adalet.az header logo
  • Bakı -°C

BU DÜNYADAN RƏMİŞ KEÇDİ - Aqil ABBAS yazır

AQİL ABBAS
367 | 2025-11-17 14:23
A- A+

Dünyanın ən xoşbəxt və ən bədbəxt insanı idi Rəmiş. Niyə ən xoşbəxt və ən bədbəxt? Darıxmayın, indi açıqlayacam. 

Yazılarımda və televiziya müsahibələrimdə Rəmiş haqqında belə bir fikir söyləmişdim: «Rəmiş nə atadı, nə anadı, nə bacıdı, nə qardaşdı, nə vətəndaşdı, heç adam da deyil. Rəmiş başdan-ayağa ruhdu – yarı mələk, yarı şeytan. Bəzən şeytan mələyi üstələyir». 

Bu da Rəmişin bərk xətrinə dəymişdi. Amma dedim ki, Rəmiş, mən sözümün üstündə qalıram. 

Rəmiş niyə dünyanın ən xoşbəxt adamıdı? Xoşbəxtliyi odur ki, bu insan ağlı kəsəndən dünyanın ən azad insanı olub, heç bir çərçivəyə sığmayıb. 250 milyon insanı çərçivədə saxlayan Sovet hökuməti onu çərçivəyə sala bilmədi. Necə istədi elə də yaşadı,  türk şarkısında deyilən kimi, əgər buna yaşamaq deyirlərsə.  Nə istədi yedi, nə istədi içdi, nə istədi onu elədi, nə istədi onu geyindi, hətta bəzən şəhərdə şəpitlə gəzdi. Uzun saç saxladı, mədəniyyət naziri belə onun saçını qırxdıra bilmədi. Konsertlərdə hamı eyni kostyum geydiyi halda Rəmiş cinslə çıxırdı, Zeynəb xanım da xətrinə dəymirdi. Heç kəsin qabağında əyilmədi. Təkrarolunmaz ifaları ilə milyonların sevgisini qazandı  və hamı Rəmişi necə vardı elə qəbul elədi. 
Belə bir söz var, sənin azadlığın mənim  azadlığım başlayanda qurtarır. Rəmişin azadlığı heç kimin azadlığının başladığı yerdə qurtarmadı. Milli musiqimiz üçün tamamilə yad bir aləti milliləşdirdi.

Amma Rəmiş məktəb olmadı, çünki heç özü məktəb görməmişdi. Bəlkə də heç məktəbin nə olduğunu bilmirdi.    Ağdamdakı Musiqi Texnikumunu da  alayarımçıq oxumuşdu. Oxumuşdu deməyək, şəpitlə dərsə gedib-gəlmişdi. Amma dövlət imtahanında necə tar və piano ifa eləmişdisə, komissiya üzvləri durub Rəmişi bağırlarına basmışdılar. 

Rəmiş gitaranı bu millətə necə sevdirdisə Rəmişdən sonra onlarla gənc çox gözəl gitaraçalan oldular, xalq onları da sevdi. Çox mahir gitara çalanlar var, amma onların heç biri Rəmişin yolunu gedə bilmədi, çünki  o yolu Allah təkcə Rəmişə vermişdi.

Bəs, niyə Rəmiş dünyanın ən bədbəxt insanıdı? Rəmişin bir normal lent yazısı yoxdu . Çünki  bu lent yazıları ya toylarda, ya da xudmani məclislərdə yazılıb. Özü də video çıxandan sonra. Youtubeyə baxın, hamısı  1991-ci ildən sonra yazılıb. Rəmişin çağlayan vaxtlarında – 70-90-cı illər arası ifaları itdi-batdı. Çünki onlar köhnə maqnitofon lentləri idi, sonra kompakt kasetdəydi, texnika inkişaf elədi və onlar da oldu istifadəsiz. Bəlkə də müəyyən  adamların evlərində qalır. Şəxsən  məndə iyirmidən çox Rəmişin maqnitafon lentləri vardı. Allah erməninin tifağını dağıtsın, şəhərimiz işğal olunanda hamının evi kimi bizim evi də dağıtdılar, yandırdılar, həm on beş minlik  kitabxanam məhv oldu, həm də Rəmişin lent yazıları. 
Rəmişin lent yazılarını çox axtarmışam, tapa bilməmişəm. Bilirəm ki, bircə kamançaçalan Elman Bədəlovun oğlu Muquşda var, ona da əlim çatmır, deyirlər Almaniyada yaşayır.

Bircə dənə normal diski var, onu da ANS-in rəhbəri Vahid Mustafayev və görkəmli jurnalist Mirşahin Ağayev çətinliklə də olsa öz maliyyələri hesabına Londonda yazdırıblar. O da az tirajla, satışa da verməyiblər, dosta-tanışa hədiyyə ediblər. Birini də mənə hədiyyə etmişdilər,  Rəmişsevər dostlarımdan hansısa  maşınımdan çırpışdırdı. Halal xoşu olsun. 

Ona görə də Rəmişin qeybə çəkilməsindən sonra heç bir televiziyada onun haqqında söhbət getmir, ifaları göstərilmir.

Yalnız İctimai televiziyada  Saleh  Bağırovun və Nailə xanımın apardığı «Ötən günlər» verilişi Rəmişə həsr olundu və xalqa Rəmişi yenidən təqdim etdilər, sağ olsunlar. Rəmiş dünyanın ən bədbəxt adamı ona görədir ki, izi-tozu qalmadı. Gələcək nəsillər belə bir dahini tanımayacaqlar, tapıb dinləyə bilməyəcəklər. 

Bəs, Rəmiş haqqında povesti niyə yazdım? Rəmiş hər görüşəndə məndən soruşurdu:

- Qaqa, mənə söz vermişdin ki, məndən nəysə yazırsan, nooldu?

- Darıxma, yazıram. 

Amma o darıxdı, məndən də darıxdı, dostlarından da, hamıdan darıxdı, day gözləmədi, çıxdı getdi. Yəqin ki, cənnətə buraxmazlar, amma cəhənnəmdə sərin bir yer tapılar onun üçün. O, yenə dostlarını başına yığıb,  ocaqdan oğurladığı bir taxtanın üstünə iki sim çəkib uyudar cəhənnəmdəkiləri. Bədənləri yansa da, ürəklərinə su səpər. 

Tarixdə Paqanini adında bir skripka dahisi olub. Təbii ki, təxminən 250 il bundan əvvəl yaşamış Paqanininin necə ifa elədiyinin heç bir şahidi qalmayıb, ağızdan-ağıza keçib. Deyilənlərə və yazılanlara inanmaq məcburiyyətindəyik. Yazırlar ki, Paqanini skripka çalanda zaldakı adamların ürəyi gedirmiş, bağırırmışlar, içlərinə şeytan girirmiş. Ona görə də kilsə xadimləri  onu şeytan adlandırıblar, otuz il də xristian torpaqlarında basdırılmağa icazə verməyiblər. Otuz il oğlu və köməkçisi şəhər-şəhər, kənd-kənd gəziblər və kilsənin sözüylə də hər yerdən qovulublar. Amma Paqanini bir əfsanəyə çevrilib, mifləşib. 

XIV-XV əsrlərdə Təbrizdə Əbdül Qadir Baği adında bir xanəndə olub. Bütün  Şərqdə məşhuruymuş, qeyri-adi, ilahidən gələn səsi varmış, bizim Qədir Rüstəmov kimi. Şöhrəti Əmir Teymura gedib çatıbmış. 

Əmir Teymur Təbrizi  fəth edərkən əmr edir ki, Əbdül Qadir Bağini onun yanına gətirsinlər. Aralarında bir söhbət olur. 

Deyir:

- Oxu. Əgər xoşuma gəlsə, nə istəyirsən istə məndən.

Oxuyur, öz ilahi səsiylə  Əmir Teymuru sehirləyir. Soruşanda məndən nə istəyirsən, deyir:

- Əmr elə Təbrizdə yağmalanmanı, qırğını saxlasınlar. 

Əmir Teymur onun bu xahişini yerinə yetirir. Sonra da onu Miranşaha vəzir verir. Miranşaha sui-qəsd olandan sonra Ədbül Qadir Baği qorxusundan Bağdada qaçır. 

Əmir Teymur oğlunun intiqamını almaq üçün  yenidən yürüşə çıxır və gəlir Bağdada. Tapşırır ki, o Bağini tapın və diri-diri mənə gətirin. 
Gətirirlər. Əmir Teymur deyir ki, mən sənə o cür hörmət etdim, oğluma  vəzir qoydum, sən də ona sui-qəsddə iştirak etmisən. 

Baği and-aman edir ki, mənim əlim yoxdu, sizin qəzəbinizdən qorxub qaçmışam.  Əmir Teymur deyir ki, aparın bunu asın. Bağini çadırdan çıxartmaq istərkən Əmir Teymur soruşur ki, oxuya bilərsən? Baği əlini atır qulağının dibinə, dirsəyi ilə də, Qədir Rüstəmov kimi, böyrəyini sıxıb necə zəngulə vurursa yenə İlahidən gələn səsiylə Əmir Teymuru sehirləyir. 

Əmir Teymur bağırır:

- Kəs səsini, bu səsi eşidəndən sonra qoşun heç kəsi öldürə bilməz, silahı atar.

Sonra əmr edir ki,  buraxın, gedib yaşasın. 

Yəqin Əbdül Qadir Baği də  Şərqdə əfsanəyə çevrilib, mifə çevrilib. 

İndi zaman gələcək Rəmiş də əfsanəyə, mifə çevriləcək. «Rəmiş» povestini ona görə yazdım. 

Qədir Rüstəmovdan çox məqalə yazmışam, ondan da povest yazmışam. 

Bir dəfə  Ağdamda Qarabağın tanınmış ziyalısı  Yusif Əhmədov çayxanada mənə dedi:

- Aqil, bala, Qədirdən yüz dəfə də yazsan onun oxumağının bir dəqiqəsini ifadə edə bilməzsən. 

İndi Rəmiş haqqında da məqalələr yazmışam və indi də bu povesti yazmışam, amma bilirəm ki,  Yusif müəllimin sözü olmasın, onun improvizasiyalarının, ifasının yüzdə birini verə bilmərəm. 

Sadəcə olaraq, «Rəmiş» povestini  ona görə yazdım ki, qəlbimdəki Rəmiş ağrısından bir qədər yüngülləşim  və bu ağrı-acını oxucularla bölüşüm. Və gələcək nəsillər də Rəmişi tanıya bilsinlər. İnanıram ki, Rəmiş də gələcəkdə əfsanə və mifə çevriləcək.

P.S. Povest bütövlükdə «525-ci qəzet»in 4,5,6,7 noyabr saylarında, eləcə də «Ədalət» qəzetinin saytında (Adalet.az) dərc olunub. 
 

TƏQVİM / ARXİV