SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: İLİN BİR AYI

  29517   |  
Şriftin ölçüsü  

Doğru deyirlər ki, insan insanın eyni olmadığı kimi, gün də günün eyni deyil. Sadəcə, təkrar olunan bir tarix inancı var, o da bütünlüklə üst-üstə düşmür. Sadəcə, oxşayır, bənzəyir və biz də bu sadəliyin içində tarixin guya bütünlüklə təkrar olduğuna inana-inana həmin o bir-birinin bənzəri olan günlərin axırına çıxırıq. Təbii ki, gün də bizim axırımıza zamanı yetişəndə çıxır. Bunu heç kim dəyişə bilməz...

Bəli, yeni ilin bir ayının kürəyini vurduq yerə və düşündük ki, 2019 bizə, təbii ki, söhbət mediadan gedir, bir yeni qapı açacaq, yeni uğurlardan xəbər verəcək, amma deyəsən yanılmışıq. 20 Yanvar faciəsinin ildönümündən sonra başlanan mediaya dair pıçıltılar Xocalı soyqırımının ildönümü çatmamış artıq bütün gündəmi zəbt etdi. Olduq necə deyərlər, diqqət mərkəzindəki bir nömrəli ünvan! Yəni qəzetlərin bağlanmaq təhlükəsindən tutmuş jurnalistlərin işsiz qalacağına qədər məsələ indi əksər söhbətləri arxa plana keçirib. Hələlik deyə bilmərəm bu bizim xeyrimizədi, yoxsa yox, amma bildiyim bircə məsələ var, hələ ki gündəmdəyik. Sonumuzu Allah xeyrə calasın. Amin! Və...

Deməli, yanvar ayının az qala hər gününü ən önəmli detallarıyla xatırlayıram. Ona görə ki, bu ayın böyük çilənin gücünü göstərmək imkanını necə havaya sovurduğunu yaşadıq, nə qar gördük, nə də boran. Ona görə də xəstəlik virusları canımızdan çıxmadı.

Üstəlik, "donuz qripi" ilə bağlı sözlərin də iştirakçısına çevrildik. Bu ictimai məzmunun içərisində məni təbii ki, daha çox narahat edən ailə zənbili, ailə büdcəsi idi. O da üzüaşağı diyirlənməkdədi. Harda dayanıb duracaq, onu da ən yaxşı halda müstəqil ekspertlər müəyyənləşdirə bilər, təəssüf ki, onlar da öz haylarındadılar...

İndi oturub dərindən düşünəndə, necə deyərlər, papağımı qarşıma qoyanda ilk xatırladığım yazı-pozularımdı. Yəni yanvar ayında heç olmasa 60 yaşımla bağlı əl boyda kitabımın işıq üzü görəcəyinə ümidliydim. O da işıqforun qırmızı işığında dayanası oldu. Və mən çıxış yolu kimi yaradıcılığımı elə şeir dəftərimdə davam etdirməyə üstünlük verdim. Şükürlər ki, hələ qələm və dəftər almaq və sinəmizi boşaltmaq imkanı əlimizdən alınmayıb. Ona görə də mən elə sözümün bu yerində demək istəyirəm ki:


Qaçıram, özüm-özümə

Çata bilmirəm, dur! - deyim.

Yuxu da getmir gözümə -

Yatdın, indi də dur, deyim...


Dərd çəkdiyim ha deyə

Biri-birindən sadəyə...

Əlini uzat badəyə -

Süzülmüş qəmi vur deyim...


Məndən aralı bir coma

Qəm var hərəsi bir koma...

Əlimdə qurumuş qoma-

Bəlkə mən solmuş nur deyim?!

***

Bəli, dünyanın ən düşündürücü məqamlarından biri mənim məntiqimə görə, nəyi necə etməyin yolunu bilməməkdi. Bu fikri bir az da açıqlasam, onda siz də mənimlə razılaşarsınız və onda bilərsiniz ki, həqiqətən də çıxılmaz durum, tapılmayan variant, görünməyən işıq və bütövlükdə naçarlıq, ümidsizlik sevilməmək kimi bir şeydi. Yəni var olursan, amma varlığın kiməsə gərək olmur. Necə deyərlər, Kərəmi ağlamaq burda tutur. Çünki gözünün önündə olur, amma sənin deyil. Və...

