ANA SƏHİFƏ / YAZARLAR

ŞAİRLƏR VƏTƏNİ QAZAX TƏRƏFLƏR

ƏDƏBİ HƏYAT

23575    |   2011-09-10 06:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünya xəritəsində bənövşə yarpağına bənzəyən Azərbaycan torpağı bəşəriyyətə böyük söz ustaları bəxş edib. Vaxtilə bir rus şairi deyirdi ki: "Azərbaycan xalqı şair xalqdır". Kimsə bu sözü ironiya ilə qarşılayırdı, kimsə uca tribunalardan onu sitat gətirirdi. Məncə, bu sözə nə ironiya ilə yanaşılmalıdır, nə də yeri düşdü-düşmədi, şüara çevirmək lazımdır. Təbiətən şair olan xalqın belə təriflərə umacağı yoxdur.
   
   Azərbaycanın hər bir guşəsindən istedadlı şairlər yetişib və bu proses, bu sənət möcüzələrini yaradan insanlar Naxçıvandan da çıxır, Bakıdan da,Gəncədən də, Göyçaydan da, Cəlilabaddan da, Şəkidən də, Qarabağdan da, Şirvan torpağından da, Lənkərandan da, Salyandan da, Qubadan da, ucqar bir dağ kəndindən də, "nəfəsləri benzin və kükürd qoxulu" bir sənaye şəhərindən də. Amma bir bölgə var ki, o bölgənin şairlərindən söz düşəndə, qurumayan çeşmə təşbehinə üz tutursan, həmişə o çeşmədən ürək sərinlədən sular axır, o sular onu içənlərin ruhunu təzələyir. Ora Qazaxdır.
   
   Bu yaxınlarda "Şairlər Vətəni bizim tərəflər.." (Misra Səməd Vurğunundur) adlanan bir toplu ilə tanış oldum. Hətta bu toplunun təqdimat mərasimində də iştirak etdim və mənə əyan oldu ki, doğrudan da, Qazax bölgəsi Azərbaycan poeziyasının ana xətlərindən biri, bəlkə də birincisidir.
   
   Ən əvvəl kitabı araya-ərsəyə gətirənlər haqqındag 747 səhifəlik, iri formatlı bu kitabın işıq üzü görməsinə qayğı göstərən insan bütün ədəbiyyat adamlarının sevdiyi Tağı müəllimdir. Tağı Əhmədov da yaza bilərdim, amma bizim sənət məclislərində hamı ona "Tağı müəllim" deyir. Vəzifə sahibi olan Tağı müəllim öz işində çox ciddi, tələbkar bir insandır, amma onu bizim tədbirlərdə, təqdimatlarda, tanınmış şairlərin yubiley gecələrində görəsən. Şeirdən, musiqidən aldığı işıq onun üzündə-gözündə sayrışır. Kaş başqa vəzifəlilər də onun kimi şeiri, musiqini duyaydılar. Toplunun tərtibçiləri ziyalı xanım kimi tanıdığım ədəbiyyatşünas Salatın Əhmədli və şair Barat Vüsaldır. Rəyçilər isə görün kimlərdir? Xalq şairi Nəriman Həsənzadə və EA-nın müxbiir üzvü Nizami Cəfərov.
   
   Toplu 100 yaşlı Molla Vəli Vidadinin şeirləri ilə açılır, Hikmət Carçılı adlı 20 yaşlı bir cavan şairin şeirləri ilə qapanır. Ön sözü Barat Vüsal yazıb, son sözü tənqidçi dostum Rüstəm Kamal. Və 150-dən artıq şair topluda yer alıb.
   
   747 səhifəlik bu toplu ilə tanış olmamışdan əvvəl içimdə belə bir sual doğdu: görəsən, bu toplu üç əsrlik Azərbaycan poeziyası haqqında müəyyən bir təsəvvür yarada bilərmi? Axı, bu toplu təkcə "Qazax-Ağstafa hadisəsi" yox, həm də Azərbaycan poeziyasının göstəricisi olmalıdır. Tutaq ki, xarici ölkələrin birindən respublikamıza bir şərqşünas-azərbaycanşünas alim gəlir və Azərbaycan poeziyasının son üç əsrlik inkişaf yolu haqqında təsəvvür əldə etmək istəyir, bu toplunu ona təqdim edirlər ki, buyur və o, başlayır oxumağa. Qətiyyətlə deyə bilərəm ki, həmin azərbaycanşünas alim heç də peşiman olmayacaqdır.
   
   Azərbaycan poeziyasının XVIII əsrdə yetirdiyi iki ən böyük nümayəndəsi - Molla Vəli Vidadi və Molla Pənah Vaqifdir. Ədəbiyyatımızın xəlqi relslərə, istiqamətə axını məhz onların yaradıcılığı ilə başlayıb. Bunu ədəbiyyat tarixçilərimiz də dönə-dönə qeyd edirlər. Hətta F.Köçərli yazırdı ki, "Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır". Bir əsrdə yaşayan, başı çox qovğalar çəkən bu iki şairin həyata, dünyaya, gözəlliyə münasibətləri tamam fərqli olub və bu fərq poeziyada da iki poetik istiqamətin yaranmasına gətirib çıxarıb. Vaqif deyirdi ki:
   
   
   
   Ağla gözüm, ayrılırsan canandan,
   
   Hər kəsi ki, görsən, şikayət eylə!
   
   Öldün, getdin, bəlkə yarı görmədin,
   
   Kəbəyi kuyini ziyarət eylə!
   
   
   
    Vidadisə belə söyləyirdi:
   
   
   
   Ey həmdəmim, səni qana qərq eylər,
   
   Gəl tərpətmə yaralanmış könlümü.
   
   Ayrı düşmüş vətənindən, elindən,
   
   Həmdərdindən aralanmış könlümü.
   
   
   
   Hər ikisində ayrılıqdan şikayət var, amma birincisində gözəlliyə pərəstiş, yardan, gözəllikdən, dünyanın zövqü səfasından doymamaq və sevdiyi qıza ziyarət misallı bir heyranlıq varsa, ikincisində qürbətdə sıxılan, həmdərd tapa bilməyən dünyəvi bir nisgil var. F.Köçərli doğru deyirdi ki: "Nə qədər ki, Molla Pənah Vaqif əhli-zövqü səfa imiş və beş günlük ömrün qədrini bilib, istərmiş ki, onu eyş-işrətdə keçirib könüldə bir həsrət və arzu qoymasın, bir o qədər onun dostu Molla Vəli Vidadi dünyanın zövqü səfasına bel bağlamayıb, onun bivəfa olmasından məyus və şaki imiş".
   
   Vaqif və Vidadi xüsusunda söhbətimə burada xitam verirəm. Onların poeziyada yaratdıqları ənənələr isə Qazax bölgəsində yaşayan şairlərin yaradıcılığında davam etdi. Əbdürrəhman ağa Dilbazovun, Mustafa ağa Arifin, İbrahim ağa Məsumun şeirlərindən də (onlar XVIII əsrin sonları, XIX əsrin birinci yarısında yaşamışlar) Vaqif və Vidadi qoşmalarının rahiyəsi gəlir.
   
   XIX əsr Azərbaycan poeziyasında da Qazax bölgəsi şairlərinin bir neçəsi (Kazım ağa Salik, Mirzə Məhəmməd Fədayi, Yəhya bəy Vidadi, Abdulla Ağa Arif, İbrahim Əfəndi Nicati, Hacı İmam Cənnətzadə Məhşəri, İsrafil ağa Sayil, İsgəndər Ağa Şair, Hacı Rəhim ağa Vəhidi, Mustafa ağa Nasir, Şəhriyar xanım Rəncur və s.) bu ənənəyə təzə xallar vururlar. Məsələn, Kazım ağa Salik bu şairlər içərisində xüsusilə seçilir. Qocalığında da gözəlliyi duyan, gözəllərə biganə qalmayan Salik bir qoşmasında yazırdı:
   
   
   
   
   
   Qoca könlüm oğlan kimi sallanır,
   
   Gözəllərin xətti xalın görəndə.
   
   Əgilmiş qamətim dönər xədəngə,
   
   Yay qaşların rəngi alın görəndə.
   
   
   
   Zülfün çənbərlənib Muğan marı tək,
   
   Səsin nə xoş gəlir cəngin tarı tək,
   
   Sümüklərim sızıldaşır arı tək,
   
   Ol ləblərin şəhdi balın görəndə.
   
   
   
   Əlbəttə, istər XVIII, istərsə də XIX əsrdə yaşayan Qazax bölgəsi şairləri qəzəl və digər klassik şeir növlərində də nümunələr yaradırdılar. Ancaq etiraf edək ki, onların heç biri qəzəldə, müxəmməsdə Vaqif, Vidadi səviyyəsinə çata bilmədilər. Təkcə Şəhriyar xanım Rəncurun qəzəlləri seçilir, fərqlənir.
   
   
   
   Sanma kim candan, Nigara,
   
   dərdi-pünhanım çıxar,
   
   Qılmasan feyzi-nəzər,
   
   dildəmi suzanım çıxar.
   
   
   
   Qafil olma, ey könül,
   
   sən gözlə rahın bir zaman,
   
   Seyr edər hərdəm
   
   Qazağa Şahi Sultanım çıxar.
   
   
   
   Kəsmə ümidin
   
   dəmadəm ey dili bimarımız,
   
   Gözlə şəfqət xanəsindən
   
   bəlkə dərmanım çıxar.
   
   
   
   XIX əsrin sonlarında-XX əsrin əvvəllərində isə Qazax bölgəsi Azərbaycan ədəbiyyatına görkəmli şəxsiyyətlər bəxş edir. Azərbaycan aşıq ədəbiyyatının ustadlarından biri Çoban Əfqan (1866-1924) öz yaradıcılığı ilə yeni bir səhifə açır. Vaqif ruhu, Vaqif məktəbi bu dəfə daha sanballı, poetik istedadı yetərincə olan şairlər tərəfindən yeni bir mərhələyə qədəm qoyur. Təbii ki, Vaqifi təqlid yox, ondan bəhrələnməklə hər şair özünəməxsusluğu ilə seçilməyə, fərqlənməyə can atır. Məsələn, Şeyda Əzizin qoşmalarını götürək. Bu qoşmalardan poeziyaya, aşıq ədəbiyyatına yeni ruh, yeni hava gəlir.
   
   
   
   Bilirsənmi səndən niyə küsmüşəm,
   
   Baxmadın üzümə, sizə gələndə!
   
   Ona görə bu dostluğu kəsmişəm,
   
   Kəm baxırsan üzbəüzə gələndə!
   
   
   
   Şeyda deyər:
   
   
   
   heç dərdimi bilmədin,
   
   Naz edibən bir üzümə gülmədin.
   
   Vədə verdin, vədəmizə gəlmədin,
   
   Nə danışdıq gəzə-gəzə gələndə.
   
   
   
    XX əsr özüylə yeni ab-hava, yeni ictimai-siyasi olaylarla dolu bir təzəlik gətirdi. Əsrin iyirminci ili Azərbaycan tarixində Şura inqilabının qələbəsi və beləliklə, "fəhlə-kəndli birliyinə" əsaslanan bolşevik hakimiyyətinin bərqərar olması kimi yetmiş il yaddaşlara çökdü. Qırmızı imperiya 70 il Azərbaycanın maddi sərvətlərindən kamınca faydalandı, nefti biz çıxardıq, özgələrə qismət oldu, maddi sərvətlərimiz vaqonlarla bizdən daşındı, bu azmış kimi rus-erməni birliyi Azərbaycanın ən seçmə oğullarını ya Sibirə göndərdi, ya da Nargin adasında vəhşicəsinə güllələdi. Kommunist ideologiyası təkcə ictimai-siyasi atmosferi yox, sənəti də idarə etməyə başladı. Ancaq bu yetmiş ildə mənəviyyatımız, milli ruhumuz sapsağlam qaldı və bunu Azərbaycan poeziyasının Qazax bölgəsindən olan şairlərinin yaradıcılığında da izləmək olar.
   
   Hacı Kərim Sanılı (1878-1937) Azərbaycan ədəbiyyatında müstəsna xidmətləri olan bir şair idi. Ədəbiyyatımızda "Aran köçü" kimi el-elat, tərəkəmə adət-ənənələrini poeziyaya gətirən ilk şair o oldu.
   
   
   
   Yaz olanda çiçəklərlə bəzənir,
   
   Dərdi, qəmi tamam atır meşələr.
   
   Yaz zamanı quşlar ilə gözənir,
   
   Toy-bayrama onda çatır meşələr.
   
   
   
   Kölgəsində dadlı moruq yetişir,
   
   Budağında boz bülbüllər ötüşür,
   
   Xoruzlar banlaşır, qaqqıltı düşür,
   
   Söhbətə, həm saza batır meşələr.
   
   
   
   Keçən əsrin iyirminci-otuzuncu illərində Azərbaycan dilində bu qədər sadə, lətif və gözəl şeirlər yazmaqla o, gənc şairlərə nümunə göstərirdi.
   
   Hacı Kərim Sanılının aqibəti faciəli oldu. O da repressiya qurbanına çevrildi. Elə iyirminci illərin zəhərli ədəbi havasında onun adı Hüseyn Cavidlə, Əhməd Cavadla bir arada hallanır və hər üçünü pantürküst adlandırırdılar.
   
   Qazax bölgəsindən olan, amma otuzuncu illərdə az-çox bir şair kimi tanınan İsmayıl Katib də (1898-1938) repressiya qurbanı oldu. Onun nə səbəbə tutulduğunu, nədə ittiham edildiyini deyə bilmərəm (əslində, o dövrdə tutulmaq, güllələnmək üçün min cür səbəb tapırdılar). Şeirlərinə baxanda isə adamın ürəyi açılır, Azərbaycan dilinin gözəllikləri əks olunur onun şeirlərində.
   
   
   
   Yenə çiskin-duman alıb başını,
   
   Əlindən çəkərəm aman, a dağlar.
   
   Xublar dəstə çəkib seyr edər səndə,
   
   Hörmət et qaşları kaman, a dağlar.
   
   
   
   Qoşqarın var yenə gözəl çağları,
   
   Mehman olan sevməz özgə dağları.
   
   Şah dağı, saxlarsan o qaçaxları,
   
   Davam çoxdu sənlə dayan, a dağlar.
   
   
   
   Yadıma düşəndə Kəsəmən dağı,
   
   Qüdrətin çəkilən Qıvla bulağı,
   
   Meydan, Marallıca, bir də Pir dağı,
   
   Tay etmərəm külli İrana, dağlar.
   
   
   
   (ardı gələn şənbə sayımızda)


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-01-23
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK