SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: SÖNMƏYƏN İŞIQLARDAN BİRİ

  13433   |  
Şriftin ölçüsü  

Adətən ilin sonu gəlib çatanda istər-istəməz bir anlıq dayanıb düşünməli olursan. Və bu düşündüyün müddət ərzində gözünün önündən bir kino lenti gəlib keçir. O kino lenti əslində arxada qalan, yaşanan, ömrə bu və ya digər formada izini, naxışını vuran ömür cizgiləridir. İnsan özü-özündən xəbərsiz o cizgilərin naxış müstəvisinə çevrilir. Və bir də o vaxt xəbər tutur ki, ömür karvanı ötüb gedib. Yolda bir ləpirlər, bir də tozanaq qalıb. Əslində o adam xoşbəxtdir ki, tozu-tozanağı ilə yanaşı, ləpirləri qalır. Bax, elə Qobustandakı ləpirlər kimi... qayaların üstündə ləpirlər... əsrlərin əridə bilmədiyi ləpirlər...

İndi daha çox işlənən söz yaddaş kartıdı. Hər kəsin bu yaddaş kartı anlamından xəbəri var. Uşaqlı-böyüklü hər kəs bu fikrin mobil telefonlara aid olduğunu düşünür. Amma unuduruq ki, Allah bizi yaradan gündən yaddaş verib. O yaddaşın da "sim-simi" də bizim öz hafizəmiz... bizim öz məntiqimiz... bizim öz dünyaya baxışımız olubdu. Sadəcə, zaman, elmi-texniki tərəqqi o yaddaşın sonuna "kart" sözü əlavə edib. Ona görə də yeni bir nəfəs qazanıb yaddaşımız. Bax, mən də öncədən dediyim ki, həmin kinolent, həmin o ləpirlər elə yaddaş kartında olanlardı. Bu mənada hər kəsin, eləcə də mənim yaddaşımda bir qeyri-ixtiyari seçim prosesi zaman-zaman gedibdi. Yəni yaddaşda olanların müsbət və mənfi qruplaşması. O müsbətin içərisində sevilənlər və bir də adi, dəyərli olanlar. Deməli, yaddaşla ən çox insanı özünə çəkən, insanı həyata bağlayan və onu yönləndirən, qanadlandıran, bir az da dərinə getsək, onu özü olmağa məcbur edən məhz həmin o sevilənlərdi...

Əlimi ürəyimin üstünə qoyub 60 yaşımın üç günlük məsafəsində bir fikri dilə gətirirəm. Demək istəyirəm ki, yaşadığım həyatda sevdiyim, güvəndiyim, pərəstiş etdiyim və hətta təlqin etdiyim adamlar olub və bu gün də var. Hətta özümdən asılı olmadan onlara bir həsəd də aparmışam. Çünki onlar təkcə mənim sevdiklərim olmayıb. Onları ətrafları da, xalq da sevib... onlara qucaq açılıbdı... onlar ehtirasla qarşılanıbdı... alqışlarla yola salınıbdı. İndiki məqamda adlarını çəkəcəyim şəxslərin hər biri sizin üçün tanınan, önəmli olan adamların sırasında dayanacaq. Tutaq ki, bir anlıq göz önünə gətirin, qapı açılır: Müşfiq, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Söhrab Tahir, Hüseyn Arif, Qabil, Nəbi Xəzri, Cabir Novruz, Nüsrət Kəsəmənli, Akif Səməd... Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Mədinə Gülgün, Nurəngiz Gün... otağa daxil olur. Bax, bu məqamda kim ayağa qalxmaz, kim onları alqışlamaz, kim onların gəlişinə sevinməz?! Mən sadəcə, yalnız sözlə yaşayanların, sözlə ömrümüzə-günümüzə hopanların, sözlə, şeirlə yaddaşımızda yaşayanların bir qismini dilə gətirdim. Və sonuncu adını çəkdiyim Nurəngiz Günün sözün üstünə düşən gününü, işığını otağımda hiss etdim. Mənə toxunduğunu, məni öz istisinə bükdüyünü hiss etdim. Hətta qulaqlarımda onun səsi də əks-səda verdi. Həmişə dediyi kimi soruşdu:


- Əbili, axırıncı yazında məni yaman kövrəltdin... Niyə belə yazırsan?

Belə deyirdi Nurəngiz Gün... belə soruşurdu və belə də danlayırdı... Mən isə indi, yəni ilin sonuna üç gün qalmış özümü onun işığında, gül salonunda hiss edirəm. O güllərin arasında dayanıb Nurəngiz Gün. Sanki güllər gözəlliklərini ondan alıblar, o da güllərdən. Ona görə də Bakının açılan hər səhəri o gözəlliyə bələnir, o gözəlliyi gün işığı kimi özünə qatır. Bunu təkcə mən yox, Bakı sakinləri yox, bu şəhərin qonaqları görürlər, hiss edirlər. Çünki şəhər güllərə qərq olub. Bu, təkcə "güllərin soyqırımı" deyil, həm də güllərin dərdimizə şərik olan sevincimizi bölüşən vaxtıdı. Təbii ki, bunlar həyatın ayrı-ayrı məqamıdı. Güllərin soyqırımı 20 Yanvarla, Xocalıyla, Qaradağlıyla, Şuşayla, işğal olunmuş torpaqlarımızla, 31 mart soyqırımımızla, 20 noyabr faciəmizlə, şəhidlərimizlə dərdləşən, həmahəng olan, onlara bələnən bir zamandı. Güllərin soyqırımı həm də vurğuladığım çalarların fonunda bir yüksəlişdi, şəhidlərlə birlikdə ucalmaqdı. Güllərin dərdimizə şərik olmasıdı bu. Özü də bu soyqırım, bu şəriklik, dinlə, dillə bağlı deyil. Əslində bu, bir multikultural dəyərin çox-çox uzaqlara gedib çıxması deməkdi. Və biz o dəyəri şəhidlərimizə diz çökəndə də, onları güllərə bələyəndə də birmənalı etmişik. Şəhidimizin dininə, milliyyətinə fərq qoymamışıq. Ona görə də Bakıda gül mağazasında, bir alman bəstəkarın yaşadığı hisslər həyat gerçəkliyidi. O, faşizmin yaddaşımızda yaşatdığı cizgiləri "nemes" olaraq bizə təkrar xatırlatsa da, biz öz əxlaqımız, öz düşüncəmiz, öz yanaşmamızla "nemes”ə böyüklüyü, saflığı, bu yerdə güllərə sevgini elə çatdırırıq ki, o, bu gerçəklikdən qaça bilmir, əksinə məmnun olur. Və həmin o "nemes" bəstəkar bu gerçəklikləri dünyaya bəyan edir. Bax, budur şeirin də, elə şeirdəki güllərin özünün də qələbəsi, haqqı ifadə etmək gücü.

Bakıda,

Gül salonunda alman bəstəkarı...

Bakının əziz qonağı -

bir dəstə gül üçün

bulmuş özünü.

Özünün

cəlbedici boybuxunuyla,

xanımlara incə baxışlarıyla,

Zövqlü ədasıyla, naxışlarıyla,

salona daxil olmuş...

Gözlərində

heyrət,

əxlaq,

mərifət,

nəzakət...

görünür onun...

Bu təsvir hardasa bir kənarda durub müşahidə aparmanı xatırladır. Sanki kimisə izləyirsən, kiminsə nə edəcəyini sona qədər görmək istəyirsən. Və bu görmək istədiklərin adi halda, başqa günlərdə gördüklərindən o qədər də çox fərqlənmir. Çünki bura gül salonudur. Sadəcə, gülü alan "nemes” bəstəkardı. O da öz genetik koduna uyğun olaraq özünü aparır, güllərə münasibətini ifadə edir. Özünü bu təqdimetmə onun ali irqdən olmasının ifadəsidi. Lakin güllər, o güllərin satıcısı, onun əxlaqı və qonağa yanaşması həmin o ali irq anlayışını yavaş-yavaş əridir. Qonaq hiss edir ki, o, heyrətdən donur, o, Bakıda olduğunu dərk etməyə başlayır. Və Bakıda güllərə olan münasibətin alt qatlarını görür.

Gülgəz görkəmiylə,

kişi ədasıyla,

şeriyyətiylə,

eşqiylə, sözüylə,

qətiyyətiylə,

həm zərif,

həm incə

təbiətiylə,

insana,

güllərə, çiçəklərə,

məhəbbətiylə...

sədaqətiylə,

bu qadın

necə də meydan sulayır...

Gülləri köksünə sıxır, ağlayır...

Bəli, bu təkcə bir poetik uğur deyil, bu həm də sözün düzülüşüylə, sözün göstərmək gücüylə tablo yaratmaqdı, mənzərə canlandırmaqdı. Bunu Maşallah Məftun məharətlə gerçəkləşdirib. Həm də o, ağ paltarlı qadının güllərin arasında bir simvol olaraq, bir həmrəylik carçısı olaraq, bir bəşəri xilaskar olaraq görünməsini elə ustalıqla zərurətə çevirir ki, onun qarşısında hamı susur, hamı gerçəklə barışır, razılaşır...

Mən Nurəngiz Günlə bağlı həmsöhbət olduğum hər kəsin dilindən aldığım bir ifadəni yaddaşıma möhürləmişəm. O ifadə Nurəngiz Günün sadəliyinin içərisindəki böyüklüyü və bu böyüklüyə hopmuş gözəlliyidi. Sanki o öz şeirlərinin cismən görünən tərəfi idi. Və bu mənim, sənin gördüyün Nurəngiz Gün sözün görünməyən qatlarında güllərin ləçəkləri kimi özünü söz-söz ifadə edir...

2018-in nəfəsinin kəsilən vaxtında yenidən Maşallah Məftunun "Güllərin soyqırımı"yla yolüstü söhbət etdim. İstədim ki, yeni ilə elə həmin ovqatla, güllərin ətri və Nurəngiz Günün işığında keçib gedim. Axı bu dünya həmişə işığa möhtac olubdu, özü də gur işığa. Həmin işıqların sönməyənlərindən biri də sözü və ruhu mənə əziz olan Nurəngiz Gündür. Yeni iliniz mübarək, Nurəngiz xanım!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

10-12 il bundan qabaq möhkəm qar yağanda, Bakı kəndlərinin birində rəhmətə gedən olur. Hava dəhşət soyuq, çovğun olduğuna görə molla Yasini oxuya bilmirmiş.

Qəbirin yaxınlığına bir maşın gətirirlər, deyirlər, otur maşında, oxu. Molla oturub oxuyur, hərdən pəncərəni açıb “Fatihə!” qışqırırmış.

Axırda bir-iki nəfər mollaya yaxınlaşıb deyir ki, molla əmi, sən əziyyət çəkib pəncərəni açma, 2 dənə siqnal ver, özümüz biləcəyik.

ARXİV

TƏQVİM

FACEBOOK