SON DƏQİQƏ:

DİVARIN O ÜZÜNDƏKİ ADAM

  76755   |  
Şriftin ölçüsü  
Əməlli-başlı çaşıb qalmışam. Nədən yazacaığımı bilə-bilə kələfin ucunu tapmaq zülmə çevrilib. Elə bil kimsə qəsdimə dayanıb, kimsə mənimlə düşmənçilik edir. Mən də bu kimsənin kim olduğunu fəhm edə-edə qaranlıqda yox, lap günün günorta çağı otaqda adam axtarıram. Təbii ki, kənardan baxana bu, dəlilik əlaməti kimi də görünə bilər. Amma inanın ki, doğru sözümdü, indi təkcə mən yox, az qala bütün dünya dəli olub...

Mən belə götürəndə yer üzünün bütün insanlarının sırasında bəlkə də heç bir nöqtə boyda yerdə tutmuram və yer üzünün də bütün insanları təbii ki, bu nöqtədən xəbərsizdi. Xəbəri olanlar üçün də bu nöqtə sıradakı sadəcə bir yerdi. Bax elə bu yerin nöqtə boyda olmasına baxmayaraq, içimə dolan dəlilik, başıma vuran dəlilik, tay bilmirəm nə mənədisə məni əməlli-başlı çaş-baş salıb. Və...

Bu günlərdə rus qəzetlərindən birində maraqlı bir şey oxudum. Sizə maraqlı gəlməsə də mənə maraqlı gələn həmin o bir abzaslıq yazıda bildirilirdi ki, dünyanın ən böyük, ən qorxulu və ən qaçılmaz xəstəliyi sevgidi. Bunu bilə-bilə insanlar ona doğru gedirlər!..

Doğrudan da səni nə gözlədiyini, nələr yaşayacağını, nələrə tuş gələcəyini, nələrdən keçəcəyini və nəhayət, sonunun sual altında olduğunu bilə-bilə gedirsən... Doğrudu, bizim müdriklər də deyib ki, sevgi insanı kor edir. Təbii ki, bu, məcazi mənada deyilmiş bir ifadədi. Ancaq maraqlıdı, biz kor olmağı da qəbul edirik və gedirik... Bax, yazmaq istədiyim yazının mövzusu yəqin ki, sizə bəlli oldu. Amma bu yazının hardan başlamağın ip ucunu tapa bilməmək məni həm də hövsələdən çıxarır. Elə bil ki, sözlər də pərən-pərən düşüb. Görəsən, sözlərə nə olub? Bəlkə sözlər də hardasa mitinq edirlər və yaxud kiminsə qapısına daş atılar, bilmirəm. Sadəcə hiss edirəm ki, yazmaq, demək istədiyim sözlər indiki məqamda nə dilimin ucundadı, nə da ağlımda. Heç ürəyimdə də deyil...

Ona görə də adi qaydada, adi üslubda yazmağa cəhd göstərirəm və yazduqca da hiss edirəm ki, deyəsən axtardığım adam divarın o biri üzündədi. Oturub orda öz sükutunun içində kölgəsini ətrafıma dolandırır, kölgəsi mənə nəzarət edir, kölgəsi mənimlə baş-başa qalır...

Çox maraqlıdı, insanın özü divarın o biri üzündə, kölgəsi burda mənim yanımda. Az qala yadıma böyük Üzeyir bəyin Məşədi İbadın dilə ilə dediyi o məşhur nəğmə düşür: "Yar o yanda, mən bu yanda..."

Elə bilməyin ki, indi səsimə kimsə səs verəcək və yaxud kimisə köməyə çağıracam. Yox, adama gülərlər. Gülünc duruma düşmək, dəlilik əlamətlərinin artmasına səbəb ola bilər. Axı bizdə daha sevənə Məcnun demirlər, dəli deyirlər! Hətta sevənin cinsinə də fərq qoymadan işlədirlər bu sözü. Çünki indi sevgi dəbdə deyil, mesaj dəbdədi...internet saytları məsələləri həll edir... körpü rolunu oynayır...

Deyəsən mövzudan uzaqlaşdım. Amma qınamayın, axı əvvəldə dedim ki, yazıya ipucu tapa bilmirəm. Mən bu çaşqın durumun içərisində mənimlə bərabər dəli olan, daha doğrusu, mən dəlini də öz dəliləri sırasına qatan dünyanın bir neçə dəliliyinə etiraz etmək istəyirəm. Onlardan ən birincisi, olduğun kimi görünməməkdi. Bax, bu səbəbdəndir ki, olduğu kimi görünməyənlərin üstünə qoşun-qoşun dəlilər gedir, basqılar olur... Əslində qoşun-qoşun gedən dəlilər də, basqı edənlər də haqlıdılar. Çünki onlar hər şeyi bir rəngdə, bir sifətdə, bir təqdimatda görürlər, belə qəbul edirlər. Onlar üçün ürəklə sözün, əməllə sözün arasında insan dayanır. Elə bir insan ki, o əmələ də, o sözə də həmişə və hər yerdə sahib çıxır. Daha demir ki, o söz, o əməl mənim tiplərimin ifadəçiləridi, onların məzmunudu, onların mənasıdı...

İndi bax, bu dəliliyin bir nümunəsi olan və divarın o biri üzündə oturub bu dəliliyi müşayət edən Adama üz tutub pıçıldayıram:

Sözümün işıq payın

Sözümdən alma, nolar?

Bu sevdalı dünyamı -

Gözümdən salma, nolar?

Şam kimi əriyənə

Kölgə tək yeriyənə,

İçində kiriyənə -

Biganə qalma, nolar?

Həsrətə göz yumuram

Dözə-dözə sınıram!

Mən haqqımı umuram-

Sən fikrə dalma, nolar?

***

Bu gün hamı ondan danışır, hamı onu qınayır. Əslində danışan da, qınayan da heç də hamı deyil. Sadəcə, təqdimatlarda hamının danışdığı, hamının qınadığı ifadə olunur və oxucuya da, tamaşaçıya da elə gəlir ki, hamı danışır. Zənnimcə, heç hamının danışmağına da ehtiyac yoxdu. Çünki görünən kənd də, o kəndə gedən yol da, elə o yoldakı adam da açıq-aşkar göz önündədi. Onu kimdənsə soruşmaq, ona kimdənsə tanışlıq almağa ehtiyac yoxdu. Belə olan halda təbii ki, hamının danışmağı bir az məni sıxır, bir az mənə kütləvilik təsiri bağışlayır. Elə bil hansısa tamaşada kütləvi səhnəni seyr edirəm. Amma hamımız da yaxşı bilirik ki, kütləvi səhnədə iştirak edən aktyorlar o qədər də yadda qalmır, diqqəti çəkmir. Çünki o səhnənin elə adından bəllidi: kütləvi səhnə!

Hə, indi hamının danışdığı mövzunu təkrar etmək istəmirəm. Onsuz da söhbətin nədən getdiyi məlumdu. Sadəcə, mənim üçün ağrılı olan bu söhbətin içində bir məqam var ki, onun üstündən sükutla keçmək istəmirəm. Həmin o məqamı "Yeni Müsavat" qəzetinin dünənki sayında Nəsiman Yaqublunun və Azər Ayxanın yazılarındakı müəyyən nöqtələrdə təkrar gördüm, tutdum və elə bildim ki, onların həmin replikalarıdımı, mesajlarıdımı, yoxsa atmacalarıdırmı, yoxsa hər nədirsə mənim içimdən səsləndi. Nəsiman bəyin adlarını çəkdiyi, doğulduğu ünvanları işğal altında olan dəyərli ziyalıların, eləcə də Azər bəyin yazının lap sonundakı faciəni yaşamış söz adamlarının susqunluğuna, müdafiə mövqeyi tutmasına yönəlik fikirləri mənim demək istədiklərimlə tam üst-üstə düşdü. Ona görə də dəyərli qələm adamlarına, yəni hər iki bəyə sayğımı ifadə edirəm.

Məmləkətin indiki durumunda gözlənilməz qasırğaların baş verməsi adamı üzür. Çünki biz adətən təbiət hadisələrindən sığortalanmırıq. Yəni Tanrının hökmü ilə baş verən zəlzələyə, qəfil uçquna, selə, tufana insan nə qədər hazır olsa da, o, tam sığortalana bilmir, təbiət ona gücünü göstərir. Ancaq görünür, biz cəmiyyətdən gələn hadisələrə də heç sığortalı deyilik. Ona görə də cəmiyyətin istənilən bir üzvünün atdığı addım, "yaratdığı qasırğa" bizi elə yerdə yaxalayır ki, necə deyərlər, əlimiz yerdən də, göydən də üzülür. Məhz həmin anda Divarın o biri üzündəki Adamın niyə məhz divarın o biri üzündə olduğu üzə çıxır. Onda anlayırsan ki, kölgəsi özündən uzaqda olan adamlar elə-belə sıradan biri deyilmiş.

Sözün sözə çalandığı, sözdən söz çıxarıldığı indiki anda istər-istəməz dünənə tərəf boylanıram. Boylanıb görmək istədiyim və bəzən də gördüyüm dünəndə qalanlar mənə doğma gəldikləri qədər də yad, ögey görünürlər. Sanki dünəndən uzaqlaşdıqca, o dünəndə qalanlar da məndən uzaqlaşır, mənə ögeyləşirlər. Bilmirəm niyə? Burdadamı dəli olmuş dünya günahkardı, yoxsa özəl sevgilərindən dəli olanlar? Deyəsən, maraqlı sual alındı. Elə bu səbəbdən də həmin o maraqlı sualın cavabını araşdırmaq istəyirəm, bu təşəbbüsə üz tuturam, maraq gösətərirəm. Düşünürəm ki, bəlkə nə isə alındı. Ancaq deyəsən yox. Çünki elə əvvəldə dediyim kimi, dəlinin biri də özüməm. Onda belə çıxır ki, indiki vaxtda dəlidən doğru xəbər gözləmək o qədər də ağıllı iş deyil. Çünki bir dəlinin quyuya atdığı daşın səsi heç sakitləşmək bilmir. Sanki anasından zorla ayrılmış körpədi. Eləcə hıçqırtılarının içərisində boğula-boğula "Ana!" deyir.

Yəqin ki, bu qarışıq, dolaşıq düşən fikirlərin içərisində də bir dəlilik görürsünüz. Amma çox istərdim ki, gördüyünüz o dəliliyi normal qarşılayasınız. Ən azı ona görə ki, dəlinin sahibi olmalıdı, dəliyə sahib çıxmalıdılar! Bax, bu qəti və dəyişməz inamımla da fikirlərimi bir az da çözmək, bir az da şaxələmək istəyirəm. Çalışıram ki, bu şaxələnən, bu çözələnən fikirlərin içərisində özüm də əriyim, itim ki, dünyanın bir dəlisi azalsın. Təəssüf ki, Divarın o biri üzündəki Adam buna imkan vermir. Daha doğrusu, divarın o biri üzündəki adama olan sevgi məni tutub saxlayır və mən məhz həmin anda ona bu misraları pıçıldayıram:

Mən şeir yazanda

Yadımda və yanımda

Səndən başqa

Kimsə olmur...

Mən şeir yazanda

Yəni bax onda

Əslinə baxanda

Yadımda və yanımda

Səndən başqa

Kimsənin olmadığı

Təəccüb doğurmur...

Mən şeir yazanda

Yadımda və yanımda

Kimsənin olmadığı

Misralardan oxunmur...

Mən şeir yazanda

Yadımda və yanımda

Olan sən

Sevdiyim gündən

Ruhumda və qanımda

Ola-ola

Anbaan

Hər bir halda

Təkrar

Ürəyimə yazılırsan!..

***

İlin-günün bu çağında, yəni təbiətin qış fəslinin əslində özündə olmadığı, yəni onun bütün görkəmi ilə duyulmadığı bütün məqamda adam elə bil ki, içindən yorulur, içindən qocalır, süstləşir, halsızlaşır. Çünki baş aça bilmədiyin bu fəsil, daha doğrusu, onun indiki durumu təkcə sıxıntı gətirmir, həm də adamı avara qoyur. Bilmirsən səni hansı sürprizlər gözləyir, bilmirsən necə geyinəsən, bilmirsən necə görünəsən və s. və ilaxır. Amma bəziləri bunu Allahın kasıba, evsizlərə lütfü kimi qiymətləndirirlər. Deyirlər ki, Tanrı imkansızları, orda-burda gecələyənləri nəzərə alıb, ona görə qarı, şaxtası, sazağı yoxdu. Hələ üstəlik onu da deyirlər ki, guya Allahın maddi durumu zəif olan işıq, qaz pulu verə bilməyən bəndələrə də rəhmi bu günlər özünü daha çox göstərir. Nə bilim vallah, deyilənlərin nə qədər həqiqət olduğunu hər kəs özü-özlüyündə daha yaxşı bilir. Fakt odur ki, həqiqətən indi yaşadığımız qış fəslinin adıdı. Özünü isə...

Dediyim yorğunluğun, sıxıntının içində yaşamağımda Divarın o biri üzündəki Adamın da payı var. Çünki həm söhbət olmaqdan, pıçıltılarıma qulaq asmaqdan, duyğularıma düzəm verməkdən qaçır. Elə bil daha çox sıxılmağımı, daha çox pərişan olmağımı və daha çox dəlilik həddini aşmağımı arzulayır. Bilmirəm niyə? Bəlkə bu da mənim uydurmamdı? Bəlkə onun heç belə bir fikri yoxdu, bunu da deyə bilmirəm. Buna da şərh tapa bilmirəm. Amma içimdən gəlib keçir bu yazdıqlarım, bu dediklərim...

Bir də ki, mənim düşüncəmə görə insan özünə qapılanda, özünə çəkiləndə çox ağır yük daşımış olur. O qədər ağır ki, o yük adamın çiyinlərindən torpağa doğru basır, elə bil ki, torpaq adamı çəkir. Düzdü, indiki durumda, indiki düşüncədə torpağın adamı çəkməsi təbii haldı. Ən azı ona görə ki, həmin o yazdıqlarım, o ifadə etdiklərim elə torpağın özündən qaynaqlanır, onun verdiyi enerjidən dirçəlir, pərvəriş tapır. Bu da torpağın açılan qolları, açılan yaxasıdı - səni özünə səsləyir!

Bütün bu yazdıqlarım ola bilsin ki, sonda heç nəyi ifadə eləmədi. Bəlkə də heç sənin xoşuna da gəlmədi. Beləcə, qəzet qarışıq büküb atdın bir tərəfə. Bax, onda da hiss eləmədin ki, o büküb atdığın ipucunu tapmadığım, sağa, sola əl-qol atıb içində çabaladığım və daha çox səninlə bölüşmək istədiyim fikirlərin, duyğuların çox kiçik bir hissəsidi. Təəssüf ki, sən Divarın o biri üzündəki Adam olmaqla mənə divarın bu biri üzündə rahatca, heç nə olmamış kimi səni düşünməyi diqtə edirsən. Mən də sənə dəlicəsinə, bəlkə də ondan artıq dərəcədə sevgisi olan birisi kimi divarın bu biri üzündə səndən xəbərsiz, sənə demək istədiklərimin çur-çubuğunu, əl-ətəyini kağıza köçürürəm. Xoşuna gəlsə də, gəlməsə də.

Ovduram özümü-

hələlik...

sınayıram dözümü-

hələlik...

Dırnağım torpaq cırır

Yumruğum yarpaq qırır

Dərd mənə tor, bax, qurur-

hələlik...

Yaş deyəsən güc gəlir

Göz yaşlarım güclənir

Sözüm tək-tək cücərir-

hələlik...

Bir ağ yolu aşıram

Bir dağ yolu aşıram

Guya sağollaşıram-

hələlik!

İndi bildiniz də mən Divarın o biri üzündəki Adamla niyə dil tapa bilmirəm. Əgər bilmədinizsə, eybi yoxdu. Nə vaxtsa lazım bilsəniz araşdırıb öyrənərsiniz. Amma yox, heç vaxtınızı itirməyin. Çünki Divarın o biri üzündəki Adam orda olduğunu təkcə mənə hiss etdirir. Sizi öz dəliliyimə şərik etmək istəmirəm. Hələlik...

Əbülfət MƏDƏTOĞLU

[email protected]

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK