ANA SƏHİFƏ / YAZARLAR

"Qızıl toy"a dəvətlisiniz

Əliqismət Lalayev: "Sənətə, yaradıcılığa dəyər verən hər kəsə qapılarımız açıqdı"

19441    |   2012-09-15 00:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünən ölkədə yeni teatr mövsümü rəsmən açıq elan edildi. Qocaman sənət məbədlərindən sayılan Dövlət Musiqili Komediya Teatrı tamaşaçıları ilə sentyabrın 18-də görüşəcək. Son illərin ənənəsinə uyğun olaraq, kollektiv mövsümü Milli Musiqi Günündə açır və bu bayramın səbəbkarı Üzeyir bəy Hacıbəylinin "Ər və arvad" əsəri ilə sənətsevərlərin görüşünə gəlir.
   
   Musiqili Komediya Teatrının direktoru əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevlə söhbətimiz yeni mövsümün açılışı ərəfəsində baş tutdu.
   
   Həmsöhbətim əvvəlcə rəhbərlik etdiyi kollektivin ötən mövsüm gördüyü işlər barədə məlumat verdi:
   
   - Dövlət Musiqili Komediya Teatrı ötən mövsümü paytaxtda deyil, ölkənin şimal bölgəsində - Xaçmazda açdı. Həmin gün rayondakı teatrsevərlərə dahi Üzeyir bəy Hacıbəylinin "Ər və arvad" komediyasını təqdim etdik. Açılışı məhz ona görə Bakıdan kənarda keçirdik ki, bölgələrdə yaşayan teatrsevərlər də tamaşalarımızı canlı izləyə bilsinlər. Bölgələrimizdə milli dəyərlərimizə maraq böyükdür, bu üzdən kollektivimiz tez-tez rayonlarımıza qastrol səfərlərinə çıxır. Ötən mövsüm İsmayıllıda, Salyanda, Lənkəranda, Gədəbəydə tamaşalar oynadıq, həmin rayonlarda yaşayan tələbkar tamaşaçılarımızla yaddaqalan görüşlər keçirdik. Belə görüşləri yeni mövsümdə də davam etdirəcəyik.
   
   Xaçmazdan başlanan mövsüm bizim üçün uğurlu oldu. Kollektiv bir-birindən maraqlı layihələrlə sənətsevərlərin görüşünə gəldi. Hazırladığımız yeni tamaşalardan söhbət açarkən "Evlənmə"nin adını xüsusi qeyd edərdim. Böyük rus yazıçısı Qoqolun bu məşhur komediyasına quruluş vermək üçün dəvət etdiyimiz tanınmış rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov çox maraqlı bir yaradıcılıq işi ortaya qoydu. İstedadlı rejissor əsas rolları Akademik Milli Dram Teatrında yaratdıqları obrazlarla geniş tamaşaçı rəğbəti qazanan xalq artistləri Sükufə Yusupovaya və Məleykə Əsədovaya etibar etdi. Həmçinin Gənc Tamaşaçılar Teatrından yaxşı tanıdığımız əməkdar artist Qurban İsmayılov bu tamaşada rol aldı. Onlar bizim teatrın aktyorları - xalq artisti Arif Quliyev, əməkdar artistlər mərhum Elçin Həmidov, Ramiz Məmmədov, Çingiz Əhmədov, Emma Məlikova, Ülviyyə Əliyeva ilə çox gözəl bir ansambl yarada bildilər. Tamaşaçıların, teatr tənqidçilərinin maraqla qarşıladığı "Evlənmə" həm də ona görə əlamətdardır ki, bu, dövlət teatrları arasında ilk antrepriz tamaşadır.
   
   - Teatrınız "Kimyagər" tamaşası ilə də bir yeniliyə imza atdı. Mirzə Fətəli Axundzadənin pyesi tam fərqli yanaşmada təqdim edildi...
   
   - Milli dramaturgiyamızın banisi, ədəbi fikir tariximizin nəhəng simalarından biri- Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Musiqili Komediya Teatrı bu əlamətdar hadisəyə biganə qala bilməzdi. Biz dramaturgiyamıza bir-birindən maraqlı əsərlər bəxş edən bu görkəmli qələm ustasının "Molla İbrahimxəlil kimyagər" komediyasına müraciət etdik. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan bu tamaşaya da Bəhram Osmanov quruluş verdi. Bayaq qeyd etdiyiniz kimi, biz bu məşhur əsərə fərqli yanaşdıq. İstedadlı şair Əjdər Ol maraqlı libretto yazdı, xalq artisti, son illər teatrlarla sız yaradıcılıq əlaqələri quran bəstəkar Səyavuş Kərimi musiqi bəstələdi. "Kimyagər" adlı bu tamaşanın bir özəlliyi də onda idi ki, Mirzə Fətəlinin həmişəyaşar Kimyagər obrazını xalq artisti Afaq Bəşirqızı oynadı. Afaq xanım istedadlı gülüş ustası kimi obraza incə çalar əlavə edə bildi və bu rolun öhdəsindən məharətlə gəldi. "Kimyagər" Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən Milli Teatr Festivalında da uğurla çıxış etdi, diploma layiq görüldü.
   
   "Milli teatr sahəsində qazandığı uğurlara görə" nominasiyası üzrə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə" mükafatına layiq görülməyimiz isə kollektivimizin gərgin əməyinə verilən yüksək qiymətdi.
   
   Uzun illər Musiqili Komediya Teatrının səhnəsində maraqlı obrazlar yaradan Nahidə Orucova, Nərgiz Kərimova və Çingiz Əhmədov əməkdar artist fəxri adına layiq görüldülər. Zəhmətimizə verdiyi dəyərə, göstərdiyi qayğı və diqqətə görə teatrın kollektivi adından ölkə başçısına, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm.
   
   - Azərbaycan teatrını Amerika Birləşmiş Ştatlarında təmsil etmək də ilk dəfə rəhbərlik etdiyiniz kollektivə nəsib oldu. Okeanın o tayına qastrolunuz necə yadda qaldı?
   
   - 138 yaşlı peşəkar Azərbaycan teatrının tarixində ilk dəfə məhz bizim teatra ABŞ-a səfər etmək nəsib oldu. Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə reallaşan bu tarixi səfərdə teatrımız həm paytaxt Vaşinqtonda, həm də Nyu-Yorkda uğurla çıxış etdi. Amerikada yaşayan soydaşlarımız, diaspora nümayəndələri, dəvət olunan əcnəbi qonaqlar Afaq Bəşirqızının, Nərgiz Kərimovanın, Əliməmməd Novruzovun çıxışlarını böyük maraqla izlədilər.
   
   - Teatrınızın binasında təmir və yenidənqurma işləri davam edir. Tamaşaçılarınızı həmin binada nə zaman qəbul edə biləcəksiniz?
   
   - Şərqdə ilk peşəkar teatrın yaradıcısı sayılan Azərbaycanda bu sənətin inkişafına, teatr binalarının müasir standartlara uyğun təmir və yenidən qurulmasına, yeni texniki vasitələrlə təmin olunmasına ciddi önəm verilir. Ulu öndər Heydər Əliyevin başladığı bu yol bu gün ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir. "Teatr və teatr fəaliyyəti haqqında" Qanun, "Azərbaycan teatr sənəti 2009-2019-cu illərdə" Dövlət Proqramı bu diqqət və qayğının bariz nümunəsidir.
   
   2010-cu ilin noyabrından teatrımız təmirə dayanıb. Binada böyük həcmli işlər görülməkdədir. İnanıram ki, kollektivimiz və daimi tamaşaçılarımız burada görülən işlərin səviyyəsindən, dövlətimizin bizə bəxş etdiyi bu hədiyyədən razı qalacaqlar.
   
   Binamızda təmir işləri davam etdiyi müddətdə Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının və Rus Dram Teatrının rəhbərləri tamaşalarımızı oynamaq üçün bizə öz səhnələrində hər cür şərait yaradıblar. Necə deyərlər, müvəqqəti binasız qaldığımızı hiss etmirik.
   
   Qarşıya çıxan müəyyən çətinliklərə baxmayaraq, biz öz işimizi davam etdirmək üçün səy göstəririk. Dekabr ayına kimi oynayacağımız tamaşaların repertuarı artıq hazırdı.
   
   - Sizinlə yeni mövsüm ərəfəsində görüşürük. Hansı təzə tamaşaları görə biləcəyik?
   
   - 103-cü mövsümü Üzeyir bəyin "Ər və arvad" tamaşası ilə açırıq. Yeni mövsümdə tamaşaçılarımızı "Qızıl toy"a dəvət edəcəyik. Bəstəkar Oqtay Kaziminin Ramiz Heydərin librettosu əsasında yazdığı əsərə Yusif Əkbərov quruluş verəcək. Əsas rolları əməkdar artistlər Xanım Qafarova, Nərgiz Kərimova, Əkbər Əlizadə və Çingiz Əhmədov oynayacaqlar. Əməkdar incəsənət xadimi Əsgər Əsgərov isə rus truppası ilə Jan Batist Molyerin "Skapenin kələkləri"ni hazırlayacaq.
   
   Əsas məqsədimiz tamaşaçıları təkcə güldürən yox, həm də düşündürən səhnə əsərləri hazırlamaqdı. Sənətə və yaradıcılığa dəyər verən hər kəs üçün qapılarımız açıqdı.


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK