SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: SÖZ GÜLLƏSİ...

  20437   |  
Şriftin ölçüsü  

Hər günümüz özünəməxsus çalarlarıya ömrümüzə köçür. Əslində ömrümüzə köçmür ey, ömrümüzü köçürdür. Özü də ağına-bozuna baxmadan, Cənnət-Cəhənnəm fikirləşmədən. Yəni necə gəldi... lap bir az da açıq ifadə etsəm, kor adam qılıncı necə oynadırsa, bax, onun kimi...

Bəli, mən dəfələrlə vurğulamışam, açıq mətnlə və yaxud açıq fikirlərlə özümə, ailəmə, doğmalarıma, çevrəmə bildirmişəm ki, günümün reallığı ilə yaşamağa məhkumam, onu dəyişə bilmirəm. Yalandan xəyali və yaxud da abstarkt nəyisə uydurub onunla özümə ovqat düzəldə bilmirəm. Ona görə də hər söz, hər fikir həmin o korun əlindəki xəncər kimi öz işini görür... Bir də baxıb görürəm ki, açılmış güllər hədəfi təkcə dərib deşməyib, həm də param-parça edibdi. O parçalanan hədəf də mənim ürəyimdi!.. Belə olan halda ürəyi qorumaq, onu müalicə etdirmək ən azından mənasız bir cəhddir. Ona xərclənən isə havaya sovrulmuş vəsaitdir. Çünki bu atəş, bu güllə yağışı bir günün, beş günün işi deyil ki, ondan qorunasan. Bu hər yerdə və hər an gözlənilən və gözlənilməyən yerdən açıla bilər. Açıldısa, deməli, hədəf yoxdu!..

Hər gün mənə elə gəlir ki, həyatın sonuncu anını, mərhələsini, məqamını yaşamaq üçün, başa vurmaq üçün evdən işə gəlmişəm... Hər gün mənə elə gəlir ki, evdən çevrəmdəkilərlə, tanıdıqlarımla vidalaşmaq üçün çıxmışam. Hər gün mənə elə gəlir ki, sondan əvvəlki sonumu bu şəhərə vida kimi gəzdirməyə çıxarmışam... Və beləcə, hər gün də bu ssenari, bu həyat tərzi məni qatıb qabağına qovur və yaxud da alıb tərkinə özü ilə aparır. Hər iki halda qurbanlıq da, nişangah da elə mən özüməm. Necə deyərlər, hədəf olduğumu boyuma biçən bəxt yazısı bu yerdə mənə naşükürlük etmək imkanı da vermir. Necə deyərlər, öz cəzandı, çək! Mən də cəzalılar kimi öz cəzamı çəkirəm. Hətta bir dəfə unudulmaz və həyatımın böyük hərflərlə dost səhifəsində adını yazıb yaşatdığım hüquq elmləri doktoru Şirxan Adıgözəlova oxuduğum şeirdə o mənə öz cəzamı düzgün təyin etdiyimi xüsusi bir vurğuyla xatırlatmışdı. Çünki mən yazmışdım:

Qayğılı çəkdiyim, dərdli çəkdiyim,

Bu boyda Bakıda dərddi çəkdiyim...

Mənim azadlıqda şərti çəkdiyim –

Cəzanın adını çəkənlər bilər!..

Bəli, mən indi həmin o çəkməyə məhkum olunduğum cəzanın icra olunduğu, daha doğrusu, yaşandığı məkanın enini, boyunu ölçməklə fikrimi dağıtmağa, bir az silkələnib normal adam olmağa cəhd etsəm də alınmır. Öncə ona görə alınmır ki, gözümün önündəki tətikdə bir barmaq var. O barmaq o tətiyi hər an çəkə bilər... Mən də bunu bildiyimdən sadəcə içimdə danışmağa, içimdə çözülməyə cəhd edirəm. Düşünürəm ki, mənə aid gerçəkliyi sən daha yaxşı görüb duyarsan, sən daha yaxşı çözə bilərsən. Bax, onda bir əzabın da, bir ağrının da, bir sarsıntının da bir güllənin qurbanı olması təqdir edilər. Güllə də şərəflənər, elə o saydıqlarımdan qurtulanda. Sənsə yadına salarsan:

Bitər nigarançılıq

Bitər bütün əzablar...

Qayıdar məcrasına –

Səni üzən əsəblər...


Ovqatına şeh düşər

Kipriklərin də gülər...

Dünən çəkdiklərini –

Dünəndə qalan bilər!..


Qupquru yastığını

Susarsan tumarlayıb...

Saçın da qarışmayıb –

Onlar da şumal qalıb...


O səhər açılacaq

Gecəsində qalanla...

O gecədə qalanı –

Unut, sən bu yalanla!..

Doğrudan da özünü inandırmaq üçün nə qədər yalan uydurursan uydur, sonda bütün bunlar sabun köpüyünə çevrilir. Başını qaldırıb, gözünü açıb baxıb görərsən ki, həmin o sabun köpüyü də buxarlanır. Sən də arxasınca baxırsan... Baxırsan və hardansa lap uzaqdan, bəlkə də qeybdən bir səs gəlir qulağına. Elə bir səs ki, onu eşitməmək mümkün deyil. Bəlkə də o ruhun səsidi... bəlkə də vida nəğməsidi... bəlkə də sənin özünün-özünlə söhbətindi... bəlkə də sənə doğru uzanan və görüb tutmadığın əlinin səsidi... Amma hər nədisə, sirlidi – yozmaq qədər yazmaq da çətindi o səsi. Çünki o səsin damarında cəmi-cümlətani üç-dörd söz var, misra var:

Əyib qanad, qanad

Yolu yarpaq, yarpaq...

Çırpıb budaq, budaq -

Sonra da budayın...

Məni məndən qurtarın...

Bu istək, bu arzu bəlkə də kiməsə xoş gəlmədi... kiminsə qəlbinə toxundu... kimisə kövrəltdi... Və mən bu xoş gəlməyən, bu qəlbə toxunan istəyin mahiyyətinə varmıram. Onu döyüb, çırpıb hansısa bir başqa formaya salmıram. Ona görə ki, bu anda, bu istəyimi icra edib gerçəkləşdirməyə canımda güc yoxdu. Gücsüz adamın da boynundan hündür atlanmaq istəyi gülüş doğurur. Mən nişahgah-hədəf olduğumu bilirəm. Üstəlik, gülüş predmeti də olmağı arzu etmirəm. Axı istəyin, diləyin iki başı var: istədiyin olmur, istəmədiyin özünü yetirir yanına. Və sən də ondan qurtula bilmirsən. Üstəlik, bir insan kimi olmaq imkanın məni həmişə düşündürür. Xüsusilə xatirələrlə, dünənlə bağlı məsələlərdən söhbət düşəndə gözlənilməz olaylar bir zəncir həlqəsi kimi bir-birinin içərisindən gəlib keçir. Mən də bu özü-özünün içərisində olan dünyamın pəncərəsindən elə özümə baxıram. Baxıb kimliyimin fərqinə varmağa çalışıram. Bir növü güzgüdə özünə baxan adam kimi. Həmin adamın pıçıltısı misralanır dilimin ucunda:

Əllərimdə qabar var

Daş daşıyan adamam...

İçində ağrı çapar –

Baş daşıyan adamam...


Özəl dünyam var – qərib

Ordan könlüm qəm dərib...

Qurunu günə sərib –

Yaş daşıyan adamam...


Baxdıqca yana-yana

Bulaşır içim qana...

İtirilən hər ana –

"Kaş...” daşıyan adamam...


Nə yazılıb bürcümə?

Birə salıb kürkümə...

Eh... mən də ki, bu cürə -

Yaş yaşıyan adamam...

***

Günlərin bir-birini əvəz etməsi bu təbii bir prosesdi. Bəzən bunu obrazlı deyirik ki, dəyirman öz işindədi, çax-çax da baş ağrıdır. Bax, bu mənada mənim söylədiklərim nə qədər mənə munis olsa da, onun indiki anda dinləyiciyə çevrilən dizaynerimiz Şamxala heç bir dəxli yoxdur. Çünki hərə öz köynəyinin içərisindədi, öz dərdi özünə daha doğmadı. İstəyir zümzümə etsin, istəyir lətifə danışsın, bu mənim günümün ovqatında heç nəyi dəyişməyəcək. Bilmirəm kim deyib və yaxud kim yazıb, xatirimdə belə bir lövhə var. Yaddaş kartımın hesabına onu təzələmək istəyirəm. Deməli, həmin xatırladığım məqam bundan ibarətdir ki, bir nəfər həddindən artıq yeyən, acgözlük edən imiş. Bunu öz acgözlüyündən daşındırmaq üçün gözünün özünə gətirib cəllad kötüyü qoyurlar. Qısa bir zamandan sonra həmin adamın necə arıqladığı, iştahsız duruma düşdüyü məlum olur. Bax, bu mənada indi mən də bütün xoş mesajlara rəğmən öz ovqatımdayam. Çünki gözümün önündəki tətikdə bir barmaq var – hər an çəkiləcək tətikdə bir barmaq!

Hə, deyəsən bir az filosofluq etdim, ya da uzunçuluq. Amma bütün hallarda gerçək olaraq qalır. Ona görə də içimdə boğduğum səsin hıçqırtısını misralarda ifadə edirəm. Özü də belə:

Batırmışam səsimi

Bir kor quyu dibində...

Mənim boynum bükülü –

Dərdin əli cibində...


Ümid saralmış yarpaq

Həyat dolaşmış kələf...

Ovcunu açır torpaq –

Günlər olduqca tələf...


İsinən kiprikləri

Sonra da üşüdür buz...

Olur gözün yastığı –

Kirkirədən keçən duz...


Nə duruş, nə də baxış

Dəyişməyir heç nəyi...

Bu da naxışdı, naxış –

Dərdin məni seçməyi...


Bəli, hərəni kimsə seçir, kimsə də hərəni. Amma bəxti seçmək olmur... valideyni seçmək olmur. Bax, bu mənada dərdi də seçmək mümkün deyil. Onlar bizimlə birlikdə olurlar, bizimlə birlikdə yaşayırlar, bizimlə birlikdə dözülən və dözülməz olurlar. Təbii ki, burada söhbət bəxtlə dərddən gedir, valideydən yox! Və bir az da kəskin ifadə etsəm, dərd elə bəxtin içərisindədi, bəxtə bürünüb gəlir. Mən hər dəfə bu barədə düşünəndə özümün nədə, harda günahkar olduğumu və yaxud yalnışlıqlar etdiyimi çözməyə də çalışıram. Bir az anlaşmaq, bir az olanlardan nəticə çıxarmaq cəhdi müəyyən qədər alınır. Lakin tapa bilmədiyim cavabsız suallar bildiklərimin də üstünə kölgə salır. Nəticədə heç nəyə nail ola bilmirəm. Hətta bütün varlığımla ibadətində olduğum Sən də, hətta xidmətində dayandıqlarım da sonda məni günahkar bilirsiniz. Günahkar olmağın da (hətta olmasam belə - Ə.M.) mənim boynuma düşür. Nə isə...

Bütün hallarda ortada bir gerçək var. O da tətik və ondakı barmaqdı. Heç kim deyə bilməz ki, ona güllə tuşlanmayıb... heç kim də deyə bilməz ki, mən o güllədən yayınacam... və heç kim də deyə bilməz ki, o barmağın sahibi öncə günahları çözəcək, sonra tətiyi çəkəcək. Axı əvvəlcə lətifələrimizin birində deyildiyi kimi, kəsirlər, sonra sayırlar. İndi barmaq sahibi də öncə tətiyi çəkir, sonra günahı çözür. Çalışın özünüzü nişangah, hədəf olmaqdan bacardığınız qədər qoruyun! Yoxsa gününüz gün olmayacaq!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK