ANA SƏHİFƏ / YAZARLAR

AYDIN TAĞIYEVİN HEKAYƏLƏRİ

ƏDƏBİ HƏYAT

12057    |   2011-11-19 07:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çoxdan idi Aydın Tağıyev haqqında bir yazı yazmaq, öz ürək sözlərimi söyləmək istəyirdim. Hər dəfə qəzet və jurnal səhifələrində onun təzə çıxan hekayələrini oxuyur, daxilən sevinirdim ki, Aydın yaradıjılıq tempini itirməyib, yenə əvvəlki kimi sadə və təbii yazır, inandırır bizi. Yenə də həyatın, gerçəkliyin adiliklərinə üz tutur, amma bu adiliklərdə qeyri-adi nəsə tapır, lap kiçik bir hekayədə öz xarakterik cizgiləri ilə seçilən obraz yaratmağa səy edir. Bəli, Aydının hər yazısına beləcə sevinmişəm.
   
   Aydın Tağıyevin hekayələri kimi özünün də çox sadə bir tərcümeyi-halı var. Daimi yaşayış yeri Dəvəçi şəhəridir. Bu balaca əyalət şəhərinin bütün sakinləri Aydını tanıyır və sevirlər. Bu arıq, cüssəsiz, balaca boylu adam öz şəhərində kifayət qədər məşhurdur. Heç vaxt varlı olmayıb, müəllim işləyib, kitab təbliğiylə məşğul olub, qəzetdə, Azərbaycan Dövlət Teleradio Şirkətində əməkdaşlıq edib. Ən böyük məziyyəti tərbiyəli və mədəni olmağıdır.
   
   Amma başı gün-güzəran qayğılarına qarışan həmşəhərlilərinin çoxusu bilmir ki, Aydın Tağıyev istedadlı bir nasirdir və onun o arıq, cüssəsiz görkəmi onun görünən tərəfidir. Görünməyən tərəf Azərbaycan ədəbi mühitində görünür. Aydın Tağıyev bu gün müasir nəsrimizin müxtəlif ədəbi nəsilləri arasında o balaca boyu, cüssəsi ilə seçilir, fərqlənir. Baxmayaraq ki, ədəbi mühitin mərkəzindən uzaqda yaşayır. Baxmayaraq ki, hər dəfə təzə hekayələrini portfelinə qoyub Bakıya gəlib-getmək əziyyətinə qatlışır-amma Bakıda heç kəs ona əyalət adamı kimi baxmır.
   
   Aydın kiçik şəhərin yetirdiyi, amma bu şəhərin üfüqlərinə sığmayan, daha geniş üfüqlərə uçmaq həvəsində olan bir quşa oxşayır. Əlbəttə, o quşun uçmaq həvəsi bəlkə də o quşun uça bilmək gücü ilə bir az tərs mütənasibdir. Amma o quş illər keçdikcə uçmaqdan yorulmur, bax, buna görə burada bir fədakar sözü məqamına düşür.
   
   Aydın Tağıyev fədakardır. Həyatın növbənöv çətinlikləri, müxtəlif qayğıları və acılıqları içərisində özünə, ailəsinə, dostlarına və hər şeydən əvvəl yazıçılıq istedadına sevinc, fərəh deyilən ən gözəl anları bəxş edə bilir.
   
   O, Şabranda adi bir əyalət müəllimi kimi yaşayar, gündəlik dərslərini deyib evə qayıdar və heç nə yazmayıb yaşı çatanda pensiyaya çıxardı.
   
   O, müəllimliyin daşını atıb Urusetə-alverə yollanar, "ölməyə Vətən yaxşı" deyib son günlərində üz tutardı Şabrana. Ancaq mən Aydını yüzlərlə belə adilərdən ayırıram və qəlbimin lap dərinliklərindən gələn bir səsə boylanıram: "Aydın Tağıyev adi adam deyil, istedadlı və fədakar bir insandır-Yazıçıdır". Bəlkə heç nə yazmasaydı da, o, yenə adilərdən seçiləcəkdi.
   
   Aydın Tağıyev çox vəfalı, sədaqətli insandır. Bu vəfa və sədaqət hissi onu həyatda insan kimi dəyişməz və sabit saxlayıb. Ancaq mən bu dəyişməzliyi, vəfa və sədaqət duyğusunu onun yaradıcılığında axtarıram.
   
   Azərbaycan ədəbiyyatında bu mənada mən rəhmətlik Şahmardan sonra Aydın Tağıyevi ən sabit və dəyişməz bir yazıçı hesab edirəm.
   
   Aydın da Şahmar kimi ancaq hekayə yazır. Bəlkə sabah Aydın povest də yazacaq, roman da qələmə alacaq, amma onun yaradıcılıq dünyasında hekayə əbədi sakin olaraq qalacaq.
   
   Hekayə bədii nəsrin elə bir formasıdır ki,ordan dünyaya yol başlayır. Böyük problemlər, qlobal hadisələr hekayə üçün damlada dənizi əks etdirmək qədərincədir. Mirzə Uəlilin "Poçt qutusu"nda bir xalqın avam bir nümayəndəsinin keçən əsrin əvvəllərindəki düşüncə tərzini əks etdirir, amma necə gözəl..Yaxud Haqverdiyevin, Y.V.Çəmənzəminlinin hekayələrini götürək. Mən deyərdim ki, müasir Azərbaycan hekayəsi özünün ən yaxşı keyfiyyətlərinə görə klassik nəsr ənənələrinə bağlıdır, dövrün, zamanın ən mühüm mətləblərini yığcam şəkildə təqdim etmək, lakoniklik, psixologizm məhz klassik heyələrimizdən gələn ənənədir. Aydın Tağıyevin hekayələrində də bu mənada klassik nəsrə möhkəm bağlılıq görürəm. Aydının hekayələri çox vaxt 2-3 səhifədən ibarət olur, mətləb və hadisə də təfsilatlı deyil. Ancaq onun hər hansı bir hekayəsi oxunub qurtarandan sonra deyə bilirsən ki: "bax, bu, hekayədir!".
   
   Aydın Tağıyevin bütün hekayələri hadisədən, mətləbdən obraza doğru hərəkət edən hekayələrdir. Hadisə tipik və səciyyəvi olduğu kimi, obraz da bədii ümumiləşdirmə gücündədir. Ancaq mən deməzdim Aydın bütün hekayələrini bu üsulla qurur, yəni real həyat hadisəsini və gerçəkliyin bu reallığını özündə əks etdirən obrazları süjetə gətirir. Psixoloji anların təsviri, mahiyyətə, alt qata enmək məharəti, dilin, təhkiyə tərzinin təbiiliyi və özünəməxsusluğu da burada mühüm rol oynayır.
   
   Budur, Aydının "Tanışlıq" hekayəsi... Hekayə belə başlayır":Böyükağa müəllim ilə Məmməd tanış deyildilər".
   
   Hekayə belə qurtarır: "Böyükağa müəllim ilə Məmməd beləcə tanış oldular"...
   
   Bu iki cümlə arasında isə iki ömrün-Böyükağa müəllimin və Məmmədin ömür yolunun qısaca, amma şirin təhkiyə üsulu ilə nəqli durur. Təsadüfən Məmmədin anasının döşlərindən süd əmən Böyükağa çox imkanlı bir ailənin övladıdır. Ona görə də bir-birindən tamam fərqli, bir-birinə zidd insan olurlar. Bu hekayədə Aydın demək olar ki, heç bir hadisə təsvir eləmir, yalnız iki ömür yolunu gözlərimiz qarşısında canlandırır.
   
   "Əgər Böyükağa müəllimi əsgər aparsaydılar və o, təsadüfən Məmmədlə bir hissədə qulluq etmiş olsaydı, heç şübhəsiz, Məmmədlə tanış olacaqdı, ancaq Böyükağa müəllimin "bronu" vardı və heç vaxt ondan əsgər olmayacaqdı.
   
   Böyükağa müəllim ilə Məmməd evləndikləri qız tərəfindən qohum olsaydılar, yəqin ki, bir-birlərini tanıyacaqdılar. Amma Məmməd kasıb bir ailədən qız almışdı.
   
   Böyükağa müəllim iş yerinə hər gün avtobus ilə gedib-gəlsəydi, hökmən Məmməd ilə rastlaşardı və çox mümkün idi ki, belə görüşlərin birində tanış da ola bilərdilər. Bəlkə də Böyükağa müəllim yerindən qalxıb Məmmədə oturmağa yer də təklif edərdi, çünki yaşıd olsalar da, Məmməd öz yaşından çox qoca görünürdü".
   
   Diqqət yetirdinizmi, bu hekayədə bəlkə də bir povestə, kiçik romana sığa biləcək hadisələr, talelər işıqlandırılır. Deməli, damlada dəryanı, anda zamanı əks etdirmək mümkündür və bunu istedadlı yazıçı Aydın Tağıyev bacarır. Həmin hekayədə bir-birini görməyən Böyükağa müəllimlə Məmməd, nəhayət, gözlənilmədən "tanış olurlar". İşdən yorğun qayıdan Məmməd avtobus dayanacağında maşın gözləyir. Elə bu vaxt qarşıda bir "Volqa" dayanır, onun sahibi Böyükağa müəllim Məmmədə müraciət edir ki, maşının təkərini dəyişsin. Məmməd bu işi sevinə-sevinə görür. Maşın yiyəsi isə "budur, bu da zəhmət haqqın" deyib ona bir "Şirvan" uzadır.
   
   Vəssalam! Hekayə beləcə başa çatır. Xatırladaq ki, hekayənin əvvəlində də bu pul haqq-hesabı vardı, sonunda da..və bunun əlbəttə, simvolik bir mənası var.
   
   Aydın Tağıyevin hekayələrində hiss olunacaq dərəcədə duyumlu, görümlü milli kolorit naxışları nəzərə çarpır. Təsadüfi deyil ki, onun hekayələrinin qəhrəmanları- qocalar, qarılar, el ağsaqqalları-ağbirçəkləridir, kənd müəllimləri, çobanlar, müharibə veteranları bu hekayələrdə rəğbətlə təsvir olunurlar. Ancaq Aydın Tağıyev öz yazılarında ştampdan, stereotipdən qaçır, yeri gələndə ağsaqqalın da, zəhmətkeş çobanın da bir insan kimi xarakterini mürəkkəbliyilə təsvir edir. "Çörək" hekayəsində Mədət kişi ilə Səməd kişi arasında uşaq üstündə başlamış dava-dalaş onların ata-baba dostluq, qonşuluq münasibətlərini az qala heçə endirəcəkdi. Mədət kişi əziz-xələf oğlunun döyülməyinə daralıb onu qabağına qatır, şikayətə gedir. Ancaq mənzil başına çatmamış əməlindən peşiman olur. Aclıq onlara güc gələndə oturub çörək yeyirlər.
   
   "-Bu çörək nə yumşaqdır,-deyə oğlundan xəbər aldı,-bəyəm anan bu gün təndir qalamışdı?
   
   Uşaq ağzındakı tikəni aşıra-aşıra:
   
   -Yox,-dedi,- səhər Püstə xala Cavadla yollamışdı ki, isti çörəkdir!
   
   Çeynədiyi loxma az qala Mədət kişinin boğazında qalmışdı, kişi ağzındakı tikəni güclə uda bildi. "Lənət şeytana!.." Sonra da Mədət kişi özünü də, arvad uşağı da söyüb ölü-diri qoymadı.
   
   -Əl-üzünü yu! Düş qabağıma, geri dönürük!"
   
   Dəlisov ağlın, qızmış ürəyin hirsini-hikkəsini eldə müqəddəs sayılan çörək yumşaldır və Aydın Tağıyevin hekayələrində belə ibrətli və təsirli səhnələr çoxdur.
   
   Aydın hekayələrində çox zərif və işıqlı bir yumor hissi də var və dərindən fikir verəndə, bu yumorun içində güclü bir ironiya duyulur. Məsələn, Aydının həcmcə ən kiçik hekayələrindən biri olan "Çəpik" bu cəhətdən çox ibrətlidir: "Nağının əlinə əlinə vurub ləzzətli bir çəpik çalmağı vardı.
   
   O, çəpik vuranda səs zalı doldurardı. Məktəblərində iclas, təntənəli yığıncaq-filan keçiriləndə müəllimlər qabaq cərgələrdə oturdardılar, dərslərini fərli-başlı oxumasa da, belə tədbirlərdə siniflərinin üzünü ağardardı. Direktor çıxış edib nitqini qurtarandan sonra o biri uşaqlar əl çalmağa yatıb qalsalar da, təkcə Nağının çəpiyinin səsi zala bəs idi.."
   
   Bu təsvir bizə ötən illərin-gurultulu alqışlar dövrünün tanış mənzərəsini xatırladır. Ancaq hekayə faciəli bir məqamın təsviri ilə bitir.
   
   Bu növbəti çəpik səhnəsində Nağının qolu sınır və məcbur olub onun qolunu dirsəkdən aşağı kəsib atırlar. Beləliklə, iclaslar, tədbirlər çəpiksiz qalır, Nağının gələcəkdə deputat olmaq arzusu ürəyində qalır. Çünki "Nağı yaxşı dərk edirdi ki, çəpik bilmədən bu dünyada yaşamaq çətin olacaq..."
   
   Aydın Tağıyevin digər hekayələri barədə də belə ürək açıqlığı ilə söz açmaq olar.
   
   Mən Aydının lap son hekayələrini də oxumuşam. Bu hekayələrdə də Aydın özünə sadiqdir, yenə də həyat həqiqətindən çıxış edir, yenə də müasiri olduğumuz insanları bədii sözün işığına çəkir. Və yaxın illərin ağrıları, məmləkətimizin düşdüyü çətinliklər, yurddaşlarımızın keçirdiyi sarsıntılar bu hekayələrin əsas qayəsini təşkil edir.
   
   Aydının hekayələri haqqında az da olsa, söz deyilib. Akademik Bəkir Nəbiyev hələ 1984-cü ildə "Söz ürəkdən gələndə" tənqid toplusundakı bir məqaləsində yazmışdı ki: "Buz heykəllər əriyir..." Aydın Tağıyevin ilk hekayəsidir. Onun materialını məişətimizin ən adi epizodlarından biri təşkil edir. Bu hekayə insana inam və etibar haqqında gənc müəllifin qəlbindən qopan səmimi poetik səsdir.Bu səs insanların ən yaxşıları üçün səciyyəvi olan nəciblik, xeyirxahlıq duyğularına alqışlar deyir".
   
   Xalq yazıçısı Mövlud Süleymanlı isə yazır: "Özünü tanıtmağa heç vaxt tələsməz, onu həmişə sonra görərlər, mütləq görərlər və bir daha unutmazlar. Yazıları da elədir, üstündən bir dəfə, beş dəfə keçərsən və ilişərsən. Buna inanmaq istəyirsinizsə, yüz kərə yanından ötdüyünüz "Buğa əhvalatı" hekayəsini oxuyun. Mən bu hekayəni bəlkə də otuz il bundan qabaq oxumuşam, inəyi üçün buğa axtarışına çıxan kənd əhli hələ də yadımdadı".
   
   Mərhum yazıçımız Əlibala Hacızadə isə Aydını belə səciyyələndirmişdi: "Aydının hekayələri aşkar göstərir ki, müəllif qələmə aldığı həyatı dərindən öyrənir, adamların psixologiyasına, ürəyinə nüfuz etməyi bacarır və ən ümdəsi isə budur ki, nədən yazmağı və necə yazmağı yazıçılıq kimi məsuliyyətli bir sənətin əsas prinsiplərindən hesab edərək buna əməl etməyə çalışır.
   
   Aydın az sözlə, kiçik bir detalla mənzərə yaratmağa, mətləb deməyə çaldışır və buna müvəffəq olur. Məsələn, "Sənsiz" adlı kiçik miniatür hekayə bu baxımdan mənalıdır".
   
   Həmyerlisi, tanınmış yazıçı Sadıq Elcanlını dinləyək: "Ədəbiyyat adamları bilir ki, paytaxtdan uzaqda, əyalətdə yaşaya-yaşaya o sənət yolunun yolçusu olmaq, ədəbi sözün əbədi ağrılarına çiyin vermək necə ağır, məşəqqətlidir.
   
   Bunun üçün həqiqi ədəbiyyat sevgisi, əsil fədakarlıq lazımdır. Və Aydın Tağıyev artıq dəqiq sayını itirdiyim iyirmidən artıq kitabıyla sübut etdi ki, o, məhz belə bir fədakar sənət adamıdır".
   
   Gələn il Aydın Tağıyevin 60 yaşı olacaq. Məncə, daha bundan o yana heç bir qorxusu yoxdu ömrün. Bu ömürlə o, sübut elədi ki, əyalətdə yaşayıb Azərbaycanın gözəl bir yazıçısı kimi tanınmaq mümkündür.


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-01-23
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK