ANA SƏHİFƏ / YAZARLAR

BİR KÖNÜLÜN HARAYI

ƏDƏBİ HƏYAT

17491    |   2011-07-16 11:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(İradə Aytelin şeirləri haqqında)
   
   
   
   Əlimə bir kitab keçdi. "İkimizin bir evimiz varıydı"-müəllifi İradə Aytel. Adətim budur ki, lap bəsit, zəif, ortabab bir şeir kitabı ola, mütləq oxumalıyam. Əgər çox zəifdisə, bir-iki şeir də kifayət edər onu qurtarasan. Ortababdırsa, o kitabın ortasına qədər oxumaq olar. Amma səni həyəcanlandıran, içindəki duyğulara həmahəng olan şeirlər varsa, onda oxu, lap son nöqtəsinə qədər.
   
   İradə Aytelin şeir kitabında yaxşı şeir də var, ortabab da. Amma hamısında ilhamdan, o ilhamın mənbəyi olan ürəkdən kənar şeir yoxdu. Səviyyəsindən asılı olmayaraq bütün şeirlər sənə "bu qız istedadlıdır" sözünü pıçıldayır.
   
   Bizim poeziyada qadın yazarlarımızın istedadlıları var və onların şeirlərini oxuyanda mənə elə gəlir ki, Xan qızı Natəvan diridir və deyim ki, Firuzə Məmmədli, Nisəbəyim, Gülnarə Cəmaləddin, Səhər, Fərqanə Mehdiyeva, Mahirə Abdulla, Aləmzar Əlizadə, Ofelya Babayeva,Narıngül, Aysel Əlizadə libasında dünyaya gəlib. İradə Ayteli də bu sırada görəcəyimə inanıram. Çünki o, istedadlıdır.
   
   Nədir onun şeirlərinin başlıca məziyyəti və özünəməzsusluğu?
   
   Birincisi; hissin, duyğunun səmimi poetik ifadəsi. İradənin şeirlərində yalan yoxdu, sən bu şeirləri oxuyursan və hətta lirik qəhrəmanın-sevən qadının az qala sevgi tərcümeyi-halını vərəqləyirsən.
   
    İnsan sevə bilər, bu sevgidə təbii ki, aldanışlar olacaq. Ümidsizlik, çarəsizlik, bir dəli hicranın, ömrü bitməyən ayrılığın gətirdiyi qüssə qapının ağzında dəli küləklər kimi əsəcəkgbu motivlər şeirimizin sevgi ərazisində əbədi bitən güllərdir. Bəli, güllər. Çünki sevgi elə bu ayrılıqlarla gözəldir. İradə Aytel dediyim bu şairənin lirik qəhrəmanı da vüsala yox, hicrana doğru yol gedir.
   
   
   
   Qısılıb payız budağına,
   
   Bircə gün işartısından
   
   nicat uman,
   
   zərif yarpaq,
   
   Payız səni üşütmürmü?
   
   Dəli-dolu əsən külək,
   
   Güllərin, çiçəklərin
   
   Səbrini kəsən külək,
   
   Qocaman palıdlardan,
   
   Yalçın,
   
   Qırçın qayalardan
   
   Sivişib keçən külək
   
   Fəryadını,
   
   İmdadını eşitmirmi?
   
   Gəl gedək,
   
   Gedək bu payızdan.
   
   
   
   Məncə, İradənin şeirlərinin əsas qəhrəmanı elə bu zərif yarpaqdır. Bircə gün işartısından nicat uman, küləyin əlində əsir olan o zərif yarpaq. O yarpaq küləyin amansız qəzəbiylə budağından qopub torpağa döşənəcək. Sonra dəli küləklər o zərif yarpağı uçuracaq. Və o zərif yarpaq min bir xəyal içində gözləri yol çəkən bir zərif məxluqun pəncərəsinə qonacaq. (Əli Kərimin şah misrası yada düşür: Gözlərim yol çəkir, çəkir yolları).
   
   
   
   Üşüyürəm
   
   bahar yarpağı kimig
   
   Gözləyirəm bircə himi
   
   düşəm budağından.
   
   Yazda qoyub ümidimi,
   
   payıza aşam budağından.
   
   
   
   İradənin şeirlərində payızla bahar bir fəsildir və hətta mənə elə gəlir ki, bu fəsillərin hər birinə qış kədəri çöküb. Dərdin qışı. Bu hissləri, duyğuları o, çox səmimi şəkildə ifadə edə bilir. Daha doğrusu, öz dərdinin poeziyasını yaradır.
   
   İkincisi; İradə Aytelin şeirlərində xəyalla gerçəklik arasında bir uyuşmazlıq var və bu da gerçəkləşməyən xəyalların yaratdığı görünüşdür. O xəyallarda İ.Aytelin qəhrəmanı "ağappaq, ləçək-ləçək, çiçək qar yağacaq günlər" var,
   
   
   
   Ağ çiçək,
   
   Ağ ləçək,
   
   Ağ örpək..
   
   Sonra da ağappaq
   
   "ölümü "içəcəyəm",
   
   Sevə-sevə,
   
   Sevinə-sevinə
   
   Öz dünyama
   
   Gəlin köçəcəyəm.
   
   
   
   Lirik qəhrəmanın xəyalları gerçəkləşmir. Onun "barmağında bir üzük yeri göynəyir". Ümidləri doğranır, "xışma tutub doğram-doğram ümiddən sökür donumu barmağım".
   
   Mən İradənin sevgi şeirlərinin qəhrəmanını-sevən qadını çox saf, təmiz duyğulu bir zərif məxluq kimi görürəm. Müasir həyatımızda belə zərif ürəklilər azdır demirəm. Amma R.Rövşənin "Sevgi də tükənib bu yer üzündə" misrası yalan deyil. İndi bəzi qadın yazarlarımızın da seksual şeirlər yazıb abır-həya örpəyini namusu kimi ayaqlar altına atdığı bir dövrdə İradə Aytelin və bir çox qadın şairlərimizin zərif hissiyyatları ilə o cür şeirlər arasında yerlə göy qədər fərq görürəm.
   
   Üçüncüsü: İ.Aytelin sevgi şeirlərində təlqin olunan fikir bundan ibarətdir ki, məhəbbət bu dünyanın ən ali nemətidir. Nə qədər ömrün varsa, sev, sevil. Məhəbbətin əlacı elə sevməkdədir. Qoy dərmanı olmasın, amma sev. Füzuli babamız necə gözəl deyib: "Nə müşgül dərd olursa. Bulunur aləmdə dərmanı, Nə müşgül dərd imiş eşqin ki, dərman eyləmək olmaz".
   
   
   
   Sən dünyanın ən alisi,
   
   Mən dünyanın ən dəlisi.
   
   Dilə gəlsə qəlbin səsi,
   
   Ali də bir, dəli də bir.
   
   
   
   O səs dağda gül bitirər,
   
   Varı gözündə itirər,
   
   Dinsizi dinə gətirər,
   
   O sevgidir! O sevgidir!
   
   
   
   Mən İradə Aytelin şeirlərini yalnız bir dairədə-sevgi şeirləri ilə məhdudlaşdırmaq istəməzdim. Onun dərd dəftərində bu misralar da haray çəkir ki:
   
   
   
   Ürəyim ağrıyırg
   
   Vətənimi Qarabağsız-
   
   Laçınsız,
   
   Şuşasız,
   
   Dəlidağsız görəndə.
   
   Ürəyim ağrıyır..
   
   Qartalı zirvəsiz
   
   kəkliyi dağsız,
   
   bülbülü bağsız görəndə.
   
   
   
   Onun dərd dəftərində məni ən çox təsirləndirən bir şeir də var: "Əsgəri dilənən gördüm"
   
   
   
   Geyinib əyninə
   
   əsgər libasın,
   
   Küçədə birini
   
   dilənən gördüm.
   
   Al şəhid qanını
   
   ayaqlar altda,
   
   Göynəyə-göynəyə
   
   çilənən gördüm.
   
   
   
   Əlbəttə, İradə Aytelin şeirləri haqqında ümidlə söz açmağım səbəbsiz deyil. Mən onun şairlik potensialını hiss edirəm, duyuram. Bu potensiya hələ tam üzə çıxmayıb. Olsun ki, özünə, sözünə, istedadına biganə qala və o potensiya da sönə. İlhamına, istedadına biganəlik göstərən azmı olub? İradə deyir ki, bir ümid asılıb ürəyimdən, bir ümid qısılıb ürəyimə, nəyimə gərək, nəyimə? Təbii ki, bu üç misra onun bir sıra şeirlərinin pessimist ovqatından doğur və bu ümidsizlk də olsun ki, şəxsi yaşantıların bəlirtisidir. Qorxu budur ki, bu ümidsizlik onun şeirlərinin mahiyyətinə çökə.. Dünyada ümidsiz yaşamaq sabaha, gələcəyə inamı itirmək deməkdir. İnamsızlıq isə ilhamı da, istedadı da vərəmlədər, çərlədər və beləliklə,gşairin mənəvi ölümü başlayar. Qoy İradə təkcə küçədə dilənən əsgər şinelli bir insanı yox, "al qanı axa-axa tarixləri qızardan" (Əli Kərim) Nəsimi ürəkli Mübarizləri də şeirinə gətirsin. Onlarla, bəlkə yüzlərlə rüşvətxorları, namussuzları, maşennikləri yox, öz sadə, amma təmiz mənəviyyatı ilə seçilən bacılarını, qardaşlarını görsün. Təbii ki, görür.
   
   İradənin şeirlərinə bəzən dilimizin qanunlarına uyuşmayan, kələkötür, nahamar sözlər, ifadələr də yol tapır. Bunları deməsəm, göstərməsəm olmaz.
   
   
   
   Mən deyənlər
   
   heç bilmirəm hardadı,
   
   Yad deyənlər sırasında
   
   qalmışam.
   
   
   
   Nə deməkdir "yad deyənlər". Anlaşılmır bu ifadə.
   
   
   
   Hərdən əqlim üstə
   
   daşır xəyalım,
   
   Həsrət yollarımdan
   
   baxır hər gecə.
   
   
   
   İkinci misra gözəldir. Uğurlu metafora saymaq olar. Amma "əqlim üstə daşır xəyalım" çox uğursuz metaforadır.
   
   
   
   Çiçək açsın, sevinsin yaz,
   
   Çin-çin olsun arzu-muraz,
   
   Ruhumuz mülayim Araz,
   
   Vücudumuz Kür olsun.
   
   
   
   Bənzətmə uğursuzdur.
   
   Belə misallardan yenə gətirə bilərəm. Yəni bunlar olmasa yaxşıdır. Hisslərində zərif olan şairin dili bəzən nahamvar olmasın gərək! Bu iradlarımı söylədim və İradə Aytelə onun ən gözəl şeirlərindən birini misal gətirirəm ki, həmişə şeir yazanda belə obrazlı, dili səlis misralar qələmə alsın:
   
   
   
   Gecə tale yaşıdım,
   
   Qəm şələsi daşıdım,
   
   Çox gecələr yaşadım,
   
   Yox beləsi...
   
   
   
   Bu yol görəmim deyil,
   
   O kül Kərəmin deyil,
   
   Yrək sinəmin deyil,
   
   Dağ laləsi.


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-04-23
2018-04-22
2018-04-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK