ANA SƏHİFƏ / YAZARLAR

Gəl, gəl kitab günləri...

Beynəlxalq Sərgi-Yarmarkada dünyanın ən böyük kəşflərindən birinə baxmaq imkanı qazandıq

18997    |   2011-10-01 11:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yola salmaq istədiyimiz həftədə Mədəniyyət və Turizm Nazirliyi bir neçə maraqlı tədbir keçirdi. Belə tədbirlərdən biri də dünyanın ən böyük kəşflərindən sayılan kitabın təbliğinə hesablanmışdı. II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası gözlənildiyi kimi böyük əks-səda doğura bildi.
   
   
   
   Qonaqları musiqi qarşıladı
   
   
   
   II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz işinə sentyabrın 28-də başladı. Əl Oyunları İdman Sarayı kitabı yazanların, çap edənlərin və onu oxuyanların ixtiyarına verildi. Sarayın önünə toplaşanlar çox da darıxmadılar. Nəfəsli alətlər orkestri sərgi-yarmarkaya gələnləri darıxmağa qoymadı.
   
   Beynəlxalq tədbirin rəsmi açılışında ilk söz Baş nazirin müavini Elçin Əfəndiyevə verildi. Natiq son illər Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini qanunauyğun bir hal olduğunu qeyd etdi və dedi ki, bütün sahələrdə qazanılan uğurlar mədəniyyətin, incəsənətin inkişafına da öz təsirini göstərib. Bakıda və xarici ölkələrdə onlarca kitabı nəşr edilən xalq yazıçısı Elçin tədbirə toplaşan oxucuları, nəşriyyat-poliqrafiya sahəsində çalışanları, diplomatik korpusun rəhbərlərini öz işinə başlayan sərgi-yarmarka münasibəti ilə təbrik etdi. Onu da yada saldı ki, beynəlxalq sərgi-yarmarka Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunub. Hökumət təmsilçisi və dəyərli yazıçı kitabı bəşəriyyətin ən böyük kəşflərindən biri adlandırdı.
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əsl ev sahibi kimi danışdı. Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirməkdə xeyli təcrübə toplamış Mədəniyyət və Turizm Nazirliyinin rəhbəri nəşriyyat və poliqrafiya sahəsinin inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışdı. Hələ 2000-ci ildə "Nəşriyyat işi haqqında" qanun qəbul edildiyini xatırladan nazir kitab nəşri sahəsində böyük uğurlar əldə edildiyini, yüksək standartlara cavab verən çap məhsullarının hazırlandığını bildirdi. Əbülfəs Qarayev onu da qeyd etdi ki, ilk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyi ölkədə nəşriyyat işi və kitab sənətinin inkişaf etdirilməsi üzrə 2008-2012 illəri əhatə edən xüsusi Fəaliyyət Proqramı hazırlayıb.
   
   2009-cu ildə I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirildiyini yada salan nazir böyük maraq doğuran həmin tədbirdə dünyanın 20 ölkəsini təmsil edən 35-ə yaxın nəşriyyat-poliqrafiya müəssisənin qatıldığını, ölkəmizin isə həmin yarmarkada 60-dan artıq nəşriyyat-poliqrafiya müəssisəsi ilə təmsil olunduğunu diqqətə çatdırdı.
   
   Əbülfəs Qarayev ümid etdiyini bildirdi ki, sayca ikinci dəfə təşkil edilən beynəlxalq sərgi-yarmarka milli mədəniyyətimizin tərkib hissəsi olan kitab sənətinin inkişafında mühüm rol oynayacaq, Azərbaycan kitabının dünya miqyasında təbliğinə töhfə verəcək.
   
   Rəsmi çıxışlardan sonra Əl Oyunları İdman Sarayı qapılarını kitabsevərlərin üzünə açdı.
   
   
   
   "Qonşudan qalma dala" prinsipini
   
   utandıran tədbir
   
   
   
   Sentyabr-oktyabr aylarında dünyanın müxtəlif ölkələrində kitab sərgi-yarmarkaları keçirilir. Sevindiricidir ki, Azərbaycan da həmin nüfuzlu sərgi-yarmarkalarda iştirak edib. Son 5 ildə ən yaxşı kitablarımız İsgəndəriyyə (Misir), Frankfurt (Almaniya), Varşava (Polşa), Pekin (Çin), İstanbul (Türkiyə), Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Saloniki (Yunanıstan), London (İngiltərə), Moskva (Rusiya), Paris (Fransa), Tehran (İran) sərgi-yarmarkalarında üzümüzü ağardıblar.
   
   II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası "Qonşudan qalma dala" prinsipini güdmürdü. Baxmayaraq ki, təşkilatçılıq səviyyəsinə görə adıçəkilən sərgi-yarmarkalardan heç də geri qalmırdı. Əl Oyunları İdman Sarayının 1200 kvadratmetr sahəsində qurulan stendlərdə son illər ərzində nəşr olunan ən maraqlı və nəfis kitablar nümayiş olunurdu. Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklam işinin təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənlinin "Ədalət"ə verdiyi məlumata görə II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ABŞ, Rusiya, Türkiyə, İran, Macarıstan, Slovakiya, Makedoniya, Latviya, Moldova, Özbəkistan kimi ölkələrdən gələn 20-dən çox nəşriyyat öz məhsullarını təqdim edirlər. Nümayiş olunan milli kitablarımız və digər çap məhsulları isə 100-dən çox müəssisədə hazırlanıb.
   
   Sərgi-Yarmarkaya gələnlər "Azərnəşr"in, "Şərq-Qərb" nəşriyyat evinin, "Təhsil", "Altun kitab", "Çap evi", "Adiloğlu", "VEKTOR", "Kövsər", "Xəzər", "Azpoliqraf", "Çaşıoğlu" və digər nəşriyyatların məhsullarına maraqla baxırdılar.
   
   
   
   Danışır kitab yazanlar
   
   
   
   Beynəlxalq sərgi-yarmarka çərçivəsində keçirilən silsilə tədbirlər də yadda qalan oldu. Sərginin birinci günü "Yeniləşən mədəniyyət-yeniləşən məkanlar" adlı tədbir düzənləndi. Ölkə başçısının sərəncamı ilə yenidən qurulan mədəniyyət ocaqları haqqında kitabların müzakirəsi keçirildi. Həmin silsilə kitabların müəllifi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, tənqidçi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə və başqaları çıxış edərək fikirlərini oxucularla bölüşdülər.
   
   Növbəti tədbir Ukrayna xalqının böyük oğlu Taras Şevçenkoya həsr olundu. Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, "Ədəbiyyat" qəzetinin baş redaktoru Ayaz Vəfalı, şair Ağacəfər Həsənli və başqaları Şevçenkonun yaradıcılığı barədə danışdılar.
   
   Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq doktoru, professor Timuçin Əfəndiyevin "Mədəniyyətdə tarixilik və müasirlik" kitabının təqdimatı da elə həmin gün keçirildi. Professorlar Aqşin Babayev, Nizaməddin Şəmsizadə görkəmli alimin yeni kitabını təhlil etdilər və ürək sözlərini söylədilər.
   
   Sərgi-yarmarkanın ikinci iş günü də məhsuldar keçdi. Ölkə başçısının sərəncamı əsasında hazırlanan 150 cildlik "Dünya ədəbiyyatı" silsiləsinin çapdan çıxan yeni nəşrləri ictimaiyyətə təqdim olundu. Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Kamal Abdulla, tanınmış yazıçı-tərcüməçilər Afaq Məsud, Kamran Nəzirli və başqaları təqdim olunan kitablar barədə fikir mübadiləsi apardılar.
   
   "Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı" adlı konfrans da yetərincə maraqlı alındı. MEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun aparıcılığı ilə keçən tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov, yazıçılar Hüseynbala Mirələmov, Aqil Abbas kitab sənətinin inkişafına göstərilən diqqətdən danışdılar.
   
   Sərgi-yarmarka çərçivəsində Türk dünyasının unudulmaz şairi Abdulla Tukay da yad edildi, əsərləri barədə söhbət açıldı. Son 20 ilin ədəbi mənzərəsi isə dəyirmi masada müzakirə olundu. "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, tənqidçi Vaqif Yusifli, professor Şirindil Alışanov müstəqilliyimizin bərpasından sonra yaranan ədəbiyyatın mənzərəsi barədə fikirlərini bölüşdülər.
   
   Növbəti tədbir tanınmış şair Çingiz Əlioğlunun "Çərçivə" kitabı barədə oldu. Moskva Beynəlxalq "Kitab sənəti" müsabiqəsinin baş mükafatını -"Qran Pri"-ni qazanan "Çərçivə" haqqında yazıçı Mustafa Çəmənli, xalq rəssamı Arif Hüseynov, Yazıçılar Birliyinin katibi Rəşad Məcid və başqaları danışdılar.
   
   Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" mükafatının laureatlarını oxuculara şair Əjdər Ol təqdim etdi. Yazıçılar Natiq Rəsulzadə, Kamran Nəzirli, şair Ağacəfər Həsənli oxucuları qarşısında çıxış etdilər. Növbəti tədbirdə isə Yazıçılar Birliyinin katibi Rəşad Məcid gənc ədəbi qüvvələrlə fikir mübadiləsi apardı.
   
   II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası dünən işinə yekun vurdu. Kitab bayramının uğuru yəqin ki, hələ uzun müddət müzakirə olunacaq.


İmza:ETİBAR

YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK