ANA SƏHİFƏ / YAZARLAR

Şəfiqə anaya məktub varmı?

Yusif İldırımzadənin bu kitabı ananı necə sevməyi öyrətmir, sadəcə, bir övladın keçirdiyi hissləri əks etdirir

31566    |   2016-05-21 10:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"...Bəlkə də əslində, insan-biz hamımız bu yer üzünə göndərilən bir məktubuq: Allahın məktubu. Hər görüş, hər ayrılıq, bir-birimizə ötürdüyümüz hər xoş, hər naxoş xəbər əslində, üzbəsurət yazışmalardı, sadəcə, vərəqə köçürülmür, taleyimizə köçür. Odur ki, bizlər bir-birimizi oxumağa əbədi məhkum bəndələrik: özü də tək yazdıqlarımızı yox, həm də yazmadıqlarımızı..."
Tanınmış hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru Yusif İldırımzadənin qələmindən çıxan "Məktub" kitabı oxuculara çoxdan çatıb. İlk cümləsindən sonuncu nöqtəsinə qədər səmimiyyət havası ilə dopdolu bu kitab barəsində mətbuatda fikir bildirən, təhlil edən də az olmayıb, yəqin ki, hələ bundan sonra da olacaq. Bu yazıda üç il əvvəl işıq üzü görən və maraqla oxunan "Məktub"u təhlil etmək fikrində deyilik. Məqsədimiz tamam başqadı, bu yazı Yusif Əli oğlunun "Məktub"unu indiyə qədər müxtəlif səbəblərdən oxuya bilməyənlərə bir məktubdu...

Bir ömür boyunca sürəcək səmimi hisslər

Yusif İldırımzadə bu kitabı atası - tanınmış jurnalist-publisist, yazıçı Əli İldırımoğlunun və anası Şəfiqə xanımın adına bağlayıb. "Anama məktublar" bölməsində müəllifin anasına beş məktubu yer alıb. Məktubun ünvanı bəlli, bəs onun yazılma səbəbi? Sualın cavabını Yusif İldırımzadə özü belə anladır: "Anama ünvanlanmış bu məktublar nə oyaq xatirələrin kükrəməsidir, nə də ocaq yeri kimi soyumuş duyğuların közərməsi. Bu, bir qəlb yanğısıdırmı, hüznlü bir könül çırpıntılarıdırmı? Bəlkə də bu, bir borc hissidir, daxili çağırışdır? Ana ruhu qarşısında övlad ehtiramıdır? Yoxsa anasız ömrün yaşam formasıdır, ovuntusudur, təsəllidir? Bəlkə bununla mən, anasız dünyamda yeni bir analı dünya axtarışına çıxmışam? Bütün bunların, cavablı-cavabsız sualların bir məntiqi var-ana məhəbbətinin cazibəsi. Bütün bunlar hər bir halda, anasızlayanda, anasız anlarımda özünüaxtarışım, özünütapmam və ən nəhayət, özünüyaşatma vasitəmdir. Bu məktublar hələ çox yazılacaq, anacan! Bir ömür boyunca sürəcək. Sənə ünvanlanmış bu ürək sözləri, bu qəlb çırpıntıları hər şeydən əvvəl mənim özümlə həbs-halımdır. Sənsiz sənə ünvanlanan bu qanadlı vərəqlər mənə elə gəlir ki, həm də mənim özümün özümə məktublarımdır. Axı bu, həm də etirafdır. Axı biz bu ünvanda qovuşuruq.
Çox xahiş edirəm, anacan, həzin notlar səni kövrəltməsin, sətirlərə səpələnmiş solğun təbəssümüm səni qüssələndirməsin, kədər və göz yaşlarım ruhunu incitməsin..."
Kitabda müəllifin anasına beş məktubu yer alıb. Beş övlad-dörd oğul, bir qız böyüdən Şəfiqə anaya beş məktub. Müəllifin təbirincə desək, qüdrətli Əli İldırımoğlunu formalaşdıran Şəfiqə xanıma beş məktub.
"...Bilirəm, atam səni çox sevirdi. Amma içindəki məhəbbəti büruzə vermir, ciddi-cəhdlə gizlədirdi. Sən isə fədakarcasına, açıqdan-açığa hamının yanında, çəkinmədən, Əliyə olan məhəbbətini bütün çalarlarıyla nümayiş etdirirdin. Hətta "Allah məni Əlinin qabağında öldürsün..." kimi sözləri də şüara döndərmişdin. Sən atamı həmişə qabardıb özün kölgədə qalmısan. Şübhəsiz, atam böyük adamdır, o məhəbbətə layiqdir. Lakin bu böyüklüyü sən ömrün boyu daha da böyütmüsən. Göstər mənə o arvadı sənin kimi, ərinin qabağında ölmək istəsin?.. Sən istədin, mənim fədakar Anam! İstədiyinə də yetdin, arzuna çatdın.
Sənə olan məhəbbətini zaman-zaman gizli saxlayan Əli İldırımoğlu bu gün uşaq kimi bir küncə qısılır, xəlvətə çəkilib xısın-xısın, için-için ağlayır. Sənsizlik bu gün onu daha da çox göynədir, məğrur atam, əyilməz, vüqarlı Əli İldırımoğlu sənsizlikdən bükülür, yetim uşaq kimi qıvrılır. Daha çox özünə ağlayır, Şəfiqəli günlərini, şəfqətli günlərini yad edib ağlayır... Axı heç kim onu sənin kimi ovundura bilməz, nazını çəkə bilməz. Bütün dünya yığılsın, heç kim səni onun üçün əvəz edə bilməz..."
Yusif İldırımzadə anası Şəfiqə xanımın ağır xəstəliklə mübarizə apardığı günləri, bir övlad kimi özünün keçirdiyi hissləri belə təsvir edir: "...Altı ay on üç gün... Get-gəllər, hüzn, qüssə dolu günlər, səksəkəli düşüncələr, ürək çırpıntıları, intizar dəqiqələr, saatlar... İsti, bürkülü yay qurtardı... Sonra sərin payız yelləri, yağışlar... Ən nəhayət qış... qarlı-sazaqlı... Əslində mən bu günləri fəsil-fəsil ilin dönümləri kimi yaşamadım. Mənimçün bu fəsillərin də bir ünvanı vardı-sənin palatan. Demə günəş burda doğur, burda batırmış, sərin payız yelləri havasını burdan alırmış, elə qarın, şaxtası, sazağı da burda başlamışdı... Mənim üçün dünya bu balaca otaqdan ibarət idi. Havasıyla, fəsliylə... Həm də dəyişməyən ətriylə. Bu qədər dava-dərman qoxusu içində sənin ətrin, sənin iyin necə aydın, təmiz hiss olunurdu, mənim ətirli Anam!..."
Ölüm hissi, onun qorxusu, xofu ilə tanışlığımız nə zamandan başlayır? Təbii ki, cavablarımız müxtəlif ola bilər, hər birimiz bunun fərqli cür izah etməyə çalışarıq. Yusif İldırımzadə "Məktub"larında öz duyğularını belə ifadə edir: "...Səndən sonra bildim ki, ölüm varmış... Səndən sonra bildim ki, ölüm nədir... Bu hiss məndən də keçdi... Bu həyatı mən də yaşadım. Ölümü gördüm, tanıdım, daha mənə ölüm yoxdur. Ölümü görənlər əbədiyyətə qovuşur. Şopenhauer deyir ki, ölüm haqqında düşüncələr ölümün özündən daha çox əzab verir. Sən öz ölümünlə bizi bu əzablardan da qurtardın, mənim əzabkeş Anam! Sən bu fədakarlığınla bizi ölüm qorxusundan, ölüm əndişəsindən də xilas etdin, mənim fədakar Anam! Biz ölümü gördük, ölüm bizimçün adiləşdi, indi o bizimçün qorxulu deyil. Sən öz ölümünlə ölümü də öldürdün, ölümə qalib gəldin, ölümsüzlük qazandın, mənim ölməz, əbədi Anam!
Görünür, sənin kimi mərd, müqəddəs adamların fonunda ölüm əhəmiyyətini itirir. əbədiyyət yaranır... Düşünürəm ki, dünyaya əbədi rahatlıq üçün gəlmiş insan ölmür, əbədi rahatlığa qovuşur. Belədə ölüm xofu əbədi rahatlıq duyğusuyla əvəz olunur..."
Yusif Əli oğlu bu beş məktubunda öz hiss və duyğularını səmimiyyətlə çatdırmağa çalışıb. Bu səmimiyyət kitabın "Əziz dost!" kəlməsi ilə başlayan elə birinci cümləsindən oxucunu özünə cəlb edir. Elə ona görə də Yusif İldırımzadənin "Məktub"u ananı necə sevmək barədə dərs vəsaiti yox, sadəcə, bir övladın yaşadığı hissləri əks etdirən bir kitabdır.
Yəqin ki, Şəfiqə anaya ünvanlanan sözlər, fikirlər beş məktubla yekunlaşmır. Müəllifin özünün də qeyd etdiyi kimi, bu məktublar hələ çox yazılacaq...

Vətəndaş narahatlığı, hüquqşünas mövqeyi

Yazının əvvəlində qeyd etdiyimiz kimi, Yusif İldırımzadənin "Məktub"u barədə yazımız bu maraqlı kitabı indiyə qədər müxtəlif səbəblərdən oxuya bilməyənlərə bir məktubdu. Ona görə də "Anama məktublar"dan başqa, kitabdakı digər bölmələr barədə də yazmağa dəyər. Yusif Əli oğlunun qələmə aldığı kitabda müəllifin esseləri, məqalə və müsahibələri toplanıb. Sonuncu bölüm isə "Prokurorun qeydləri" adlanır.
"Esselər" bölməsindəki "Biganəlik ruhun xərçəngidir" yazısında müəllif onu narahat edən, özünün dediyi kimi, qorxudan biganəlikdən yazıb, ətrafımızda baş verən, gündəlik rastlaşdığımız mənəvi problemlərdən ətraflı bəhs edib. Haqq-ədalət uğrunda mübarizədə ziyalıların həmişə öndə getdiyini qeyd edən Yusif İldırımzadə bu gün də işıqlı insanları cəmiyyətin önündə getməsini arzulayır. Müəllif haqlı olaraq qeyd edir ki, ən böyük ziyalılıq sözdə yox, əməldə olmalıdı. Əsl ziyalılıq zəruri anda insanların dadına yetmək, ehtiyaclarını ödəməkdir.
"Yaratmaq ölümü öldürmək deməkdir" adlı essedə müəllif ocağında böyüyüb boya-başa çatdığı Əli İldırımoğlunun uzun və əzablı jurnalistik, yazıçılıq yoluna nəzər salıb. "Allah adamı" essesində dostu, ilahiyyatçı Əhmədağa Əhmədovun, "Özünə oxşayan adam"da isə müəllimi, tanınmış pedaqoq Məmməd Xələfovun portret cizgilərini yaratmağa çalışıb.
"Məqalələr" və "Müsahibələr" adlı bölmələrdə isə müəllifin mətbuatda dərc olunan məqalələri, "Ədalət" də daxil olmaqla müxtəlif qəzetlərə verdiyi müsahibələri yer alıb.
"Mən müstəntiq olmağımla fəxr edirəm. Prokuror vəzifədir"-deyən tanınmış hüquqşünas mətbuata verdiyi müsahibələrdə müstəqilliyə qovuşduqdan sonra Azərbaycanda həyata keçirilən hüquqi islahatlarla bağlı maraqlı təkliflər səsləndirib. Aradan təxminən 20 ilə yaxın vaxt keçməsinə baxmayaraq
həmin təkliflərin əksəriyyəti bu gün də aktuallığını qoruyur. Kitabın bu bölümlərini oxunaqlı edən cəhətlərdən biri də yəqin ki, elə budur.
"Prokurorun qeydləri"ndə isə müəllif prokurorluq orqanlarında çalışarkən rastlaşdığı hadisələr barədə yazıb. Sonuncu bölümdəki "Bir gecənin "qəhrəmanları"", "İbrət dərsi" real hadisələr əsasında qələmə alınıb.
"Məktub"un əvvəlində Yusif İldırımzadə bu kitabla bağlı məqsədini belə açıqlayıb: "... İstədim ki, dostlar, doğmalar, yadlar təkcə üzümü yox, özümü də görə bilsinlər. Bu kitab həm də artıq məni tərk edib getmiş ötən zamanı yenidən dirildib görmək yanğısından doğuldu. Bu kitab gün-gün yaşadığım ömrün səhifə-səhifə şəklidir".
Bu məktubumuzu oxuyanlar əmin olacaq ki, "Məktub" müəllifi Yusif Əli oğlu öz istəyinə çatıb.


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK