Bu da bir il

ƏBÜLFƏT MƏDƏTOĞLU
78902 | 2011-02-19 07:24
Heç inanmağım gəlmir. Özümü məcbur edirəm, özümü dilə tuturam, hətta özümə əsəbiləşirəm də. Amma neyləsəm də inana bilmirəm, daha doğrusu inanmağa haqqım da çatmır. Çünki ayrı düşdüyüm bir il ərzində mən onunla hər gün danışmışam, hər gün həmsöhbət olmuşam, hər gün nəfəsini duymuşam, yazılarını oxumuşam, haqqında kimlərinsə fikirlərini eşitmişəm...
   
   Bir sözlə, o hər gün yanımda olub... düz gözlərimin önündə...düz ürəyimin başında...düz yuxularımda...düz xəyalımda...düz ömrümdə-günümdə... Amma bu qədər düz olanların içərisində onun mənə qarşı düz bir iynə ucu boyda addım atması mümkün olmayıb. Elə mən danışmışam... elə mən demişəm... elə mən düşünmüşəm... o isə baxıb gözlərimin içinə səssiz-səmirsiz. Çünki o demək istədiklərinin bir qismini artıq demişdi. İkinci qismini isə demək istəmədi. Daha doğrusu, şərait yaratdı ki, nəyi deyəcəyəm ki, özün fəhm elə, özün nəticə çıxart, özün yarımçıq fikirlərimi tamamla...
   
   O heç nə demədi gedəndə. Və mən də buna təəccüb etdim. Çünki o hansısa bir iş görəndə, hansısa bir qərar qəbul edəndə, hətta təzə bir yazı yazanda da öncə mənə xəbər eləyirdi, öncə mənə oxuyurdu, mənim fikirlərimi öyrənirdi və hər sözünün sonunda da deyirdi ki:
   
   - Qağa, mənim də vuriyidim sənsən. Bakıda səfir təyin eləmişəm. Sən olan yerdə ayrı problem, ayrı qayğı ağlıma gəlmir.
   
   Onun belə səmimi sözlərindən sonra mən bir az da şeşəllənirdim, bir az da qoltuğum qarpızlanırdı. Amma onun tərifindən doymadığımdan çox incə bir ustalıqla fikirlərini davam etdirməsinə şərait yaradırdım. Guya heç nə olmamış kimi deyirdim:
   
   - Ay Vahid, Allah köməyin olsun, camaat saa həsəd aparır. Gözəl qələmin, bir-birindən oxunaqlı yazıların və çiçək kimi də qızların. Day sənin nə qayğın olacaqdı.
   
   Gülümsüyürdü Vahid... Və gülümsəyə-gülümsəyə də heç vaxt rəndələmədiyi, ütüləmədiyi bir şəkildə sözü olduğu kimi döşüyürdü canıma:
   
   - Qağa, deyəsən tərif üçün sino gedirsən. Sənin nə ölümün var Bakıda. Gəl otur bu Haramının çölündə, gündə üç dəfə saa tərif deyim. Sən də genəl özün üçün. Yoxsa xeyirdə-şərdə üz tutursan biz tərəflərə, onda da atüstü... Ancaq çalışırsan ki, tərif eşidəsən. Adama bir bütöv söz də demirsən, durub çıxırsan aradan...
   
   Bəli, Vahidlə demək olar ki, bütün görüşlərimizdə bu qəbildən olan söhbətlərimiz həmişə təkrarlanırdı və ən maraqlısı da o idi ki, Vahid elə bil ki, mənim rayona, Qayıdışa gələcəyimi əvvəlcədən duyurdu. Həmişə Qayıdış qəsəbəsinə dönən yola çatanda görürdüm Vahid oturub yolun kənarındakı çayxanada və gözlərini də zilləyib yola. Məni görən kimi ağır-ağır qalxırdı yerindən, barmaqlarının arasında közərən siqareti atırdı bir kənara, yeriyirdi mənə tərəf:
   
   - Ə, gəl çıx dana!.. Səhərdən oturub burda səni gözləyirəm. Ürəyimə dammışdı ki, gələcəksən. Düzünü de, yenə yasa gəlmisən?
   
   Vahid bilirdi ki, mən heç vaxt el-obanın yas mərasimlərindən qalmıram. Toylara çatdıra bilməsəm də, yaslara özümü mütləq çatdırıram. Ona görə də bir iynə batırırdı, bir prikol eləyirdi mənə. Mən də onun daşı hardan götürdüyünü bildiyimdən bircə kəlmə:
   
   - Allah rəhmət eləsin...filankəsə - deyirdim.
   
   Evə, qəsəbəyə getməmişdən öncə elə o çayxanada yekə bir çaynikin axırına çıxırdıq. Hər şeydən danışırdıq...ədəbiyyatdan, qəzetdən, yeni yazarlardan, AYB-dən, AYO-dan... Axırda da yenə Vahid deyirdi ki:
   
   - Gedək evə bir tikə kəsək, söhbəti orda davam etdirərik.
   
   Gəlirdik Vahidin evinə. Süfrə başında da həmin mövzu davam edirdi. Danışa-danışa da ya Günelə, ya Elgünə deyirdi ki:
   
   - Qızım, təzə yazılarımı büküb qoymuşam stolun küncünə. Onları gətir ver əminə, buna etibar yoxdu. Elə bir də gördün yas yerindən çıxıb getdi Bakıya!..
   
   Bəli, indi xatirə yazıram. Əslində bu xatirə deyil, mənim Vahidlə bir görüşümün adi ştrixləri, cizgiləridi. Təfərrüatına varmadan mən bunları kağıza köçürürəm. Elə kağıza köçürə-köçürə də ürəyimdən gəlib keçən bir cümləni yazmaya bilmirəm:
   
   - Vahid, yenə gəlmişəm. Özü də sənlə görüşə, özgə kimsəylə işim yoxdu, özgə bir məclisə üz tutası deyiləm. Sadəcə səninlə baş-başa qalmağa, səninlə dərdləşməyə gəlmişəm. Bilirəm ki, sən də darıxırsan. Amma yolun uzaqlığını nəzərə alıb qıyıb çağırmırsan. Bilirsən ki, sözün heç vaxt yanımda yerə düşməyib, cağırsan durub gələcəm...
   
   
   
   Mən alışan bir şamın
   
   Nuruyam, şöləsiyəm...
   
   Arı tək çiçəklərin
   
   Qoynunda öləsiyəm.
   
   
   
   Həyatımın axşamı
   
   Bir ağ günün ağ şamı...
   
   Bu qəribə yaşamı
   
   Səninlə böləsiyəm...
   
   
   
   Ruh oxşayan meh kimi,
   
   Ləçək üstdə şeh kimi...
   
   Ömrü boyu beh kimi
   
   Mən sənə dönəsiyəm.
   
   
   
   ***
   
   Kimsə məni qınaya bilər və düşünər ki, kədərli notlarla onların şənbə əhvalını pozuram. Amma inanın ki, bu heç də məndən asılı deyil. Mən qarşıma kiminsə ovqatını korlamaq məqsədi qoymamışam. Əksinə, mən istəyirəm ki, bu yazımla təkcə Vahidin deyil, eləcə də mənim, sizin və bütün insanların dünyadan gedən dostları, doğmaları, əzizləri barəsində düşünmək, ruhlarını sevindirmək və bununla da bir az rahatlanmaq haqqı qazanım. Çünki mən ruhların sevinəcəyinə inanıram. İçimdə buna əminlik var.
   
   Hələ uşaq vaxtlarımdan evimizdə cümə axşamları xörək bişiriləndə nənəmin, sonralar isə anamın xörək bişənə yaxın qazana bir çimdik əlavə duz atdığının şahidi olmuşam. Və hər dəfə də soruşanda bunun səbəbini bircə sözlə izah ediblər. Deyiblər ki:
   
   - Bala, ocağımızda gözü olan ruhları sevindirmək lazımdır. Bilsinlər ki, onları yaddan çıxarmamışıq. Yenə onların yeri, yataqları olduğu kimi qalıb.
   
   Mən bu fikirləri zaman-zaman başımda gəzdirib ağlım kəsən hər kəsdən bunun doğruluğunu öyrənmək, təsdiqləmək üçün sorğu-sual da etmişəm. Və hər dəfə də ruhların yaşadığına, onların bizim ətrafımızda olduğuna məni inandırıblar. İnam isə hər şey deməkdi.
   
   Bax, elə indi Vahid haqqında yazdıqlarımı mən əvvəldə dediyim kimi yazı xatirinə, söz xatirinə kağıza köçürmürəm. Sadəcə oturmuşam və Vahidlə söhbət edirəm. Onun arxivindən tapıb, daha doğrusu, məndə unudulub qalmış yazılarını da çapa verəndə onunla söhbət elədim. Həmin gecə yuxuma da qonaq oldu, öz təbəssümü ilə, öz cod saçları ilə və öz ciddi görkəmi ilə. Üzündə bir damla da olsun təbəssüm yox idi. Adətən Vahid ciddi söhbətlər edəndə, xüsusilə ədəbiyyat, qəzet məsələlərində heç nəyi güzəştə getmirdi. Axıra kimi öz fikrində qalırdı. Lap sonda isə müzakirə etdiyimiz şeirin və yaxud müəllifin barəsində bircə kəlmə deyirdi:
   
   - Qağa, o da belə bacarır, belə yazır...fikir vermə!..
   
   Mənə elə gəlirdi ki, Vahid bu sözü ilə mənim hansısa bir qara-qura fikrə düşəcəyimin qarşısını alır. Guya mən həmin şeirin və yaxud onun müəllifinin barəsində pis fikirləşsəm, dünya dağılacaq və o da məhz bu son cümləsi ilə:
   
   - Ə, uşaq olma, başın burax - deməsi ilə həm dünyanı dağılmaqdan, həm də o şeiri, o şeirin müəllifini məndən qoruyurdu. Əslində elə məni də onlardan qoruyurdu Vahid.
   
   Mən inana bilmirəm ki, Vahid Əlifoğlu qədər məni çox istəyən, məni sözümün nöqtə-vergülünə qədər anlayan, hətta məni sətir-sətir alt-üst edən ikinci bir dostum-qardaşım olsun. Burda söhbət sırf ədəbiyyatdan, ədəbi düşüncədən gedir. O maddi cəhətdən sıxıntılı, kasıb olsa da, amma o qədər böyük ürək sahibi idi ki, hamını yola verə bilirdi, hamını nəzərə alırdı, bircə məndən başqa. Təkcə mənə hər sözü, hər iradı bildirir, hər gileyi, hər minnətdarlığı çatdırır, amma axırda da həmişə olduğu kimi:
   
   - Ə, uşaq olma, başın burax, onsuz da hamısı boş şeydi, götür görək, çörəyimizi yeyək - deyirdi.
   
   Bütün qəribəlikləri ilə bir bütövlük idi Vahid Əlifoğlu. Bütün uğurları ilə, bütün problemləri ilə, bütün narahatçılıqları ilə bir tamlıq idi Vahid Əlifoğlu. Nəslinin, doğmalarının, qohum-əqrəbasının, dostlarının, özü də yaşından asılı olmayaraq hamısının ağsaqqalı idi Vahid Əlifoğlu. Çox qəribə idi ki, onun bir sözünü nəsildə, dostlar, doğmalar arasında heç kim iki etməzdi, heç kim yerə salmazdı, heç kim qulaqardına vurmazdı. Vahid yalnız çıxış yolu tapmayan, tıncıxanda, təntiyəndə mənə zəng vurardı:
   
   - Ə, qağa...
   
   Və beləcə hər şeydən rahat-rahat danışardı Vahid. Bəzən son dərəcə böyük ərklə danlayardı da məni. O bilirdi ki, mən bu danlaqlardan, bu iradlardan küsüb-inciyən deyiləm. O bilirdi ki, mənim üçün Böyük Qardaşdı!.. Böyük Dostdu!.. Ondan başqa onun yerini tuta biləcək ikinci bir Vahid yoxdu!!
   
   Hə, Vahid Əlifoğlu, gör bu bir il nə tez gəlib keçdi! Doğrudanmı gəlib keçdi, yoxsa mən nəyisə səhv salmışam. Axı sənin son yazılarını oxumamışam. Onda bu bir il necə gəlib keçə bilər?..
   
   
   
   topa tutub dağıtmayın
   
   - bulud deyiləm...
   
   yağmağım yaz yağışıdı-
   
   bir an çəkəcək
   
   mən özümə olanları
   
   unut deyirəm
   
   bilsəm də ki
   
   bu ağrılar
   
   mənlə keçəcək...
   
   hicranı da,
   
   sevgini də
   
   sərib önümə
   
   olanlardan olacağa
   
   körpü qururam
   
   bilmirəm ki,
   
   ağlayım ya
   
   gülüm günümə-
   
   şimşək vurmuş palıd kimi
   
   baxıb dururam...
   
   həm çevrəmdə
   
   həm içimdə
   
   sərt bir şaxta var
   
   məni duymaq istəyəni
   
   üşüdən budu
   
   həyatımı alt-üst edən
   
   qəlbi saxta var
   
   əllərimi ürəyimin
   
   qanıyla yudu...
   
   gerçəklik də
   
   xəyallar da
   
   elə budu!..
   
   
   
   ***
   
   
   
   Hə, Vahid qardaş, biz bu dünyanın bir ömür payını yanaşı gəldik. Sən bir dayanacaqda düşdün. Hamı elə bildi ki, sən mənimlə daha yol-yoldaşı deyilsən. Onlar belə düşünməkdə haqlıdılar. Çünki onların ürəklərində gözləri yoxdu. Əgər ürəklərində gözləri olsaydı, baxıb bizi yanaşı görərdilər. Görərdilər ki, sən düşdüyün dayanacaqda sadəcə cismini dəyişdin, ruha çevrildin və yenə başladın mənimlə yanaşı getməyə...
   
   Biz gedirik. Məni də bir dayanacaq gözləyir. Orda da mən cismimi dəyişəcəm. Orda da bizim yanaşı getdiyimizi görənlər olmayacaq, ən doğmalarımızdan başqa. Görünür bu dünya bizim sevdiklərimizlə, sevgilərimizlə, birgə olmağımızla gözəlmiş. Elə görünür biz o gözəllikləri də özümüzlə illərdən-illərə, dayanacaqlardan dayanacaqlara daşıyıb aparırıq. Həmişə də aparacağıq. Ruhun şad olsun!.. Ruhum sevinsin!.. Ruhumuz var olsun!..
   
   

TƏQVİM / ARXİV