SON DƏQİQƏ:

Keçəldən bəyanat, Kosadan ultimatum

  69965   |  
Şriftin ölçüsü  
Novruz yavaş-yavaş gəlir. Abırlıdı da ona görə. İldə bir dəfə gəlir deyə camaat da onun xətir-hörmətini saxlayır, başına and içir. Novruz da ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi abırsız deyil ki, ildə 4-5 dəfə boş-boşuna gəlsin. Sayın Aqil Abbasın iki nömrəli düşmənləri iki-üç aydan bir əl-ələ verib gəlirlər. Heç düz-əməlli trio da oxuya bilmirlər. Hərəsinin ağzından bir avaz gəlir, biri ingiliscə, biri rusca oxuyur. Üçüncüsü də fransız dilində nəsə zümzümə edir. Bakının tıxaclı küçələrində bir neçə gün dolaşıb əlləri zadlarından uzun-ətəklərindən uzun qayıdırlar geri. Onlarda abır nə gəzir? Özlərini də elə aparırlar ki, guya torpaqlarımızın qədrini bizdən çox bilirlər. Torpağımızın hər sotuna filan qədər qiymət qoymuşuq, bir metrinə görə qardaş qanı axıtmışıq, əmioğlu güllələmişik. Siz gedin öz dərdinizi çəkin.
Novruzu onlarla tay tutmaq heç insafdan deyil. İldə bir dəfə gəlib hamıya bayram ovqatı bəxş edir. Hər tərəfdə bir canlanma yaranır. Səməni cücərdən, yumurta boyayan kim. Şəkərbura, paxlava bişirmək də öz yerində. Tonqaldan tullanmaq üstə uzun bir növbə yaranır. Hamı çalışır ki, həyət-bacada təmizlik işləri aparsın.
Novruzun gəlişi ən çox da Keçəlin və Kosanın işinə yarayır. Bu ərəfədə əməllicə hörmətə minirlər. Ay orda oturma, burda otur, ay nə bilim yuxarı başa keç, pəncərəyə yaxın oturma, soyuq dəyər...
Ona görə də Keçəllə Kosa özlərini dağ başına qoyublar, hökumət dili ilə desək, vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol veriblər. Guya bizimkiləri tanımırsız, kimin üzünə bir-iki dəfə baxırsan, özünü göylərdə hiss edir, deyir ki, burda mənəm, Ağ Evdə Obama.
Görün dünyanın harasıdı ki, Keçəl də bəyanat verib, guya bunun da partiyası-filanı var.
Hələ bizi borclu da çıxarmaq istəyib. Deyib ki, Novruz gedir-getsin, özü bilər, mən bu il Azərbaycan tərəfə getmək barədə fikirləşmirəm. Guya bizdən eyni sözləri eşitdiyinə görə bezib. Keçəlin sözləri düzgün çatdırılsın deyə onun bəyanatından sitatı olduğu kimi verirəm: "Artıq neçə illərdi ki, eyni şey təkrarlanır. Hər dəfə deyirsiniz ki, inşallah gələn il Novruzu erməni işğalından azad olunan torpaqlarımızda keçirəcəyik. Mən də sizə inanıb gəlirəm, amma görürəm ki... Nə qədər olar axı, ya bu məsələni birdəfəlik həll edin, ya da məni gözləməyin, gələn deyiləm". Telekanallardan maaş alan qardaşlarımız demişkən, sitatın sonu...
Kosa Keçəldən bir addım da irəli gedib, götürüb ultimatum verib. Özü də Kosanın ultimatumundan kabab iyi gəlir. Bu da Kosadan sitat: "Hərdən mənə elə gəlir ki, sizin Cıdır düzündə, İsa bulağında kabab yeməkdən başqa arzu, istəyiniz yoxdu. Kimi dindirirsən deyir ki, Şuşanı ermənidən geri alan kimi Cıdır düzündə kabab çəkəcəm, İsa bulağında qonaqlıq verəcəm. Qardaş, nə vaxt e, nə vaxt? Mədəm şirə buraxdı axı... Gedin, alın, bişirin, mənim də ağzım dada gəlsin. Gedib, alıb, bişirə bilmirsinizsə, məni narahat eləməyin". Bu yerdə lap sitatın sonu...
Allah yenə Novruzdan razı olsun. Sakit-sakit, abırlı şəkildə gəlməkdədi. Yoxsa bu Keçəllə Kosa kimi? Biri bəyanat verir, o biri ultimatum göndərir. Bizimlə bəyanat dilində, ultimatum tonunda danışmaq olmaz. Belələrini çox görmüşük. Guya İctimai Televiziya yox idi, səhər açılmırdı?
Səbrimizi daşırmayın, vallah elə eləyərik oynaya-oynaya gələrsiz, özü də Novruzdan bir neçə gün qabaq. Bəyanat verənə, ultimatum göndərənə bir bax. Sizi öyrədənlərə arxayın olmayın, onlarla da danışmağa gücümüz yetər. Sadəcə, indi başımız qarışıqdır, Novruzu qarşılamalı, ona ümid verməliyik. "Gələn il sizi işğaldan azad olunan torpaqlarda qarşılayacağıq" kimi sözlər yəni. Novruzu qarşılayıb yola salandan sonra Keçəl və Kosa ilə məşğul olarıq.
Telekanallardan maaş alan qardaşlarımız demişkən, lap ən son məlumata görə, Novruz yavaş-yavaş, abırlı şəkildə gəlməkdədi. Amma heç bilmirəm Keçəl və Kosa sözlərini tuta biləcəklərmi...
Etibar Cəbrayıloğlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK