ATLARIN YARISI QIRILDI...

FAİQ QİSMƏTOĞLU
75548 | 2012-04-21 07:49
Atın insan üçün nə qədər köməyi olmasını xatırlamağa bir o qədər də ehtiyac yoxdur. Deyirlər ki, insana sədaqətli olan ən çox heyvanlar arasında at və itdir. Bəli, bu həqiqətən də belədir. Bu iki heyvan heç vaxt insanı çətin vəziyyətdə qoymaz və ən ağır anda sahibinin yanında olar. Bir məsələni qoyub, o birisini yada salmaq istəyirəm. Vaxtı ilə bizim kəndimiz - Füzuli rayonunun Böyük Bəhmənli kəndi 1993-cü il avqustun 23-də işğal olunanda hamı el-obadan çıxmışdı. Bizim də dədə-baba yurdumuzda bir itimiz vardı. Evdən çıxanda qardaşlarım deyib ki, yazıq it zəncirə bağlıdır, onun zəncirini açaq çıxıb getsin və ermənilər gəlib onu zəncirdə güllələməsin. İtin zəncirini atırlar və sonra da qardaşlarım geri qayıdıb baxıb görür ki, it qapıdan heç hara getmir. Elə yazıq baxışlarla onların dalınca baxır...
   
   Elə oldu ki, 1994-cü ilin yanvarında Füzuli rayonunun Horadiz şəhəri və 22 kəndi milli ordumuz tərəfindən ağır döyüşlər zamanı geri qaytarıldı. Bizim kənd də işğaldan azad edildi. Bu xəbəri eşidən kimi qardaşımla kəndimizə yola düşdük. Düzdür, həmin vaxtı hər adamı kəndə buraxmırdılar. Deyirdilər ki, hərbi hissənin komandiri sakinlərə kəndə girməyə icazə vermir. Çünki minalanmış sahələr var və adamlar da həmin minaya düşə bilər. Hərbçilər məni tanıdığına görə tay bir söz demədilər və bizi kəndə buraxdılar. Həyətə çatanda gördük ki, qardaşımın evi yandırılıb, ata-baba evimizin dəmir darvazası isə güllə ilə deşik-deşik edilib. Qapının girəcəyində itimizi güllələyiblər. Gör, bir itin sədaqətinə bax ki, son nəfəsinə qədər həyətdən bayıra çıxmayıb. Bu bir həqiqətdir və ancaq gördüklərimizi yada salırıq. Yazımızın əvvəlində dediyimiz kimi, at və it insana ən sədaqətli olan heyvanlardır. Amma bizdə elə adamlar var ki, illərlə çörək kəsirsən, yoldaşlıq eləyirsən, dost olursan it qədər sədaqətli olmur və günlərin birində görürsən ki, sənə xəyanət eləyərək kürəyindən bıçaq vurub.
   
   Atdan danışırdıq. Bizim qonşu Mahmudlu kəndində Stalinin hakimiyyəti vaxtında bir ağsaqqal kişi Mərkəzi Komitəyə teleqram vurub bildirir ki, bəs bizim kənddə atların 50 faizi qırılıb. Teleqram Mərkəzi Komitəyə çatan kimi ordan bir neçə nümayəndə təcili Mahmudlu kəndinə ezam olunur. Onlar qatarla gəlib stansiyada düşürlər və kəndə gəlirlər. Kəndin vəzifəli şəxsləri ilə görüşüb onlardan izahat alırlar ki, nə üçün kolxozun at ilxısını qırğına vermisiniz?! O vaxtlar da maşın, traktor az olduğuna görə bütün işləri kolxoz və sovxozlarda atla görürmüşlər. Yəni at həm qoşqu vasitəsi kimi istifadə olunurmuş, həm də elə maşın kimi. Uzun sorğu-sualdan sonra məlum olur ki, kənddə kolxozun cəmi-cümlətanı iki atı varmış. O iki atdan da biri ölübmüş. Komissiyanın üzvləri bu xəbəri eşidəndən sonra gülmək onları tutur. Deyirlər ki, ay rəhmətliyin uşaqları, bu hay-küyü nəyə görə belə qaldırmısınız. Elə teleqramda yazaydınız ki, kəndin iki atından biri ölüb. Biz də işimizi bilərdik. Teleqramı göndərən kişi isə deyir ki, əgər elə məzmunda teleqram göndərsəydik Mərkəzi Komitədən sizi bizim kəndə ezam eləməzdilər. Tez bir zamanda kəndə yenidən bir neçə at verirlər. Atın birini də teleqram vuran kişiyə verirlər. Kişi də atı minir və özündən razı halda hər səhər işə gedir və sonra da örüşdən qayıdır. Deyirlər ki, bəxtəvər filankəsin başına. Onun bəxti yaman gətirib. Həm Mərkəzi Komitəyə teleqram vurdu, həm də at qazandı. İndi zalımoğlu, atı elə minib ki, elə bil "Zimbalanın" içindədi...
   
   ***
   
   İndi az-az adam tapılar ki, kitab oxusun, hansısa romanı əl-əl axtarsın. Ona görə az-az adam deyirik ki, insanların çoxunun başı ya çörək qazanmağa qarışıb, ya da dərd-sərinə. Belə baxanda heç adamları da bir o qədər qınamalı deyil. Kitab oxumaq, teatra getmək və kinoya baxmaq kefi-köklükdən olan şeylərdir. Heç acqarına kimisə kitab oxuyan görmüsünüz? Amma mənim bir dostum var, deyir ki, acqarına kitab oxuyan da görmüşəm. O, kitabı oxumur, elə bil yeyir. Zalım oğlu zalım hər hansı maraqlı kitabı əlinə götürən kimi mütləq onu oxuyub qurtarmalıdır. İllah da ki, kitab maraqlı olanda heç vaxt əlindən yerə qoymaz. Soruşuruq ki, ay Cəfər, bu qədər kitab oxuyursan, onun sənə xeyri var? O da susur və heç bir şey demir. Sadəcə olaraq, susması bizim hamımızı hövsələdən çıxarır. Düşünürük ki, yəqin Cəfər bizimlə məzələnir. Yoxsa heç olmasa, bir söz deyər və ürəyi soyuyar. O bir söz demir və biz də yana-yana qalırıq...
   
   Yenə bu yaxınlarda Nərimanov parkında kitab satan istedadlı şair Xaqani Ayxanla görüşdüm. Həmişə olduğu kimi, çantasının içində çoxlu yeni kitablar vardı. "Nobel" mükafatı alan yazıçılardan tutmuş, bizim bərkgedən yazarlara qədər çoxlu kitablar yığmışdı çantasına. "Park" yeməkxanasındakı stolun ətrafında əyləşən Xaqani Ayxan kitabları bir-bir çıxarıb stolun üstünə yığdı. Yaxınlıqdakı stolda əyləşən cavan uşaqlar kitabla maraqlandılar və bir neçə yeni kitab aldılar. Qonşu stoldakı orta yaşlı kişiyə isə (çox güman ki, o, yeməkxananın işçisi idi) biri dedi ki, bu kitablar maraqlı kitablardır, bəlkə sən də alıb onun birini oxuyasan. Qonşu stolda əyləşən orta yaşlı kişi qaş-qabağını yığdı və sifətini turşudaraq dedi ki, mən kitabı neynirəm? Kitaba verdiyim pulla üç "çubuş" alıb içərəm və kayf alaram. Neynirəm, bir ətək pul verəm kitab alam və sonra da atam onu evin bir küncünə. Sonra bunu deyən adam əlindəki araq şüşəsindən stəkana araq süzdü və xidmətçiyə verdi. Dedi ki, apar ver, müştərilərə. Xidmətçi də araq dolu stəkanı müştəriyə tərəf apardı.
   
   Şair Xaqani Ayxansa bu sözləri eşidəndə qapqara qaraldı. Dedi ki, bədbəxt oğlu bədbəxt bilmir ki, ən gözəl istirahəti və zövqü kitab oxuyanda almaq olar. Kitabdakı zövqü və kitabdakı ləzzəti hər adam anlamaz. Eşşək nə qanır zəfəran nədir. Ona görə də hər şeyin öz müştərisi var...
   
   ***
   
   "Qayınana" filmində Cənnət arvad deyir ki, gəlin mənim süpürgəmdir, harda qoysam, orda durmalıdır. Və gəlinin ağzı nədir ki, mənim bir sözümü iki eləsin. Təbii ki, Cənnət arvadın bu sözləri indiki gəlinlərin heç də xoşuna gəlməz. Elə düz də eləyər, xoşlarına gəlməz. Çünki hər hansı gəlin evə gəlin köçəndə süpürgə olmağa yox, o evdə ana olmağa, nənə olmağa gedir. Eyni zamanda, gəlin ata evindən özü ilə birlikdə köçdüyü yurda işıq, xeyir-bərəkət və şirinlik aparır. Amma indi bir də görürsən ki, təzə köçən gəlinin qarışqa boyda günahını şişirdib fil boyda eləyirlər. Atdığı səhv addımı bağışlamır, hər sözünün başına ip salıb fırladırlar. Vay onda ki, oğlan evi bir az da sözbaz ola. Bax onda yazıq gəlinin günü göy əskiyə büküləcək. Bilmək olmur o gəlinin böyüyü bir nəfərdir, iki nəfərdir. Evdə kim varsa, hamısı ona qayınatalıq, qayınanalıq eləyir. Yəni hərənin ağzından bir avaz gəlir.
   
   Aydındır ki, təzə ocağa düşən gəlin də ağzından od püskürən bu adamların əlindən bezar olur. Atdığı hər addım, danışdığı hər söz hamının diqqətini çəkir. Bir də görürsən ki, heç nə üstündə söz-söhbət oldu. Nə var, nə var gəlin evdəkilərdən birinə bir qədər gec çay gətirib. Pahoo... bax onda aləm qarışır bir-birinə. Qayınata danışır, qayınana gileylənir, baldız ağzın büzür, qayın da fıs-fıs fısqırır. Bir sözlə, gəlinin əlindən hamısı yana-yana qalır.
   
   Biz bununla heç də gəlinlərə haqq qazandırmaq istəmirik. Yaxşı gəlin də var, yaxşı qayınana da, yaxşı qayınata da və yaxşı baldız da. Onlar ocağa təzə düşən gəlinin dilini tapırlar və onu yola verirlər. Xüsusən əzazil qayınanalar gəlinlərin dediyi hər sözün başına ip atır və o ipi necə gəldi fırlayırlar. Gəlin çay gətirib verir, qayınana əli ilə stəkanı geri itələyir. Deyir ki, çay, rənglidir. Gedib təzədən çay süzür və qayınanasının qarşısına qoyur. Bu dəfə də qayınana bəhanə edir ki, çay rəngsizdir. Yazıq gəlini də əsməcə tutur və özünü itirir...
   
   Ancaq elə qayınanalar da var ki, gəlinin ən böyük səhvini belə yumşaldıb qarışqa boyda eləyir. Bir səhvi olanda onu başa salır və düz yol göstərir. Gəlin də bilir ki, ona deyilən söz və göstərilən yol düz yoldur. O, düz yolla getməli, ailəsinə, həyat yoldaşına və balalarına həyan olmalıdır. Beləcə, ağbirçək, ağsaqqal qayınata və qayınanalar evlərində gəlinin sözünü böyütmür və oğlunun ailəsi kimi ona hörmət bəsləyirlər. Bəzən isə qayınanalar görür ki, gəlin həddindən çox oğlunun yanında olur, oğul anadan uzaq düşür, bax onda oğlunu gəlinə qısqanır. Oğluna deyir ki, sən arvadağızsan, yoldaşını məndən çox istəyirsən. Bu da söz-söhbət yaranmasına və yeni ailə münaqişələrinin başlanmasına şərait yaradır. Başqa sözlə demiş olsaq, odun üstünə benzin tökülür. Yanacaq tökülən ocaqsa daha da gurlaşır və ətrafı ağzına alır.
   
   Yaxın dostlarımdan biri olmuş və dünyasını dəyişmiş gözəl ziyalı Əhliman Pənahoğlu deyərdi ki, gəlin evə gələn gündən oğlu anadan ayırır. Bunu Avropalılar qəbul eləyə bilir, amma bizim analar heç cürə qəbul eləmək istəmir. Əgər kimsə ailə qurursa, təbii ki, bir müddətdən sonra övlad sahibi olur və başı ailəsinə qarışır. Başı ailəsinə qarışanda da analar elə fikirləşir ki, oğlu onu yaddan çıxarıb və yad qızına satıb. Bu soyuqluğu görən bəzi analar başlayırlar oğlanlarını sıxma-boğmaya salmağa. O qədər oğlanlarını sıxırlar ki, axırda oğlanlar da boğaza yığılır. Amma buna baxmayaraq, ana iki ayağını bir başmaqa dirəyib deyir ki, evini sat, gəl, mənim yanıma. Görürəm, yad qızı səni məndən döndərib...
   
   Bilmirəm, yazının sonluğu niyə belə alındı. Amma bir onu bilirəm ki, bu dünyamızda istənilən qədər yaxşı qayınana, yaxşı gəlin, yaxşı oğul var. Sadəcə olaraq, elə insanlar var ki, onların bəxtinə ya pis qayınana, ya da pis gəlin çıxır. Taleyin yazısındansa heç vaxt qaçmaq mümkün deyil. Ona görə də alın yazısı ilə barışmaq lazımdır...

TƏQVİM / ARXİV