ANA SƏHİFƏ / YAZARLAR

Baladadaşın toy hamamına tamaşa etmək...

Tanış obrazları səhnədə görməyimizə lap az qaldı

34632    |   2015-12-05 09:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Baladadaş gözlərini dolabdan çəkib yenə Sevilə baxdı və birdən-birə başa düşdü ki, cəmi yarımca saat bundan əvvəl tanımadığı bu on səkkiz yaşlı gözəl qız onun üçün çox doğma və əziz bir adamdır...
...Baladadaşın ilk məhəbbəti belə başladı...

Kitabda oxuduğumuz, filmdə gördüyümüz

...Baladadaş tüfəngi bir tərəfə tullayıb qaça-qaça və qaça-qaça da soyuna-soyuna özünü dənizə vurdu və ancaq bundan sonra məsələnin nə yerdə olduğu bilindi.
... - Alə, Ələkbər! O sənin hamamun, oda sən! Mən dənizdə çimdim! Özü də mənin oğlum...
Əvvəlcə Baladadaş söz tapa bilmədi ki, sözünün dalını gətirsin. Amma Baladadaş hiss elədi ki, bu yerdə nəsə yaxşı, əntiqə bir söz deməlidir.
- Mənim oğlum...
Baladadaş yenə bir söz tapa bilmədi.
- Mənim oğlum...
Tapdı Baladadaş...
- Mənim oğlum dənizə oxşayacaq, day sənin o xosma hamamuva yox...

Xalq yazıçısı Elçinin "Baladadaşın ilk məhəbbəti" və "Baladadaşın toy hamamı" hekayələri işıq üzü görən gündən maraqla qarşılanıb. Görkəmli ədibin Abşeron koloritini yaşadan bu əsərləri kinematoqrafçıların da diqqətini çəkib və hekayələrdən biri - "Baladadaşın ilk məhəbbəti" 1974-cü ildə ekranlaşdırılıb. Əməkdar incəsənət xadimi Fikrət Əliyevin çəkdiyi film bu gün də baxılır. Tamaşaçılar Mirvari Novruzovun, Şamil Süleymanlının, Ruhəngiz Musəvinin rol aldığı "Baladadaşın ilk məhəbbəti"ni dönə-dönə izləməkdədir.
Yaxın günlərdə isə Elçinin bu iki populyar hekayəsinin qəhrəmanlarını səhnədə görmək imkanımız olacaq. Dövlət Musiqili Teatrı ilk dəfə görkəmli yazıçının yaradıcılığına müraciət edərək "Baladadaşın toy hamamı" adlı tamaşa hazırlayır. Xalq artisti, "Şöhrət" ordenli rejissor Cənnət Səlimovanın quruluş verəcəyi musiqili komediyanın librettosunu Əməkdar artist Nofəl Vəliyev yazıb. Cənnət xanım son illərdə olduğu kimi, yenə öz komandası ilə çalışmağa üstünlük verib, tamaşanın bəstəkarı Firudin Allahverdi, quruluşçu rəssamı isə Xalq rəssamı Tahir Tahirovdur.
Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov quruluşçu dirijor, Elgün Vəliyev rəssam, Zakir və Yelena Ağayevlər isə baletmeyestr kimi yeni tamaşanın uğurlu alınması üçün quruluşçu rejissora kömək edirlər. Təzə səhnə əsərində səslənəcək mahnıların mətnini populyar meyxana ustası Vüqar Əbdülov yazıb.
Quruluşçu rejissor "Baladadaşın toy hamamı"nın məşqlərindən birində iştirak etmək üçün bizə şərait yaratdı. Biz məşqi izləyərkən Baladadaşla Sevilin tanış olduqları epizod üzərində iş gedirdi. Cənnət xanım hər bir kiçik detalı belə diqqətdən qaçırmırdı, aktyorların işə yaradıcı və həvəslə yanaşmaları, quruluşçu rejissorla tez-tez fikir mübadiləsi aparmaları xoş mənzərə yaradırdı. Teatrın baş xormeystri, Əməkdar artist Vaqif Məstanov isə xor üzvləri ilə məşq edirdi.
Direktorun tapıntısı,
tələbənin debütü

"Baladadaşın toy hamamı" bir neçə səbəbdən Dövlət Musiqili Teatrı üçün əlamətdar olacaq. Son illər maraqlı layihələr həyata keçirən və teatr ictimaiyyətinin diqqətini özünə cəlb etməyi bacaran bu kollektiv yazının əvvəlində vurğuladığımız kimi, ilk dəfədir ki, Xalq yazıçısı Elçinin yaradıcılığına müraciət edir. İkinci əlamətdar hadisə baş rolun ifaçısı ilə bağlıdır. Quruluşçu rejissor Cənnət Səlimovanın baş rol etibar etdiyi tələbə Əmrah Dadaşov Baladadaş obrazı ilə peşəkar səhnədə debüt edəcək.
Məşqdə yaranan qısa fasilədən istifadə edib Baladadaş rolunun ifaçısı Əmrah Dadaşovla söhbətləşirik. Əmrah Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsinin IV kurs tələbəsidir. Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Əliqismət Lalayev onu baş rola dəvət edib: "Universitetimizdə Əliqismət müəllimin rejissor kursunda təhsil alan Həcərxanım Cavanşir ötən il "Leyli və Məcnun" əsərinə quruluş vermişdi, mən də həmin tamaşada Məcnun rolunda oynayırdım. Əliqismət müəllim həm tələbəsinin tamaşasını, həm də mənim ifamı bəyəndi və rəhbərlik etdiyi teatrda çalışmağıma şərait yaratdı. Bu ərəfədə Dövlət Musiqili Teatrında Xalq yazıçısı Elçinin əsərləri əsasında "Baladadaşın toy hamamı" tamaşası hazırlanırdı. Əliqismət müəllim məni tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova tanış etdi. Cənnət xanım da məni bəyəndi və beləcə baş rola təsdiq olundum".
Gənc istedad kollektivdəki yaradıcılıq atmosferini yüksək qiymətləndirir və ona bəslənən ümidləri doğrultmaq istəyir: "Taleyimdən razıyam ki, milli teatr tariximizdə özünəməxsus izi olan belə bir peşəkar kollektivlə bir səhnədəyəm. Əliqismət Lalayevin rəhbərliyi ilə teatrda çox gözəl və səmimi bir atmosfer yaranıb, bizim kimi gənclər üçün bu çox mühümdür. "Baladadaşın toy hamamı" tamaşasında rol alan təcrübəli aktyorlar məsləhətlərini əsirgəmir, mənə mənəvi dayaq olurlar. Sənət müəllimim, Əməkdar artist Telman Əliyevlə də daim məsləhətləşirəm.
Xalq yazıçısı Elçin ən çox sevdiyim müəlliflərdəndir. Həmişə onun pyeslərində oynamaq arzusunda olmuşam. "Şöhrət" ordenli professor Cənnət Səlimovanın quruluş verdiyi bu tamaşada baş rol almaq qürurvericidir. Mənə bəslənən bu etimadı doğrultmaq istəyirəm. Əminəm ki, "Baladadaşın toy hamamı" tamaşaçıların maraqla baxdıqları səhnə əsərlərindən biri olacaq".
Kino elementlərindən də istifadə edilən yeni tamaşada rolları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlərdən Nahidə Orucova, Səidə Şərifəliyeva, Novruz Qartal, Çingiz Əhmədov, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlardan Möylə Mirzəliyev, Türkel Şabanova, Əliməmməd Novruzov, Elçin İmanov, Hüseyn Əlili və başqaları ifa edirlər.
"Baladadaşın toy hamamı" yaxın günlərdə tamaşaçılara təqdim olunacaq.
 


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK