ANA SƏHİFƏ / YAZARLAR

PAŞA QƏLBİNURUN İLK ROMANI

15893    |   2011-06-18 08:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda Paşa Qəlbinur adı çox məşhurdur. O, ixtisasına görə həkim-cərrahdır, bu sahənin tanınmış mütəxəssislərindəndir. Dünya oftolmologiyasisında Paşanın yeri məlum... Göz xəstəlikləri ilə bağlı çoxlu elmi kəşfləri və uğurları haqqında sizə istənilən bilgini verə bilərəm. Ancaq buna ehtiyac duymuram.
   
    Azərbaycanın böyük İŞIQ ADAMI kimi tanıdığı Paşa Qəlbinur həm də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Paşa bir göz cərrahı kimi tanınırdı və onun poeziya səyahəti başlayanda çoxları təəccüblənmişdi də. Amma onun qəlbində poeziyaya məhəbbət, söz işığı lap erkən başlanıb. Özü də dəfələrlə etiraf edib ki, mən əvvəl şair kimi, sonra həkim kimi doğulmuşam.
   
   Paşa minillik Azərbaycan poeziyasının üzü gələcəyə doğru yol alan karvanının əbədi yolçularından biridir və bunu söyləməklə mən heç bir mübaliğəyə yol vermirəm. Onun poeziyası üç əsas Sözün -İşığın, Məhəbbətin və Gözəlliyin üzərində qərar tutub. Paşanın poeziyası haqqında söz açmağa da ehtiyac duymuram. Çünki müasir Azərbaycan poeziyasının ən gözəl örnəklərini soraqlayan bir qeyri-azərbaycanlı bizim ən ünlü şairlərimizlə bir sırada Paşa Qəlbinurun da işıqla, məhəbbətlə, gözəlliklə dolu şeirlərini sevə-sevə oxuyur.
   
   Üç il bundan öncə, işlədiyim "Azərbaycan" jurnalı redaksiyasından oxumaq və çapa hazırlamaq üçün mənə bir əlyazması təqdim etdilər. Baxdım: PAŞA QƏLBİNUR. Qara su (roman)
   
   Başqası olsaydı, bəlkə də təəccüblənər, hətta heyrətlənərdi. Amma otuz beş illik redaktorluq təcrübəm məni təəccüblənməyə qoymadı. Birincisi, ona görə ki, yazıçıları hansı janrda əsər yazmalarına görə deyil, istedadlarına görə tanıyır və sevirlər. Cəfər Cabbarlı böyük dramaturq idi, amma o, bir sıra gözəl hekayələrin və şeirlərin də müəllifidir. Mehdi Hüseyn istedadlı nasir və dramaturq idi, amma mən onu bir tənqidçi kimi daha çox sevirəm. Dünya ədəbiyyatından da onlarla belə misallar gətirə bilərəm. İkincisi, ona görə ki, Paşa Qəlbinurun gözəl şeirlərindən sonra onun nəsr əsəri yazacağına şəxsən mənim ürəyimdə heç bir şübhə yarana bilməzdi. Bu adam istedadlıdır, istedadlı yazar üçün hansı janrda qələm çalmağının heç bir əhəmiyyəti yoxdur. Təki, Sergey Yesenin demişkən: "dünyaya təzə bir nəğmə ver ancaq".
   
   Budur, üç il keçib, "Qara su" romanını yenidən oxuyuram. Əsər bu müddət ərzində rus dilində də çap olunub ("Gənc yazarlar və sənətçilər" qurumu bu romanı ilin ən yaxşı əsəri kimi dəyərləndiriblər). Haqqında müsbət fikirlərlə, qiymətli, dəyərli mülahizələrlə dolu olan məqalələr, rəylər də qarşımdadır. İstəyirəm bu yazıya da həmkarlarıma hörmət əlaməti olaraq onların bəzi fikirlərinə istinad edim. Necə deyərlər, Paşanın romanına körpü salmaq üçün...
   
   Akademik Ağamusa Axundov: "Müəllif epiqraflarda üç müqəddəs kitabdan nümunələr verir. Hər üçü insanlara xəbərdarlıqdır: Allah zalımları daha yaxşı tanıyır. Allahın məhkəməsindən qaçmaq mümkün deyil, yerin üstündə etdiyin pisliklərin cavabını sən yerin altında olanda verəcəksən. Amma oxucu romanda bu İlahi həqiqətlərin həllini yaşadığı dünyanın özündə tapır. Əsərin idraki mənası, idraki önəmi də budur.
   
   Romanın dilində də yeniliklər çoxdur. Əsərdə ədəbi dilimizin, demək olar ki, bütün üslubları, bədii üslub da, elmi üslub da, publisistik, işgüzarlıq-dəftərxana üslubları da öz inikasını tapıb. Danışıq dilinə, onun bütün təzahür formalarına (fonetik, leksik, qrammatik) geniş yer verilib; dilimizin dialekt və şivələri də özlərinə yer tapıb".
   
   Professor Nizaməddin Şəmsizadə: "Sənin "Qara su"yun hadisə, əhvalat romanı deyil, psixoloji-ovqat romanıdır".
   
   Professor Məhərrəm Qasımlı: "Romanın süjeti elə qurulub ki, hər iki obraz yer üzündə olanların hesabatını göy üzündə-təyyarədə verir. Mənə elə gəlir ki, Paşa Qəlbinurun hesabat məkanı və məqamı olaraq göy üzünü seçməsi heç də təsadüfi deyil. Günah və şərlərin törədildiyi yer üzündəki haqq-hesabların göy üzündə-ilahi məqamın hüzuruna yaxın bir məkanda sorğu-suala çəkilməsi özü də rəmzi-məcazi anlam daşıyır".
   
   Professor, tibb elmləri doktoru Miron Fel: "Qüdrətli bir fırçanın canlandırdığı tipaclar ən xırda detallarıyla göz önünə gəlir. Bütün bu insan koleydoskopu o qədər maraqlıdır ki, hətta düşünmək belə istəmirsən ki, təkrari əməliyyat necə nəticələnəcək.."
   
   Şair Adil Mirseyid: "Roman iyirmi səkkiz fəsildən ibarətdir. Hər fəsil bir hekayət, bir portret, bir pritçadır".
   
   Yeri gəlmişkən qeyd edim ki, roman haqqında tanınmış dilçi-türkoloq, professor Tofiq Hacıyev, tənqidçi Bəsti Əlibəyli, şair-publisist Sərvaz Hüseynoğlu da dəyərli məqalələr yazmışlar.
   
    "Qara su" romanı haqqında yazılan məqalələrdən yalnız mənim üçün maraqlı görünən bəzi səciyyəvi cümlələri misal gətirdim. İstəyirəm bu sıranı bir qədər genişləndirim.
   
   "Qara su" romanı müasir əsərdir. Təkcə ona görə yox ki, bu günümüzdə, çağımızda baş verən hadisələrdən bəhs edir. Bu, əsas deyil. Çünki müasirliyin məna və mahiyyəti heç də günün hadisə və olaylarının təsvir olunması kimi məhdud bucağa sığmaz. Müasirlik müasir həyat həqiqətlərinin sənət dililə, bədii gözəlliklə canlandırılması deməkdir. Paşa Qəlbinurun romanı məhz bu xüsusiyyətilə seçilir.
   
   Əsərdə təsvir olunan hadisələrin məkanı da məlum, zamanı da. Burada təsvir olunan bütün əsas və epizodik obrazlar da bizə yaxşı tanışdır. Sanki illər boyu gördüyümüz, müşahidə etdiyimiz, bizi həyəcanlandıran, duyğu və düşüncələrimizə hakim kəsilən hadisələrlə, olaylarla qarşılaşırıq, tanıdığımız insanlarla rastlaşırıq. Nəsr ədəbiyyatın elə bir janrıdır ki, o, insan aləminə güzgü tutur, həyatın, gerçəkliyin bizə məlum və məlum olmayan tərəfləri, cəmiyyətin gözə görünən və görünməyən təzadları bu güzgüdə bütün çılpaqlığı ilə əks olunur. "Qara su" romanı da bu mənada bir həyat romanıdır və bu əsər son illər Azərbaycan nəsrinin uğurlu nümunələrindən biridir.
   
   Hər hansı bir roman ilk növbədə, öz qəhrəmanları ilə tanınır. İstər mənfi olsun, istər müsbət, istərsə də boyaların qatışığında (həm mənfi, həm müsbət) təsvir edilsin. Söhbət ondan gedə bilər ki, yazıçı öz qəhrəmanını necə təqdim edir, onun daxili dünyasının dərinliklərinə enə bilirmi, yəni onun təqdimində obraz hansı yeniliyilə seçilir?
   
    "Qara su" romanında iki əsas obrazla qarşılaşırıq. Bəy Qasım və Aydın...
   
   Kimdir Bəy Qasım? Bu, bir tipacdır ki, ümumi səciyyəsinə görə dünya ədəbiyyatının ən Şər obrazları ilə səsləşir, daha doğrusu, onların müasir davamçısıdır. Lakin obrazı konkret müstəvidə, milli konteksdə götürsək, Bəy Qasım sırf Azərbaycan hadisəsidir. Azərbaycan tarixinin son dönəmində - yetmiş illik imperiyanın çökməyə başladığı, sonra isə müstəqillik bayrağının dalğalandığı bir dövrdə belə adamların sürətlə üzə çıxdığı məlumdur. Amma hansı sistemdə, hansı quruluşda, hansı mühitdə yaşamasından asılı olmayaraq onların varlığı mütləq həqiqətdir. "Ömründə heç zaman duymadığı, tanış olmadığı əhvaldaydı Aydın. Yanındakı Bəy Qasıma baxanda, yadına yırtıcı balıq düşdü-balaca balıqları yeyən, donbalan sulu gözləri bir-birindən çox aralı balıq.."
   
   Bəy Qasım sadəcə mənfi adam deyil, mənfiliyin mücəssiməsidir. Romanda onun rəzil əməlləri, çirkin niyyətləri bircə-bircə xatırlanır. Bu adam ölüm ayağındadır və bütün ömrünü allahsız yaşaya-yaşaya Allahdan sağalması üçün nicat diləyir. Yaşamaq istəyir. Əgər onun bir mənəvi prinsipi olsaydı, ölümdən bu qədər qorxmazdı. Ancaq o, ölümü də pulla susdurmaq istəyir.
   
   Bəy Qasım haqqında bu qədər.
   
   Aydın isə Bəy Qasımdan fərqli olaraq mürəkkəb obrazdır. Onun daxilində iki "mən" çırpınır. Ömrü boyu işığa can atan bu adam daxilən təmiz və saf olsa da, içindəki passivlik onu mübariz olmağa qoymur, həyat onu növbənöv sınaqlara çəkir və Aydın da çox zaman bu sınaqlara tab gətirmir. O, daha çox düşüncə adamıdır, həyatı, cəmiyyəti bu prizmadan qiymətləndirir. Təbii ki, P.Qəlbinur sırf müsbət bir obraz yaratmaq niyyətində olmamışdır və vaxtilə bu tipli obrazların necə uğursuzluğa ürcah olduğunu yaxşı bilir. Aydın "boyaların qatışığında" təqdim olunan bir obrazdır. Aydın oğlunu həbsdən qurtarmaq üçün bir böyrəyini və qara ciyərinin bir hissəsini Bəy Qasıma verəcək. Bunun üçün onlar təyyarə ilə Çikaqo şəhərinə uçurlar. Bu uçuş zamanı Bəy Qasım da, Aydın da dönüb arxaya- ömürlərinin xatirələr dünyasına səyahət edirlər. Hər ikisi ölüm haqqında fikirləşir. Çünki o, labüd ola bilər.
   
   Retrospeksiya üsulu ədəbiyyatda dönə-dönə işlənib və bunun ən əhəmiyyətli cəhəti ondadır ki, obrazların daxili təkamülünü, bir insan kimi inkişaf prosesini izləmək mümkün olur. Bu baxımdan Bəy Qasımın da, Aydının da xarakteri keçmişdən üzü bəri gələ-gələ aydınlaşmağa başlayır. Bəy Qasımın uşaqlıqda Səmə Səlimlə "məzələnməsi"ndən tutmuş ən alçaq hərəkətlərinə qədər hər bir hadisə onun kimliyini tam şəkildə meydana çıxarır. Aydının xatirələrində isə işıqlı anlar yaşayır. Bu xatirələr "təmiz oksigenli dağ havası, Günəşin cazibəsi qədər məhrəm enerji, ruhi mehribanlıq və sonsuz sevgilər"lə doludur. Hər ikisinin xatirələrində yuxu bədii vəsilə olur. Əslində, yuxularla gerçəklik arasında sədd və maneə yoxdur, yuxudakı hadisələr də gerçəkliyi əks etdirir və bu mənada Paşanın romanında reallıqla irreallıq vəhdət təşkil edir. O, Aydının yuxusunda Şəmkirin Georqsfeld kəndini təsvir edir. "Kəndin yolları geniş, evləri nizamlı, küçələrin hər iki tərəfindən dumduru su axardı, hər on addımdan bir qovaq və ya şabalıd ağacları varıydı. Şabalıdlar, armudlar çiçəkləyəndə bir aləm olardı... Almanlar yüz neçə il öncə kəndə dağlardan yerin dərin daşlı süxurlarıyla üç belə kəhriz çəkmişdilər. Deyilənlərə görə, böyük zəhmət bahasına başa gələn və ümumi uzunluğu iyirmi yeddi kilometr olan bu üç kəhrizin hər metrinə bir Nikolay qızıl onluğu xərcləmişdilər". Bu yuxu həm də reallıqdır. Və bu reallığın sonu belə bir xatırlama ilə bitir ki, qocaların dediyinə görə, həmin kənddən bir alçaq çıxmışdı. Bu adam öz doğmaca qızının namusuna toxunmuşdu. Onu iki yol ayrıcında-qəbiristanlığın dikində basdırmışdılar. Vəsiyyətinə görə hər yoldan ötən mütləq bu qəbirə tüpürməliydi.
   
   P.Qəlbinurun əsərinə hər mənada "miniatür roman" demək olmaz. Olsun ki, əsərin həcmi bizim klassik roman anlayışımızda "miniatür" təsəvvürü oyatsın, amma Paşanın romanında informasiya çoxşaxəlidir, bir roman içərisində neçə insan taleyi gözlərinin qarşısından keçir, obrazların həyatı, xüsusilə keçmişiylə bağlı hadisələrin də sayı-hesabı yox..
   
   Amma roman bitmir. Bəy Qasımın da, Aydının da gələcək taleyi qaranlıq qalır.
   
   Olsun ki, müəllif bu romanın ikinci hissəsini də yazacaq. Gözləyək!


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK