adalet.az header logo
  • Bakı -°C

DOĞRULAR, ƏYRİLƏR - 3 - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
143695 | 2020-08-17 10:00
A- A+

(Əvvəli burada)

"Ey Türk gəncliyi! Birinci vəzifən; Türk istiqlalını, Türk Cümhuriyyətini, əbədiyyən mühafizə və müdafiə etməkdir.

Mövcudiyyətinin və istiqbalının yeganə təməli budur. Bu təməl, sənin ən qiymətli xəzinəndir. İstiqbalda dəxi səni bu xəzinədən məhrum etmək istəyəcək daxili və xarici bədxahların olacaqdır. Bir gün, istiqlal və cümhuriyyəti müdafiə məcburiyyətinə düşərsən, vəzifəyə atılmaq üçün içində olduğun vəziyyətin imkan və şəraitini düşünməyəcəksən. Bu imkan və şərait, çox namüsait bir mahiyyətdə təzahür edə bilər.

İstiqlal və cümhuriyyətinə qəsd edəcək düşmənlər, bütün dünyada əmsalı görülməmiş bir qalibiyyətin təmsilçisi ola bilərlər. Cəbrən və hiylə ilə əziz vətənin bütün qalaları zəbt edilmiş, bütün tərsanələrinə (gəmiqayırma zavodu) girilmiş, bütün orduları dağıdılmış və məmləkətin hər guşəsi tamamilə işğal edilmiş ola bilər. Bütün bu şəraitdən daha pis və daha vəhmli olmaq üzrə, məmləkətin daxilində hakimiyyətə yiyələnənlər, qəflət və dəlalət və hətta xəyanət içində ola bilərlər. Hətta bu iqdidar sahibləri, şəxsi mənafelərini işğalçıların siyasi əməllərilə təvhid edə bilərlər. Millət, fəqri zərurət içində xarab və bitab düşmüş ola bilər.

Ey Türk istiqbalının evladı! İştə, bu əhval və şərait içində dəxi, vəzifən; Türk İstiqlal və Cümhuriyyətini qurtarmaqdır! Möhtac olduğun qüdrət, damarlarındakı əsl qanda mövcuddur!

Atatürk

Yuxarıdakı sətirlər Türk tarixinin yetişdirdiyi və xislətləri bir-birinə oxşayan dörd böyük dövlət xadimindən biri olan Atatürkə məxsusdur. Mənə elə gəlir ki, bunu oxumayan Azərbaycanlı tapılmaz, çünki onu Azərbaycanda daha çox sevirlər. Onun Azərbaycana olan sevgisi isə nəhayətsizdir. Şəkkə düşənlər İbrahim Habib Sevükün xatirələrini oxuya bilərlər.

Şəksiz ki, Atatürkü sevməyənlər, hətta ona düşmən olanlar vardır. Mən bunu təbii qarşılayıram, çünki atalar deyib "barlı ağaca daş atan çox olar". Yaxşı, kimdir Atatürkə düşmən olanlar?

Mənə görə onu sevməyənlər və ya düşmən olanları dörd qrupa ayırmaq olar. 1. Türkcə danışan, ancaq etnik yöndən Türk olmayanlar. 2. Atatürkün kimliyi, həyatı, millətinə, tarixinə, dininə bağlılığı haqda kifayət qədər məlumatı olmayan cahillər. 3. Sabir babamız demişkən, çağdaş düşüncəyə, müasirliyə, müsbət elmdən hürküb xurafatın quyusunda çırpınanlar. 4. Öz şəxsi mənafeyi üçün vətənini, millətini yadlara sataraq düşmənlərlə əməkdaşlıq edənlər, yəni satqınlar.

Dindarlar yox dinçilər, yəni mərhum Yaşar Nuri Öztürk demişkən, insanları "Allah ilə aldadanlar" Atatürkü əsla sevməzlər. Çünki bunlar aydın fikirli insanlardan cin dəmirdən qorxan kimi qorxarlar. Atatürk "Həyatda ən həqiqi mürşid elmdir" demişdi. Müqəddəs kitabımız Qurani Kərimin ilk nazil olan ayəti də "Allahın adıyla Oxu!" əmridir. Peyğəmbərimiz də "Elm Hinddə də, Çində də olsa axtarıb tapın", Allahın aslanı Hz. Əli də "Mənə bir kəlmə öyrədənin min dəfə köləsi olaram" demişdir. Yəni Atatürk, Allahın, Peyğəmbərin və Allahın Aslanı Hz. Əlinin sözlərinə əməl etmişdir.

Xurafatın qayya quyusuna düşmüşlər Atatürkü sevməzlər, çünki o, "Din daimi olaraq siyasətə, şəxsi mənafeyə, topluma təzyiqə vasitə edilib. Osmanlı tarixində də Abbasilər, Əməvilər zamanında da bu belə idi" demişdir. O, "Din ilə dövlət və dünya işləri bir-birindən ayrılmalıdır" demişdir. O, "Hürriyət və müstəqillik mənim xarakterimdir" dediyinə görə xurafatçılar, yəni dindarlar yox, dinçilər onu nəinki sevməz, ona düşməndirlər. Sabir xurafatçı din adamlarına sataşaraq, "Gündə bir fitva verib, məxluqu çox aldatmışam" və ya "Səs salma, yatanlar ayılar, qoy hələ yatsın; Yatmışları razı deyiləm kimsə oyatsın," sözlərindəki düşüncələrini hədər yerə yazırdı?!

Atatürkü sevməyənlər olub, indən belə də olacaqdır. Atatürk, ümməti millət etmişdi. Ümmətdə padşahın quluna dönmüş güruh vardır. Orda verilən əmrə itaət vardır, əmrin ölkəyə, vətənə, dövlətə ziyan verib-verməyəcəyini sual edə bilməzsiniz, yəni ağlınızı və məntiqinizi işə sala bilməzsiniz. Atatürk, dinlə siyasəti bir-birindən ayıraraq dövlətdə hakim olan dini təbəqənin özləri kimi düşünməyən kəslər dahi belə olsalar dövlətə yaxın buraxılmayacağını bilirdi. Ona görə özlərini toplumda ən qabaqcıl dinçi göstərənlər, yəni Allah ilə aldadanlar onu sevməzlər. Halbuki o dini bütöv bir insandı. Elə olmasa öz maaşından Qurani Kərimi təfsir etdirib 20 min tirajla çap etdirib xalqa pulsuz paylayardımı?!

Onu sevməyənlərdən birinin əməllərinə baxaq. Onda nə demək istədiyim daha yaxşı başa düşülər.

Mustafa Səbri: Atası din xadimidir və Tokat vilayətində dünyaya gəlib. İkinci Məşrutiyyət elan edildikdə siyasətə üz tutaraq buradan millət vəkili seçilib. Həmin il "Cəmiyyəti İttihadiyəi İslamiyyə" adlı dinçi bir cəmiyyət yaradıb. İttihad və Tərəqqi Partiyasına daxil olsa da daha sonra dinçi "Hürriyət və Etilaf" partiyasına daxil olaraq İttihad və Tərəqqiyə düşmən kəsilib. İttihad və Tərəqqi hakimiyyətə gəldikdə qorxusundan indi Rumıniya sərhədlərində olan Köstəncə şəhərinə qaçaraq canını xilas edib, ordan da Parisə əkilib.

İttihad və Tərəqqi hakimiyyəti itirən kimi İstanbula qayıdıb və Süleymaniyyə Mədrəsəsinə müəllim təyin edilib. Kürəkən Ferid Paşanın ilk hakimiyyətində Şeyxülislam olsa da bir müddət sonra vəzifədən qovulub, Fərid Paşanın ikinci hakimiyyəti dövründə yenə həmin vəzifəni tutub, ancaq bu dəfə Ali Məhkəmənin sədrliyini də öhdəsinə götürüb. 25 sentyabr 1920-ci ildə, yəni Anadoluda İstiqlal Mübarizəsi yeridilərkən istefaya çıxıb. Azadlıq hərbi qələbə ilə axıra çatdıqda Yunanıstana qaçıb, ordan da İngiltərədən aldığı qızıllara görə Osmanlı dövlətini kürəyinin orta yerindən xəncərləyən Hicaz şərifi Hüseynin dəvətilə Məkkəyə, sonra Misirə gedərək Əzhər universitetində işləyib və 1954-cü ildə canını zəbanilərə tapşırıb.

Mustafa Səbri Atatürkə və Anadoluda istiqlal mübarizəsi tərəfdarlarına düşmən kəsilib. Şeyxülislam olduğuna görə Qurtuluş Hərbi tərəfdarı olan Dənizli, İsparta, Uşaq, Burhaniyə, Antalya və Sinap müftilərini vəzifəsindən azad etmişdir.

Padşah Vahidəddin ilə görüş keçirib sədrəzəm Tofiq Paşanın Anadoluda yeridilən Azadlıq Müharibəsi tərəfdarlarına mülayim davrandığını söyləyərək şikayət etmiştir. Tofiq Paşadan sonra sədrəzəm olan Kürəkən Fərid paşadan da şikayət edərək onun aciz, biliksiz və bacarıqsız olduğunu padşah Vahidəddinə də söyləyərək Azadlıq Hərbini aparanların üstünə ordu yeridilməsini tələb etmişdir.

Türkiyənin parçalanıb bölüşülməsini nəzərdə tutan Səvr sazişi ilə bağlı olaraq 22 iyul günü Ulduz Sarayında padşahın rəhbərliyində təşkil olunan Ali Məclis yığıncağında Dürrizadə Abdullah ilə birlikdə bu sazişin qəbul edilməsini istəmiş və şeyxülislam sifətilə 10 avqust 1920-ci il tarixində həmin sazişi imzalamışdır. Həmin gecə evinə getdikdə həyat yoldaşı Ülviyyə xanım ağlaya-ağlaya "Sən Allahdan qorxmadın? Peyğəmbərdən utanmadın? İzmirin yunanlılara verilməsinə nə cür razı oldun? İstefaya çıxaydın və o sazişə qol çəkməyəydin" dedikdə başını aşağa salmaqdan savayı heç nə etməmişdir.

Qırdığı qozlar sadəcə olaraq bunlar da deyil. Boğazlıyan şəhərinin idarəçisi Kamal bəyin öz bölgəsində üsyankar ermənilərin köçürülməsiylə bağlı aktiv iştirakına görə İngiltərənin işarəsiylə ermənipərəstlər tərəfindən şikayət edilib və Kamal bəyin edamına fitva verən də şeyxülislam rütbəli bu alçaq Mustafa Səbridir. İngiltərə tərəfindan yaradılan Təalii İslam (İslamı Yüksəltmə) cəmiyyətinin idarəçilərindən biri də bu satqındır. Anadoluda yeridilən azadlıq mübarizəsi əleyhinə "İqdam" qəzetində 16 sentyabr 1919-cu il tarixində yayılan bildirişi mənsubu olduğu cəmiyyətin sədri sifətilə bu adam, müavini İskilipli Məhməd Atif, İttihadı Məhəmmədiyyə cəmiyyətinin sədri Saidi Kürdi (Saidi Nursi) imzalamışdır.

Bu şəxslər Milli mübarizə əleyhindəki fitva və bildirişləri yazaraq yunanlılara vermişlər və onlar da təyyarələrlə Ankaranın yaxınlarına kimi göydən xalqın olduğu bölgələrə tullamış və bu bildirişlərlə Azadlıq Hərbinin əleyhində çalışmışlar. İstiqlal Mübarizəsi yeridilərkən Adabazarı bölgəsində üsyan edən dinçilərin qışqırdılmasında onların bildirişləri də müəyyən işləri görmüşdür.

Mustafa Səbri Türk ordusu İzmiri düşməndən xilas edib üzünü İstanbula tutduqda padşah Vahidəddinin hüzuruna çıxaraq dinçilər və ermənilərdən təşkil edəcəyi bir orduyla Atatürkün rəhbərliyindəki Qurtuluş Ordusuyla vuruşmaq istədiyini bildirəcək qədər alçalmışdır. Azadlıq Müharibəsi qələbə ilə başa çatdıqda oğlu, iki qızı və kürəkənləriylə əl-ələ verib Yunanıstanın Gümilcinə şəhərinə qaçmış, ölkə xaricinə qaçdıqdan sonra da Anadoludakı hakimiyyətə olan düşmənçiliyini ölənə kimi davam etdirmişdir.

Mustafa Səbri Azadlıq müharibəsi yeridilərkən bunları yayırdı: "Çoxlu yunan əsgəri öldürməyin, bunun bizə xeyri olmaz, ancaq ingilisləri əsəbləşdirərik. İngilis kimi möhtəşəm bir dövlətə qarşı zəfər qazanmaq mümkün deyildir. Yunan ordusu xəlifənin dostudur, əsl başı kəsiləcək məxluq Ankaradadır!"

Yunanlılar Bursanın Osmanqazi qəsəbəsində uşaqlar və qadınlar da daxil olmaqla 97 nəfəri məscidə doldurub od vurub diri-diri yandırıblar. Uşaqlar can hövlüylə pəncərəyə qaçıb dəmirləri söküb çıxmaq istəyiblər, ancaq əlləri dəmirlərdəcə yanıb kül olublar. Və bir vaxtlar Osmanlının şeyxülislamı olan bu insana oxşar məxluq Afinada təsis etdiyi qəzetində bunları yazmışdır: "Allahın hüzurunda Türklükdən istefaya çıxıram, tövbə edirəm. Ya Rəbb! Məni Türk millətindən sayma!"

Yunanlı jurnalist Tasos Kostopulos isə xatirələrində yunanlı hərbçilərin hansı vəhşilikləri etdiyini birbəbir qeyd edib. Ondan bir qeyd: "Ayrıldığımız hər kəndi və şəhəri yandırırıq. əsgərlərimizə, "Nəyi yanınızca götürə bilmirsinizsə yandırın" deyə əmr verilmişdi.

İstiqlal Müharibəsində qələbə qazanıldıqdan sonra əsir yunanlı zabitlərə, "Bu cür vəhşilikləri niyə etdiniz?" deyə sual verildikdə cavabında bunları demişdilər: "İngilis zabitləri bizə o cür əmr vermişdi". Və dağıdılan yərlərin camaatı da həmin sözləri demişdilər.

Əziz oxucu, 20 Yanvar, Xocalı Soyqırımları tək deyil. Yunanlıların, Fransızların, İngilislərin, İtalyanların və Rusların Anadoluda törətdikləri vəhşilikləri oxuduqda insan insan olmaqdan xəcalət çəkir. Bu vəhşiliklər sadəcə olaraq bizlərə də edilməyib. Uzaq Asiyada, Afrikada, Amerikada və digər yerlərdə də həyata keçirilib.

Ali İmran Surəsi ayət 86: Allah zülm edən bir qövmü hidayətə çatdırmaz.


Seyfəddin Altaylı,

Ankara, altaylı[email protected]


TƏQVİM / ARXİV