hacklink Adalet.az | BİZİ İZLƏYƏNLƏR - 1 Adalet.az | BİZİ İZLƏYƏNLƏR - 1 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİZİ İZLƏYƏNLƏR - 1

20064    |   2011-10-22 07:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Heç bilənlə bilməyən bir olarmı?
   
    Zümər surəsi 9-cu ayət"
   
   
   
   Neçə müddətdir, biz türkləri hərb meydanlarında məğlub edə bilmiyənlərin izlədiyi ayrı bir yolu sınadıqları və vaxt-vaxt da uğurlu olduqları məsələsinə toxunmaq və öz fikirlərimi şərh etmək istəyirdim, ancaq ona heç cürə köklənə bilmirdim.
   
   İptidai və orta məktəbdə ən çox riyaziyyat dərsinə marağım vardı, liseyə başladıqda isə məni qrammatika dərsləri əzib suyumu çıxartmağa başladı. Düzünü deyim, il ərzində sadəcə olaraq bir dəfə yaxşı qiymət almışdım, qalan bütün qiymətlərim kafidən də aşağı idi. Xarakter olaraq inadkeşliyim və ən önəmlisi isə, həyatın gedişatı məni humanitar fənləri seçməyə məcbur eləmişdi. Orta məktəbdə maşınqayırma mühəndisi olmağı çox istəyirdim, ancaq məktəbin axırıncı sinifindən etibarən çox sevdiyim dəqiq elmləri buraxmağa məcbur oldum. Maddi vəziyyətimiz yaxşı olmadığına görə şəhərdə yaşayan varlı bir kəndlimiz-Allah rəhmət eləsin, yeri nurla dolsun-onlarda qalıb oxumağıma imkan yaratmışdı. Hər ikisi də qoca olduqlarına görə evin yanacağını qırıb hazırlamaq, gətirmək, səhər ertədən vedrə ilə su daşımaq, nə bilim digər xırda-xuruş işlərin hamısı mənim boynuma idi və mənə hər gün bir saat iyirmi dəqiqəlik vaxt qalırdı. Bütün fənlərə bu bir saat iyirmi dəqiqənin içində hazırlanmalıydım, təbii ki, buna imkan yoxdu. Gecələri isə qışın şaxtasında qaldığım yerdə istilik yoxdu və elektrik işığından da, ayrı bir işıq mənbəyindən də istifadə edə bilmirdim. Ata-anamın işləyə bilməyəcək qədər qoca olması, kasıblığımız və həyatın məni çəkdiyi sınaq qarşıma iki yol çıxarmışdı. Biri kəndə qayıdıb əkin-biçinlə ömür sürmək və kəndli olmaq, digəri isə bütün çətinliklərin öhdəsindən gələrək oxuyub arzuladığım mənzilə çatmaq. Mən də təbii olaraq ikinci yolu seçmişdim. Məcburi olaraq müəllimlərin dediyi dərslərə diqqətlə qulaq asır və müəyyən detalları beynimə həkk edir, imtahanlarda da həmin o məlumatlarla cavab verirdim. Artıq mənim üçün maşınqayırma mühəndisliyi yalnızca həm utopiya qədər uzaq, həm də bir vaxtlar öz-özümə qurduğum xoş bir xəyal kimi qarşımda dayanırdı. Humanitar elmlərdə uğurlu ola bilmək üçün əldə etdiyim romanları və hekayələri xüsusilə fasilələrdə oxuyurdum. Məktəb vaxtı qurtarıb kəndə gedəndə də qərb klassiklərindən əldə etdiyim əsərləri oxuyurdum. Üç illik lisey təhsili bu minvalda başa çatdı. Məktəbdən məzun oldum; ancaq yol pulu tapa bilmədiyimə görə universitet imtahanlarında iştirak edə bilmədim. Məcbur qalıb iptidai məktəb müəllimi olmağa qərar verdim və Ağrı vilayətində yerləşən müəllim məktəbində fərqli dərslərin imtahanını verib müəllim oldum, düz altı il müəllim işlədikdən sonra universitet imtahanlarında iştirak edərək İstanbul Universiteti ədəbiyyat fakültəsini qazandım. Universitet təhsili müddətində xüsusilə dilimiz və tariximizlə əlaqəli sambalı əsərləri gecəli-gündüzlü oxuyub özümü yaxşı hazırlamağa səy göstərdim. Mənim üçün İslamdan qabaqkı tariximiz daha maraqlı idi, ancaq bununla yanaşı həm Asiyadakı, həm də digər yerlərdə yaratdığımız dövlətlərimizin quruluşuna və tənəzzülünə səbəb olan amillər həmişə axtardığım suallar idi. Orta Asiyada yaranıb üç yüz əlli il hökm sürən Hun İmperiyası, onun süqutundan sonra yaranan Göytürk imperiyası kimi dövlətləri yaradan xalq necə olmuşdu ki, bu dövlətləri bada vermişdi?! Universitetdə aldığım təshil və dərsliklərimiz bu suallara o qədər də qaneedici məlumat verə bilmirdi; çünki dərsliklərin məlumatları müəyyən sərhəddi ötə bilmirdi. Beynimi deşən həmin sualların cavabını ayrı əsərlərdə axtarıb tapmalıydım.
   
   Orta məktəb və lisey təhsili əsnasında oxuduğum romanlar və hekayələr, xəyal dünyamı zənginləşdirmiş, mənə oxumağın ləzzətini daddırmışdı. İstanbulun "Sahaflar Çarşısı" deyilən yerdə isə bukinistlər vardı və mən onların daimi müştərisi idim. Sahaflar Çarşısından başqa bir də əndərun adlı kitab maqazini vardı ki, ora da bir növ bukinist sayıla bilərdi. Deyilə bilər ki, hər gün buralara baş çəkir və əlaqələndiyim sahələrlə bağlı kitabları ucuz-baha demədən alırdım. Hətta kənddə bir başlarına qoyub oxumağa getdiyim həyat yoldaşım və uşaqların da müəyyən qədər ruzisini kəsib kitaba verirdim, ayrı çarəm də yoxdu. Gecələri həm dərslərin çətinliyi, həm də lənət gəlmiş terror bəlasının yaratdığı atmosfer biz tələbələr üçün həddən artıq mənfi bir şərait yaradırdı. Yataqxanada gecələrimizə ayrı bir məna qatan yeganə şey, tələbə yoldaşlarımla həftənin müəyyən edilmiş günlərində bəzən dan atılana kimi etdiyimiz tarixi, ədəbi və siyasi söhbətlər, üzləşdiyim çətinlikləri yaddan çıxaracaq qədər də səmərəli idi. Bu söhbətlər şəxsən mənə çox şeylər qazandırdı. Evdən uzaqlarda tək-tənha hər cürə çətinliyə dözüb oxumaq bir tərəfə, maddi imkansızlıqla terror, necə deyərlər bir məngənəyə dönüb sıxıb suyumu çıxarırdı. Ancaq tanrının da yardımıyla bütün bu çətinliklərin öhdəsindən gəlməyi bacardım.
   
   Dostlarımla da daimi olaraq söhbət mövzusu etdiyimiz şey, Asiya Türklüyü və burada yaratdığımız dövlətlər, onların yaranması, ömür sürməsi və axırda tənəzzülə uğraması idi. Babalarımız çox az qüvvə ilə yaratdıqları dövlətlərini saat kimi işləyən bir nizamla böyütmüş, meydan müharəbələrində özlərindən üç, dörd, hətta beş qat artıq olan düşmən qüvvələrini çil cücisi kimi dağıtmışdılar. Məsələn, Avropada dəcəllik eləyən, sözə qulaq asmayan uşaqlarını yerindəcə oturtmaq üçün "türklər gəlir" deyərək onların mənəvi dünyasında qorxu atmosferi yaradan, Avropanı əsim-əsim əsdirən o güclər nə cür olmuşdu ki, yayda yağan qar kimi əriyib getmişdi?! Çinlilər, yüzillər boyu Türk qorxusu ilə beş min kilometr uzunluğunda, hətta fəzadan da görünən o boydakı səddi yaratmışdı. Sonra nə olmuşdu ki, çinlilərin ürəyinə o qorxunu salan türklər axırda, çinə tabe olmuşduə! Çinlilər hansı siyasəti izləmişdilər ki, Hun, Qərbi Hun, Göytürk, Uyğur və digər imperiyalarımızı paramparça etmiş və axırda onlara diz çökdürmüşdülər?! Sonra Anadoluya axışan və kiçik çaylara oxşayan Oğuz tayfaları buradakı yerli türklərlə qaynayıb-qarışmış, Kayı tayfasının lideri Osman Bəyin açdığı bayrağın altında cəmləşərək dünyada tayı-bərabəri olmayan bir imperiya yaratmış və altı yüz otuz il üç qitədə ömür sürərək hansı səbəblərə görə darmadağın olub getmişdi?! Təbii ki, bu dövlətlərin yaranmasına və dağılmasına amil olan müəyyən səbəblər vardı; ancaq bu səbəblərin ən önəmlisi hansılardı?! Bu dövlətlərimizin tənəzzülünə səbəb olan amillərin təbii ki, bir qismi bizdən asılı idi; ancaq xarici səbəblər nələrdi?! İllər uzunu fikrimi məşğul edən suallar bunlardı və mən kitablar arasında gecəli-gündüzlü dolanıb bu sualların cavabını axtarıb-durdum. Özümə görə bu sualların cavabını tapdığım fikrindəyəm. Bu məqaləmin davam edən iki hissəsində onlar üstündə dayanmaq istəyirəm.
   
   Burada əziz oxucularımdan xüsusilə xahişim budur: Tənqid edilmək istəyirəm; çünki tənqidin olmadığı yerdə tərəqqinin olmayacağına inanıram. Yazılarımdakı kəm-kəsiri, nöqsanı, səhv fikirləri ifşa edəcək şəxslərə indidən minnətdarlığımı bildirirəm. Səhvlərimizin üzə çıxarılması məsələsi isə, düz olan fikirlərimizin hamılıqca bölüşülməsi və gələcək nəsillərimizin bu təcrübələrdən istifadə etməsi mənasındadır. Bir-birimizi tənqid edə-edə düz olan istiqaməti tapacağımız inamındayam.
   
   Tənqidçilərimə Tanrıdan can sağlığı, xoşbəxtlik və səadət arzusuyla.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK