HAQSIZLIQ

FAİQ QİSMƏTOĞLU
34014 | 2011-04-30 08:02
Çox vaxt deyirlər ki, xarici ölkələrdən məmləkətimizə turistlər o qədər də çox gəlmirlər. Yəni bu turistlər digər Avropa ölkələrinə və eləcə də ucuzluq olan məmləkətə üz tuturlar. Təbii ki, hər bir turist istəyir ki, az pul xərcləməklə getdiyi ölkədə yaxşı istirahət eləsin, gəzsin və həmin ölkənin görməli yerlərinə baş çəksin. Axı, dünyada o qədər görməli yerlər var ki, insan bir dəfə baxmaqla doymaq istəmir...
   
   2011-ci il ölkəmizdə "Turizm ili" elan olunub. Mütəxəssislərin dediyinə görə, əvvəlki illərə nisbətən 2010-cu ildə məmləkətimizə daha çox turist təşrif buyurub. Deyilənlərə görə, bu il də ölkəmizə xeyli sayda turistin gəlişi gözlənilir. Ancaq bir qanqaraldıcı fakt var ki, bizim məmləkətimizə uçan turistlər təyyarə biletlərinin bahalığından şikayətlənirlər. Məsələn, Moskvadan Türkiyənin istirahət mərkəzlərinə gedən turistlər 500 dollara həm orda oteldə qalır, gündə iki dəfə pulsuz yemək yeyir, üstəlik də təyyarəyə gedib-gəlməyə görə pul ödəmir. Bir sözlə, 500 dollara əməlli-başlı bir həftə Türkiyənin gözəl məkanlarında istirahət etmək mümkündür. Bəs görəsən bizim məmləkətimizdə 500 dollara bir həftə dincəlmək olarmı? Axı bizdə də çox səfalı və gözəl istirahət mərkəzləri var. Qubada, Qusarda, Xaçmazda, Zaqatalada, Qəbələdə, Masallıda, Lənkəranda kifayət qədər hər cür şəraiti olan istirahət mərkəzləri fəaliyyət göstərir. Di gəl ki, həmin istirahət mərkəzlərində bir həftə qalmağa bir ətək pul lazımdı. Yəni yuxarıda adlarını qeyd elədiyimiz rayonların istirahət mərkəzlərində bir həftə dincəlmək üçün heç də adama 500 dollar bəs eləməz. Dostlarımdan biri bildirdi ki, ötən il Nabrandakı istirahət mərkəzində bir həftə dincəldim, mənə min manata başa gəldi. Ona görə də fikirləşirəm ki, bu il Allah qoysa, Antaliyaya gedim. Çünki Antaliyada 1000 manata ürəyim istədiyi kimi dincələ biləcəm və yorğunluğum da canımdan çıxacaq. Üstəlik də Türkiyənin gözəl bir məkanını gəzəcəm.
   
   Bir çox vəzifəli şəxslər məmləkətimizdə turizmin ləng inkişafından danışır. Əgər doğrudan da turizmi inkişaf elətdirmək istəyiriksə, ilk növbədə həmin istirahət mərkəzlərində ucuzluq yaranmalıdır. Hələ biz turistlərə göstərilən xidmətin səviyyəsindən danışmırıq. Əgər xaricdən gələn bir turist bizim məmləkətdə Avropa ölkəsindəki istirahət mərkəzindən daha çox pul xərcləyirsə və burdakı istirahət, mədəni xidmət onun ürəyincə deyilsə, çətin ki, ikinci dəfə həmin adam bizim ölkəmizə istirahət etməyə gələ. Özü də bir çox istirahət mərkəzlərində sanki bizim xidmətçilər adamları soymaq istəyirlər. Bazar-dükanda 5-10 manata olan meyvəni qiymətindən 10-15 dəfə baha qiymətə turistlərə sırıyırlar. Düzdür, buna bəziləri soyuqqanlı baxır, yaxud da istirahət vaxtı qanını qaraltmaq istəmir, amma insaf da dinin yarısıdı. Kimsə bir ətək pul verib istirahət etmək istəyirsə, nə üçün də hər şey qiymətindən baha ona satılmalıdır. Axı bu adamlar, daha doğrusu, xarici ölkələrdən məmləkətimizə istirahətə gələnlər, çox şeyi yaxşı bilirlər. Onlar Avropanın gözəl istirahət məkanlarında olubsa və bir-birindən məşhur otellərdə qalıbsa, təbii ki, bizdəki bahalığı və şəraitsizliyi görəndə istər-istəməz bayaq dediyim kimi ikinci dəfə bura üz tutmaq istəməyəcəklər.
   
   Qarşıdan isti yay günləri gəlir. İsti yay günlərində ölkəmizə turist axını daha da çoxalacaq. Gərək bu barədə istirahət mərkəzlərinin rəhbərləri düşünələr. Onlar yaxşı-yaxşı düşünələr ki, istirahətə gələnlərdən pul qopartmaq yox, onlara Avropa səviyəsində xidmət göstərmək lazımdır. Eyni zamanda istirahət mərkəzləri zəhmət çəkib qiymətləri də aşağı salmalıdırlar. Biz avropalıları demirik, elə özümüzünkülər bu istirahət mərkəzlərində qiymətlər baha olduğuna görə, dincələ bilmir və yay vaxtı istirahət üçün digər ölkələrə çıxıb gedirlər. Deməli, turizmin inkişafı tək turistlərin məmləkətə axınında deyil, həm qiymətlərdə və xidmətlərdə də özünü göstərməlidir. Başqa sözlə desək, ucuzluq olmalıdır ki, həmin istirahət mərkəzinə gələn ikinci dəfə yenə üz tutsun.
   
   
   
   ***
   
   Bu gün ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Hər yanda rüşvətin qarşısını almaq üçün addımlar atılır. Amma buna baxmayaraq, şadlıq saraylarının əksəriyyətində yenə camaatın cibini soyurlar. Necə olur ki, 100 manat, 200 manat rüşvət aldığına görə, kimisə həbs edirlər, tuturlar, amma bir şadlıq sarayı hər hansı toy sahibini külli miqdarda aldatdığına görə, ona "gözün üstə qaşın var" demirlər. Birincisi, şadlıq saraylarında toy sahiblərinə qiymətindən dəfələrlə baha təkliflər edilir. Əgər bir toyda bir nəfərin əvvəldən axıra qədər masa arxasında əyləşib yeyib-içməyi 20 manata, uzaq başı 25 manata başa gəlirsə, şadlıq saraylarında bu qiymətdən dəfələrlə çox toy sahibindən pul alınır. Üstəlik də bir neçə gün əvvəl toylardan qalan köhnə salatlardan, qəlyanaltılardan tutmuş, isti yeməklərə qədər yenidən stolun üstünə düzülür. Köhnə yeməkdənsə istifadə edən toy iştirakçıları bunun altın çəkirlər.
   
   Bu yaxınlarda Bakının Yeni Əhmədli qəsəbəsindəki şadlıq saraylarından birində yaxın qohumlardan biri oğluna toy eləyirdi. Allah hamının balasına toy qismət eləsin. Amma elə ki, camaat gəlib stol arxasına əyləşdi, salatlardan, soyuq qəlyanaltılardan istifadə eləməyə başladı, onda bir çoxları əlini yeməkdən çəkdi. Məlum oldu ki, salatların çoxu köhnədir. Hətta stolun üstündəki araqı içəndən sonra dostlarımızdan biri dedi ki, elə bil zəhər dadır. Hansı ki, "Leyla" şadlıq sarayında stolun biri eşitdiyimizə görə, 35 manatdır. 35 manata da camaata bu cür xidmət göstərmək olar? Şəkil çəkənlər isə toyda istirahət edənlərin başının üstünü kəsdirib, zəli kimi yapışıb, şəkil çəkmək istəyirdi. Qanları qaralmış adamlar isə əsəbi halda şəkil çəkənlərə bildirdilər ki, heç hənanın yeridir. Stolun üstündə yeməyə yönlü bir şey tapmırıq, hansı günümüzə şəkil çəkdirməliyik.
   
   Ümumiyyətlə, şadlıq saraylarındakı özbaşınalıqların qarşısı tezliklə alınmalıdır. Bir adam 80 manatlıq, 100 manatlıq və daha artıq yemək yeyə bilərmi? Amma Bakıdakı bir neçə şadlıq sarayında toy zamanı adamın biri bu qiymətə hesablanır. Üstəlik də toydan sonra stolun üstündə qalan yeməklər şadlıq sarayının mətbəxinə ötürülür. Həmin yeməklər soyuducularda, mətbəxtdə necə saxlanıldığını deyə bilmərik, bir onu deyə bilərik ki, bu yeməklər sabahı günü başqa bir toyda stolun üstünə düzülür. Camaat bunu görür və bilir. Ancaq ayrı- ayrı şadlıq saraylarının arxasında çox yüksək vəzifəli məmurlar durduğuna görə, onları bu əməlindən heç kim çəkindirə bilmir. Şadlıq sarayları əhalini soyur, hüquq-mühafizə orqanları isə buna göz yumurlar. Göz yumacaqlar da. Çünki bir çox şadlıq saraylarına elə hüquq-mühafizə orqanlarında çalışan vəzifəli şəxslər havadarlıq eləyir. Görəsən, şadlıq saraylarında nə vaxta qədər toy sahiblərini aldadıb ondan qiymətindən dəfələrlə baha pul alacaqlar?!
   
   
   
   ***
   
   İndi çox adam kitab yazır, kitab çap elətdirir və sonra da deyir ki, mən yazıçıyam. Bir sözlə, yazı-pozu adamlarının əlindən tərpənmək olmur. Kitabı o qədər adiləşdiriblər ki, adam istəmir ki, kiminsə ona verdiyi kitabı vərəqləsin, oxusun. Çünki kitab çox müqəddəs bir şeydir. Və kitaba müqəddəs varlıq kimi baxanlar həmişə sözə, yazıya hörmətlə yanaşıblar. Təəssüf ki, bu qəbildən olan yazarlar azdır. Nə yaxşı ki, onlar var. Yoxsa, boş, mənasız kitablarla camaatın başını çoxları aldadar. Biri adını, soyadını düzgün yaza bilmir və indiyə kimi mətbuatda bir yazı-pozusu olmur, bir də görürsən ki, bir kitab buraxdı. O kitabın içində bir kəlmə belə tapmaq olmur. Və çox vaxt bu cür kitabları cırıb atırlar.
   
   Bu yaxınlarda qələminə, yazısına və istedadına böyük hörmət bəslədiyim Fərhad Əsgərov (Ramizoğlu) mənə bir kitab bağışladı. Sözün düzü mən Fərhad Əsgərovu uzun illərdi tanıyıram və həmişə müxtəlif mətbuat orqanlarında onun dadlı-duzlu yazılarını, hekayələrini və oçerklərini oxumuşam. Oxuyanda da hiss eləmişəm ki, Fərhadın öz üslubu, öz dili və hadisələrə öz yanaşma tərzi var. Elə buna görə də, onun yazılarını dövrü mətbuatda və eləcə də baş redaktor olduğu "Nüanslar" qəzetində maraqla izləmişəm. Çünki Fərhad çox cəsarətli və istedadlı bir yazardır. Ağa ağ deyib, qaraya da qara.
   
   Fərhad Əsgərov bu yaxınlarda çapdan çıxmış "Dostuma məktub" kitabını mənə bağışladı. Sonra da dedi ki, vaxtın olsa oxuyarsan. Amma demədi ki, mənim kitabım haqqında bir şey yazarsan. Mən də metroda yol boyu onun verdiyi kitabı oxuyub qutardım. Özüm də bilmədim kitabı necə tez oxudum. Çünki onun qələmə aldığı hekaylər, hadisələr və sənədli hekayələr bir-birindən maraqlı, şirin və orijinal bir sadə dildə qələm alınmışdı. Hər hansı bir hekayənin, olmuş əhvalatın dili rəvan və şirin olanda onu oxumaq da asandır. Fərhad qələmə aldığı "Qısqanclıq xəstəliyi", "Rüşvət necə gizlədilirdi", "Tamahkar", "Dostuma məktub", "Kələntərin yuxusu, yalan çıxır çoxusu", "Boz pələngin yuxusu", "Dəb və dəbbazlıq", "Ay mirvari dalğalar" hekayələri bir- birindən maraqlı və oxunaqlıdır. O, bu yazılarda dövrün eybəcərliklərini, çatışmazlıqlarını, haqsızlığını və ədalətsizliyini özünəməxsus bir üslubda qələmə alıb. Haqsızlığa, ədalətsizliyə üsyan edən Fərhad Əsgərov bu cür neqativ halları görəndə ona qarşı sərt mövqey tutur. Fərhad nə qədər səmimidirsə, nə qədər istedadlıdırsa, bir o qədər də ədalətli və cəsarətli yazardır. Bir sözlə, "Dostuma məktub" kitabını oxuyanlar biləcək ki, haqq-ədaləti qorumaq üçün insan hansı əzablarla üzləşməli və qara qüvvələrə necə qalib gəlməlidir. Bir daha qələm dostumuz Fərhad Əsgərova yaradıcılıq uğurları arzulayır, ona bir-birindən gözəl bədii əsərlər qələmə almağı diləyirik. Qələmin iti olsun, qardaş!

TƏQVİM / ARXİV