SON DƏQİQƏ:

GÜNÜN GERÇƏK ÜZÜ…

  79271   |  
Şriftin ölçüsü  
İlin son çərşənbəsinə açılan səhəri demək olar ki, ürək sıxıntısı ilə, çox dalğın duyğularla qarşıladım. Daha doğrusu, bu səhər mənim üzümə belə açıldı. Axşamın xoş əhval-ruhiyyəsindən demək olar ki, heç nə qalmamışdı. Bütün günü şəhəri başına çevirən, altını üst edən dəli külək, tozanaq ara versə də, onun yerində sanki mənim üçün kütləşmiş, halsızlaşmış, duyğularını nizamlıya bilməyən bir ürək qoyub getmişdi. Nə qədər çalışsam da son çərşənbəyə açılan bu səhərdən xoş impulslar ala bilmirdim, aura məni sıxırdı. Amma...g

Mən bir gün öncə yazacağım yazını demək olar ki, bütünlüklə yaddaş kompüterimdə çap etmişdim. Ona görə də içimdə bir rahatlıq hakim idi. Düşünürdüm ki, son çərşənbə günü bilgisayara diktə edəcəyim yazı üçün sadəcə mənə qısaca bir zaman kəsiyi lazım olacaq və Allahın köməyi və eləcə də bilgisayar yazarımız Gülər xanımın sürətli yazısı ilə öncədən yaddaşımda olanı "Ədalət"in səhifəsinə çıxaracam. Təəssüf ki, belə olmadı...

Bəli, fələk heç vaxt biz sayanları saymır. Onun öz hesab kitabı var. Bəzən saymağa ya sondan başlayır, ya da ortadan. Heç kim də ona sıra sayını gözləməyi, ona əməl etməyi diktə etmək gücündə deyil. necə deyərlər, özü öz istəyinin ağasıdı. Elə görünür buna görə də fələkdi - adı da, özü də! Bax, elə bunu bilə-bilə, bunu anlaya-anlaya, bunu görə-görə də biz nədənsə özümüzü, ətrafımızı heç vaxt diqqətdə saxlamırıq, nəzərə almırıq. Unuduruq ki, fələyin at oynatdığı dünyada hər anın da hökmü var və biz də o hökmə tabeyik. Bu mənada mənim öncədən fikirləşdiklərim, bəzi məqamları nəzərə almadığım üçün, doğulmamış, daha doğrusu, ürəyimdə doğulub, yaddaşımda yazılıb və özümdən başqa digər bir Tanrı bəndəsinə bəlli olmayan yazım da eləcə silindi, soldu, öldü getdi. Bir də onun nə vaxtsa yenidən yazılması mümkün deyil. Axı bütün yazılar bir dəfə yazılır. Sadəcə, bir dəfə yazılan yazıları korrektə, redaktə etmək mümkündü, onu da hər adam bacarmır...

Hə, bu da son çərşənbə günü... Verilən proqnozlara görə, hələ azı beş il də Novruzun gəlişi mart ayının 20-nə düşəcək. Deməli, son çərşənbə tonqalından atlananda özümüz də bilmədən Novruza qədəm qoyacağıq, Bahara qovuşağacıq. Yeni ilin, yeni günün nə qədər xoş, önəmli olduğunu isə hər kəs özü-özlüyündə, öz dünyasında, öz ölçülərində görəcək. Çünki biz tonqallardan da öz boyumuz uzunluqda atlanırıq. Boyundan hündür atlananların aqibətləri göz önündədir. Yəni heç də həmişə yaxşı olmur. Ona görə də boyumuzun ölçüsünü bilsək də, bilməsək də atlandığımız tonqalın ağrı-acımızı, dərd-kədərimizi yandırıb kül edəcəyinə mütləq inanmalıyıq. İnamsız yaşamaq həmin o ağrılara-acılara, ümidsizliyə boyun əymək kimi bir şeydi. Boyun əydinsə, onda təkcə içində deyil, hətta çevrəndə də tonqal qalasalar da isinməyəcəksən...

İndi bu bir-birinə dolaşmış, az qala mənasız mükalimə təsiri bağışlayan cümlələrin bilgisayara yazıldığı anda hardansa mənə elə gəldi ki, öz ovqatımla təkcə özümü, iç dünyamı deyil, həm də oxucuların da, məni oxuyanların da ovqatına bir az narahatlıq toxumu sərdik. Adamların əhvalında bir balaca dilxorçuluq yaratdım. Ona görə də köhnə kişilər demiş, valı dəyişməyə üz tuturam. Axı siz bu yazını oxuyanda məmləkətimiz bahar günlərini yaşamağa başlayacaq. Pəncərələrdən, qapılardan otağa dolan bahar havası ömrünüzün baharlı günlərinin ilk səhifəsi, ilk yarpağı olacaqdı. Bu gözəldir, özü də lap gözəldir. Hər şeyin ilki gözəl olduğu kimi, sevginin də ilki unudulmazdır. Belə deyiblər, belə yazıblar... belə görmüşük, belə görürük... Yəqin ki, həmişə də belə olacaq.

Məndən Məcnun olmaz- olsa inanın

Mələklər adını dəyişər onda...

Bütün gözəlliklər çəkilər göyə-

Bu yer də dadını dəyişər onda...

Dünyanın rəngini adamlar seçir

İndi adamların başı dərddədi...

Adamlar doğulur, adamlar köçür

Məntiq düşüncədə, məna şərtdədi...

Mələklər başını itirir hərdən

Mənim Məcnun olmaq istəyim dinir...

Qopub öz-özündən, qopub bu yerdən-

Ürək Məcnun olmaq dalınca gəlir...

Dünya mələklərin xeyir-şər yeri

Mən də nöqtə boyda yer arayıram.

Mələklər, siz məni imtahan edin-

Görün Məcnunluğa mən yarayıram?!.

***

Hə, valı dəyişəndən sonra sözün ip ucunu ətrafımdakı doğmalardan almağa başlayıram. Otağa daxil olan qızların gətirdikləri bayram şirniyyatları adamın əhvalını yavaş-yavaş sarı sim üstə kökləyir. Bu, sadəcə xanım qızların əl qabiliyyəti deyil, həm də bayram ovqatı və bir də onlarla birlikdə çalışan, bir ailəyə çevrilən qarşı cinsə olan diqqətləridi. Belə münasibətdə bayramı lap boş süfrə ilə də keçirmək olar. Çünki bu qızların təkcə adları özü-özlüyündə artıq bir ovqat, bir bolluq-bərəkət, bir səmimiyyətdi. İnanmırsınızsa, adların sırasına baxın: Mehriban, Gülər, Vüsalə!

Hər halda, mehribançılığın, gülüşün sonda vüsala qovuşması elə özü bayram torbamıza qoyulmuş ən gözəl paydı. Allah bütün evlərin belə gözəl paylarını çox etsin və onlar da öz gözəllikləri ilə öz gözəl qismətlərinə qovuşsunlar!

Deməli, hər ağızda bir dua var deyiblər. Elə biz də həmin duaların işığında könlümüzdən keçənləri açıb qoyduq ortaya. Axı bütün gizlinlər gec-tez faş olur. Əgər bu çərşənbə gecəsində də içimizlə çölümüz, ürəyimizlə dilimiz üst-üstə düşmürsə, yanaşı getmirsə, onda diləklərimizin boğazdan yuxarı olduğu mütləq bəlli olacaq. Ən azı kimlərsə qapı pusanda, kimlərsə yastığının altına bıçaqdan, qayçıdan nə isə qoyub yatanda, ya da fal açanda... onda hər şeyi biləcək. Bax, bəri başdan gerçəyi, səmimiyyəti söyləmək daha gözəldir, daha dürüst qərardı... Mən də məhz həmin o dürüstlüyü bayraq edib onun dalğalanmasına göz qoya-qoya içimdə göyərtdiyim, dilimə gətirdiyim şair duasını söz adamının xoş niyyəti kimi bilgisayara diktə etdim. Bununda iki əsas səbəbi var idi. Birincisi, duanın həqiqətən ürəyimdən gəlməsi, ikincisi, bu dünyada səmimiyyətdən başqa heç nəyin hamı tərəfindən qəbul edilməməsidi. Yəni nə qədər gizləsən də, gizlənsən də mütləq üzündəki pərdə götürüləcək. Ona görə də üzündəki pərdəni özünün götürməyin və ümumiyyətlə, olduğun kimi görünməyin daha dürüstü, daha ağıllı bir seçimdi...

Hə, indi biz baharın ilk səhərini yaşamağa başlayırıq və yaşamağa başladığımız bu səhərin bayram ovqatı da bizim üçün təkcə yeni səhifə, yeni yazı-pozu, yeni iş günü deyil. Bu həm də ruhun, duyğuların, hətta damarda qanın yenilənməsi, təzələnməsi deməkdir. Həmin təzəlik isə hər şeyin ilki kimi gözəl olan ilk sevginin də gözəlliyini yaddaşda təzələyir, xatirələrdə yaşadır və pıçıldayır.

Demə boş keçirmişəm

Neçə ayı, ili mən.

Hələ ki, öyrənirəm -

Sən danışan dili mən.

Yuxuları qovurub

Dan üzünə sovurub

Öz içində ovulub-

Solan gördüm gülü mən!

O səs pırıl-pırıldı

Bulandı, gah duruldu...

Düşdü sim-sim qırıldı-

Yerdə tapdım zili mən...

Sinəm üstü oylağın

Nazdı ürək soymağın

Dincəldiyin yaylağın-

Torpağı mən, gili mən.

***

Hə, yazının əvvəlində ovqatdan danışdım, əhval-ruhiyyəni xatırlatdım. Çox şükürlər ki, səmimiyyət ilk cümləmdəki ovqatı pərən-pərən saldı. Necə deyərlər, bir az bulud avazıdı, bir az günəş göründü, bir az da...

Hə, bir az da özümün özümə daxili iradlarım köməyə çatdı. Elə həmin saydıqlarımın da ətəyindən tutub baharın ilk yazısını davam etdirmək və bu ilk yazının da bəxtinin bahar ətirli olması üçün söz dünyasında gəzişmələr etməyə başladım. Yadıma böyük Səməd Vurğunun misraları düşdü. Sonra xoş gələn baharın tərifini yazmış digər söz adamlarımız - Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Cabir Novruz, Nüsrət Kəsəmənli, Əli Kərim və daha kimlər, kimlər düşdü. Onların misraları yaddaşımda təzələndi. Həmin ovqatla da pəncərədən küçəyə boylandım. Şəhərimizin sakinləri bu gün daha çox harasa tələsirlər. Əməlli-başlı qaynayır şəhər. Maşınlar da yaman sıxdı. Hərəkət az qala məhdudlaşıb. Görünür bayram ovqatlı adamlar dükan-bazara, eləcə də şəhərdən kəndlərə, kəndlərdən şəhərlərə tələsdiklərindən belə bir durum yaranır. Zənnimcə, onsuz da tıxaca alışmış şəhər sakinləri ilin son çərşənbə günü o qədər də dilxor deyillər. Çünki bu günün özündə bir anlayış var. Adamlar hamının hara tələsdiyini az da olsa fəhm edirlər. Yəni bir-birini yola verməyə çalışırlar. Bunun özü də bir gözəllik, bir sayqıdır...

Mən bu kələfi dolaşmış yazının xoş ovqatla başa çatması üçün öz-özümü içəridən kökləsəm də, deyəsən o qədər də istəyimə müvəffəq ola bilmədim. Necə deyərlər, bir əli yaxamda olan ağrılı fikir öz işini görməkdədi. İstər-istəməz yadıma böyük Mirzə Fətəlinin məşhur dramlarından birində söylədiyi "meymunu yadınıza salmayın" (Kimyagərin qızıl məsələsini yəqin ki, xatırladınız - Ə.M.) fikri məndə təbəssüm yaratdı. Ona görə də üzümü ətrafımda olanlara, sevdiklərimə, məni sevənlərə, bütövlükdə hər kəsə tutub bu baharın onlar üçün xoş gəlişini, xoş müjdəsini, ruzi-bərəkətini bol etməsini dilədim. Axı bolluğun, sağlamlığın, sevginin bir ünvanı, bir daşıyanı və arzusunda olanı var - o da bizlərik. Təbii ki, məhz bu səbəbdən bir-birimizə həmişə can sağlığı, ruzi-bərəkət, xoşbəxtlik arzu edirik. Düşünürəm ki, bu arzu öz məramına görə, Tanrının da qəbul edəcəyi, eşidəcəyi bir duadı. İnşallah, Azərbaycan adlı məmləkətimiz həmin o duların işığında bundan da gözəl aylara, illərə qovuşacaq, baharlarla bəzənəcəkdi...

Deməli, baharın gəlişi ilə könlümün pıçıltılarını qoşalaşdırmaq, onların bir-birinə səs verməyə yardımçı olması üçün içərisindəki olduğum ovqatdan bir az uzaqlaşmaq, bir az kənara çıxmaq istəyirəm. Zənnimcə, bu bahar günü ilham pərisinin ətəyindən tutmağın əsl məqamıdı. Axı bahar özü həm də sevgi deməkdi, sevilmək deməkdi. Dünyanın da xilası məhz sevgidə, sevilməkdədi. O cümlədən də iç rahatlığı da halal, əbədi sevgidən keçir. Elə həmin sevgi də misralarda, sözlərdə ifadə olunur, qanadlanır, dildən-dilə, könüldən-könülə üz tutur. Mənim bütün misralarımın mayası olan yaşantılarım da bir növ sizlərə bayram hədiyyəmdi - Novruz payımdı.

Məni mənə tanıtdın

Mən ki, bilmirdim kiməm!

Məni sənə tanıtdın-

Sən ki, bilmirdin kiməm!

Çözələdin ruhumu

Könlümiü şum elədin...

Təzələdin ruhumu-

Özümü mum elədin...

Çözələndi ruhun da

Könlün də çiçək açdı

Təzələnən ruhun da-

Mənim üstümə qaçdı...

Məni mənə tanıtdın-

Bildim indi mən kiməm!

Mən bütün varlığımla-

Varlığına hakiməm!..

Bəli, biz bir insan olaraq dünyanın sevincini və qəmini yaşamağa, çəkməyə, daşımağa məhkumuq. Kimliyimizdən asılı olmadan bundan sığortalanmamışıq. Ona görə də daşıdığımız yükün çəkisi və mənası özümüzdən asılıdı, özümüzün ona yanaşmağımızdan, ona münasibətimizdən keçir... Yəqin ki, nə dediyimi hiss etdiniz... Bayramınız mübarək!

Əbülfət MƏDƏTOĞLU

[email protected]

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK