adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Aprel 2019 17:36
51490
LAYİHƏ
A- A+

İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq

(əvvəli ötən saylarımızda)

O, öz təfəkkür tərzinə, düşüncəsinə görə də tələbə dostlardan fərqlənir: "Mən bilirəm ki, seminariya elm və maarif ocağıdır. İdrakın məşəlini bizim əlimizə verib deyir: "Gedin harda qaranlıq və cəhalət gördünüz, bu məşəlin nuru ilə məhv edin!" Bəli, bu azadlıq nurudur! Azadlıq olmayan yerdə maarif və mədəniyyət işığı ola bilməz!

İndi biz hər iki romanda təsvir olunmuş mənfi obrazlar haqqında müfəssəl söhbət açacağıq. Əgər "Dəli Kür" də Qori seminariyasında Petrov müəllim kimi deyil, xəfiyyə kimi fəaliyyət göstərirsə , M. İbrahimovun "Pərvanə" romanında bu vəzifəni Volkov yerinə yetirir.

Çarizmə, mütləqiyyət üsul-idarəsinə sədaqətlə xidmət edən Petrov Azərbaycanlı tələbələrə ikrah hissi ilə baxır. O əlində tutduğu əsa ilə gah bu, gah da başqa tələbənin sinəsinə vuraraq "kəmərini düzəlt", "yaxanı düymələ"-deyə qışqırır. Eyni zamanda müsəlman tələbələrini "vəhşi- lər", "pinti tatar balası" kimi təhqiramiz sözlərlə alçaldaraq onların mənliyinə , heysiyyətinə toxunur. Tələbələri cərgiyə düzəndə cır səslə qışdıraraq deyir: "Ey, tatarlar, parçalanın, sünnülər sağ tərəfə, şiyələr isə sol tərəfə keçsin..."

Növbətçi müəllim kimi fəaliyyət göstərən Petrov dərs zamanı seminariyaya soxularaq Kipianini həbs etməyə gələn polislərə bələdçilik edərək onu ələ verir: "... Növbətçi müəllim ayaq saxladı. Gözü ilə Kipianinin dərs dediyi otaqı göstərdi." Polislər Kipianini sinifdən çıxarıb aparanda Əşrəf cəld zəngə tərəf qaçaraq onu var gücü ilə çalmağa başlayır. Bu zaman bütün tələbələr sinifdən çölə çıxaraq öz müəllimlərini dövrəyə alırlar: Birdən kim isə ucadan: "Biz sizi heç vaxt unutmayacağıq, əziz Kipiani müəllim"-deyə qışqırdı. Bu gürcü tələbə Luka idi...

Volkov da Petovdan geri qalmayan ikiüzlü, xəyanətkar, yaltaq, satqın, vicdanını çoxdan itirmiş bir tipdir. O, seminariyada tələbələrdən heç kimə güzəştə getmir. Azərbaycanlı tələbələri o da Petov kimi "tatar" adlandırmaqla onlara dərin kin bəsləyir: "Onları görəndə adamın ürəyi bulanır... Yaşayışlarına, xasiyyətlərinə də bələdəm. Bilirəm necə yonulmamış, necə kobud və nadan tayfadır! Həyatları da ki, heyvan həyatı!.." Müəllif oxucunun qəlbində sonsuz qəzəb və kin, nifrət hissi oyadan bu obrazın iç üzünü, daxili aləmini, eybəcərliyini açaraq onun mənfur simasını bir daha gözlərimiz önündə canlandırmış olur.

Yazıçı əsərdə bir-birinə zidd xarakterləri səciyyələndirməklə oxucunu düşündürən müxtəlif üsullardan istifadə edir. Volkov seminariyanın müəllim və tələbələri arasında azadlıq fikirlərinin yayıldığını görəndə, öz qəzəb və nifrətini biruzə verir. Bunun əksinə olaraq Aleksey Osipoviç qəlbinin dərinliklərində qürur hissi keçirir, zəhmətinin hədər getmədiyinə sevinir. Volkov az qala bütün ölkəni "altıncı palataya" çevirən çar hökümətinin "sərt qaydalarını yumşaltdığını görəndə" buna inana bilmir. O, soyuq bir kinayə ilə deyir: "Radişşev Rusiyanın, taxt-tacın düşməni idi. Allahsızdır. Eləsini diri-diri odda yandırmaq azdır..."

Biz buna oxşar eyni fikirlər "Dəli Kür"də də rast gəlirik. Əşrəf Radişşevin "Peterbruqdan Moskvaya səyahət" romanını oxuyarkən yuxuya gedir. Gecə Aleksey Osipoviç onun yatağının yanında bu kitabı tapıb özü ilə aparır. Və onu yenidən öz həmkarı Kipianiyə qaytarır...

Biz Cahandar ağa obrazı ilə müqayisə oluna biləcək başqa bir obraz haqqında öz fikirlərimizi oxucularla bölüşmək istəyirdik.

F.Eyvazlının "Qaçaq Kərəm" romanında Kərəm öz əbədi düşmənini aradan götürmək üçün gecə vaxtı onun evinə gəlir. O, düşmənini yataqda arvadı ilə bir yastığa baş qoyub yatdığını görəndə əl saxlayır. Namərdlik eləyib düşmənini yatdığı yerdə öldürmək istəmir. O tüfəngin darağından iki patron çıxarıb onların yatağının üstünə atıb oradan uzaqlaşır. Onu bu vəziyyətdə öldürməyi qüruruna sığışdırmır...

Cahandar ağa da Allahyarla haqq-hesabı "çürütməyə" gedəndə darvazanın önündə mərd-mərdanə dayanıb düşəmənini çölə çağırır. Səsə əvvəlcə nökərlər, sonra isə Allahyar özü çıxır. Cahandar ağa düşmənini silahsız görüb tüfəngini aşağı salır: "Kişi kişinin qabağına belə çıxmaz. Get atını yəhərlə, tüfəngini götür" -deyir. Onun getmədiyini görən Cahandar ağa tüfəngin xəzinəsini boşaldıb güllələri onun ayaqları altına taraq deyir: "Qorxma, arxandan vurmaram". Cahandar ağa bu döyüşdə yaralansa da, ancaq öz rəqibinə qalib gələrək onu öldürür.

Tənqidçi alim T.Salamoğlu yazır: "İ.Əfəndiyevin "Geriyə baxma, qoca" (1980), F.Eyvazlının "Qaçaq Kərəm" , M.Süleymanlının "Köç"(1984) romanlarında patriarxal adət-ənənələrinin tarixi planda təsviri ön plana keçir. Bu əsərlərdə bilavasitə patrialxal keçmiş təsvir obyekti kimi götürülür və onun milli yaddaşda bərpası əsas yazıçı məqsədinə çevrilir. Bu əsərlər ənənəyə novator münasibətlə fərqlənir, eyni zamanda,"Dəli Kür" və "Qarlı aşırım" ın ənənə yaratmaq gücünü bir daha təsdiqləyir."

Yazıçı hər hansı bədii əsəri qələmə alarkən o ilk növbədə obrazların daxili aləmini açmaq və onların duyğu və düşüncələrini izləmək üçün təhkiyə üsulundan geniş istifadə edir. Bu təhkiyə bəzən müəllif tərəfindən şirin bir dillə nəqil olunursa, bəzən də hadisələrin axarından asılı olaraq kədər və qüssə notları üstündə köklənmiş olur. Bunu nəzərə alaraq İ.Şıxlının "Dəli Kür" romanında Cahandar ağa və Şahnigar obrazı ilə V.Hüqonun "Səfillər" romanında Jan Valjan və polis komissarı Javer obrazı arasında qəhrəmanların keçirtdiyi ən ağır psixologi gərginliyi və sarsıntıları, onların daxili həyəcan və iztirablarını, bir-birindən fərqli hiss və düşüncələrini yaxından izləməklə biz bu obrazların ən kədərli və faciəli taleyinin bir daha yaxından şahidi olacağıq.

Yazıçının böyük məhəbbətlə sevərək yaratdığı Şahnigar obrazı qəlbi həyat eşqi ilə döyünən saf bir qadındır. Cahandar ağa bacısını ürəkdən sevir, həmişə onu müdafiə edir. Evə bir şey alıb gətirəndə onu yaddan çıxarmır. Amma bu qadının qəlbi sınıqdır. Öz həyat yoldaşını itirdikdən sonra tək-tənha yaşayır: "Ərim yox, uşaqlarım yox, elə Allahın bədbəxtiyəm. Bəlkə qəzəbə gəlmişəm. Günahım çoxdur. Onun üçün də rəhminə qurban olduğum mənə kəc baxır. Bəlkə gec deyil. Elə bu müridlərə qoşulsam kəramət sahibi məndən mərhəmətini əsirgəməz" - deyir. Cahandar ağa isə dönə-dönə tapşırmışdı: "Çalışın adınıza söz çıxmasın. Söz çıxdımı, daha özünüzdən küsün." Ancaq buna baxmayaraq, qardaşının kənddə olmadığını öyrənən Şahnigar o gecə gizli olaraq molla Sadığın evində təşkil olunmuş "meyxanaya" gəlir. Bundan xəbər tutan Cahandar ağa molla Sadığın evinə gəlib təpiyilə qapını açaraq silahla müridləri hədələyir. Molla Sadığ isə qaranlıqda gizli qapıdan aradan çıxaraq qaçır. Cahandar ağa çirağın zəif işığında küncə sığınmış bacısını görəndə onu qamçılayıb çölə çıxarır, qaranlıqda Qəmərin qabağına salıb aparır.

Şahnigar yaxşı bilirdi ki, belə bir iş tutduğu üçün qardaşı onu çətin ki, bağışlasın. O, tikan kollarına ilişərək irəliləyir. İrəlilədikcə xəyalları onu çəkib uzaqlara aparır: "Deyəsən, mənimki bura qədər imiş. Öldürməyə aparır. Yoxsa, düzü-dünyanı niyə dolanır? Nə? Öldürmək? Axı niyə? Nə pis iş tutmuşam ki? Sənin əlin məni, bircə bacını öldürməyə qalxarmı, ay qardaş? Doğrudur, suçun var. Boynuma alıram, ancaq günahım o qədərdə böyük deyil. Vallah düz sözümdür, o, inandıığımız haqqı yalan danışmıram... Anam öləndə məni sən saxladın. Onun iyini səndən alıram, ay qardaş...

Sənə toy olanda hamıdan çox sevinən mən olmadımmı? Gəlin getməzdən əvvəl otağa girib üzümdən duvağı açdığın, "ay şeytan, sənsiz lap darıxacağam" - dediyin yadında deyilmi? Axı mən o günü sənin doluxsunub yaşaran gözlərini indi də unutmamışam... Axı, sən məni çox istəyirdin?!. Bəs indi nə olub ki, məni öldürmək fikirnə düşmüsən. İnanmıram. Mənə əl qaldırasan, ay qardaş!"

Cahandar ağa isə dərin düşüncələrə qərq olmuşdu. Beyni uğuldayırdı. Nə edəcəyini bilmirdi:"... Bundan sonra mən camaatın içinə necə çıxacağam? Başıma papaq qoyub necə gəzəcəyəm? Mərəkədə oturub necə söhbət edəcəyəm? Üzümə deməsələr də arxamca rixşənd edib, atamın goruna söyməyəcəklərmi? Kişilikdən dəm vurur, namusdan danışır, amma bacısından xəbəri yoxdur, müridlərin dınqırına süzür, - deməyəcəklərmi?: Kaş sən heç yaranmayaydın. İndi mən nə edim? Dərdimi kimə açım?.."

(ardı növbəti sayımızda)

Vəliyulla Novruz