Hə, deyəsən sola-sağa var-gəl etməklə nə demək istədiyimi azacıq da olsa dəyərli oxuculara anlatdım. Amma tam mənasında nələr baş verdiyini hər kəsin anladığı bir şəraitdə əriştə doğramaq, umac ovmaq elə də bir böyük qoçaqlıq deyil. Məhz bu mənada mən iç dünyamın qapı-pəncərəsindən boylanıb ətrafa nəzər yetirəndə təkcə göy üzündəki buludları, zirvəsinə qar yağan dağları və yaxud da quruyan çeşmələri, bulaqları deyil, həm də boy verən pöhrələri, açılan, çırtlayan tumurcuqları, səs-səsə verən quşları və sairəni də görürəm. Bax, bu təzadın içərisində həmişə gəldiyim son nəticə bu olur ki, bütün bunlar hələ son deyil. Deməli, paralel olaraq qaranlıqla işıq yol gedir. Hansının qalib olacağını isə heç kim bütün bəşəriyyət üçün açıqlaya bilməz. Doğrudur, fərd halında hər birimizin yol-yoldaşımız həm qaranlıqdı, həm də işıqdı.

Bizim gücümüz, ağıl və məntiqimiz həmin o yol-yoldaşlarımızdan ən önəmlisini daha çox qabağa çıxartmağa, daha çox qabartmağa hesablanmalıdır.

Bax, onda biz işıqlı yolların yolçusu və işıqlı adam olacağıq. İşığa gedən yol da elə işığın özündən keçir və mən birmənalı şəkildə əminəm ki, o işığın bir adı da sevgidi. Ona görə də o sevgini, yəni içindəki işığı tərənnüm etməyi bir an da olsun unutmuram və yazıram:


Bu sevginin önündə

Laldı içim, çölüm də...

Ayağında ölüm də -

Ləpirinə sığınım...


Nəfəsin də, ətrin də

Gülür şeirin sətrində...

Ürəyi gətirim də -

Xətrinə sığınım...


Xəyalım dolmuş bulud

Yağım ovcuna - qurud...

Sən bu dünyanı unut -

Ətirinə sığınım...


Xatirələr şan, baldı

Məni məndən o aldı...

Kirpiklərini qaldır -

Çətirinə sığınım...


***

İstənilən məqamda fikir söyləmək, münasibət bildirmək zərurət olsa da, həm də məsuliyyətdi. Hər deyilən sözün, yazının arxasında təkcə imza dayanmır, həm də o imzanın sahibi durur. Bax, bu mənada ictimailəşən fikrin həm çəkisi, həm də yozumu öncədən nəzərə alınmalıdı. Bilinməlidi ki, hər xırdalanan yüzlük hardasa bir tamlığın parçalanmasıdı. Ona görə də parçalanmalar aparıb çox məşhur bir kəlama da çıxara bilir, yaxud da onun əksi baş verir. Yəni parçalanıb qığılcımdan alova keçmək də mümkündü, kül olmaq da... Odur ki, bu gerçəkliyi unutmaq olmaz və unudulmağın da sonunun hara gedib çıxdığını zaman-zaman yaşamış bir insan kimi deyə bilərəm ki, bu gün yaşadıqlarımızın bir səbəbi də elə unutqanlıqdı. Və...

Oxunan kitabın məzmun və mahiyyəti bəzən bir sözdə, bir cümlədə ifadə olunur. Ona görə də sözün başına ip salıb onu hara gəldi çəkməkdənsə, birini ipucu edib əsl həqiqəti ifadə etmək daha məntiqlidir. Yoxsa bir də baxıb görəcəyik ki, sözlər də bizdən bezib, sözlər də bizə qarşı çıxıbdı. Bax, onda dəlilik qaçılmaz olacaqdır. Həmin o dəliliyin də bir əlaməti onsuz da həmişə bizimlə bir yerdədi. Onu da yersiz, çox mənasız, boş-boşuna danışmaqla büruzə veririk. Hətta "boşboğaz" sözünü də deməkdən, işlətməkdən çəkinməyərək elə o boşboğazlığa zaman ayırırıq.

Bəli, bütün bunlar hamının bildiyi, iştirakçısı olduğu bir həyat səhnəsi, bir ömür görüntüsüdü. Tam dəqiqliyi ilə ifadə etsəm, ömrün müəyyən bir anıdır.

Və biz də o anı havaya üfürürük, boşuna xərcləyirik. Və sonra da başlayırıq vaxtın, zamanın azlığını boşboğazcasına deməyə, təkrarlamağa. Və həmin məqamda yadıma nə vaxtsa yazdığım misralar düşür.


Tanışdı ruhuma isti qan dadı

Mən gün öldürürəm, əlim qandadı...

Doğraya-doğraya qolu-qanadı -

Məni tələsdirmə sən intihara...


Gecə asıldığım didərgin yuxum

Gəzib-dolaşdığım - xəyalda Tuğum...

Kirpikdən damlanıb qoy bir-bir yığım -

Məni tələsdirmə sən intihara...


Dan yeri gözümdən baxır gözünə

Bu sevgi gözümdən axır gözünə...

Fağır görünürəm fağır gözünə -

Məni tələsdirmə sən intihara...


Qatlayım ürəyi büküm, de necə?

Yoxdursa tərpənsin tüküm, de necə?

Kənardan görünür yüküm, de necə?

Məni tələsdirmə sən intihara...


Özünə sən məndən bax bircə dəfə

Özünü mənim tək yax, bircə dəfə...

Özünü qəlbimə çax bircə dəfə -

Məni tələsdirmə sən intihara...


***

Bəli, indi bütün bu yazdıqlarımı yekunlaşdırmaq, necə deyərlər, sonunu bəyan etmək məqamı gəlib çatdı. Bunun özü də bir məsuliyyətdi. Çünki bu qədər zaman ayırıb bu yazını oxuyan oxucularım istər-istəməz onlara nə dediyimi, nə demək istədiyimi yəqin ki, düşündülər, ağıllarından, ürəklərindən keçirdilər. Və mən də onların düşüncələrinə bu yazıdan əxz etdiklərinə böyük hörmətlə, sayğıyla yanaşaraq özümün də fikrimin nədən ibarət olduğunu, ümumiyyətlə, bu yazını niyə yazdığımı diqqətə çatdırmaq istəyirəm...

Həqiqətən arxada qalan bir ay həm ölkə həyatında, həm də fərdi həyatımızda öz izini qoydu və müəyyən məsələlərdə əllərimizi də qaldırdıq, dizimizi də yerə atdıq. Bunu görməyə, deməyə bilmərəm. İçimizdən sevinc də süzülüb getdi, kədər də xışladı bizi.

Amma olanların hamısının içərisində bir insan kimi hər birimizin yanvarı tarixə çevirməyimiz yaddaşımıza yazıldı. Biz birmənalı olaraq yanvara qalib gəldik! Sonrası qaldı fevralın ümidinə...

Və ümumiyyətlə, ümid deyilən bir anlayış kimi, bir məhfum kimi, bir söz kimi təkcə dilimizin ucunda yox, həm də ürəyimizdə, varlığımızda hakim olmalıdı.

Çünki "ümid sonda ölür" - deyirlər. Bunu bildiyimiz halda sabaha ümidsiz olmağımız özü təbii ki bağışlanmaz bir haldır. Bu bağışlanılmaz halın mənim bildiyim bir çıxış yolu var, o da ümidin ətəyini əldən buraxmamaqdı.

Bax elə mən həmin o inama söykənib bu yazımda bütün olanların içərisində bir işıq axtarıb tapmağın mümkünlüyünü ifadə etməyə çalışdım. Bilmirəm, alındı, yoxsa yox, amma bacardığımı etdim. Və...

Hamımıza ümidli olmağı, ümidin ətəyini möhkəm tutmağı arzu edirəm. Təbii ki, öz yerinizdə çalışın ki, möhkəm olun!..


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-02
2021-03-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09, 06,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK