adalet.az header logo
  • Bakı 20°C
28 Mart 2019 17:28
46960
LAYİHƏ
A- A+

Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qırğınlar

Tarixin müxtəlif mərhələlərində, xüsusilə 1918-1920 ci illərdə ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşiliklər, kütləvi qırğınlar, soyqırımlar haqqında danışılarkən, nədənsə daha çox Bakı ətrafı kəndlərdə, Quba, Şamaxı, Göyçay bölgələrində törədilən qırğınlardan söhbət açılmış, tarixçi alimlər bu istiqamətdə tədqiqatlar aparmışlar.

Bunun nəticəsidir ki Qərbi Azərbaycanda, Naxçıvanda, Qarabağda xüsusilədə Zəngəzurda törətdikləri kütləvi qırğınlara az diqqət yetirilmiş, az qala unudulmaq dərəcəsində gəlib çatmışdır. Bütün bunlar uzun illər məni narahat etmişdir. Əldə etdiyim məlumatları sistemə salmaq, hadisələrin canlı şahidləri olan el ağsaqqallarından eşitdiklərimi qələmə alaraq müasirlərimizə və gələcək nəsillərə çatdırmaq qərarına gəldim.

Rusiyada hər hansı bir çevriliş olan kimi ermənilər ondan yararlanmağa çalışmış və istədiklərinə nail olmuşlar.

20 ci əsrin əvvələrində də ermənilər azərbaycanlıları məhv etmək məqsədiylə nizami ordu yaratmağı qərara aldılar. 1917- ci ilin may ayında Rusiya müvəqqəti hökümətinin başçısı Koreniskinin yanına adam göndərib xahiş etdilər ki, rus ordusunda olan erməni əsgər və zabitlərinin buraxılmasına icazə versin. Həmin əsgər və zabitlərin köməyi ilə yerli ermənilərdən könüllülər toplayıb türklərə qarşı vuruşan ordu yaratsınlar. Onlar Kerenskinin həm də silah-sursat istədilər. Rusiya müvəqqəti hökümətinin başçısı ermənilərin bütün tələblərini yerinə yetirdi. Ürəklənən ermənilər 35 min nəfərlik qoşun korpusu yaratdı. General T. Nazaryan ümumi komandir təyin edildi. Korpus 3 diviziyaya bölündü. Diviziyalar arasında sahə bölgüsü aparıldı. Hansı diviziya hansı bölgələrdə yaşayan azərbaycanlıları məhv etmələri planlaşdırıldı. General Andranik Ozanyan Naxçıvan, Zəngəzuru və Qarabağın dağlıq hissəni, General Arışyan, Dro Qanayan, Nişde Qarağın (onlar 1905-ci il erməni-müsəlman davasında Sisiyanda Qəzər Ştepanyansın dəstəsində azərbaycanlıllara divan tutublar). Irəvan, Irəvan ətrafı, Zəngibasar, Eçnuədzin, Qurudüzlü və Vedibasar rayonunun aran hissəsində, Qəmərli, Dərələyəz bölgələrində, Polkovnik Silikov-Silikyan Göyçə gölü ətrafı bölgələrində yaşayan bütün Azərbaycanlıları qırıb məhv etməli idi.


General Arışyanın, Dro Qanayanın diviziyası İrəvan və şəhərətrafı azərbaycanlıları qırmağa başladılar. Irəvanda yaşayan azərbaycanlıları ermənilər qapı-qapı düşüb, qapını sındırıb, kişiləri bir tərəfə, arvad-uşaqları o biri tərəfə aparırdılar. Kişiləri güllələyirdilər.

İrəvan sakini, uzun illər məsul vəzifələrdə çalışan, hazırda haqq dünyasına qovuşan Musa Vəlibəyovun dediklərindən:

-Kişiləri yığarkən qaçıb həyətdəki qoz ağacının başına çıxıb gizləndim. Gecə o başdan qaçdım Dəlmə bağlarına ən hündür bir ağaca çıxdım onun başında qaldım. Qadın-uşaqları çılpaqladıqdan sonra ermənilər onları azərbaycanlıların Dəlmə bağlarınadakı damlarına doldurub od vurub yandırdılar. Arvad-uşağın çığırtısı bütün dərəni götürürdü. Damlar yanır yanğın sönənə qədər inilti, sızıltı səsi kəsilmirdi. Bu qəddar diviziyanın əsgərləri İrəvan ətrafı rayonlarının- Vedibasar, Zəngibasar, Qəmərli, Qurtqulu kəndlərinin əhalisini qırmış, evləri yandırmışdılar. Qəmərli rayonunun 28 azərbaycanlı kəndi –Cigdamlı, Ağhəmzəli, Sabunçu, Məsimli, Cənnətli, Seyidlər kəndlərinin camahatını ermənilər qırmış, damlara yığıb yandırmışdılar. Dro Qanyanın dəstəsi Axta rayonunun Təkərli, Dərəçiçək, Gümüş və başqa bir neçə kəndin camaatını qırmış, bir hissəsini dağlara qovmuş, onlar da dağda borana düşüb qırılmışdılar. Kənəkir rayonunun 40 kəndini elə qırmışdılar ki, bir nəfər də sağ qalmamışdı.

Hüseyn Abbasoğlunun söhbətindən:

-İrəvandakı qırğın zamanı şəhərin bütün adamları qaçıb Göy məscidə Allah evinə dolmuşdular. Uluxanlı kəndinin camaatını Dəvəli stansiyasından Azərbaycana gedən qatarın 4 vaqonuna doldurub elə orada da hamısını qırmışdılar. Qəbirstanlığa gələn meyidlər şişib qoxmuşdular. Onların basdırılmasını Iran konsulluğu təşkil etdi. Bu qırğınlar Dərələyəzin Paşalı, Kotanlı, Her-her, Bulaqlar, Daylaxlı, Çaykənd, Terp, Köşbək, Cul, Komur, Safoylu, Həsənkənd, Sallı, Qışlaq, Hors, Ələyəz, Qovşuq, Ayısəsi, Qabaqlı, Qaraçay, Alxan və başqa kəndlərinin əhalisini Dro və Qaragen Nijdehin adamları damlara doldurub yandırmışdı. Onların var-yoxunu talan etmişdilər.

-Dronun quldur dəstəsi Dərələyəz zonasında 50-dən çox azərbaycanlı kəndini viran qoymuş, əhalisini qırmış, damlara doldurub yandırmışdı.

Göyçə mahalına hücum edən Silikov-Silikyan Basarkeçər rayonunun Çamırlı, Tikpilləkən, Alagöllər kəndlərinin əhalisini yandırıb qılıncdan keçirəndən sonra Zood kəndinin hörmətli ağsaqqalı Səməd ağadan erməni ordusu üçün 100 xalvar (bir xalvar 25 pid taxıl tutan ölçü qabıdır) taxıl tələb edir. Səməd ağa bu tələbi rədd edir. Ermənilər hücum edib kəndi yandırır, əhalisini qırırlar. Səməd ağanı diri tuturlar, gündə 2 dəfə çılpaq kürəyinə qaynar samovar bağlayırlar. əslən Şamaxılı olan daşnak Ağacanyan Səməd ağanı aparıb çayın qırağında güllələyir və Kərkidaş kəndinin altında olan qayanın dibində basdırır.

Çamırlı kənd sakini İmanqulu kişinin dediklərindən:

-1918-ci ildə qışın lap qarlı-boranlı günlərində 6 nəfər erməni gəlib dedilər ki, bütün kişiləri pristav çağırır. Ev-ev bütün kişiləri yığdılar. Mən bizim evin yanında olan zağada gizləndim. Aparılan kişilərdən xəbər çıxmadı. Sonra ermənilər gəlib qadınları-uşaqları damlara doldurub yandırdılar. Basarkeçər rayonunda 40-dan çox azərbaycanlı kəndi var idi.Silikov-Silikyanın quldur dəstəsi Çamırlı, Mollalı, yuxarı Zağalı, Qızılvəng kəndlərini talayıb, əhalisini qırıb, qadın, uşaq, qoca, cavan hamısını damlara doldurub yandırmışdılar. Basarkeçər rayonunun Atdaşı, Yanıx, Xartdıq, Qızıl Xaraba kəndlərinin heç yana çıxış yolu tapmayan əhalisi Gözəldərə dağına üz tutdular hamısı da dağda borana düşüb qırıldılar. Daşnak Silikyan əsgərlərinə xüsusi tapşırırdı:- Patronlara qənaət üçün döyün, qovun dağlara qoy dağlarda qırılsınlar meyidlərini qurd-quş yesin.

Göyçə gölü ətrafında olan kəndlərin əhalisini, Bəyazıt rayonunun əhalisini qışın oğlan çağında qayıqlara doldurub, gölün ortasında gölə töküb qırmışdılar. Həmin qırğınlarda iştirak edən A. Papyan ermənilərə fəxrlə deyirmiş:

-Mən Basarkeçərdə ağına-bozuna baxmadan tatarları, azərbaycanlıları qırıb tökdüm, hərdən adamın gülləyə heyifi gəlirdi bu köpəklərə qarşı ən etibarlı vasitə döyüşdən sonra sağ qalanların hamısını yığıb quyuya doldurub üstlərindən ağır daşlar tökdürürdüm. Onlardan heç biri sağ qalmaz idi.

Erməni akademiki Ohanesyanın yazdığına görə 18-ci əsrin sonunda İrəvan şəhərində yaşayan əhalinin 75% azərbaycanlılar, 25% isə erməni və qeyri millətlər olmuşdular. 1770-ci ildə tikilmiş Göy məscid indi də evlərin arasında qalır.

Erməni tarixçisi Hrand Mardrosyan yazırdı: -1829-cu ildən 1899-cu illərdə kənd və şəhərlərin adı 95% azərbaycanlı adı olmuşdu. 1918-ci ildə Qərbi Azərbaycanın 575 min azərbaycanlı əhalisindən 1920-ci ilin noyabrında burada ancaq 12min azərbaycanlı qalmışdı. 563 min soydaşlarımız erməni vəhşiləri tərəfindən məhv edilmişdi.

Nəhayət "Daşnaksütyun” partiyasının tapşırığı ilə Andronik Tarosoviç Ozanyan Naxçıvanı, Zəngəzuru və Qarabağı ələ keçirməli idi. Nəticədə onlar Bərdədə görüşməli idilər.

Andronik Tarosoviç Ozanyan kimdir?

Elə birbaşa quldurbaşı, qəddar, vəhşi, amansız desəm yanılmaram.

O, 1865-ci ildə Türkiyənin Qarahisar yaxınlığında Şahtah qəzasında dünyaya gəlib. Gənc yaşlarında eyş-işrət içərisində yaşayıb hələ 16 yaşında quldurluğa və terrorçuluğa meyilli olub. Öz xasiyyətində dığaları başına yığıb küllü miqdarda mal-qoyun aparıb, insanları qətlə yetirib və onlar arasında ədavəti qızışdırıb. Dişini Avropa dövlətlərinə, türk dünyasına qıcayan, ələxsus Qara dənizə göz dikən rus çarı özgə torpaqlarda gözü olan quldur dəstəsinə quldur, daşnak lideri Andronik Tarosoviç Ozanyanı da qoşub. Özündən güclüyə quyruq bulayan Andronik özünü fəal göstərdiyi üçün çar hökuməti bildirir ki, Andronik kimi oğulları olan xalqa hər şey, hətta "Böyük Ermənistan”ın gələcək hökümdarı olmaq da halaldır. Deməli erməni quldurları rus çarına sədaqətlə qulluq edəcək olsa, əvəzində türkiyənin şərqi-Ərzurum, Sarıqazamış, Qars və Vangölü, Azərbaycanın qərbi-Uluxanlı, Vedibasar, Qəmərli, Dərələyəz, Zəngəzur bölgələrini Ermənistana birləşdirib "Böyük Ermənistan” yaradacaq və Andronik Tarosoviç Ozanyan da oranın hökmdarı olacaq.

Lakin həm erməni quldurlarının, həm də çarın "Böyük Ermənistan” yaratmaq arzuları gözlərində qaldı. Avropa dövlətlərinin xüsusi ilə də İngiltərənin işə qarışması nəticəsində Əbdülhəmid bu fürsəti əldən vermədən Türkiyə hüdudlarında fəaliyyət göstərən bütün erməni quldur dəstələrini darmadağın edir, Andronikin qulağını kəsir. Amma iki fahişənin fəallığı və erməni qayğısı ilə Andronik türklərin əlindən qaçıb qurtarır. (Babam Kərbalayı İsgəndər danışırdı).

Türk əsgərlərinin erməni qızları özlərinə aşiq etmişlər. Həmin fahişələr əsgərlərin danışığından mətləbi tuturlar, Andronikin yerini öyrənirlər və qaravulçuları ələ almaqla, yumşaq yerlərini onların qucağına qoymaqla, Tayqulağı azad edirlər. Andronik əvvəl Bolqarıstana qaçır, 1912-14-cü illərdə Balkan müharibəsində quldurluq edərək bir müddər silahsız, dinc türk əhalisinə divan tutur. 1914-15-ci ildə Tiflisə gəlir, türklərə qarşı vuruşmaq niyyətində olduğunu bildirir. Həmin vaxt ruslara Andronik kimi quldur hava və su kimi lazım idi. Türkiyə ərazisində erməni könüllərindən ibarət rusların hazırladıqları 4 korpusdan birini quldurbaşı Andronik Ozanyana həvalə edirlər. Erməni könüllüləri rus ordusu ilə çiyin-çiyinə Türkiyənin Van, Qars, Sarıqamış və Ərzurumda vuruşur və türk əhalisinə divan tuturlar. Lakin bu savaşda da məğlubiyyətə uğrayan Andronik 1917-ci ildə çar hökümətinin devrildiyini general Baratovun geri çəkildiyini görüb rusların silah-sürsatlarını oğurlayıb 15 min qoşunla qaçır. O, İranın Xoy şəhərini, Cənubi Azərbaycanı, Culfa şəhərini keçərək Naxçıvana basqın edir. S. Şaumyanla əlaqı yaradan daşnak Andronik "Daşnaksütyun” partiyasının "Böyük Ermənistan” yaratmaq planı ilə tanış olur. O, Naxçıvana soxulduqdan sonra elan edir ki, "Məni Naxçıvana rəhbər təyin ediblər” Andronik S. Şaumyanın göstərişi ilə Naxçıvan əhalisindən bütün silahları yığır. Onun bu hərəkətləri, fəallığı S.Şaumyana xoş tədir bağışlayır və Androniki "xalq qəhrəmanı” adlandırır. O, bolşevik lideri V.İ.Leninə belə bir teleqramma vurur:

"Andronik Ozanyan Naxçıvanda Şura hökümətini qurur. Ona əlavə kömək lazımdır”.

Teleqramma V.İ.Leninə çatar-çatmaz daşnak "əlavə köməyi” təşkil edir.

1918-ci ilin mart ayının 10-da Qərbi Azərbaycanın Ləmbəli bölgəsindən olan milis (polis) işçisi Mustafa Əfəndiyev İrəvandan Naxçıvana gedən qatarda yoxlama apararkən xeyli silah-sursat-60 plemyot, saysız-hesabsız patron aşkar edir. Burada atışma başlayır, ölən və yaralanan olur. Mustafa Əfəndiyev həbs olunur və onun taleyi bu gün də məlum deyil. Şaumyan daşnağın qeyd etdiyi "Əlavə kömək” azərbaycanlıları qırmaq üçün Andronikə göndərilən silah-sursat idi. Şaumyana belibağlı olan quldur Andronik öz qoşunu ilə Çənnəb, Aza, Yayıcı, Camaldin, Əbrəqunis, Ərəzin, Çeşməbasar kəndlərini talan edir, od vurub yandırır, əhali dədə-baba yurdundan didərgin düşür. Evlər, məscidlər, örüşlər, yamaclar, zəmilər odlara qalanırdı.

Əbrəqunis kəndində yaşayan İslam Qurbanovun 1965- ci ildə mənə danışdıqlarından:

-Kəndlərimizə basqın edən erməni quldurları dinc əhalimizi qılıncdan keçirir, qadınların bətninə nizə soxurdular. Bir az üzdə olan adamların, el qəhrəmanlarının boyunlarını vurur, başlarını dərə aşağı diyirləyirdilər. Süleyman adlı Ordubad rayonun Tivi kəndindən bir qoçaq adam əmələ gəlmişdi. Adına Qaçaq Süleyman deyirdilər. Qaçaq Süleyman qorxu bilməz oğullardan 25 nəfər başına yığıb dəstə düzəltmişdi. Onlar ermənilərin kəndlərə soxulan quldurlarına divan tutur, silahlarını ələ keçirirdi. Qaçaq Süleymanın dəstəsi Andronikin qoşununa xəlvəti zərbələr endirir, say-seçmə adamlarını dənləyirdi. Qaçaq Süleymanın dəstəsi Tivi dağlarının ətəklərində Bülöv kəndindəki Babək qalasında qalırdı. Androniki təqib edən Əbdülhəmidin əsgərləri Xoy Maku istiqaməti ilə irəliləyərək Ərəblər, Şahtaxtı ərazisindən Araz çayını keçib Düzdağ təpələrindən daşnakları top atəşinə tuturlar. Mərmilərdən biri düz Andronikin qərargahının yanına düşür. Türk qoşunun zərbəsini görmüş Andronik öz əsgərlərinə qaçmaq komandası verir. O, çox vaxt erməni dilində danışırmış. "Ara, Şudara paxenq, torkeri yeqab” (Ədə, tez olun qaçaq, türklər gəldi.) O, ildırım sürəti ilə dağıara çəkilir.

Bu quldur dəstə Sisiyan mahalına çəkilərkən Ordubad rayonunun dağ kəndlərindən keçməli olur. Tivi, Bist, Ələhi, Nəsiraba, Bülöv kəndlərindən keçib Qıpıcıqdan Zəngəzura aşmağa tələsən quldur Tividə bir tələ qurur. O, öyrənir ki, Tividə Qaçaq Süleymanın "dostu” Hayrik adlı erməni yaşayır. Andronik hayriki ələ alır. Bir atalar sözü vare, "İt itin ayağını, bastamaz. O it, o itin dayısı, haya gedər hamısı!” məsələni elə qurur ki, Hayrik qonaqlıq təşkil etməli və Süleymanı qonaq çağırmalı olur. Həmişə bizim el qəhrəmanlarını Qaçaq Nəbini, Babəki, Qaçaq Qardaşxanı, Keçili Qaçaq Təhməzi xəyanətlə güdaza verən erməni olmayıbmı? Indi də belə deyilmi?

Yeni-yeni böyük cinayətləri bu gün törədən anası erməni milliyətindən olan "qan qardaşlarımız” deyilmi? Nə isə Hayrikin vasitəsiylə Qaçaq Süleyman başının dəstəsi ilə Andronikin toruna düşür. Andronikin göstərişi ilə Süleyman və onun dəstəsinin boynu vurulur başları dərənin dibinə yuvarlanır. Andronikin quldur dəstəsi Naxçıvanı tərk edərkən Naxçıvanda 11 kəndi, Ordubadda 9 kəndi, Culfada 3 kəndi viran qoymuş, Sirap dərəsində sığınacaq tapan 20 min əhalini cinsinə, yaşına fərqinə varmadan güllələmiş, Yayıcı kəndin 2500 nəfər əhalisini qılıncdan keçırıb meyidləri Araz çayına atmışlar. Ümumiyyətlə Naxçıvan bölgəsində Süleyman kimi Kəblalı xan, Cəfərqulu xanın oğlu, Kəngərli, Salmanın oğlanları, Əliciqusun oğlu Həsən, hambal Hüseynin oğlanları kimi el qəhrəmanları olmasaydı, türk ordusu gəlməsəydi daha böyük dəhşətli faciələr olardı:

Mirzə Cabbar Baxçabanın dediklərindən:

-"1918-ci ildə daşnaklar İrəvan vilayətində 211 azərbaycanlı kəndini dağıdıb, 300 mindən çox insanı qətlə yetirmişlər. Fəlakətlə, ölümlə üzləşən azərbaycanlılar ev-eşiklərini atıb xiyabanlara, dağlara qaçmışdılar. Mən Noraşen kəndində ailə üzvlərimlə bir tövlədə bir köynəkdə, alt paltarında qalırdım. Bu kənd İrəvandan qaçmağa məcbur olan azərbaycanlılarla dolu idi. Həmin vaxt daşnaklar Naxçıvanı viran etmişdilər. Andronikin göstərişi ilə adamların diri-diri dərisini soyurdular. Kütləvi sürətdə əhalini qırırdılar. Iran azərbaycanlıları Naxçıvana köməyə gəlmək istəyirdilər. Lakin İran dövləti onları Naxçıvana getməyə qoymur, qabaqlarını alırdı”.

Andronik Ozanyan Naxçıvandan Zəngəzura aşanda Qızılboğaz deyilən yerdə Keçili Dəli Təhməzin dəstəsi ilə toqquşur, xeyli itki verir. Silah yüklü üç at dəli Təhməzin əlinə keçir. Həmin silahlarla onun oğlu Quşdan 30-cu illərə qədər erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanı ömrünün sonuna kimi Şahbuz dağlarında qaçaqlıq edib.

Andronik Zəngəzura aşandan sonra azərbaycanlılar yaşayan kəndlərin əhalisinə divan tutur. Kəndlərin yaşlı adamları danışırdılar- Bazarçay boyunca yerləşən kəndləri Ərikli, Sükar, Pulkənd, Şükarlı, Məliklər, Saybalı, Əlili, Zabazadır, Hortuyüz, Dulus, Ağdü, Şam, Pürüllü, İrmis, Bəhluli, Dərəkənd, Qalaçıq, Urud, Dərəbəs, Anabat, Şükürbəyli, Çınqıllı kəndlərini xaraba qoyub əhalini qırır.

Andronikin quldur dəstəsi Sisyanın 31 kəndini xaraba qoyub, əhalini qırıb. Ağdü kəndində 400 nəfər tutan məscidə adamları yığıb bütün çıxışları bağlayıblar. Qızmış buğaların üstünə neft töküb od vurub içəri buraxıblar. Buğalar adamları dırnaqları altına alıb şilküt edib. Sonra qəddar ermənilər məscidin damını söküb içəri küləş doldurub od vurublar, məscidin küncündə, bucağında qalanlar da tüstüdən boğulub ölüb. Bakı-Şamaxı senarisi kimi insanları ən çox Allah evlərində-vəscidlərdə məhv ediblər. Andronikin quldur dəstəsi törətdiyi vəhşilik nəticəsində xaraba kəndlərin kalafalarında qazıntı aparılarkən vəhşicəsinə öldürülmüş insanların qol, bud, bazu, kəllə sümükləri çıxırdı. Əcdahı dərəsinin, Mırığın, Aylığın mağaraları kahaları, qayaların araları insan sümüyü ilə dolu idi.

Şükar kəndindən Abbas kişinin 1967-ci ildə mənə dediklərindən:- "Andronikin quldur dəstəsi kəndi mühasirəyə almışdı. Bacılarım Gövhər və Nigar kənddə qalmışdılar. Gövhər qonşumuz Tağının oğlu Eldənizə adaxlanmışdı. Atam Şamil görür ki, çıxış yolu yoxdur, ona görə də qızların erməni əlinə keçməməsi üçün onları öldürmək fikrinə düşür. Elə də edir. Gavur əlinə düşməsin deyə övladlarını özü vurur. Eldəniz də nişanlısını aparmağa gələndə quldur dığalar onu qamarlayıb tuturlar və belə şərt qoyurlar:

- Get nişanlın Gövhəri gətirver bizə, səni buraxaq. Eldəniz onlara ağır sözlər deyir. Dığalar onu aparıb "Toxluqayanın” dibində doğrayırlar. Atam Şamil ermənilərə əsir düşür. Onu Qarakilsənin həbsxanasında saxlayır, işgəncə verirlər. Arsen adlı erməni atama zülm eləyib. Ətlə dırnağın arasəna iynə yeridib, barmağını qapının arasında qoyub sıxır, sol ayağını nallayır, qaçaqların yerini ondan öyrənmək istəyirlər. Atam onlara sirr vermir. Axırda atamın sağ baldırının dərisini soyur, yerinə duz səpir həməyir keçilərə yalatdırırlar. Sonra aparıb "Göyuçqun” qayasından atırlar.

Təxmini hesablamalara görə quldurlar kəndimizdən 2 min baş qoyun, 975 baş qaramal, saysız-hesabsız dana-buzov aparıblar. Vəhşi ermənilər zəncirli itləri, hörüklü atları öldürməyiblər ki, türklərə məxsus olan heyvanlar işgəncə ilə ölsünlər: 377 nəfəri qayadan töküb qırırlar. Andronikin quldur dəstəsi 1918-ci ildə Ağdü kəndinin 1122 nəfər əhalisindən 824 nəfərini vəhşicəsinə məhv etmişdilər. Ümumiyyətlə Zəngəzur qəzasında erməni hərbi birləşmələri 1918-ci ildə azərbaycanlılar yaşayan 115 kəndi məhv etmiş, 7729 nəfər azərbaycanlıları, o cümlədən 3257 kişi, 2276 qadın, 2196 uşağı vəhşicəsinə öldürmüşdülər.

Andronik Zəngəzurun qərbini talan etdikdən sonra 1918-ci ilin payızında Tat kəndinə hücum edir. (Tat kəndi Laçın rayonunun ərazisindədir.) Andronikin vəhşiləşmiş dəstəsi kəndi mühasirəyə alır. Quldurbaşı üzünü özü kimi qaniçən, qəddar, başkəsən dığalar tutar”.

-Qaytaqanlar (qaçqınlar)! Mən sizin vəziyyətinizi bilirəm yeməyə çörəyiniz, əkməyə torpağınız, yaşamağa ev-eşiyiniz yoxdur. Siz var-yoxunuzu Ərdahanda, Vanda, Ərzurumda, Qarsda, Sarıqamışda qoyub gəldiniz. Mən orda sizin qisasınızı türklərdən ala bilmədim, lakin bu Zəngəzurda yaşayan türklərə aman yoxdur. Gərək daş-daşın üstündə qalmasın. Bir erməri ölsə, 10 türk ölməlidir. Tat kəndi bizim əlimizdədir. Bu kənddən bir nəfər sağ çıxmamalıdır. Tat kəndinin 2859 nəfər əhalisi erməni quldurları tərəfindən ağıla sığmaz işgəncə ilə qətlə yetirilib. Tat kəndində törətdikləri dəhşətli faciəni ağılasığışdırmaq olmur. Azyaşlı uşaqların başını kəsib, qanını xüsusi qablara yığır, ürəkləri soyumaq üçün qədəhlərə süzüb içirmişlər. Sonra kəndin adamlarını əsasən qadınları, uşaqları samanlığa doldurub diri-diri yandırıblar. Tat kəndində hamilə qadının qarnını yırtaraq körpəni yanan təndirə atıblar.

Körpə uşaqları buqadları qələm vurulmuş ağaclara qarnı üstə keçirib, onların ağlamasından həzz alırmışlar. Andronik Ozanyan qəlbi yerdə oturub meydanda lüt kürəklərinəqaynar samovar bağlamış adamların hərəkətlərindən ləzzət alırmış.

Daşnak Tayqulaq Zəngəzur mahalının qərb hissəsini işğal edəndən sonra Qarabağa keçmək eşqinə düşür. Yerli erməni nankorlarının köməyi ilə heç bir maneyəyə rast gəlmədən Minkənd-Şəlvə-Murovdağ istiqamətində Qarabağa keçmək qərarına gəlir. Xülasə, yerli daşnak törtöküntüləri Androniki başa salırlar ki, Zəngəzur dağlarında, yaylaqlarında elat tərəkəmələr ancaq yayda olurlar. Onlar quyruq doğan kimi dəvələr ağzı arana yatanda barxanasını bağlayıb və köçürlər. Onların nəzərdə tutduqları maneyə Kürdüstanın bəyi-Soltan bəy Soltanov idi. Yediyi çörəyi itirən dığalar Androniki tamam arxayın salırlar ki, Soltan bəyin böyük təsərrüfatı var, başı qarışıb təsərrüfata. Bəli, Andronik hərbi sursatını gətirib yığlr Qaragölün ərtafına, gözləyir el yaylaqdan üzülsün. Onun məqsədi Qarabağa keçmək, nəzərdə tutulan planı yerinə yetirmək idi.

Qışda ovçular dağlara çıxırdılar. Onlar ayı, maral, ovlayırdılar. Şəlvədən ovçu Qaraş, ovçu Soltan ovçuluqdan tanındıqları üçün onlara ovçular deyirdilər. Ovçular Qaragölün həndəvərində hərbi sursatı görüb şübhələnirlər. Ovçular ov etməkdən vaz keçib özlərini çatdırırlar Soltan bəyə:

-Bəy, başın qarışıb təsərrüfata düşmən gəlib oturub çənənin altında. Onlar gördüklərini yerbəyerdən Soltan bəyə çatdırdılar. Soltan bəy qəzəblənir və deyir:

-Mən bu dağlarda elə bir tufan qopardım ki, onun dalğası bütün Zəngəzuru bürüsün.

Qısa arayış: Soltanov Soltan bəy 145 il bundan əvvəl 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (Kürdhacı kəndində) anadan olmuşdur. Atası Paşa bəyin, babası qatırçı Muradın var dövləti adla deyilərmiş. Paşa bəy bədahətən şeir deyən, müdrik el ağsaqqalı, müdrik kəlamlar işlədən dünya görüşlü adam olub. Soltan bəy ilk təhsilini Şuşada, Tiflisdə sonra Sankt-Peterburqda mükəmməl təhsil almış, hərbi akademiya bitirmişdir. Soltan bəyin məzarı hazırda Türkiyənin Köçqoy kəndindədir. Soltan bəy Zəngəzurun, ümumilikdə azərbaycanın igid oğludur.

Təsərüfatı çox sevdiyindən orduda xidmət etməyib gəlib öz doğma kəndində böyük pendir zavodu tikdirib və zavodun avadanlığını Almaniyadan gətirib. Zavodda hasil olan məhsul-yağ, pendir, xama, qaymaq bütün Şərqdə məhşur imiş. O, Avropa və başqa Şərq dövlətləri ilə ticarət əlaqələrinə girir və rus ordusunu yağ, pendirlə təmin edir.

Bu bəd xəbəri eşidən kimi Soltan bəy qüvvələri səfərbər edir. Işi belə görən Andronik Soltan bəylə sazişə girmək fikrinə düşür. Din xadimlərinin toxunulmazlığından istifadə edən daşnak Andronik keşiş Mesropu Soltan bəylə görüşə göndərir. Soltan bəy yad adamlarla pərdə arxasından söhbət edərmiş. Keşiş Andronikin göndərdiyi məktubu Soltan bəyə təqdim edir.

Məktubun məzmunu belə olur:

"Soltan bəy, bizim Şuşa yürüşümüzün təhlükəsizliyini təmin etsəniz, Abdallar oylağından keçib getməyimizə icazə versəniz, sizə istədiyiniz qədər qızıl verərəm. Hörmətlə: Andronik Paşa”.

Soltan bəy ağıl dəryası imiş. O, keşişə deyir ki, elə cavab məktubunu da özün yaz. Yaz ki, türk hərbi adı "Paşa” sizə yaraşan ad deyil. O ad türklərə məxsusdur. Siz isə eşitdiyimə görə ermənisiniz. Və onu da bilməlisiniz ki, bu yurdun övladları qeyrətlərini pula satmayıblar. O ki, qaldı Şuşa yürüşünün təhlükəsizliyini təmin etməyə, bizə 20 qatır yükü silah lazım olacaq. Danışıqlarımız baş tutsa işarəmi gözləyin. Amma bütün silahları, topları, plemyotları söküb qatırlara yükləyin, üstünü də basdırın diqqəti cəlb etməsin. Bu yerlərin dəliqanlı igidləri şuluqluq salar, biabır olarıq. Soltan bəy ixtisasca topçu idi. Fənd işlətməklə bir gecənin içində düşmənin silah yüklü 170 qatır karvanının ağzını Kürdhacıya döndərir. Andronikin quldur dəstəsini, nizami ordusunu Zabığın dərəsində darmadağın edir. Çıxış yolu tapmayan quldur Andronik Ozanyan keşişi öldürür, libasını geyinir. 5-6 yaşında bir uşağın əlindən tutub bəyə tərəf gedir.

Qələbədə məğrurlaşan Soltan bəy:

-Keşiş, hardan gəlib, hara gedirsən?

Andronik uzun əbasının balağını dəstələyə-dəstələyə:

-Bəy, başına pırlanım, bu uşağa hayıpım gəlir, azıb eyləyər, aparıb ötürüm.

O, hiylə ilə xaç çevirir, "astvasa” (Allaha) da xoş gələr, deyir.

Soltan bəy qılçını aralayır və deyir:

-Keşiş, gəl keç.

Andronik bəyin paçasının arasından keçib gedir. Bir azdan əsgərlər xəbər gətirirlər ki, Andronik keşişi öldürüb paltarlarını geyinib aradan çıxıb. Gedək onu tutaq gətirək. Soltan bəy üzünü onlara tutub:

-Əzizlərim, Türkiyədə türklər onun qulağını kəsiblər. Burada da mənim qılçımın arasından keçib. O bir daha Azərbaycana qayıtmayacaq.

Doğrudan da, elə olur. Zabığ məbluğiyyətindən sonra Andronik 30 nəfərlə gedib çıxır Üçməzdinə. 1923-cü ildə gedib Bolqarıstana. Oradan da özünün iki öğlunu götürüb qaçır Amerikaya və 1925-ci ildə orada gəbərir. 1927-ci ildə Fransada yaşayan daşnaklar onun sümüklərini Parisə köçürürlər. 1990-cı ildə millətçilik, şovinistlik tərbiyəsinin gözünə qatmaq üçün onun qəbrindən bir ovuc torpağı Yerevana göndərmişdilər. Biz isə erməni daşnaklarının fitfası ilə Soltan bəy kimi el oğlunu "Xalq düşməni” çıxartdıq, nəslini sürgünlərdə çürütdük.

Ruhun şad olsun, ay Soltan bəy! əmanət qoyub getdiyin torpaqları saxlaya bilmədik. Ümumiyyətlə 1918-ci ildə 50 mindən çox soydaşımız qətlə yetirilib, 20 min nəfər dinc əhali yaralanıb, 50 min adam əlil olub, 4 min əsir və itkin düşmüşdür, 811 kənd, şəhər, qəsəbə yer üzündən silinmişdir.

Ümumilli liderimiz H.Əliyev tariximizin faciəli səhifələrindən danışarkən qeyd etmişdir: "Soyqırım və deportasiya prosesi mərhələlərlə müxtəlif tarixi şəraitdə, düşünülmüş plan əsasında həyata leçirilmişdir. Sərsəm "Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün saxta iddeoloji tezislər formalaşdırılmış, terrorçu təşkilatlar qurulmuşdur. Erməni əhalisi türk və Azərbaycan xalqına qarşı daim millətçilik, şovinizm ruhunda tərbiyyə olunmuşdur...

Soyqırım Azərbaycan xalqına böyük siyasi, maddi və mənəvi zərbələr vurmuşdur. Bütövlükdə XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı deportasiya və soyqırım siyasətinin ağır nəticələrini öz üzərində hiss etmişdir...

Bu hadisələri, onların dərdlərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.

Dünya ictimai fikrinə ermənilərin məkirli siyasətini, azərbaycanlıların erməni tərəfindən soyqırıma məruz qalmalarını çatdırmaq üçün ümumilli liderimiz cənab Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərman təqdirə layiqdir. Həmin fərmanda "31 mart Azərbaycanlıların soyqırımı günü” kimi qeyd olunur.

Bu gün vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı, hər bir vətən övladı ermənilərin xəbis niyyətlərini, ortaya atdıqları yöndəmsiz, sərsəm planları ifşa etməli, Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni əsirgəməməlidir.

Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev bu xüsusda demişdir "Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqrımı siyasətini yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik. Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli-birliyi məqsədyönlü fəaliyyəti ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqrmların dünya ictimaiyyətinə çatdırılması prosesində önəmli rol oynayacaqdır ”.

Əvəz Mahmud Lələdağ