SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: SƏN GEDƏNDƏN...

  9109   |  
Şriftin ölçüsü  
Bəlkə də həyatımda ən böyük zərbələrdən birini həmin gün aldım. Bu elə bir zərbə idi ki, mən uzun müddət özümə gələ bilmədim və özümə gələndə də ilk ağlıma gələn bu oldu ki, doğulduğum kənd, böyüdüyüm ev ikinci dəfə işğal olundu… ikinci dəfə yandı… dağıdıldı… yerlə-yeksan edildi. İnanın ki, bunu tam səmimi deyirəm. Çünki o, mənim üçün bir ev idi, bir kənd idi, bütövlükdə Qarabağ idi. Mən hər dəfə telefonda onun səsini eşidəndə, onunla üz-üzə oturanda, onun süfrəsinin nemətlərini dadanda, ya da eləcə ədəbiyyatımızın altından girib üstündən çıxanda hamıdan güclü olurdum, hamıdan dözümlü olurdum, hamıdan təpərli olurdum və bir az da özümə yuxarıdan aşağı baxırdım. Çünki o yanımda idi... çünki mən ona güvənirdim. Üstəlik də tam səmimiyyətimlə deyim, ondan bir az da çəkinirdim də. Çünki o, bu dünyanın adamı deyildi… o, yalan bilmirdi… o, biclik anlayışını ağlına da gətirmirdi… o, yarınmağı da bacarmırdı… o…

Hə, orta məktəbdə oxuyurdum. Bugünkü kimi yadımdadı – 6-cı sinifdə. Bir gün əlimə «Araz» qəzeti düşdü. Qəzetin son səhifəsində bir elan var idi. Həmin elanda bildirilirdi ki, ayın son bazar günü «Araz» qəzetinin nəzdində fəaliyyət göstərən «Ərgünəş» Ədəbi Birliyinin növbəti məclisi toplanacaq. Arzu edənlər iştirak edə bilərlər… Elanı oxudum, qəzeti dörd qatlayıb pencəyimin qoltuq cibində gizlətdim. Həmin vaxta qədər məktəbin divar qəzetində, şeir dəftərçəmdə olan yazıları min dəfə alt-üst etdim. Axır ki, onlardan üzə çıxarılası bir neçəsini səliqə ilə kağıza köçürdüm, qoydum cibimə, başladım həmin günü gözləməyə. Elə ki, vaxt gəlib çatdı, evdən bir bəhanə ilə icazə alıb Tuğdan Füzuli şəhərinə gedən avtobusa əyləşdim. O da yadımdadı ki, rəhmətlik nənəm pensiyasından mənə bir rubl vermişdi. Avtobusla gedib-gəlmək 70 qəpik edirdi. Mən də o bir rublla və bir də qoltuq cibimdəki şeirlər, həmçinin «Araz» qəzeti olmaqla gəldim redaksiyaya. Redaksiyanın həyətində xeyli adam toplaşmışdı. İçərilərində yaşlılar da var idi, cavanlar da, mənim kimi orta məktəb şagirdləri də. İlk dəfə onda diri şair gördüm. O, həyatımda üz-üzə gəldiyim, qarşılaşdığım ilk canlı şair olan Mətləb Misirdi. Adını sonra öyrəndim, daha doğrusu, ona müraciət edənlərdən eşitdim bu adı. O, hamını içəri dəvət etdi. Mən yaxınlaşıb Tuğdan gəldiyimi bildirdim. Bircə kəlmə dedi:

- Noolar, xoş gəlmisən. Keç içəri görək, sənin çilədanında nələr var?

Bəli, məclis başladı, kimi şeir oxudu, kimi hekayə. Mən fikir verirdim ki, oxunan yazılara hamı münasibət bildirir. Amma yaşına görə cavan, lakin saçlarında xeyli bəyazlıq olan bir nəfər daha kəskin danışır. Necə deyərlər, onun tənqid qılıncının altından bir dənə də olsun yazı sivişib gedə bilmir və bu adama da yaşlılar da, cavanlar da hörmətlə yanaşırlar, onun fikirləri ilə demək olar ki, razılaşırlar. Yenə etiraf edim. Bu kəskin tənqidin yaratdığı mənzərə məni bir balaca qorxutdu. Özümdən asılı olmayaraq şeir yazdığım vərəqləri qatlayıb cibimə qoydum. Elə həmin vaxt Mətləb Misir üzünü mənə tutub:

- Bu oğlan Tuğdan gəlib, məktəblidi. Gəlin indi də ona qulaq asaq.

Geri çəkilməyə yer qalmamışdı. Ayağa qalxdım, vərəqləri cibimdən çıxardım. Onları əlimdə tutanda əllərimin əsdiyi də aydınca hiss olunurdu. Bax bu vaxt onun gözləmədiyim vaxtda toxtaqlıq verən səsini eşitdim:

- Hə, qağa, qorxub-eləmə, döşə gəlsin.

İnanın ki, elə bir üstümə günəş doğdu. Şeirləri oxudum. Bir anlıq ortaya sükut çökdü. Heç kim danışmadı, hamı bir-birinin üzünə baxdı və sonra məclisin bütün üzvləri üzünü Vahidə tərəf çevirdi. Elə bil içimdən soyuq bir külək əsdi. Düşündüm ki, indi yıxıb sürüyəcək məni və bununla da şeirə, qələmə əlvida deyəcəm. Amma əksinə oldu…

- Şeirlərin hamısına qulaq asdım. Bu yaşda belə şeirlər yazmaq ümidvericidi, xüsusilə «Şorbulaq» şeiri. Onun bir misrası xoşuma gəlmədi. Həmin misraya əl gəzdirib çap eləmək də olar…

Bəli, bu sözlərdən sonra hamı başladı fikir söyləməyə. Elə bil ki, suyun ağzı açılmışdı. Hərə bir tərəfdən mənim yazılarımın uğurlu-uğursuz tərəflərini diqqətə çatdırırdı. Nəhayət, məclis başa çatdı. Mətləb Misir mənim «Şorbulaq şeirimi də qəzetdə çap etmək üçün götürdü və mən dünyanın ən xoşbəxt insanı kimi loru dildə desək, forslana-forslana hamı ilə birlikdə otaqdan çıxdım. O, qarşıda gedirdi. Ürəyimdən keçdi ki, yaxınlaşıb ona təşəkkür edim. Elə bil ürəyimi oxudu. Bir azacıq geri boylanıb:




- Ə, qağa, bir az cəld yeri - dedi.

Sürətimi artırıb ona yaxınlaşdım.

- Bizdə belə bir qayda var. Hər dəfə məclis bitəndən sonra yığışıb gedirik qeyd eləməyə. Hərə üçdən-beşdən qoyur ortaya, bir qısmət çörək kəsib dağılışırıq. Bu gündən sən də qoşuldun bizə…
Onun dedikləri ürəyimcə olsa da, cibimdəki qəpiklərə görə əməlli-başlı qızardım. Bir ayağımı qaçaq qoyub aradan çıxmaq istədim, imkan vermədi:

- Bilirəm, sən hələ məktəbdə oxuyursan, sənin pulun hardandı? Bundan sonra qağan sənin də xərcini çəkəcək...

Bəli, beləcə başladı onunla tanışlığım və o gündən bu günə qədər yaşadığım hər günün, hər anın içərisində o mənimlə oldu, yanımda oldu. Onda öyrəndim ki, bu saçlarına bəyaz düşmüş, şair qardaşım Vahid Əlifoğludu. Ali təhsilini başa vurub qayıdıb doğma kəndinə. Amma ixtisasına uyğun iş tapa bilmədiyindən tikintidə fəhlə kimi çalışır və ilk dəfə onda haqsızlığa qarşı içimdə bir etiraz baş qaldırdı. Necə ola bilər ki, ali təhsilli mühəndis bu boyda rayonda, bu boyda Azərbaycanda işlə təmin olunmasın. İllər keçdi, biz daha çox qaynayıb qarışdıq bir-birimizə…. Evlərimiz qardaşlaşdı, bacılaşdı… Ailələrimiz bir köynəkdən keçdi… övladlarımız qardaş-bacı oldu və nəhayət, ən önəmlisi, ən vacibi və mənim üçün həyat əhəmiyyəti kəsb edən bir gerçəklik taleyimə yazıldı. Biz bir-birimizə qardaş dedik, dost dedik və bir-birimizə Allahın qəlbimizə əkdiyi ən böyük sevgiylə qağa deyib ərk etdik, güvəndik. Mən bundan böyük mükafatı, bündan böyük həyat uğurunu özüm üçün kimsədən ummamışam və təsəvvürümə də gətirməmişəm. Görünür, Allahdan gələn bu istək, Allahın xeyir-duası ilə gerçəkləşən bu dostluq bir tarixi zərurət idi, mənim tariximin, mənim həyat kitabımın, mənim alın yazımın…

Hər dəfə telefon zənginə diqqət yetirəndə uyğun nömərələr məni çaşdırır. Elə bilirəm ki, zəng vuran Vahiddi. Amma telefonda başqa səs eşidirəm. Onda mən də ölürəm, mən də bitib-tükənirəm. Axı biz ölümün belə vaxtsız gələcəyinə, ayrılığın belə tez baş verəcəyinə heç vaxt inanmamışdıq. Özümüzü bu gün üçün iynə ucu boyda da hazırlamamışdıq. Biz başqa arzularla, başqa xəyallarla yaşamışdıq, lap gənclik illərində olduğu kimi. 1987-ci il idi. «Araz» qəzetində işləyirdim. Kəndimizdən rayon mərkəzinə 18 km idi. Vahid də Aşağı Seyidəhmədli kəndindən gəlirdi rayon mərkəzinə. Bəxti gətirmişdi, ona qaz idarəsində iş icraçısı vəzifəsi vermişdilər. Rayonun hansı künc-bucağında işləməsindən asılı olmayaraq, nahar vaxtı özünü çatdırırdı yanıma. Birlikdə çıxırdıq şəhər bazarına tərəf. Bir az göy-göyərti, bir az turşu, bir az kənd pendiri, sonra da isti təndir çörəyi alıb bəzən kolbasa da gözünə qatırdıq. Hərdən «ruski»ni də unutmurduq. Bütün bu bazarılqlardan sonra qayıdırdıq mənim iş otağıma. Qapını bağlayıb iki qardaş, iki dost nahar edirdik. Bu, 1988-ci ilin fevralına kimi beləcə də davam etdi. Mən iş yerimi dəyişəndən sonra biz nisbətən az-az görüşdük. Sonra doğulduğum kənd işğal olundu… Ardınca Füzuli şəhəri. Onda Vahid qalmışdı odla su arasında. Bir otaqda yaşayırdı. Çox istəyirdi ki, bizim ailəni də ora yerləşdirsin. Ancaq heç cür mümkün deyildi. Bunu o da bilirdi, mən də. Lakin israr edirdi. Axır ki, onun qarşısında ilk dəfə səsimi ucaltdım. Bu qədər adamın bir evdə yerləşə bilməyəcəyini söylədim. Gözlərimin içinə baxdı. Baxışlarından peşman olsam da, sözümün üstündə durdum. Razılaşdı. Mən ailəmi Beyləqanda uşaq bağçasına yerləşdirdim. Kəndlər işğal olunurdu. Vahid isə Aşağı Seyidəhməlidə ev tikdirirdi. Kəndin işğalından təqribən 40-45 gün əvvəl məni soraqlayıb tapdı. Dedi ki, sabah evə yığışırıq, uşaqları da götür gəl. Gəldik. Gördüm ki, Vahid evini əsl gəlin kimi bəzəyib, hər şey yerli-yerində. Amma nədənsə evin adamlarının hamısı həyətdədi. Üzünə baxdım. Gülə-gülə: - - Mənim hökumət adamım da sənsən, evin açılışını sən elə.


Hamımız bir-birismizə qoşulub necə güldüksə… Hələ də o gülüş, o hərarət canımdadı, qulaqlarımdadı. Təəssüf ki, o evdə çox yaşamaq Vahidə qismət olmadı. Bütün əmək fəaliyyəti dövründə arzuladığı evi tikib-qurub sonra da qaçqın həyatı yaşamağa məhkum oldu. Qaçqınlıq onu Biləsuvar qaçqın şəhərciyinə çıxarıb apardı. Burda da Vahidin ziyarətinə getdik, özü də dəfələrlə… Burda da Vahid özünü tanıtdı, sevidirdi… Burda da Vahidin sözünə hamı, hətta məmurlar da dəyər verdi. Sonra «Qayıdış» qəsəbəsinə köç etdi Vahid. Doğulduğu kəndə bir az da yaxınlaşdı…. Haramı düzündən boylandı üzü Ərgünəşə… Haramı düzündən boylandı üzü Bakıya… Haramı düzündən boylandı üzü Araza… Və Haramı düzündən silsilə yazılarını göndərməyə davam etdi «Ədalət» qəzetinə… İki qız övladı ilə yanaşı, əl boyda kitabları da işıq üzü gördü Vahidin. O, bu kitabları da övlad sayırdı… Birlikdə işldədik, ön söz yazdım, redaktorluğunu etdim. Hər dəfə də kitabların siqnal nüsxəsini ona çatdıranda ilk dəfə şahidi olduğum o ərkli, bir az köntöy səsiylə:

- Qağa, sən mənim Bakıdakı səfirimsən. Məni Bakıya çağırıb-eləmə, darıxıram orda. Mənimki 
Haramının düzüdü. Heç sənin də o Bakıda bir ölümün yoxdu, yır-yığış elə, qayıt gəl yanıma…

Hər dəfə Horadiz istiqamətinə, Beyləqana yolum düşəndə öncədən ona zəng vururdum. İnanın ki, mən gedib o mənzilin sonuna çatana qədər bəlkə 10-15 dəfə Vahiddən zəng gəlirdi:

- Ay qağa, harda qaldın? Bu asfaltın qırağında «stolba» kimi bitməkdən ayağıma su gəldi…

Görüşüb-öpüşürdük, bütün dünyanı unudurduq, elə ikimiz olurduq bu dünyada. Lakin…
Bu dünya Vahidi sıxdı… Bu dünya aldı onu mənim əlimdən… Bəlkə də Vahid bu dünyaya tüpürdü, dözə bilmədi onun oyunlarına… Çünki Vahid heç cür ipə-sapa yatmayan, heç bir ölçülərə sığmayan, özü olduğu kimi düşünən və sözü də bütün rəndələrdən, bütün ütülərdən kənar bir şəkildə, necə doğulurdusa, o cür də ifadə edən bir şair idi. Vahid dostluğun mənim düşüncəmdə, mənim anlamımda kriteriyası idi. Vahid poeziyanın, publisistikanın çılpaq, amma gerçək özü idi - gördüyünü, yaşadığını kağıza köçürən müəllif idi. Ona görə də xalq şairləri Məmməd Araz və Bəxtiyar Vahabzadə onun məktublarına həssaslıqla cavab verirdilər və onun şeirləri də dinləyənlərə bir növü şəkili yox, şəkilin arxasındakıları göstərirdi…

Bəli, mən bu gün də, əgər yaşasam sabah da mənimlə birlikdə olan Vahidin haqq dünyasına köç etməsindən sarsıldım. Amma indi düşünürəm ki, Vahid bəlkə də bu köçü özü istəyirdi, özü arzulayırdı. Çünki sifəti getdikcə sürtülmüş pencək qolundan daha çox payırldayan bu dünya Vahidlik deyildi. O, hər şeyi öz rəngində sevirdi. Çünki o, öz xarakteri ilə gəldi, öz xarakteri ilə də getdi. Təbii ki, cismən…



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK