SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: DÜNYANIN ƏN GÖZƏL QIZI

  24742   |  
Şriftin ölçüsü  

… Onda dünyanın ən gözəl qızının 7-8 yaşı vardı. Və 7-8 yaşlı bu qız həmişə anası Xanım bibimlə və Həqiqət bibimlə bizə gələrdi. Gələn kimi də öz şıltaqlığı, öz dəcəlliyi və öz şirinliyiylə bizi ovsunlayardı. Həyətə düşərdik, ya qaçdı-tutdu oynayardıq, ya da başqa maraqlı oyunlar oynayardıq. Onun bizə gəlməsi həmişə toy-bayram idi. Çünki bizə gələndə sanki evimizdə günəş doğur, işıq olur və hər tərəfdə yaz ətri hiss eləyirdin…

… Bizə tez-tez də gəlməzdi. Ən yaxşı halda ildə bir-iki dəfə Xanım bibimə qoşulub qapımızı açardılar. Və biz qardaş-bacılar da dünyanın ən gözəl qızının gəlməsini səbirsizliklə gözləyərdik. Və bəzən də onu görməyəndə çox darıxardıq. Deyərdik ki, görəsən Nəzakət bizdən küsüb, ya yox?! Heç küsəyən qız da deyildi. Amma çox şirin, çox da dəcəl qızıydı…

Bəhmənliyə kəndirbaz gəlmişdi. Və bu kəndirbaz heç də bizim tez-tez kəndimizə gəlib çıxan deyildi. Kəndirbaz gələndə kolxoz həyətində tamaşaya o qədər adam yığılardı ki, iynə atsan yerə düşməzdi. Və bu kəndirbazlar da bir-birindən maraqlı nömrələr göstərərdilər. Ya nazik məftilin üzərində atılıb-düşər, ya da stolu o məftilin üzərinə qoyub onun üstündə akrobatik hərəkətlər eləyərdi. Onun hər nömrəsi alqışlarla qarşılanırdı. Və dünyanın ən gözəl qızı da kəndirbaz kəndimizə gələndə həmin tamaşaya baxardı. Kəndirbaz gedəndən sonra isə biz də kəndirbazlıq eləmək istəyirdik. Çünki kəndirbazdan dünyanın ən gözəl qızının xoşu gəlirdi.

… Bir dəfə bizə gələndə dedim ki, sənin kəndirbazdan yaman xoşun gəlir. O isə başı ilə təsdiq elədi, yəni «xoşum gəlir» - dedi. Bunu eşidən kimi həyətimizdəki iki gilanar ağacının arasında bir məftil bağladıq və əlimizə də uzun bir ağac alıb onun üstünə çıxdıq. Daha doğrusu, onun üstünə mən çıxdım. Ordan təpəsi üstə necə yerə yıxıldımsa, bir də gördüm başımdan qan axır. Və dünyanın ən gözəl qızı da buna baxıb gülür. Gülə-gülə dedi ki, səndən kəndirbaz çıxmaz. Başımın yarıldığını eşidən Xanım bibim də bunu görüb dünyanın ən gözəl qızına bərk əsəbləşdi və düşdü Nəzakətin üstünə. Dişinin dibindən çıxanı ona dedi. Dedi ki, ay canı yanmış, bu uşağı qızışdırıb nə o məftilin üzərinə çıxarmısan?

Özümü toparlayıb Xanım bibimi sakitləşdirdim. «Nəzakətin heç bir günahı yoxdur» – dedim. Mən özüm kəndirbazlıq elədim. Guya forslandım ki, onun xoşuna gələm. Sonra Xanım bibim güldü və dedi: «Ay pir olmuş, sən Qismətin oğlusan ey, nə kəndirbaz-zad. Dünya dağılsa da mən kəndirbaza qız vermərəm. Ancaq siz yaxşı oxusanız, dərslərinizdən beş alsanız, bax, Nəzakəti sizdən birinə verəcəyəm».

… İllər keçdikcə biz böyüyürdük. Və Nəzakət də məndən iki yaş böyük idi. Hər dəfə Xanım bibim gələndə soruşurdu ki, dərsinizi necə oxuyursunuz. Biz də Nəzakətin xoşuna gəlmək üçün bir-birimizin bəhsinə dərslərimizdən «beş» alırdıq. Elə rəhmətlik Xanım bibim həmişə bu sözü tez-tez dilinə gətirərdi. Sanki o bizi ruhlandırır və deyirdi ki, yaxşı oxuyan həmişə gözüaçıq və alnıaçıq olur.

… Üç qardaş üçümüz də orta məktəbi yaxşı oxuduq. Birimiz tarix fakültəsinə, birimiz jurnalistika fakültəsinə, birimiz də hüquq fakültəsinə qəbul olduq. Bəlkə də Xanım bibimin o sözləri olmasaydı, biz bir o qədər də yaxşı oxuya bilməzdik...

… Onlar hamısı uşaqlıq illərinin yaddaqalan anlarıydı. Amma elə ki, böyüdük, biz dünyanın ən gözəl qızını öz bacımız kimi sevdik. Hətta onu böyük qardaşıma atam almaq da istəyirdi. Buna nə qardaşım razı oldu, nə də Nəzakət. Biri dedi bacımdı, biri də dedi qardaşımdı. Gör neçə illərdi bu qardaş-bacı münasibətləri davam eləyir. Gör neçə illərdi xanım bibimin, Həqiqət bibimin bizim aramızda yaratdığı çox böyük məhəbbət və istək hər birimiz tərəfindən davam etdirilir…

Xanım bibim çox gözəl plov bişirərdi. Qarabağlılar plova aş deyirlər. Atam rəhmətə gedəndə bir gündə yas məclisində yeddi-səkkiz böyük qazan aş dəmləndi və camaat da bildi ki, bu plovu Xanım bibim bişirib. Düzdür, o bizdə atam rəhmətə gedəndə plov bişirmişdi. Amma evlərinə gedəndə də ondan da gözəl plov dəmləyərdi. Plovu yeyəndən sonra adam doymaq bilmirdi. Və düşünürdü ki, bir də Xanım bibimgilə nə vaxt gələcəyik ki, o dadlı plovdan yeyə bilək...

Xanım bibim də dünyasını dəyişdi. Sonra da Həqiqət bibim Allah dərgahına qovuşdu. Və hər iki yas məclisində iştirak eləyəndə onların yoxluğuna inana bilmirdik. İnana bilmirdik ki, bu gözəl mələk kimi insanlar haqq dünyasına qovuşub. Xanım bibimin də, Həqiqət bibimin də ətrini Nəzakətdən alırıq. Hətta mənim həyat yoldaşım Rəhilə xanım deyir ki, Xanım bibin yoxdu, Həqiqət bibin yoxdu, onun yerində şükür Allaha Nəzakət xanım var. Bax, biz də Nəzakəti görəndə elə bil ki, bacımızı görürük. Elə bil ki, Xanım bibimlə, Həqiqət bibimlə görüşürük…

Dünyanın ən gözəl qızına Bəhmənlidə çoxları elçi düşmüşdü. Ancaq o, öz seçdiyi, ürəyinə yatan insanla ailə qurdu. Çox yaxşı da övladları var. Səhv eləmirəmsə, oğlu polis orqanlarında işləyir. Əsas məsələ odur ki, bu ocaqda, bu yurd da həmişə səmimiyyət və meribanlıq olub. Və bizim xeyir-şərimizdə dünyanın ən gözəl qızı bacılarımızdan seçilməyib. Yəni bacılarımızla necə görüşürüksə, onunla da belə bir səmimiyyətlə görüşürük…

Novruz bayramı ərəfəsində onun mobil telefon nömrəsini bibim oğlu Tehrandan öyrənib zəng vurmaq istədim. Bibim oğlu Tehran da elə-belə oğlan deyil. Bir dəqiqənin içərisində istəsən sənə Amerikanın prezidenti Trampın da telefon nömrəsini öyrənib deyə bilər. Və heç kimin aşıra bilmədiyi işi bibim oğlu Tehran bacarır.

Dünyanın ən gözəl qızına zəng elədim. Əvvəl tanımadı. Sonra dedim ki, Qismət kişinin oğlu Faiqdi. Bax, onda səsi titrədi və kövrəldi. Bir anlıq sevincindən bəlkə də şoka düşdü. Handan-hana dilləndi: «Elə bil dünyanı mən verdin. Bu Novruzda heç kəs sənin qədər məni sevindirə bilməmişdi. Bax, indi gördüm ki, mən tək deyiləm. Arxamda sizin kimi etibarlı, namuslu, qeyrətli qardaşlarım var. Və siz də heç vaxt məni çətin gündə darda qoymamısınız. Səndən bir xahişim var: haçan kəndə gəldin, Rəhiləni, Emini götür gəl bizə! Gör maman qızı sizə necə süfrə açır. Allah sənə o bir oğlunun toyunu görməyi qismət eləsin! Bax, onda bacın Nəzakət o toyda ayaqyalın oynayacaq».

… Telefonu söndürəndən sonra özüm də kövrəldim. Və yadıma rəhmətlik Xanım bibim, Həqiqət bibim düşdü. Və yadıma onlara qoşulub uşaq vaxtı bizə gələn Nəzakətin o dəcəlliyi, o şirinliyi gəldi. Rəhmətlik atamın, anamın onların gəlişindən necə sevindiyini, necə fərəhləndiyini xatırladım. Həyətimizdə atamın göstərişiylə bu gəlişə qoçun necə kəsildiyi və kababın necə bişirildiyi gözümün önünə gəldi. Bir anlıq doğmalarımla sanki qovuşdum…

Elə bildim ki, Nəzakətlə telefonla danışanda rəhmətlik Xanım bibimin, Həqiqət bibimin ruhları da xəbər tutdu, dincəldi. Qohumların bir-birini axtarması, bir-birinə gedə bilməsə də, bayram günlərində zəng vurması inanın, dünyasını dəyişən doğmaların da ruhuna bir sığal çəkir. Və düşündüm ki, bu hərəkətimlə bir daha bibim qızı Nəzakətə arxa olduğumuzu, söykək olduğumuzu göstərmişik. Və bir daha dünyanın ən gözəl qızı hiss elədi ki, o tək deyil. Onun başının üstündə Allah var, arxasındasa mənim kimi, Elxan kimi doğmaları durub.

… O günü dünyanın ən gözəl qızını bəlkə də Allah sevindirdi. Çünki birdən-birə yadıma düşdü və ona telefon açdım. Allah-Təala heç vaxt heç kimi yaddan çıxarmır. Qəlbimizdə olan bu sevinci, bu istəyi, bu səmimiyyəti biz doğmalarımızdan heç vaxt gizlətməməliyik. Ən azından ona görə ki, onlar bu istəyi, bu səmimiyəti hiss edəndə qəlblərində və ürəklərində bir yaz təravəti, bir yaz işığı hiss edirlər…


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-20
2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK