adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

MÜHARİBƏDƏN SONRA EŞQ - Emin Piridən HEKAYƏ

SEYFƏDDİN ALTAYLI
2622 | 2023-02-11 15:09

(hekayə-esse)

Bədəni məsum ahlarla yoğrulmuş, damarlarındakı qana şəhidlərin, qazilərin tapdalanmış haqqı hopmuş, nəfəsi haqqı yeyilmiş, əllərindən əməyi istismar olunmuş, təqaüdlərinin bir qismi özlərinin də xəbəri olmadan ustalıqla mənimsənilmiş fəhlələrin tər qoxusu gələn, ipək paltar altında iylənmiş cəsədini qiymətli ətirlərlə xoşlandırmağa çalışan, mənəviyyat yoxsulu, bir sözlə, saçından dırnağına, qulağındakı sırğalarından bədənindəki tatularına qədər bacarıqlı ustanın əl işi olan, zərafətli kübar obrazına girmiş haramzadə, “uzunsaç, qaragöz, ağıllı kuklaya” aşiq olmuşdum...


Bilmirəm, o qız Tanrının mükafatı idi, yoxsa cəzası. Bəlkə də etdiyim, ya da edəcəyim günahların öncədən verilmiş bədəliydi. Yoxsa yalan obrazlardan, saxta ruhdan və bədəndən ibarət bu qanla bəslənən vampirə necə aşiq ola bilərdim? İndi dəqiq əminəm ki, Tanrının cəzası idi. 


Müharibədən sonra... Dünyanın ən çılpaq gerçəkləri üzümə vursa da həqiqətin əsl mahiyyətini savaşdan sonra iliyimə qədər hiss etmişdim. Müharibədən sonraların müharibədən daha dəhşətli olduğunu bilsəm də bu qədərini gözləmirdim. Savaş həqiqətləri məni bu qədər yandırmasa da cəbhədən sonra insanların vəhşi ruhundan doğan simalar, saxta ruhlar  içimi göynədirdi. Savaşda sənə gənc deyib döyüşə səsləyən “qlamur” alqışlar savaşdan sonra dəhşət yaş fərqi olan qocaya çevirirdi adamı. Hər zaman sevginin ən güclü, ən xoşbəxt edəcək hiss olduğunu düşünürdüm. Amma yanılmışdım. Qisas hissinin verdiyi güclənmək eşqi, o hissin haqqını vermək üçün zamanını gözləmək və yerinə yetirdikdə onun verəcəyi həzzi düşünmək belə sevgi qədər insanın eqosu tətmin edə və insana hüzur verə bilməz. Məni buna inandıran, daha doğrusu vadar edən başqalarının  çətiri altında özünə “uğur hekayəsi” yazan həmin qız oldu.


Hislərimdən ilk olaraq dostum Sarıqlıya bəhs etmişdim. Az qala Sarıqlıdan danışmağı unudacaqdım. Müharibədə tanış olmuşdum bu zabitlə. Yaralanmamışdı, heç bir yerində sarıq da yox idi. Mən sadəcə onu Sarıqlı deyə çağırırdım. Sonradan bu, öz aramızda ləqəbə çevrildi. Həmişə ürək yarasının dəhşətindən danışardı.  Mənim nəzərimdə o, həmişə yaralı idi. Ona həm də bu mənaya görə Sarıqlı deyirdim. Yalnız bir kərə sevgilisinin onu pula dəyişməsindən danışmışdı. Ehtiyata buraxıldıqdan sonra bunu sinəyə çəkə bilməmiş, sevdiyi qızın anasını, atasını, qardaşını, bacısı ilə birgə evlərini alova vermişdi. Yalnız sevdiyi qızdan başqa. Daha doğrusu qızın evdə olmadığı zamanı seçmişdi. Onun sağ qalaraq itirmək əzabını artıqlaması ilə yaşaması üçün. Ömür boyu kədər içində qıvrılsın deyə. Əslində Sarıqlı vicdanlı adam idi. Amma bu hadisə şeytana boyun əyməyə məcbur etmişdi. Vicdan əzabı gözlərinin dərinliyində, qisas həzzinin böyründə boy göstərirdi. Öc almaq hissi vicdanına belə qalib gəlmişdi. Baxmayaq ki,  vicdan əzabına dözməyi qəbullanmışdı. Bir daha bu barədə onunla söhbət etmədim.
Bu hislərdən Sarıqlıya bəhs etmişdim.


-Bu qız?;-cipdən enən qızı göstərərək üzümə istehza ilə gülümsədi.


-Həmişə vicdandan danışan sən ahlardan yoğrulmuş qızı necə qəlbinin tacına çevirə bilərsən-deyə məni az qala saxtalıqda ittiham edəcəkdi.


Təcrübəli, qüruru sındırılmış, sonradan qisas almış dostumun gülümsəməsi sillə kimi mənə dəysə də onun dediklərinə inanmaq istəmir, bəlkə də ehtimal deyə aşiqliyimin ardınca yürüyürdüm...


Uşaqlıq çətinliyindən başqalarının çətiri altına sığınmaqla yüksələn bu varlıq, daha doğrusu yoxluq, seçəcəyi obrazları üçü birində qəhvə kimi görmək istəyirdi. Qınaqdan xilas olmaqçün cəmiyyətin  gözündə yalan mənəviyyat ədəbiyyatına bürünürdü. Pianinoda ifa etdiyi bəstələr onun saxta barmaqları altında əzab çəkir, səslənməkdən utanırdı. Ona həsr edilmiş şeirlərin, misraların üzümə necə tərs-tərs baxdığının fərqindəyəm. O misralardan üzr istəyir, hislərimə yenik düşdüyümü izah etməyə çalışırdım. Sanki Tanrı belə ona həsr edilmiş şeirə görə məni istedada xəyanətdə suçlayırdı.


Günlərlə, ümidlərlə onun yalanla yoğrulmuş, uydurulmuş zadəgan kübar obrazına aşiqliyim artır, hislərimə yenilirdim. Ona inanırdım.  Gülüşünə, sözlərinə, uydurduğu naməlum dərdli, zərif ruhlu xanım obrazına...
Bəzən minalanmış torpaq misalı, incə səsini narın yağışa bənzəyən göz yaşları ilə süsləyəndə gözləri yağışdan sonra bərq vuran günəşə dönür, islaq kirpikləri göy qurşağına bənzəyirdi. Hərdən Tanrıya da acığım tuturdu, ayaqlarımı savaşda minadan qorudun, qəlbimi bu şeytanın tilsimindən niyə qorumadın deyə...

Sehrbaz illüziyaları, oyunları ilə bu “xeyriyyəçi ailə” işçilərinin haqqını yeyərək kağız üzərində öz oyunlarıyla onların gələcək təqaüdünü, sığortasını ciblərinə axıdır, qızcığazları kənardan yaxınını itirməyin acısını sindirə bilməyən, dünyadan əli üzülmüş kimi görünsə də, bu pullarla əylənir, səyahət edir, kefindən qalmırdı. Savaş vaxtı dövlətdən, xalqdan mənimsədiyi, oğurladığı, gizlətdiyi vergilərin, gəlirlərin bir hissəsini cəbhəyə xeyriyyəçilik adıyla göndərərək özünü dövlətdən daha qayğıkeş göstərənlərdən, peyğəmbər əbasını geyinənlərdən idi. Onların hər obraz üçün fərqli əbaları var idi. Vətən anlayışı bu vətəni, onun övladlarını necə mənimsəməkdən ibarət idi. Əlbəttə, timsah göz yaşları ilə məsumları aldatmağı da bacarırdılar. Maddi zənginliyə, amma mənəvi yoxsulluq içində üzmələrinə baxmayaraq sadə, pula önəm verməyən qurama aktyorluqları ilə ilk baxışdan insanların ürəyində yer edə bilirdilər.
Heç də özlərini kiçik görmür, ədalı davranışları ilə “bizim kimi adamlar bu dövlətdə yuxarıda olsalar, xalqçün daha yaxşı olardı” deyə “xeyriyyəçilikləri” ilə öyünürdülər. Kənardasa yaltaqlıq, yeni çətirlər altına girmək istəkləri ilə yuxarıları müəyyən qədər aldatmağa nail olurdular desəm yalan olmazdı.
Mənimçün həqiqət ondan ibarət idi. Ya da yalana həqiqət donu geyindirmişdim. O donu soyundurduqca səhhətimdə problemlər yaranmağa başladı. Mədə bulantıları, baş ağrılarım artmışdı. Hər dəfə onu görəndə yaranan ürək bulantılarımdan qurtula bilmirdim.

Dəhlizdə qarşıma çıxan kimi öyüməyə başlayırdım. Bu məndə artıq vərdişə, sağalmaz xəstəliyə çevrilmişdi. Bəzən onu görərkən əlimi ağzıma tutub dəhlizi batırmamaqçün var-gücümlə nəfəsimi tutub çölə qaçardım. Bəli, həyatımda nə kimsə, nə  heç bir hadisə, nə də heç bir yemək məni belə iyrəndirə, zəhərləndirə və qusdura bilməzdi. Dostlarım həkimə müraciət etməyimi məsləhət görsə də onlara deyə bilmirdim ki, mənim qusmağım onu görərkən olur. Məni ona aşiqliyim zəhərləmişdi. Hər dəfə onu görərkən qaytarmağım onun yalan obrazlarından, varlığından, ruhundan iyrənməyimə görəydi.

...Onun arxasınca yürüdükcə dikdabanlarının altından fışqıran şəhid qanları divarlara sıçrayır, dəhlizin qana boyanmış sütunlarından ahlar yüksəlirdi. Nədənsə, bu qanı təkcə mən görür, ahları mən eşidirdim. Başqaları o səsləri eşitmir, ya da eşitməzliyə vururdu özünü.

Yeridikcə kübarlığının şərəf və ləyaqət hisləri ayaqlar altına düşür, o isə qaldırmağa belə cəhd etmirdi. İnsanların bu haramzadəyə yanaşması bəzən qorxudan, bəzənsə bu özünü zibilə salmaqdan uzaq olmaq istəyi ilə hərəkət etməsi onun vecinə belə deyildi. Ya da özünün girdiyi kübar obrazlar kimi insanların saxta yanaşması da ürəyincə idi. Nə də olsa hər şeyi pulla satın alına biləcəyini düşünən bu qız halından məmnun görünürdü.

Yanından  keçərkən haqqı yeyilən körpə, məsum, işçi, yarımcan qazi ahları qulaqlarımı batırırdı. Bu səslər onun bədəninin hər hüceyrəsindən gəlir, üstümə hücum edirdi. Bizi bu bədəndən xilas et deyə yalvarırdı bu səslər. Ona aşiqliyim artdıqca o səslərin uğultusu və yalvarışları da artırdı. Axı, nə edə bilərdim? Bütün həqiqətləri bilə-bilə, amma onu sevməyimə baxmayaraq boğub öldürməkmi? Yoxsa özümlə birgə bir qumbaraya qurban etməkmi? Yetər ki, o günahsız insanları, ahlarla , qanla bəslənmiş bu vampir qızdan xilas edim...
Mən onu yenə gözləyirdim. Adətən o görməsin  deyə onun məni görə bilməyəcəyi yerlərdə dururdum. Onun görməsini heç istəməzdim. Sadəcə mənə baxışı, adicə sabahın xeyir deməsi belə məndə ikrah hissi oyadırdı. Məhz bu səbəbdən  baxışlarından, salam verə bilməyəcəyi qədər uzaq məsafədə olardım. Elə hər yerdə. Evinin ətrafı, səfər edə biləcəyi yerlərdə. 

Aşiq idim. Gözləməyim yalnızca aşiqliklə bağlı deyildi. Unutmaq istəmirdim varlığını. Çünki hər dəfə gördükcə həyatın faniliyini, yalanın, saxtalığın zirvəsini görürdüm. Bu məndə qisas hissini artırır, daim güclənməli olduğumu hiss etdirirdi. Onun timsalında özümə düşmən obrazı yaradıb gecə-gündüz gələcək “ an” haqqında düşünürdüm. Yalnız o an üçün!

...Məni düşüncələrdən Sarıqlı oyadır.
-Bəlkə mənim əməlimi təkrarlamaq istəyərsən?
-“Manqurt” əsərindəki kimi...

Anidən qaçmağa başladım. Hislərimi, bu düşüncələrimi addım-addım izləyən şeytanı döngədə azdırıram. Yola doğru qaçıram...Onun maşınının təkərləri altında qabırğalarımın xırçıldadığını qulaqlarımla eşidirəm. Ağzımdan gələn qan maşın təkərləri altında son nəfəsimi almağa mane olur.  Mən isə hələ də bədəni məsum körpə ahları ilə yoğrulmuş, damarlarındakı qana şəhidlərin, qazilərin tapdalanmış haqqı hopmuş, nəfəsi haqqı yeyilmiş, əllərindən əməyi istismar olunmuş, təqaüdlərinin bir qismi özlərinin də xəbəri olmadan ustalıqla mənimsənilmiş fəhlələrin tər qoxusu gələn, ipək paltar altında iylənmiş cəsədini qiymətli ətirlərlə xoşlandırmağa çalışan, mənəviyyat yoxsulu, bir sözlə, saçından dırnağına, qulağındakı sırğalarından bədənindəki tatularına qədər bacarıqlı ustanın əl işi olan, zərafətli kübar obrazına girmiş haramzadə “uzunsaç, qaragöz, ağıllı kuklaya” aşiq idim...

Bağışlayın ki, hekayənin sonunu bitirməyə ölməyim mane oldu...

TƏQVİM / ARXİV