adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ALMATI QEYDLӘRİ -Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
2054 | 2023-06-19 22:42


Bu ayın 14-15-ci günlәrindә Almatıda әnәnәvi 10-cu Türk Xalqları Simpoziumu keçirildi. Oxucularımla bu simpoziumun baş tutması ilә bağlı bәzi mәlumatları vә simpoziumla bağlı düşüncәlәrimi bölüşmәk qәrarına gәldim. İnanıram ki, oxucularım mәni bağışlamalı olacaqlar.


2015-ci ildә TRT-dәki işimdәn tәqaüdә çıxmışdım, Lәnkәranlı dostum Sәfәr Rza vә Namiq Hüseynovun tәklifi ilә Dağlıq Altaya gedib iki hәftә mәrhum qardaşım Әhmәd Oğuz ilә birlikdә orada olduq. O iki hәftә әrzindә Namiq Hüseynov oranın ab-havasına bәlәd olmaq üçün nә lazımdırsa onu etdi, heç nәyi әsirgәmәdi. Muzeyә gәtdik, Altay İnstitutunda oldum, Bakıda oxumuş Ejer Çolakov istәdiyim hәr bir tәrәfә apardı, Altayın sәrhәd bölgәlәri xaric bir çox yerini dolandım. Bakıya qayıtdığımda qardaşım Qafar Çaxmaqlı ilә görüşdük, sәfәr tәәssüratlarımı danışdım vә Nazim Hüseynli Bәyә zәng çaldım, çünki hәr Bakıya gәldikdә onunla görüşürdüm. Bu dәfә sәfәr üstündә olduğuma görә görüşә bilmәmişdim. Nazim Bәylә 1992-ci ildә tanış olmuş vә bir-birimizlә sәmimi qәlbdәn dostlaşıb qardaşlaşmışdıq. Salamlaşmadan sonra dedi sabah gözlüyürәm günortadan sonra gәlәrsәn.

Qafar Çaxmaqlı ilә gәdib qәbulunda olduq. Nazim Bәy sual verdi ki, Ankarada nә var nә yox? Bәy mәn Altaydan gәlirәm deyincә biraz da gileyli üzümә baxdı, yәni bura gәlәr-gәlmәz gәlib mәnimlә görüşürdün niyә görüşmәdәn getmisәn demәk istәdi. Ona bu sәyahәtin nә cür tәlәm-tәlәsik başladığını danışdım vә axırda tәqaüdә çıxdığımı, mәmurluqdan azad olduğumu söylәdim. Qafar Bәy dedi ki, Nazim Bәy gәl Seyfәddin bәyi Bakılı elәyәk, gәlib burda dәrs desin. Nazim Bәy dә “Әlbәtdә ona burda ehtiyacımız var” deyib mәnә üzünü tutdu “Sentiyabrda burdasan, evlә danış indidәn hazırlığı görsün” dedi. Bu tәkidin qarşısında nә edә bilәrdim ki? Ancaq doğma yurdumda müqәddәs dövlәtimizә vә doğma vәtәnimizә gözәl kadrlar yetişdirmәk mәnә görә Tanrının bir lütfü idi, onu da Nazim Hüseynli Bәy mәnә hәvalә etmişdi. Tanrım belә bir şәxsiyyәtә uzun ömür versin, sağlamlığına xәlәl gәlmәsin ki, dövlәtimizin çiçәklәnmәsindә öz işini daim uğurla davam etdirsin.
Nazim Hüseynli Bәy Türk dünyası üçün әvәzsiz şәxsiyyәtlәrdәn biridir. Bakıya hәr gәlişimdә onunla müsahibә götürüb, Türk dünyasının müәyyәn mәsәlәlәrini әtraflı danışdırıb fikrini alır vә aparıb efirdә dünyaya yayırdım. Aramızda yaranmış tәmәnnasız dostluq hәr bir şeyin fövqündә idi vә 2015-ci ildәn gәlib Bakı Avrasiya Universitetindә müәllim işlәmәyә başladım.


Bir gün dostum Әli Şamil zәng etdi, bir mәsәlә var görüşüb dәrdlәşәk dedi. Qәrarlaşdırdığımız yerdә görüşdük. “Niydә Universitetindәn mәnә zәng çaldılar, Başqırdıstandan bir universitetlә birlikdә Qazax Qızlar Pedaqoji Universiteti ilә әmәkdaşlıq ediblәr, Azerbaycandan da bir universitetlә әmәkdaşlıq edәrәk hәr il növbә ilә bir ölkәdә ortaq simpozium keçirmәk arzusunda olduqlarını söylәdilәr, mәn dә bu mәsәlәni sәnә açmaq istәdim, nә deyirsәn Nazim Müәllimlә danışsan fikrini öyrәnsәn necә olar?” Mәn dә ona, sabah universitetә gәl birlikdә gedib Nazim Bәyi görәk.

Nazim Bәy Türk dünyasını hәddәn artıq sevәn, Azәrbaycan dövlәtçiliyinә dә vurğun olan bir ziyalıdır belә gözәl bir işә mәncә yox demәz. Sәhәrisi gün gәldi vә birlikdә Nazim Bәyin qәbulunda olduq mәn mәsәlәni açıb, “Bәy belә bir iş Bakı Avrasiya Universiteti üçün hәddәn artıq xeyirli olacaqdır çünki, hәr il hansı dövlәtdә simpozium keçirilsә orda universitetimizin adı simpozium lövhәsindә yer tutacaq, Azәrbaycanın milli himni oxunacaq vә dövlәtimizin, universitetimizin tәbliğatı aparılacaqdı, mәncә bu mәsәlәyә müsbәt yanaşmalıyıq.” dәdim. Sağ olsun Nazim Bәy mәsәlәyә müsbәt baxdığını söylәdi, tәşәkkür edib çıxdıq. Bir müddәt sonra Niydә Universitetindәn bir heyәt gәldi, başlarında da Prof. Dr. Nazim Hikmәt Polat.

Universitetimizә gәldilәr, onlara dәrs deyilәn otaqları vә salonumuzu göstәrdik, zalda tәmirat getdiyinә görә açılış mәcburi olaraq ayrı yerdә olmalıydı. Nazim Hikmәt Polat sual verdi ki, simpozium mәruzәlәrinin burada teqdim edilmәyinә imkan verәrsinizmi? O vaxt hәlәlik tәzә işә başlamış bir idarәçimiz onların ürәyincә olan sözlәri tәәssüf ki, deyә bilmәdi vә onlar da bir-birinin üzünә baxıb, yaxşı sizә qәrarımızı bildirәrik deyib getdilәr. Onları tәqib etdim, Nazim Hikmәt Polat yolda onlara dedi ki, gedib Folklor İnstitutu ilә görüşәk onlarla keçirәk, bunları gözüm tutmadı. Mәn birbaşa üz tutdum Elmlәr Akademiyasına Akademik İsa Hәbibbәyliyә. Sağ olsun mәni qәbul etdi, epey söhbәt etdik mәsәlәni danışdım vә Niydә universiteti ilә ortaq simpozium keçirәcәklәrsә bizim universiteti kәnarda qoymamalarını xüsusilә xahiş etdim. O vaxtlarda Türk ordusu Rusların suxoy Su-24 tәyyarәsini vurmuş vә Türkiyә ilә Rusiya arasında soyuqluq yaranmışdı. İsa Bәy gözlәrini üzümә zillәyib, “Yaxşı baxarıq narahat olma!” dedi. Mәsәlәni başa düşdüm.


İsa Bәyi 1991-ci ildәn tanıyırdım, hәr Naxçıvana getdikdә dәfәlәrlә evindә olmuşdum, hansı problemim olsa sorğusuz-sualsız hәll etmişdi. İsa Bәy dövlәt vә millәt mәnafeini heç nәyә dәyişmәyәn bir xarakterә malik idi vә haqlı olaraq qatığı üfürüb yeyirdi, AMӘA-nın bu işә girişmәyәcәyini anladım. Mәn otaqdan çıxdıqda Nazim Hikmәt Polat vә ekibi İsa Bәylә görüş üçün gözlәyirdi. Mәn çıxdıqdan sonra İsa Bәylә görüşüblәr vә heç nә әldә edә bilmәdәn Türkiyәyә qayıtmalı olublar. Bir müddәt sonra mәnә xәbәr çatdı ki, Niydә Universitetinin rektoru bu işi başara bilmәdiyinә görә cәnab Polatı yuyub sәribmiş. O da dönә-dönә Әli Şamilә zәng üstünә zәng çalıb ki, Seyfәddin bәy bu işin üstünә düşsün vә birgә simpozium keçirәk. Әli Bәy dә mәsәlәni mәnә bildirdi.

Tәkrar getdim rektor müavini Sәyavuş Qasımov ilә görüşdüm, mәsәlәni danışdım birlikdә Nazim Bәyin otağına gedib görüşdük. Nazim Bәy Sәyavuş Bәyә fikrini sordu, o da siz nә mәslәhәt bilirsinizsә elә olsun. Seyfәddin bәy düz deyir, biraz xәrcimiz çıxacaqdır, ancaq universitetimizin vә dövlәtimizin hәr il bir ölkәdә yüksәk sәviyyәli tәbliğatı aparılacaqdı. Nazim Bәy yaxşı gedin vә nә lazımdırsa edin dedi, hazırlıqlar görüldü, möhtәşәm bir simpozium keçirildi.
Nazim Hikmәt Polata heç nәyi açıb-ağartmadım, ancaq o hәr qarşılaşmamızda etdiyi sәhvә görә әziyyәt çәkirdi, bunu hiss edirdim.
Bu il Almatıda keçirilәn әnәnәvi simpoziumda mәn dә iştirak etdim. Rektor müavinlәrimiz Sәyavuş Qasımov, Gülzar İbrahimli, dekanlar, müavinlәri, universitetimizin alimlәri vә bizimlә birlikdә gedәn digәr qurumlardan gәlmiş ziyalı alimlәr iştirak edirdi. Simpozium Azәrbaycan, Qazaxstan vә Türkiyәnin milli himnlәrinin oxunmasıyla başladı.

Müxtәlif çıxışlar, Qazax Qızlar Pedaqoji Universitetinin tәlәbәlәri vә sәnәtkar heyәti Qazaxstan Türklәrinin mәdәniyyәtini uğurla tanıtdılar. Bizimlә gedәn Turan Muğam qrupunda iştirak edәn xanәndә Murad Kәngәrli, tarda İlhamiz İsmayılov, kamançada Pәrviz Fәrhadov, aşıq Cavanşir Quluyev çıxış edib öz sәnәtlәrini әn yüksәk sәviyyәdә tәqdim etdilәr. Xanәndә Murad Kәngәrli isә zalda olan hәr bir şәxsdә böyük heyranlıq tәlatümlәri yaratdı, Azәrbaycan musiqi sәnәtinin ülviliyini nümayiş etdirdi. Qrupumuzdakı Әli Eyvazov isә simpoziumun hәr bir anını videoya qeyd edirdi.


Orda olduğumuz dörd gün әrzindә Sәyavuş Bәy, Gülzar Xanım, Salman Süleymanov, Mütәllim bәy, Rәşad bәy, Natella Zakirli, Elmira Mәmmәdova-Kekeç, Әdalәt Tahirzadә, Mayıl Әsgәrov, Sevda Rzayeva, Aybәniz xanım, Bakı Slavyan Universitetindәn gәlmiş Fәrrux Bәy vә iki xanım hәmkarı ilә birlikdә digәr dostlarla fәlәkdәn o dörd günü oğurladıq. Sonuncu gün Ala Tauda Şınbulağa apardılar, o dağa olan sәfәrimizlә bütün yorğunluğumuz aradan itib-getdi vә axşama gözәllәr gözәli Bakıya qayıtdıq.


Almatı tipik Sovet şәhәri görüntüsündә idi. Şәhәr çox gözәldi, çünki orijinal şәkli pozulmamışdı. Küçәlәr, piyada yolları hәddәn artıq geniş, hәr yan bağ-bağat, parkları böyük, hara baxsan yamyaşıllı idi. Natella, Aybәniz, Elmira xanımlar, Әdalәt vә Mayıl bәylәrlә bir çox yeri piyada dolandıq, bazarlarını gәzdik. Almatıda hәr bir şey yaxşı idi, ancaq xoşuma gәlmәyәn yeganә iki şey vardı. Biri hәlә dә kiril әlifbasının qüvvәdә olması, digәri isә Rusca adların yerini İngilis, Fransız vә ya digәr bir Avropa xalqına mәnsub adların alması idi. Onları gördükcә ürәyim ağrıyırdı…


Biz haçan öz millәtimizin vә mәdәniyyәtimizin böyüklüyünün fәrqinә varacayıq?! Haçana kimi özgәlәrini yamsılayacayıq?! Haçan xәyalı ümman olan komplekssiz, cәsur, ziyalı nәsillәrin sayını heç olmasa әlli faizә çatdıracayıq?!
“Ey Türk! Yuxarıda mavi göy uçmasa, aşağıda qara yer yarılmasa sәnin elini vә törәni kim poza bilәr???”

TƏQVİM / ARXİV