adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

QAÇQIN ÖLKӘSİ - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
1395 | 2023-06-02 09:12

“Amәrikan kontrolunda bir xәlifә ilә İslam dünyasını idarә etmәk bizim üçün әn sәrfәli, әn xәrcsiz yoldur.”

Bill Clinton.

Türkiyә adına layiq olmayan, onun namına yaraşmayan bir seçkini geridә buraxdı. Demişdim, yenә demәk fikrindәyәm. Ömrümdә on cümhurbaşqanı gördüm, siyasi partiya rәhbәrlәrinin iştirak etdiklәri bir çox seçkilәrin şahidi oldum. O zamanların seçkilәrindә hәr bir şey, dilә gәtirilәn hәr bir söz etik qaydaları әsla ötmәzdi, hәtta әylәncәli idi. Mәn bu dәfәki kimi küçә söyüşlәrinin dilә gәtirildiyi, insanların şәxsiyyәtinin tәhqir edildiyi bir seçkinin ilk dәfә şahidi oldum vә utandım.

Millәtçi Hәrәkat Partiyasının önәmli simalarından “Milli Hәrәkat”, “Ülkücü Kadro” adlı jurnalların tәsisçisi, “Milli Hәrәkat Nәşriyyatı”nın sahibi Ahmәt Karabacak ilә 1971-ci ildә tanış olmuşdum. Özü 1965-ci ildә Alparslan Türkeşin dәvәti ilә siyasәtә addım atmışdı, Kastamonu vilayәtinin Tosya qәsәbәsindәndi. İstanbul Universiteti Әdәbiyyat Fakültәsinә daxil olduqdan sonra tez-tez görüş keçirir, söhbәt edirdik. Azәrbaycana qarşı hәdsiz bir sevgisi vardı. Mәrhum Şәriәtmәdari hәrәkatında Güney Türklüyündәn çox şey gözlәyirdi, ancaq Güneylilәr onun arzusunu doğrultmadı, çox tәәssüf. Tәsis etdiyi jurnallarda Әhmәd Qabaqlı, Faruq Qәdri Timurtaş (müәllimim), Müzәffәr Özdağ, Nihal Atsızın qardaşı Nәjdәt Sançar, Alparslan Türkeş, Hikmәt Tanyu, Qalib Әrdәm, Nәcmәddin Hacıәminoğlu (müәllimim), Rәfiq Özdәk, Mәhmәd Әröz vә digәr tanınmış millәtçi ziyalılar mәqalәlәri ilә yeni nәslә ziya yayırdı.

Etiraf etmәliyәm ki, Ahmәt Karabacakdan çox şey öyrәndim vә onun vasitәsilә Türkiyәnin tanınmış bir çox yazıcısı, adlı-sanlı siması, ziyalısı ilә tanış oldum. Әhmәd Qabaqlı, Qalib Әrdәm, Müzәffәr Özdağ, Hikmәt Tanyu onlardan bir neçәsidir. İstanbulun Bayәzid sәmtindәki bürosuna deyilә bilәr ki, hәr iki gündә bir baş çәkirdim. Bir gün Cümhuriyyәtçi Köylü Millәt Partiyasının rәhbәri Osman Bölükbaşı ilә bağlı bir anekdot danışdı. Osman Bölükbaşı seçki münasibәtilә Konya vilayәtindә miting keçirir. Meydan ağzına kimi dolu olur. Bölükbaşı Türk siyasәt tarixinin bәlkә dә әn güclü natiklәrindәn biridir vә bunu hәr bir siyasi vә o dövrün sәnәdlәri tәsdiqlәyir. Sәkkiz saat yarım dayanmadan nitq irad etmәk hәr insana qismәt olmaz, bu istedad ancaq Allah vergisidir. Mitingin әn qızmar zamanında vә mәrhum Bölükbaşı cuşa gәlib millәti tәlatümә gәtirәrkәn cümә namazı üçün sala verilir. Mәrhum azana hörmәt әlamәti olaraq çıxışını dayandırır. Birdәn görür ki, camaat daşdanıb cümә namazı üçün gedir. Mikrofonu açır vә camaata sәslәnәrәk deyir: “Camaat namazın qәzası olar, ancaq Bölükbaşının qәzası olmaz, qayıdın..!”

Merhum Bölükbaşının xalq qarşısında söylәdiyi bu söz belә o dövrün seçkilәri haqda kifayәt qәdәr mәlumat verәcәk bir dәlildir.

Osman Bölükbaşının dilә gәtirdiyi bәzi aforizmlәr bir toplumun vә ya bir insanın hansı fikrә, duyğuya vә biliyә malik olduğunu sübut edәcәk sәviyәdәdir. Mәrhum deyir ki, “Hәyatım boyu bütün sәktorları tәdqiq etdim, әn qazanclısının din ticarәti olduğunu gördüm.” Yalnızca bu cümlә belә Türkiyәnin banisi mәrhum Atatürkün tarixi vә siyasi şәxsiyyәtinin nәhәngliyini, uzaqgörәnliyini, millәti gәlәcәk zamanlarda hansı tәhlükәnin gözlәdiyini düşünәrәk din ilә dövlәt işlәrini bir-birindәn ayırmasının mәnasını daha yaxşı başa düşmәyә imkan verir.

Ümit Özdağ haqqında ötәn yazımda qısa mәlumat vermiş, Türkiyәnin strateji sahәsindә yetişmiş görkәmli bir ziyalısı olduğunu yazmışdım. Onun verdiyi vә yazdığı bütün mәlumatlar dәqiqdir vә heç biri indiyә kimi dövlәtin әlaqәli orqanları tәrәfindәn tәkzib olunmamışdır. Ümid Bәy yazır ki, Türkiyәdә 13 milyon sığınmaçı (mültәci) var. Dövlәtin rәsmi orqanları dörd milyona yaxın Suriyalının olduğunu yazır, ancaq nә Әfqanıstanlı, nә Bәnqladeşli, nә Pakistanlı, nә dә Afrikanın müxtәlif ölkәlәrindәn gәlmiş sığınmaçılar haqda heç bir mәlumat yaymır. Hәlә ölkә xaricindә yaşayıb Türkiyә vәtәndaşlığı qazanmış vә seçkidә sәs vermiş әrәblәrin varlığını, onların sayının nә olduğunu da Ümid Özdağa görә dövlәtin әlaqәli orqanları dilә gәtirmәyib, gәtirmir.

Әfqanıstandan gәlәn iki milyondan artıq gәnc ABŞ tәrәfindәn xüsusi olaraq hazırlanmış döyüşçülәrdәn ibarәtdi vә bunlar güya ABŞ-ın düşmәni olan İran üstündәn tırlarla Türkiyә sәrhәddinә buraxılmış, ölkәyә soxulmuşdur. Türkiyәnin ordusu 700 min qәdәrdir… Bu minvalla getsә Türkiyәnin demoqrafik qurğusu gәlәcәk on il әrzindә tamamilә dәyişәcәk vә türklәr azlıqda qalacaqdır. Ölkәmiz üstüörtülü işğal ilә üz-üzәdir. Hizbullah terror tәşkilatını terror tәşkilatı kimi dilinә gәtirmәyәn Hüdapar mәnsubları Türkiyәnin mәclisindәdir artıq. Cümhurbaşqanımız Әrdoğan “Hüdapar milli bir qurğudur” deyәrәk onlarla bağlı öz fikrini bildirmişdir.

Hәr bir Türkiyә ailәsi bir Suriyalıya baxır. Türkiyәdәki Suriyalıların doğub-törәmә sürәti 5,5 faiz, türklәrin sürәti isә 1,5 faizdir. Suriyalılar xәstәxanaya getdiklәri zaman yoxlamadan tutmuş operasiyaya qәdәr hәr bir işlәrini pulsuz görürlәr, ancaq şәxsәn mәn dövlәtimә qırx il xidmәt etdiyim halda mәcburi olaraq aldığım dәrmanlardan müәyyәn qәdәr ölkәmә faiz ödәyirәm. Dövlәtimә dә, millәtimә dә, vәtәnimә dә can qurban, ancaq mәn öz vәtәnini qoyub qaçmış bir Suriyalıya niyә baxmalıyam, ehtiyac içindә olan öz vәtәndaşlarım olduğu halda? Onlar öz vәtәnlәrini satıblarsa, qoyub qaçıblarsa mәn bu satqınlara niyә baxmalıyam? Bunlar Trablusqәrb vә Dәhnә döyüşlәrindә Mәhmәtçiklәri İngiltәrәdәn aldıqları qızıl hesabına arxadan güllәlәyәnlәrin nәvә nәticәlәridir, bunların dәdә-babasının gönünә bәlәdik.

Bu gün Türkiyәnin әn böyük problemi ölkәyә doluşmuş sığınmaçılardır. Cümhurbaşqanımızdan yeganә arzumuz bu ipsiz-sapsızların әn tez vaxtda müqәddәs ölkәmizdәn çıxarılmasıdır.

Mәrhum Atatürk xәlifәliyi bir dәfәlik çıxarıb tullayıbdır, bir daha ona qayıtmaq istәmirik, çünki o millәtimizin başına bәla olar, necә ki, Osmanlı imperiyasını darmadağın elәdi. Yüz minlәrlә Mәhmәdçiyin qanı bahasına qazanılmış müstәqilliyimizin tәkrarәn qәrblilәrin murdar çәkmәlәrinin zәrbәsi altına düşmәsini istәmirik vәssalam.

 

TƏQVİM / ARXİV