ANA SƏHİFƏ / YAZARLAR

ƏDƏBİ RAMİZLƏRDƏN BİRİ...

ƏDƏBİ HƏYAT

11191    |   2011-11-05 05:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ramizlər çoxdur, bu dünyada hər bir insan öz adıyla tanınır və Ramiz adlı dostlarımı, tanışlarımı çox yaxşı xatırlayıram. Ancaq söhbət ədəbi Ramizlərdən gedirsə, deyə bilərəm ki, Ramiz Rövşən ən çox sevdiyim şairlərdən biridir. Ona həsr etdiyim məqalədə yazmışam ki, Ramiz Rövşənin doğulduğu gün-15 dekabr Azərbaycan poeziyasının bayramıdır. Qubada yaşayan gözəl şair Ramiz Qusarçaylı isə sözün həqiqi mənasında dostumdur. Bənzərsiz şairdir, insan kimi də əvəzi yoxdur. Ədəbi Ramizlərdən Ramiz Duyğunla, Ramiz Məmmədzadə ilə, Ramiz Mövsümlə də tanışlığım var, şeirlərini oxuyuram. Bu Ramizlərin hamısı şairdir. Ramiz Əkbər isə nasir və dramaturqdur. Həm də fəlsəfə və tibb elmləri namizədidir. Bakıda yaxşı bir cərrah kimi tanınan Ramiz Əkbərin bədii ədəbiyyata meyli orta məktəb illərindən başlayıb.
   
   Budur, Ramiz Əkbərin mənə bağışladığı kitablarg "Povest və hekayələr", "Amerikan qulu", "Pyeslər", "Nizami Gəncəvinin tibbi-fəlsəfi və sosial-ekoloji görüşləri", "Nizami Gəngəvinin fəlsəfi-didaktik görüşləri" və bir də anadan olmasının 50 illiyi ilə əlaqədar sənət dostlarının ürək sözlərini bir araya gətirən "Şəxsiyyətlə dialoq" kitabı.. Göründüyü kimi, R.Əkbər həm bədii, həm də elmi yaradıcılıqla məşğul olur və bu, onun cərrahlıq peşəsinə heç bir xələl gətirmir.
   
   Ramiz Əkbərin həyatı, elm və peşə fəaliyyəti müxtəlif aspektlərdən, müstəvilərdən keçsə də, bədii yaradıcılığı onun potensialını daha bariz ifadə edir.Bu yazıda onun bütün yaradıcılığı haqqında təfərrüatı ilə söhbət açmaq istəməzdik, ancaq bir neçə xarakterik məqam üzərində dayanmaq istəyirəm.
   
   BİRİNCİ MƏQAM: Yazıçı ilə həkimlik sənəti arasında müəyyən oxşar paralellər, həm də fərqli məqamlar tapmaq olar. Həkim xəstəni müayinə edir, onu sağaldana, dərdinə əlac edənə qədər bütün bilik və bacarığını sərf edir. Onu həyata qaytarır. Təbii ki, o, xəstənin psixoloji durumunu da nəzərə alır.Yazıçı üçünsə əsas obyekt həyat materialıdır, o, bir və ya bir neçə insanın timsalında cəmiyyətin, mühitin, gerçəkliyin nəbzini tutmağa çalışır, burada dərin müşahidə və ümumiləşdirmə bacarığı, xarakter yaratmaq ustalığı diqqəti cəlb edir. R.Əkbər nədən yazırsa-yazsın, öz həyat müşahidələrinə arxalanır. Onun "Manyak", "Ötən günlərimi qaytarın mənə" və "Süd ilə gələn sümük ilə gedər" povestləri və bir sıra hekayələri məhz reallığın bədii inikası kimi diqqəti cəlb edir. Oxuyursan və görürsən ki, yazıçı özündən heç bir şey uydurmur, sadəcə olaraq həyatda müşahidə etdiyi insanları, hadisə və olayları bədii şəkildə oxucuya təqdim edir. Amma onun təqdim etdiyi obrazlar, hadisə və olaylar cəmiyyətdən, gerçək aləmdən gəlir. "Manyak" povestində biz həqiqətin, düzlüyün, ədalətin necə çətin sınaqlar qarşısında qaldığının şahidi oluruq, amma həqiqət qalib gəlir, çünki onu təmsil edən insanlar son ana qədər mübarizə aparırlar. Povestin qəhrəmanı Nofəl ölüm cəzasına məhkum edilir, bu, haqsızlıq onu sarsıdır, onu tanıyan insanları da ümidsizləşdirir, lakin məlum olur ki, o, qatil deyil. Və həqiqət qalib gəlir.
   
   R.Əkbərin "Süd ilə gələn sümüklə gedər" povestində isə başqa bir mətləbə toxunulur. Burada insanın həqiqət uğrunda mübarizəsi deyil, xisləti, kökü, hardan gəlib hara getməyi, halallığı, ya da bunun əksinə olaraq haramzadalığı məsələsi qoyulur. Övladı olmayan məşhur professor Cəbiyev, qapıları ağzına atılan bir uşağı oğulluğa götürür, ona ad da qoyur (Sadıq), əsl ata kimi ondan heç bir qayğısını əsirgəmir. Lakin Sadığın geni, kökü haram maya ilə yoğrulduğundan o, bu ailənin şərəfinə ləkə gətirir, pis yollara qurşanır. İdeal tərbiyə üzərində qurulan professor ailəsi və bu halal ocaq onun qanındakı o naqisliyi yuyub apara bilmir.
   
   İKİNCİ MƏQAM: Ramiz Əkbərin yaradıcılığında satiranın və yumorun mühüm yer tutduğunu söyləyə bilərik. Mirzə Cəlildən, Haqverdiyevdən gələn satira ənənəsi; həyatdakı neqativ, mənfi olayları tənqid hədəfinə çevirmək, mənfiliklərin təcəssümü olan tipik obrazlar yaratmaq onun hekayələrində də bariz nəzərə çarpır. Satirada güldürməyə meyl şiddət halını alanda, yəni həddini keçəndə, bu, şit gülüşə, hırıltıya çevrilir. Amma bu gülüş səni düşünməyə aparıb çıcarmalıdır-o zaman əsl satira yaranır. Gülürsən və həm də düşünürsən!-əsl satiranın yolu budur. Bəzən deyirlər ki, bizə satira lazım deyil, çünki eyiblərimizi açır, satirada biz qəhrəman kimi yox, zavallı qismində görünürük. Tamamilə yanlış fikirdir. Satira insanı öz eyiblərini, qüsur və nöqsanlarını dərk etməyə, mənən saflaşmağa səsləyən sənət növüdür.Dünyanın ən kamil sənət nümunələrinin bir çoxu məhz satirik əsərlərdir. Azərbaycan ədəbiyyatında isə "Molla Nəsrəddin" məcmuəsi, Sabir, Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Haqverdiyev, Əli Nəzmi, Qəmküsar, sovet dönəmində isə Sabit Rəhman kimi satira ustaları olmuşdur. R.Əkbərin də yaradıcılığında öncə qeyd etdiyimiz kimi bu ənənə davam etdirilir. Təfərrüata varmayıb onun "Amerikan Qulu" hekayəsinə müraciət etmək istəyirəm.
   
   "Qulu vurulmuşdu Amerikaya. Kişi yuxularında da o nəhəng, dünyaya meydan oxuyan, gözəl, rəngarəng ölkəni tez-tez görürdü. Haradan, kimdən bu ölkə haqqında nə eşitsə idi, o saat qulaq kəsilərdi, əlinə düşən ədəbiyyatı diqqətlə oxuyardı. Sonra əllərini bir-birinə çırpıb: "Eh, gidi dünya, Allah qaranı çəkir paxlanın üzünə, noxudu qoyur yana-yana",-deyib ah çəkərdi.
   
   Hələ gəncliyində Amerikaya aid foto, qəzet şəkillərini köhnə çemodanının iç qapağına, üstünə xəmirlə yapışdırardı, əlinə düşən qəşəng heyvan şəkillərini də, onlarla yanaşı yapışdırardı. Sonra da yaşıdları arasında danışanda o şəkillərdən elə şeylər uydurub danışardı ki, müsahibi onu hər şeydən xəbərdar bir adam kimi qəbul edərdi. Qulu amerikan itlərini də dünyanın bütün itlərindən yüksək tutar, onları əfsanəvi heyvanlarla müqayisə edərdi. Sadəlövh dostları da ağızlarını açıb böyük maraqla onu dinləyərdilər. Odur ki, adını "Amerikan Qulu" qoymuşdular onun". Həmin bu "Amerikan Qulu" (ad da münasib seçilmişdir- Qulu sözündə qul sözü də var) okeanın o tayında çıxan bir jurnalda 90 yaşlı qoca Ueksonun şərəfinə oğlunun adını Cek qoyur. Cekson ət yemədiyinə görə oğlunu da bu nemətdən məhrum edir və uşaq gün-gündən arıqlayır, bir dəri, bir sümuk qalır. Ağır xəstələnir və həkim çağırırlar . Həkim də məsləhət görür ki, uşaq hər gün xaş yesin, süd məhsulları və meyvə yedizdirin ona. Qulu pərəstiş etdiyi Amerikaya da, 90 yaşlı Ueksona lənətlər oxuyur və oğlunun adını da dəyişdirir.
   
   İbrətamiz hekayədir və bu gün Qərb və Amerika həyat tərzinə aludə olub ata-babasını, adət-ənənələrini unudan "millilərimiz" üçün ibrət dərsidir bu.g
   
   Ramiz Əkbərin satiralarında bu cür sarkazmla dolu tənqidlər çoxdur. Ancaq satira yumorsuz keçinməz. Yumor da satiranın tərkib hissəsidir, amma yumorda tipin düşdüyü hal-vəziyyət onun mənəvi miskinliyini daha bariz nəzərə çarpdırır. Özünü "novator" kimi qələmə verən Əliqulu həkimin düşdüyü vəziyyət gülüş doğurur ("Novator Əliqulu")-bu tip obrazlara R.Əkbərin hekayələrində tez-tez rast gəlirik.
   
   ÜÇÜNCÜ MƏQAM: Ramiz Əkbərin nəsri həyat hadisələrin, insan münasibətlərinin kəskin konfliktləri üzərində qurulmuşdur. Mərhum tənqidçi Yaşar Qarayev yazırdı: "Ramiz Əkbər yaradıcılığında əsas ideya xətti həyat və ölüm, cəsarət və qorxaqlıq kimi zidd etik kateqoriya cütlüyündə modelləşən və onların hər ikisindən yüksəkdə duran iNsan və onun ləyaqəti, mənəvi sağlamlığıdır. Hətta özü gözəl bir həkim olsa da,sağlamlığın sirrini təbabətdən daha çox mənəviyyatda axtarır". Mənəviyyatı təmiz insanlar onun əsərlərinin əsas qəhrəmanlarıdır. Bu qəhrəmanlar həyatda həqiqət uğrunda mübarizə aparır və ağır, çətin sınaqlardan sonra, məhrumiyyətlər bahasına olsa da, qalib gəlirlər.
   
   DÖRDÜNUCÜ MƏQAM: Onun dramaturgiyaya meylini də təbii sayırıq. Deyək ki, o, dram yazmağa nəsrdən sonra başlayıb. Amma onun hekayə və povestlərində dramaturji elementlər daha çox diqqəti cəlb edir. O hekayə və povestlərin hər birini səhnələşdirmək və pyes halına salmaq olar. Şair-dramaturq Cahangir Məmmədov R.Əkbərin "Pyeslər" kitabına yazdığı müqəddimədə bu cəhəti qeyd edir ki: "Ramiz Əkbər peşəkar dramaturq deyil. Onun yalnız bir əsəri "Qulaq" "İlham" miniatür teatrında tamaşaya qoyulub. Hələ teatrların çoxu bilmir ki, bu istedadlı müəllifin dramaturci yaradıcılığında onlara fayda verəcək bir sıra maraqlı pyeslər vardır". Cahangir müəllimin sözünə qüvvət olaraq deyim ki, R.Əkbərin kiçik həcmli üç səhnəciyi ("Avropa Şurası", "Kim sevirsə idmanı", "Vergi"), birpərdəli pyesləri ("Qulaq", "Qulam xaricdən gəlir", "Kliniki ölüm"), çoxpərdəli pyesləri ("Kələkbazlar", "Eşqin çətin yollarında", "Xaş") var. Özü də bu pyeslər janr etibarilə rəngarəngdir. Məsələn "Qulaq" məzhəkədir, "Qulam xarimcdən gəlir" sırf komediyadır, "Kələkbazlar" isə musiqili komediyadır. "Eşqin çətin yollarında" psixoloji dramdır.
   
   Onun pyeslərində komik situasiyaların bolluğu diqqətdən yayınmır. Ümumiyyətlə, Ramiz Əkbərin həm nəsrində, həm də dramaturgiyasında gülüş arsenalı, komiklik momentləri ayrıca bir xətdir.
   
   BEŞİNCİ MƏQAM: Dünya ədəbiyyatının nəhənglərindən olan Nizami Gəncəvinin yaradıcılığı əsrlərdir ki, tədqiqatçıları araşdırmalara sövq edir. Və əsrlərdir ki, yaradıcılığı nəhayətsiz, sonu bilinməyən nəhrləri, ümmanları xatırladan Nizamiyə hər müraciət dəryadan bir damla götürməyə bənzəyir. Ramiz Əkbər də Nizami Gəncəvi yaradıcılığından bəhs edən iki monoqrafiyası ilə o dəryadan iki damla götürməyə cəhd edib. Böyük nizamişünas Bertels yazırdı ki: "Nizami izah edilməyən bir möcüzdür, onu ancaq öz miqyası ilə dəyərləndirmək olar". Ramiz Əkbər də Nizavmi Gəncəvinin tibbi-fəlsəfi, sosial-ekoloji və fəlsəfi-didaktik görüşlərindən söz açanda bu dahi sənətkarın öz dəyərləri ilə qiymətləndirməyə çalışmışdır. İndi də, üstündən səkkiz əsrdən artıq bir zaman keçməsinə baxmayaraq Nizami bizim üçün həmişə müasir olaraq qalır. Tədqiqatçı R.Əkbər yazır ki, Nizami yaradıcılığı bütün fəlsəfi vüsətinə, ümumiləşdirmə səviyyəsinə baxmayaraq, peşəkar fəlsəfi əsər yox, məhz poeziyadır. Qeyd etməliyik ki, bu, orta əsr dini, poetik, elmi düşüncəsinin spesifikası ilə bağlı hadisədir, Nizami dövründə poeziya yüksək səviyyədi idi. Bədii söz ilahi mahiyyətli, yəni Allahdan gələn vergi idi. Doğru mülahizədir. Lakin əlavə edib deyə bilərik ki, orta əsr fəlsəfi fikri fəlsəfi əsərlərlə yanaşı, bəlkə daha artıq poeziyada təcəssüm edirdi. Poeziyanın elmlə əlaqəsi haqqında isə çox yazılmış, çox deyilmişdir. R.Əkbər Nizaminin tibbə dair fikirlərini geniş şərh edir və ən maraqlı cəhət burasındadır ki, onun şərhləri müasir təbabət elminin nailiyyətləri ilə üzvi şəkildə əlaqələndirilir. Ona görə də, R.Əkbərin bu fikri ilə tam razılaşırıq ki, Nizaminin tibb elmiylə bağlı əsərlərində gətirdiyi misallar müxtəlif xəstəliklər, onların müalicə üsul və vaksitələri haqqında məlumat əldə etmək baxımından əvəzsizdir.
   
   Nizaminin fəlsəfi-didaktik görüşləri barədə də az əsər yazılmayıb. Ancaq Ramiz Əkbərin monoqrafiyası bu barədə yazılanları qətiyyən təkrar etmir, əksinə, bir çox hallarda maraqlı, orijinal fikirləri ilə diqqəti cəlb edir. Ulu öndər Heydər Əliyev bir çıxışında demişdi ki, Nizami Gəncəvinin əsərləri təkcə ədəbi cəhətdən deyil, fəlsəfi baxımdan da əvəzsizdir. "Nizami Gəncəvinin fəlsəfdidaktik görüşləri" əsərində R.Əkbər, deyərdik ki, elə məsələlər qoyub ki, onlar nizamişünaslıqda yenidir. Məsələn: "Dünya və insan münasibətlərinin ilahi davranış modeli", "Qəflət və idrakın fəlsəfi-didaktik anlamı", "Paxıllıq kateqoriyası və onun didaktik fəlsəfəsi" və s.
   
   Təbii ki, Nizamidən yazmaq, onun yaradıcılığının müəyyən bir aspektini tədqiqat hədəfinə çevirmək hər bir araşdırıcıdan təkcə dahi şairin əsərlərini oxumaq və dərk etməklə məhdudlaşdırıla bilməz. Bunun üçün həm də neçə əsrlik nizamişünaslığı da izləmək, ən dəyərli əsərlərilə tanış olmaq və s. mətnləri, mənbələri əxz etmək lazım gəlir. Hiss olunur ki, R.Əkbər bu çətin işin də öhdəsindən gəlmişdir.
   
   Əlbəttə, bir kiçik yazıda nasir-dramaturq və alim R.Əkbərin yaradıcılığından geniş söz açmaq imkanımız yoxdur. Biz yalnız bəzi məqamları xatırlatdıq. Yazımızın sonunda isə mərhüm tənqidçi Yaşar Qarayevin ruhuna ehtiram əlaməti kimi onun Ramiz Əkbər haqqında söylədiyi bir fikrə müraciət edək: "Gözəl həkim, istedadlı yazıçı, yüksək intellekt daşıyıcısı Ramiz Əkbəri mən milli-mədəni mücadilə yolunun yolçusu, əsrlərdən qopub gələn zəngin ənənənin layiqli davamçısı kimi görürəm".


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-04-23
2018-04-22
2018-04-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK