ANA SƏHİFƏ / YAZARLAR

Ustad Nadir, nadir ustad

60 ildir ki, öz yolu ilə sakitcə addımlayan tanınmış bədii qiraət ustası Nadir Hüseynovun yaşıdlarına bir arzusu var- Yaşa kişi kimi, öl kişi kimi!

50187    |   2012-04-21 10:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dostlar, badələri qaldırın içək...

Tofiq Abdin (yazar, yubilyarın həmkəndlisi):
   
   
   
   "...Dostum Nəriman Əbdülrəhmanlı bir filmində- Əli bəy Hüseynzadə haqqında filmdə mətn oxuduğunu dedi və mən səni səsindən tanıdım, baxmayaraq ki, səkkiz ildən sonra mən səni ilk dəfə idi televiziyada eşidirdim.
   
   ...Sənin səsini o filimdə eşitdim və sevindim, açığını deyim ki, mən bilən pis də alınmamışdı. Amma məqamı gəlib deyim: daha yaxşı oxuya bilərdin və Nəriman da bu fikirdə idi. Amma sən artıq özünü professional hesab elədiyindən güman ki, belə şeylərə bir az yuxarıdan baxırsan. Onu da bilirsən ki, Aydın Qaradağlı heç bir rol oynamadı bu dünyada... Aydın Qaradağlı bu dünyada səsi ilə qaldı, Qəribağa kişinin oğlu Nadir... Belə-belə işlər: əski adı Xarabakənd, yeni adı Qırmızıkənd olan, mənim də doğulduğum bir eldən çıxan Qəribağa kişinin oğlu aktyor Nadir Hüseynov..."
   
   
   
   Oqtay Salamov
   
   (jurnalist, yubilyarın keçmiş iş yoldaşı) :
   
   
   
   "Nadir Hüseynovu institut illərindən tanıyıram. Cavan müəllim idi, institutu bitirən kimi elə həmin ali məktəbdə işə götürmüşdülər. Bunun nə olduğunu, istedadın özü üzərində işləməyinin nə olduğunu sonralar bildim.
   
   Aktyorlara dərs deyirdi. Sonra həmkar olduq.Yaxın olduq, toyuna getdim, toyuma gəldi. Eşidəndə ki, Nadir Hüseynovun 60 yaşı olur, inanmadım. Sonra öz yaşımı yada saldım... Yaman keçdi zaman, Nadir müəllim!...
   
   Təbrik edirəm, doğmaların, dostların Allah verən ömrün miqdarını yox, sevincinin, şadlığının şahidi olsunlar!
   
   Nadir Hüseynovun heç bir fəxri adı yoxdur, teatrda, kinoda aktyor olmayıb, təkcə səsi , bir də böyük ürəyi ilə sevilib, yaddaşlarda qalıb. Neçə-neçə Xalq artisti, Əməkdar artistin Nadir müəllimlə ikiəlli görüşmək üçün onun üstünə gəldiyinin şahidi olmuşam. "Üstünə gəlmək" sözünü indiki dalaşmaq mənasında demirəm, hörmət mənasında "hüzuruna" gəlmək mənasında deyirəm. Nadir Hüseynov SƏNƏTKARdır. Bu onun ən halal, özünün qazandığı tituldur, addır, təltifdir. Çox yaşa, Nadir müəllim!"
   
   
   
   Vaqif Azəryar (yubilyarla birgə yaradıcılıq işlərinə imza atan rejissor):
   
   
   
   "Nadir hay-küy adamı deyil. Elə adamlar var ki, yaxşı "iybilmə" qabiliyyətinə malikdirlər, harda, və kimin yanında necə görünməyi, özlərini gözə soxmağı yaxşı bacarırlar. Nadir belə işlərdən həmişə uzaq olub. Bəli, "zəmanə adamı deyil", bu baxımdan bəlkə də nələrisə uduzub. Amma hansı üsullarla udmaq hələ qalib gəlmək deyil. Nadir onda olan istedad və emosionallıqla teatrda gözəl obrazlar yarada bilərdi. Amma daxili intriqalardan, ad, mükafat üstə gedən davalardan uzaq qalmaq üçün teatrda işləmədi. Bədii qiraəti üstün tutdu. Bədii qiraət bir qədər fərqli yaradıcılıq sahəsidi. Afişada bədii qiraət ustasının adı həmişə böyük hərflərlə yazılır. Böyük hərflərlə yazılan ifaçı mərhələsinə çatmaq üçün isə şəxsiyyət olmaq lazımdı. Nadir şəxsiyyətdi, şəxsiyyətini qorumağı bacaran insandı, ona bir dost kimi etibar etmək olar".
   
   Şeir yazmaq, adi sözlərdən böyük sənət əsərləri yaratmaq hər insana nəsib olmayan xoşbəxtlikdi. Çünki Tanrı bu istedadı hər kəsə vermir. Şeirdən, sözdən yaranmış dəyərli sənət əsərlərini böyük istedadla söyləmək, tamaşaçıya sevdirmək də hər kəsin bacardığı iş deyil. Nadir Hüseynov bu işi bacaran insanlardandı. Bu gün tanınan bədii qiraət ustalarından söhbət düşəndə onun adının ön sırada çəkilməsi təsadüfi deyil.
   
   Mədəniyyət və İncəsənət Universitetinin dosenti, tanınmış bədii qiraət ustası Nadir Hüseynov 60 illik yubileyini qeyd etməyə hazırlaşır. Tanrıdan gələn bu ömür payını doğru-dürüst, iddiasız yaşayır. Yubileyi ərəfəsində "Ədalət"dən, dostlarından, tələbələri və pərəstişkarlarından alacağı təbriklər, xoş sözlər halal xoşu olsun!
   
   
   
   
   
   - Nadir bəy, sənət adamlarından, aktyorlardan çoxlu müsahibələr almışam. "Uşaqlıqdan bədii qiraət ustası olmaq arzusunda idim"-deyən kimsəyə rast gəlməmişəm. Belə bir arzu yəqin heç sizin də ürəyinizdən keçməyib...
   
   - Başqalarını bilmirəm, amma mən sənətə gələndə başqa arzu ilə gəlmişdim. Orta məktəbdə oxuyanda bir dəfə televiziyada Cəfər Cabbarlının "Oqtay Eloğlu" pyesinin tamaşasını gördüm. Qüdrətli sənətkarımız Həsənağa Salayevin yaratdığı Oqtay Eloğluya tamaşa edəndən sonra aktyor olmaq istəyi, həvəsi yarandı. Doğulduğum Salyan rayonunun Qırmızıkənd orta məktəbindəki radio qovşağı bu istəyimi, arzumu reallaşdırmaq üçün münbit şərait yaratmışdı. Məktəbin radio qovşağından səslənən şeirlərin, xəbərlərin əksəriyyətini mən oxuyurdum. Orta məktəbi bitirən kimi də sənədlərimi o zamankı İncəsənət İnstitutuna verdim və qəbul olundum.
   
   - Tofiq Abdindən sonra keçmiş Xarabakənddən, indiki Qırmızıkənddən həmin ali məktəbə daxil olan ikinci şəxs oldunuz...
   
   - Deyəsən belədi. İndi Tofiq abi hər yerdə kəndimizin adını Xarabakənd kimi hallandırır, amma mən gözümü açandan oranı Qırmızıkənd kimi görmüşəm.
   
   - Həmkəndlilərin mübahisəsinə qarışmaq istəmirəm, özünüz yəqin bir ortaq məxrəcə gələrsiniz. Gəldiniz Bakıya və televizorda heyranlıqla izlədiyiniz Həsənağa Salayevin tələbəsi olmaq fürsəti qazandınız...
   
   - Bu da taleyin mənim üçün yazdığı maraqlı bir ssenari idi. Həsənağa Salayev, Fikrət Sultanov, Əzizağa Quliyev kimi ustadlardan dərs aldım. Həsənağa Salayev çox emosional aktyor idi, Məhəmməd Füzulini yaxşı bilirdi, qəzəlləri elə şövqlə ifa edirdi ki... Böyük sənətkar olmaqla yanaşı maraqlı insan, şəxsiyyət idi. Sovet quruluşunun çox cəhətlərini bəyənmirdi. Düzdü, bunu o qədər də açıq büruzə vermirdi, lakin hiss edirdin ki, narazıdı. Xəstələnəndən sonra isə narazılığını açıq bildirməyə başladı. Həsənağa Salayevdən və digər müəllimlərimdən çox şey öyrənməyə çalışırdım.
   
   1975-ci ildə istedadlı tələbə kimi o zamankı Leninqrad şəhərində bədii qiraətçilər arasında keçirilən Vladimir Yaxontov adına ümumittifaq festivalına göndərildim. Həmin festivala SSRİ-nin hər yerindən, o cümlədən kommunist düşərgəsinə rəğbəti olan ölkələrdən iştirakçılar gəlmişdi.
   
   - Bədii qiraətçi kimi ilk ciddi imtahandan necə çıxdınız?
   
   - Festivalda Robert Rojdestvenskinin "Rekviyem" əsərini doğma dilimizdə, Konstantin Simonovun "Gözlə məni" şeirini rus dilində ifa etdim. Festivalın qalibi olduğunu xatırlatsam, sualın cavabı aydın olar. Uzun illərdən sonra tələbələrim həmin festivalda iştirak edib qalib gəldilər.
   
   - Deməli, müəllim kimi də işinizə "5" yazmaq olar. Tələbələrinizdən söz düşmüşkən, indi bədii qiraəti öyrənmək istəyənlər var?
   
   - Yoxdur. Son illər bədii qiraətlə ciddi məşğul olan gəncə rast gəlməmişəm.
   
   - Bəs bu sənətin gələcəyi necə olacaq?
   
   - Bu tək məndən asılı deyil axı. Uzun illər ərzində çalışdığım Mədəniyyət və İncəsənət Universitetində bacarıqlı pedaqoqlar, bu sahəni gözəl bilən həmkarlarım var. Tələbələr onlardan öyrənməyə çalışmalıdırlar. Mədəniyyət və İncəsənət Universiteti heç kimə istedad bağışlamır, istedadlı tələbəyə istiqamət verir. Bəzi keçmiş tələbələrimlə görüşəndə deyirlər ki, müəllim, gərək sizdən çox şey öyrənəydik.
   
   - Təəssüf ki, bu gün toyda 5-6 şeirci əzbər deyən tamadalar da özlərini bədii qiraət ustası kimi təqdim etməkdən çəkinmirlər. Beləcə səviyyə də aşağı düşür. Bu məsələyə necə baxırsınız?
   
   - Pis. Necə deyim ki, yaxşı baxıram? Telekanallardan birinə xalq artisti Əminə Yusifqızını, məni və Alqayıtı dəvət etmişdilər. Əminə xanım bu məsələyə çox kəskin reaksiya verdi.
   
   Bu gün hay-küyçülər, şoumenlər hər yanı zəbt edib. Bacardıqları qədər insanların zövqünü korlayır, sözü, şeiri urvatdan salırlar. Hərə də özünə bir ad qoyur. Lakin onların özlərini təqdim etmələri ilə deyil ki... Şablon səslənməsin, xalqın gözü tərəzidi, insanlar özləri tamada ilə bədii qiraətçini yaxşı ayıra bilir.
   
   - Belə deyirlər ki, biz azərbaycanlılar şair xalqıq. Bədii qiraətçi, bu sahədə ustadlardan biri kimi yaxşı bilərsiz, şair xalqın nümayəndələri son illər yaxşı şeirlər yaza bilirlərmi?
   
   - Yaxşı şeirin qıtlığı həmişə olub. Son illərdə isə bu qıtlıq daha aydın hiss olunur. Rejissor dostum Vaqif Azəryarla yeni kompozisiya üzərində çalışanda gənc şairlərin kitablarını çox vərəqlədik, lakin gözə dəyən şeirə demək olar ki, rast gəlmədik.
   
   - Son illər əcnəbi şair və yazıçılardan sitat gətirmək dəb düşüb. Repertuarınızda xarici şairlərin şeirləri var?
   
   - Mən Füzulidən, Seyid Əzimdən, Sabirdən, Məmməd Arazdan, Musa Yaqubdan, Ramiz Rövşəndən sitat gətirirəm.
   
   - Sizi yaxından tanıyan insanlardan biri deyir ki, Nadir Hüseynov televiziyaya çəkilişlərə gələndə xanım əməkdaşlar ona həsədlə baxırdılar. 60 illik yubileyiniz ərəfəsində o günlər üçün təəssüf hissi keçirmirsiniz?
   
   - Kim təəssüflənməz ki? Amma 60 yaşımın tamam olmasını da özümə dərd eləmirəm. O günlərin öz, bu günlərin də öz gözəlliyi var.
   
   - Bir-iki ildən sonra 60 yaşa çatacaq dost-tanışa nə arzulardınız?
   
   - Repertuarımdakı şeirlərdən birində deyilən sözü arzu kimi ünvanlayardım- Yaşa kişi kimi, öl kişi kimi!
   
   - Bu günümüzü repertuarınızdakı hansı şeir daha yaxşı xarakterizə edir?
   
   - Heç fikirləşmədən böyük söz ustadı Məmməd Arazın "Ya Rəbb, bu dünya sən quran deyil" şeirini deyərdim.
   
   Ya Rəbbim, bu dünya sən quran deyil
   
   
   
   İnsandan insana körpümüz sınıb,
   
   Ya Rəbbim, hamımız sənə sığınıb.
   
   Özünü özündə itirib insan,
   
   Didişmə dişləri bitirib insan.
   
   İçdiyi zəhərdir, qusduğu zəhər,
   
   Qəhəri bəhərdir, bəhəri qəhər.
   
   Ya Rəbbim, bizlərə qaytar bizləri,
   
   Şeytan qulağında axtar bizləri,
   
   Tələsi yoxların cələsi işlək;
   
   Cələsi yoxların tələsi işlək;
   
   Çaparlıq istəsək-yolumuz kəsik,
   
   Qılınca əl atsaq-qolumuz kəsik.
   
   Ya Rəbbim, əl açdıq, tut əlimizdən,
   
   Çıxmasın bu doğma yurd əlimizdən.
   
   Sən bizi kiçiklər kinindən qoru,
   
   Fil tutur, şir tutur hörümçək toru.
   
   Ya Rəbbim, adilsən, hifz elə bizi,
   
   Halal ocaqlara üzv elə bizi.
   
   Gör harda, gör necə Məcnunuq hələ,
   
   Qəbir qazmağınan məşğuluq hələ;
   
   Külüng də bizimdi, torpaq da bizim,
   
   Batmış da, yatmış da, oyaq da bizim.
   
   Yalanı tuş elə öz ünvanına,
   
   Özün çək nahaqqı haqq divanına.
   
   Hələ mürgülüyük, xeyli mürgülü,
   
   Zurnalı, qavallı, meyli-mürgülü.
   
   Hələ öz içində batanımız çox,
   
   Düşmən laylasına yatanımız çox.
   
   Hələ qoltuqlara sığan nə qədər,
   
   Hələ töküləni yığan nə qədər.
   
   Yolu çox genişdir gedər-gəlməzin,
   
   Ağlımız bu yolla gəlsin, gəlməsin?
   
   Bu gəliş nə gəliş,
   
   Bəllisə sonu?
   
   Bu gediş nə gediş
   
   Kim qovur onu?
   
   Ya Rəbbim, xəlbirlə lovğa "mənləri",
   
   Ələyib sovur da bölünənləri,
   
   "Bizliyə", "sizliyə" bölünənləri,
   
   Dağlıya, düzlüyə bölünənləri.
   
   Keçir ələyindən lovğa "mənləri",
   
   Keçir bölünməklə öyünənləri.
   
   Çoxluğa sədd olan "azlığı" uçur.
   
   Çoxluğu azlığın üzərində qur.
   
   Kimdir qıl verəni fəndgir azların?
   
   Kimdir yaradanı yaramazların?
   
   "Əhdini cəhdinə girov qoyanlar?!",
   
   Adını deməyək, deyək ki, "onlar"...
   
   Gəlir qulağıma bir səs dərindən:
   
   "Qoru sən özünü həndəvərindən!
   
   Bir dinlə zamanın sevdiyi səsi:
   
   Tülkü qaqqıltısı, qurd mələrtisi!.."
   
   Ya Rəbbim, sən qaytar bizi bizlərə,
   
   Cala boz günləri ağ gündüzlərə,
   
   Nə qədər itik var, -
   
   Min artıq tapan,
   
   Naxırsız naxırçı, sürüsüz çoban!
   
   Qarışıb: xalq kimdi,
   
   Xalqı çapan kim!
   
   İşıq paylayan kim, işıq qapan kim...
   
   Bu necə yuxudu... ayılmaq olmur,
   
   Qaçanı qovandan ayırmaq olmur...
   
   Nə qədər qaçacaq bu qaçan yazıq?
   
   Nə qədər qovacaq bu qovan yazıq?
   
   Ona "qaç" deyiblər-qaçır beləcə,
   
   Ona "tut" deyiblər-qovur beləcə...
   
   Ya Rəbbim, mən sənə olanı dedim,
   
   Azacıq yadımda qalanı dedim.
   
   Bizə qalmayacaq nə bizə qalsa,
   
   Dağ-dağa qovuşsa, düz-düzə qalsa,
   
   Qalan dərdimizi yükləsək əgər-
   
   Kəl olsa, nər olsa, qəddi əyilər.
   
   Ya Rəbbim, arabir düş yanımıza,
   
   Arabir ölçü qoy vicdanımıza.
   
   Harda dinimiz var,
   
   İmanımız yox.
   
   İmana gəlməyə gümanımız yox;
   
   Gəlsən tufanla gəl,
   
   Tufanla qayıt,
   
   Bu yeri, bu yurdu sahmanla qayıt...
   
   Ya Rəbbim, bu dünya sən quran deyil.
   
   Qudurğan sən görən qudurğan deyil,
   
   İndi qudurğanın altında yatır...
   
   İndi qudurğanlar uzun ömürlü,
   
   Meymunlar yenə də ağacda yatır,
   
   Fağırlar yenə də quzu ömürlü...
   
   Ya Rəbbim, bu dünya sən görən deyil!
   
   Bu sədlər, sərhədlər sən hörən deyil.
   
   Adını, soyunu dəyiş dünyanın,
   
   Odunu, suyunu dəyiş dünyanın,
   
   Yolunu, yönünü dəyiş dünyanın,
   
   Ya Rəbbim, bu dünya sən quran deyil,
   
   Fəzada yerini dəyiş dünyanın...


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK