sevir. Qonşu məmləkətləri duyğusal insan marağıyla gəzib-dolaşıbdı. Və günlərin birində mənə etiraf etdi ki, Almaniyada da, Gürcüstanda da, digər məmləkətlərdə də oldum, günlərlə, həftələrlə orada yaşadım. Amma Azərbaycanda, Bakıda, Şamaxıda, Qubada, İsmayıllıda gördüklərimi, yaşadıqlarımı canımın, qanımın bir parçası saydım. İçimdə o yerlərdə olarkən o qədər doğmalıq var idi ki, sanki Trabzondaydım, öz elimdə, öz ailəmin yanında...

Amma məni üzən bir məqam da var Azərbaycanla bağlı -Qarabağı görə bilməmək... adını eşidib televizordan seyr etdiyim o gözəlliklərin şahidi olmamaq... Şuşada çay içməmək çox üzür məni... Səninlə Trabzonu gəzərkən oxşar yerlərin önündə dayanıb – Bax, bura Şuşanın eyni... Bax, bura Kəlbəcərin bir parçası... Bax, bu şəlalə Laçının oxşarı... Bura isə elə mənim öz kəndimdi... söyləmələrin - Qarabağı mənə ana yurdum qədər əziz edibdi...



Təbii ki, bir dostun, bir qardaşın bu cür yanımı, bu cür anlayış göstərməsi, üstəlik, mənim onunla birlikdə yaşadığım və ona hopdurduğum hisslərin ikiqat cavabını verməsi doğmalıq tellərini, güvənc gücümü min qat artırıbdı. Artıq inanmışam və hətta and da içməyə hazıram ki, biz onunla həqiqətən bir ailənin övladlarıyıq. Sadəcə, hərəmiz iki dövləti olan millətin ayrı-ayrı ərazilərində yaşayırıq. Bu yaşam məsafəsi içimizdəki odu-alovu zəiflətmir, öləzitmir, əksinə, daha da alovlandırır...

Sonuncu dəfə ötən ilin oktyabrında görüşdüm. Ortaq dostumuz İbrahim hocanın övladının toyunda bir araya gəldik. Bu Trabzonda iştirak etdiyim növbəti toy mərasimi idi. Məclis bizim toylardan təkcə yemək-içməyi ilə fərqlənirdi. Qalan bütün çalarlar – musiqi, rəqs, şadyanalıq, sevinc eyniydi. Hər kəs həqiqətən bu şənliyin iştirakçısı olmuşdu. Mən bu barədə öncə də fikirlərimi bildirmişəm. Və Trabzondakı toyları, elə iştirakçısı olduğum hüzr mərasimlərinin də nə qədər sadə, insanın bütün mənalarda haqqını ifadə edən bir səviyyədə olmasını hər yerdə təbliğ etməyə hazıram. Çünki bu məclislər sahiblərini yormur, çəkib quyu dibinə salmır, yükləmir...



Bəli, dünyanı bürüyən bəlli hadisənin günahı üzündən mən nə ilin əvvəlində, nə də Novruz bayramında müalicəmlə bağlı Trabzona gedə bilmədim. Amma Əhmədin hər gün əlaqə saxlaması, təkrar-təkrar məni, ailəmi Allaha əmanət etməsi və nəhayət, hər sözünün əvvəlində və sonunda "Abi, şairlik etmə, diqqətli ol!” deməsi mənim üçün bütün mənalarda yüksək insani sayğıdır. Ona görə də, elə bu yazını yazmağa başlamamışdan öncə onunla etdiyim söhbət məni xəyalən Trabzona, oradakı doğma insanların yanına və bir də Qarabağıma, işğal olunmuş yurd yerlərinə çəkib apardı. Elə bildim ki, yenə Uzungölə gedirəm... elə bildim ki, Qaraca mağarasına çatmaqdayam... elə bildim ki, yenə qayanın başından özünü atan şəlalənin ətrafa sıçrayan damcılarını sayıram... elə bildim ki, yenə Atatürkün köşkündəyəm... və bir də elə bildim ki, yenə Qara dənizin ləpələriylə pıçıldaşıram... Hətta o sahildə yazdığım misralar da yadıma düşdü. Onda yazmışdım ki:


Mən səni kəşf elədim

Sənə iman gətirdim...

Ömrünə göy qurşağı –

Həm də duman gətirdim...


Bir arzu, bir diləklə

Qaçıb, uçub gəlməklə...

Ayağına ürəklə -

Ürək uman gətirdim!




Mən Məcnun suçunda

Az qalıram uçum da...

Dilimin lap ucunda –

Titrək güman gətirdim...


Haqqa çatan səsimlə

Cəsarətlə, əzmlə...

Dünyana mən özümlə -

Sevgi – ümman gətirdim!..


Bəli, bu misraların doğulduğu Qara dənizin sahilində mən Əhməd Varolun insani keyfiyyətlərini tam səmimi mənada həm özümlə, həm də çevrəmdə olanlarla müqayisə etdim, qarşılaşdırdım. Və hər dəfə də əmin oldum ki, onun özəlliyi məhz insanlığının böyüklüyündədi. Yəni bu insan öz diqqətiylə, öz səmimiyyətiylə, hətta iç dünyama nüfuz etməklə, üstəlik də gözlərindən ürəyini oxumaqla səni heyran edir, səni çaşdırır. Və düşünürsən ki, ondakı bu qabiliyyət sənə həm verilən qiymətdi, həm qoyulan hörmətdi, həm də elə sənin özünü də bir növü tərbiyə etməkdi. Odur ki, şəxsən mən bu münasibətlərdən sonra özümdə köklü dəyişikliklərin baş verdiyinin də şahidinə çevrilirəm. Hiss edirəm ki, onun təsir etmək gücü kifayət qədər böyükdür və bu güc ancaq müsbət istiqamətdə öz təsirini göstərir. Yəni adamı həqiqi mənada adam olmağa səsləyir.



... Mən Əhməd qardaşımla telefon danışıqlarımda onun bir xüsusiyyətini də kəşf etmişəm. O, Bakıda görüb tanıdığı, hətta adını dilimdən eşitdiyi adamları da unutmur. Onların sağlıq durumuyla da maraqlanır, onlara da salam göndərir. Elə bu nüansın özü mənim Trabzon səfərlərimdə görüşdüyüm, tanış olduğum, hətta çörək kəsib şəkil çəkdirdiyim insanların da önəmini mənə xatırladır. Doğrudur, mən də öz növbəmdə hər səfərimdə mənə şərəf verən İbrahim hocanı, Həyati bəyi, Əhmət Metin Genci, doktorum Mustafa bəyi, İsanı, Müslümü, başqan Süleymanı, Rəcəb abini və daha neçə-neçə dəyərli insanı xatırlayıram, onlara salamlarımı çatdırmağı rica edirəm. Ümumiyyətlə, bizim dostluğumuzun mayası olan səmimiyyət və qarşılıqlı inam mənə və ona ailə bağlılığı qədər önəmlidi. Çünki bu dostluq Tanrıdan gəlib, bir təsadüfün qığılcımından yaranıb. Onu qorumaq mənim ürək və vicdan borcumdu. Düşünürəm ki, belə də olacaqdı. Elə bu yazımı da eyni bəlanı yaşadığımız, bu ağır günlərdə vəzifə borcunu yerinə yetirən, rahatlığını itirmiş, hər gün iş başında olan Əhməd qardaşıma və ordakı dostlarıma ünvanladığım, elə Trabzondaca yazdığım şeirlə bitirirəm:


Sizdəki gözəlliyi

Mən içimə köçürdüm...

Gözəlliyin içindən –

Ürəyimi keçirdim...


Bir az duman, bir az sis

Bir az sükut büründüm...

Dərədən üzü dağa –

Duman kimi süründüm...


Həyatımın hər anı

Sizlə olub çal-çağır...

O zamandan üstümə -

Ancaq ümidlər yağır...


Sizin ürəyinizdən –

Mənə bir dostluq baxır...

O dostluğu ürəyim

Bayraq tək qəlbə taxır...


Varlığınız sevincim –

Özünüz qürur yerim...

Bilirəm, yanınızda –

Gözləyir – durur yerim...



Bu yazımı Trabzonda, tezliklə görüşmək ümidilə qardaşım Əhmədə ünvanlayıram. İstəyirəm bilsin ki, burada bizimlə birlikdədi. Ona, eləcə də bütün türk millətimizə Allahdan tezliklə bu bəladan qurtulmağı diləyirəm!..



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK