ANA SƏHİFƏ / YAZARLAR

"İçəri şəhər"

21383    |   2011-01-27 06:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sovet zamanında Naxçıvanda yaşayan uşaqların, gənclərin ən böyük arzusu Bakını görmək idi. Bu bölgədə yaşayan insanlar istədikləri vaxt Bakıya gəlib-gedə bilməzdilər. Heç Azərbaycanın başqa bölgələrində yaşayan insanlarımız da Naxçıvana istədikləri vaxt gəlib-gedə bilməzdi. Naxçıvana gəlmək üçün xüsusi icazə lazım idi, onu da hər kəs ala bilməzdi. Çünki Naxçıvan Sovet höküməti üçün strateji yer idi: sərhəd zonası! Naxçıvan Sovet hökümətinin iki düşməni ilə, Türkiyə və İranla sərhəd idi. Naxçıvanlılarsa həmişə bu iki ölkədə yaşayanları özününki bilirdi, bu iki ölkəni özününki sayırdı. Sovet höküməti Naxçıvanı Vətəndən hərtərəfli ayırmışdı, adaya çevirmişdi. Naxçıvan SSR-nin 16-cı respublikası idi, Sovet qorxurdu naxçıvanlı düşüncəsindən, amma mövzumuz başqa olduğundan nə vaxtsa "16-cı respublika" və yaxud "naxçıvanlı düşüncəsi"nə gələcək məqaləmizdə qayıdacağıq.
   
   Naxçıvanlı gənclərin əksəriyyəti Bakını ilk dəfə əsgərliyə gedəndə görərdilər. O da ki, Bakını yox, Biləcərini. Elə "kişilik" sınağından da ilk dəfə Biləcəridə keçərdilər! Bəlkə də çoxu elə Biləcərini görmək üçün əsgərliyə getməyə can atırdı. Çünki əsgərliyə gedib, qayıdanların yaratdığı əfsanə çox gənci başdan eləmişdi. Çox gənc Əfsanəyə görə əsgərliyə gedirdi. Əfsanə çox gənci Biləcəridən əsgərliyə yola salmışdı, çox gəncə ilk dəfə "kişilik" dərsi keçmişdi.
   
   Əsgərliyə gedənlər ilk dəfə Əfsanənin qapısının qabağında sıraya düzülərdilər. Əfsanə çox gəncimizi daş qaldırmağa, palçıq qatışdırmağa göndərdi. Amma bir gəncimiz Əfsanəyə pul vermədi ki, məni "desantnıye voyska"ya , "morskie voyska" ya saldır. Biz bilirik də pulu hara xərcləməyi... Ənənədi... Davam edir hələ... Əfsanəyə olan sevgimiz birinci Qarabağ müharibəsi zamanı özünü göstərdi. Əfsanənin əsgərliyə göndərdiyi gənclər səngər qazmaqdan başqa heç nə bacarmadılar.
   
   Bir də Bakıya orta məktəbdə oxuyanda olimpiadaya və ali məktəbə qəbul üçün gedərdik. Bu da hamıya qismət olmazdı. Orta məktəbdə oxuyanda çox az uşağa qismət olardı ki, Bakıya getsin, yəni olimpiadaya. Olimpiadaya və ya ali məktəbə qəbula gələnlərin çoxu da peşman qayıdardı, peşman edərdilər onları. Çoxumuz da başa düşməzdik niyə peşman edirlər bizi.
   
   Bir də orta məktəbdə oxuyanda "Komsomolskaya putyovka" deyilən bir şey var idi. Orta məktəbdə yaxşı oxuyanları tətildə 15 respublikadan birinə 10 günlük gəzintiyə göndərərdilər. Bakıya gələnlər Bakını 10 gün, başqa respublikaya gedənlər isə Bakını 5 - 6 saatlıq görərdilər, yəni qatar yola düşənə qədər.
   
   Belə xoşbəxtlik bir dəfə mənə də qismət oldu. 1986-cı ildə "komsomolskaya putyovka" ilə Kiyevə getdim. Bu xoşbəxtlik mənə əla oxuduğum üçün qismət olmamışdı. Atam tikinti idarəsinin rəisi idi və müəllimlərdən birinə ya biraz ucuz, ya da pulsuz tikinti materialı vermişdi, ona görə də məni mükafatlandırmışdılar.
   
   Naxçıvanda qatara axşam saat 9 - da mindik, dedilər qatar Bakıya səhər saat 9 - da çatacaq. İlan vuran yatardı, uşaqlar yatmadı. Səhər saat 6 - dan uşaqlar yerindən qalxıb düzülmüşdü pəncərənin qabağına. Gördüklərimiz isə ancaq çöllük-biyabanlıq idi. Saatı olan saata baxır, saatı olmayan da saatı soruşurdu. Saat 9 oldu, qatar hələ də Bakıya çatmayıb. Uşaqlardan biri dözməyib sual etdi:
   
   -Bə saat 9 oldu, biz Bakıya niyə çatmadıq?
   
   -Dədəm evdə deyir ki, Sovet hökumətinin heç nəyi düz işləmir, yəqin saatıda düz işləmir.
   
   Qatar düz 4 saat yubanmaqla Bakıya, yəni vağzala çatdı.
   
   Bakı qara bürünmüşdü və bu günə qədər görmədiyimiz güclü külək əsirdi. Külək qarı gözümüzə doldururdu, elə bil Bakı görmək istədiyimiz şəhər deyildi. Bakı bizim ürəyimizdə tam fərqli idi. Biz Bakını gördükcə külək fərqləri kəsirdi, dəyişdirirdi. Bulvarda bizdən və dənizdən başqa kimsə yox idi.
   
   Sovet zamanında Bakı qədər qəribə və rəngarəng şəhər yox idi. Neft Bakıda çıxırdı, rəngi qara idi, amma adamlarının çoxunun rəngi sarı, ağ idi. Rəngi qara olanların da çoxu bizdən deyildi.
   
   Bakıda daha çox "ağ adamlar" yaşayırdı, təəssüf ki, "ağ adamlar"ın çoxu da özümüzünki deyildi. "Ağ adamlar" özümüzünkilərə "qara adam" kimi baxırdı. Azərbaycanlıların qəlbində Vətənlərinin paytaxtı Təbriz, dövlətlərinin paytaxtı Bakı olub həmişə. Amma Bakıdan azərbaycanlılara az hissə çatırdı, elə "İçəri şəhər" boyda.
   
   Bu şəhərdə eşitdiyimiz dili başa düşmürdük. Bakı bizim dildə danışmırdı. Yad dildə danışırdı, yad dildə düşünürdü.
   
   Bakı həm beynəlmiləl, həm də çox milli şəhər idi. Bu şəhər rayonlara bölünürdü. Rayonların adı bizim olmasa da, məhəllələrdə yaşayanların çoxu bizlər idi. Rayonları adlarına görə yox, daha çox məhəllələrinin adlarına görə tanıyardılar. Məsələn: Dağlı məhəlləsi, Sovetski, Papanin, ... kənd və sairə. Bu məhəllələr Bakının olsa da məhəllələrin çoxu Bakı olmurdu. Bakı yad dəyərlərlə yaşasa da, məhəllələrdə yaşayanlar öz adət-ənənələrimizlə, öz dəyərlərimizlə yaşayırdı. Bakı ilə iç - içə olasan, amma bu qədər içini qoruya biləsən, içini saxlaya biləsən, bax, Sovet dövründə bu məsələ çox çətin idi. Gələcək "Blok uşaqları" adlı məqaləmdə Bakı məhəllələri haqqında, "bakılı düşüncəsi", "bakılı xarakteri" haqqında yazacağam.
   
   Sonda "Qız qalası"nın üstündən Bakıya üstdən aşağı baxdıq. Həmişə ürəyimizdə, gözümüzdə ən uca yerdə olan Bakıya. "Qız qalası"nın üstündən Bakı iki görünürdü.
   
   Bir də Bakıda bir şəhər var idi - "İçəri şəhər". Bu şəhərin içində şəhər idi. Qala divarları ilə əhatə olunmuşdu. Adı içəri olsa da içdə yerləşmirdi. Burada yaşayanların çoxu içimizdən olanlar deyildi, heç çölləri də bizlərə oxşamırdı. Bu şəhər bizim içimizlə yaşamırdı.
   
   Qatarın yola düşməyinə az qalmışdı. Biz Bakını gəzə-gəzə, içimizi yeyə-yeyə vağzala dönürdük. Vağzala çatmağımıza az qalmış başqa rayondan olan, yəni naxçıvanlı olmayan uşaqlardan biri bir qıza söz atdı. Bakıda ali təhsil alan həmyerlilərimizdən biri qayıtdı ki: o qız rus deyil. Yəni bu o demək idi ki, sovet dövründə azərbaycanlı qıza küçədə söz ata bilməzdilər. Bizim doğulduğumuz bölgədə də qıza söz atmağa çox pis baxıldığına görə, bizim uşaqlar həmin uşağa bir neçə təpik - sillə vurdular. Uşaq da təpik - sillə yeyə - yeyə dedi - bilmədim, dedim bəlkə Bakıda olar. Bakı isə mənim yaddaşımda ancaq bu sözlə qaldı "o qız rus deyil".
   
   Bir də Bakının Bakı kəndləri var idi: Yenə Bakıdan fərqli Bakıya oxşamayan, öz içini saxlayan, öz içində yaşayan, öz kəndini qoruyan kəndlər. Məsafəcə o qədər uzaq olmayasan, cəmi 5-10 kilometr aralı olasan, amma Bakıya oxşamayasan, bu qədər dəyişməz qalasan.
   
   Şəhəri dəyişə bilmişdilər, çünki dəyişik insanlar gətirmişdilər şəhərə. Dəyişik düşmüşdü insanlar, dəyişən insanlar yaşayırdı bu şəhərdə.
   
   Bu kəndlər daha çox çölünə və içinə qapalı yaşayırdı. Bakıda özünəməxsus məhəllələrdə yaşayanların çoxu da bu kəndlərdən köçənlər idi. Şəhər də dəyişə bilməmişdi onları. Bu kəndlər özünəməxsus xarakterə malik idi. Amma kəndlilər bir - birləri ilə yola getməzdilər. Məsələn, nardaranlı ilə maştağalı. Nardaranlı hansısa maştağalını döydüyünə və yaxud öldürdüyünə görə fəxr edərdi, fəxrlə danışardı və ya əksinə, maştağalı bir nardaranlını döydüyünə və yaxud öldürdüyünə görə fəxr edərdi. Amma soruşsaydın ki, bu bir - birini qəbul etməməyin, düşmənçiliyin səbəbi nədi, bilməzdilər, gözlərini döyərdilər. Heç indi də bilmirlər.
   
   İki kəndi bir yol ayırır, fərqli düşüncəyə, fərqli xarakterə malik olur kəndlilər. Bir - birlərini qəbul etmirlər, bir - birlərinə şər, böhtan atırlar, bir - birlərini sevmirlər. Bu düşüncəni imperiya yaradıb. Bu düşüncə bu gün daha çox Cənubi Azərbaycandakı kəndlərimizdə, şəhərlərimizdə var. Culfalı mərəndlini, mərəndli culfalını, təbrizli urmiyalını, urmiyalı təbrizlini qəbul etmir, bir - birinə düşmən kimi baxır, bir - birinə şər atır. Düşmən kəndlərimizi üz - üzə qoyub, bir - birinə düşmən edib. İmperiya bunu Bakı kəndlərində də bacarıb. Cənubdakı küləklər bəzən Bakı kəndlərində də əsir.
   
   Bu kəndləri Sovet höküməti özününki edə bilmədi. Allaha inam qoymadı bu kəndlər sovet ola. Bu kəndlərdə təhsilə maraq çox az oldu. Çox az insan ali təhsil aldı. Ateistlərin məktəblərində oxumaq istəmədilər. Amma çoxları ateistlərin sürücüsü oldu. Bu kəndlərdə maşına maraq çox idi. Maşın ala bilməyənlərin maşına olan marağı onların çoxunu diplom almağa yox, sürücülük vəsiqəsi almağa vadar edirdi.
   
   Bu kəndlərin çox zəhmətkeş insanları var idi. Dolanışıqları mal-qara saxlamaqla, parnik salmaqla, alış-veriş etməklə idi. Çoxu da gül əkərdi, elə gül kimi də dolanardılar.
   
   Sovet də bu insanlara təhsil verməkdə maraqlı deyildi. Bu insanların psixologiyasını yaxşı öyrənmişdilər. Allahın təsir etdiyi psixikaya Sovet təsir edə bilməzdi. Sovet əlini çəkmişdi bu kəndlərdən, bu kəndlər allahın ümidinə yaşayırdılar.
   
   Bakının tam sovetləşməməsində bu kəndlərin çox böyük rolu oldu. Bu kəndlər qoymadı Bakı daha çox allahsızlaşa, mənəviyyatsızlaşa.
   
   Bu gün bu kəndlərə dövlətimizin çox böyük qayğısı, diqqəti var. Amma bu kəndləri kəndimiz edə bilmirik. Sovetlər dönəmində bu kəndlərdə baş verənlər ictimai rəyə, Bakıya o qədər təsir etmirdi. Müstəqilliyimizi qazanandan bu yana bu kəndlərdə gedən prosseslər ictimai rəyə əks gəlir, yəni Bakıya. Bəzi kənar qüvvələr Bakıya təsir etmək istəyir, Bakının düşüncəsini, atacağı addımı dəyişmək istəyirlər. Bəzən bu kəndlərlə Bakını silkələmək istəyirlər. Yenə külək Xəzərdən gəlir, yenə zəlzələ Xəzərdə baş verir, Bakı az da olsa yırğalanır. Amma Bakını yırğalamaq istəyənləri 30 milyon da yırğalayır hərdən. Bir gün 30 milyon daha güclü balla yırğalayacaq, bizi yırğalamaq istəyənləri.
   
   İndi də bu kəndlərdə Cənubdan gələn hicab küləyi əsir. Amma Bakı başına hicab bağlamayacaq. Bakı möhkəm əllərdədir. Bakı əsən küləklərə baş əyməyəcək. Bakıya uzanan yad əllər kəsiləcək. Bakı bir daha yad başlar görməyəcək, Bakını bir daha yad başlar idarə etməyəcək. Çünki indi Bakı Müstəqil Azərbaycanın paytaxtıdır.
   
   Bu gün Bakı kəndlərində əsən hicab küləyi mənəvi məsələdən çox siyasi məsələdir. Mənim doğulduğum bölgədə, yəni Naxçıvanda 70 il ərzində elə kəndlər oldu ki, o kəndlərdən bir dənə də olsun Sevil çıxmadı, yəni çadrasını atan qadın. Sovet çadraya qarşı idi, amma heç vaxt çadra ilə sovetə qarşı mübarizə aparmadıq. 70 il sovetə qarşı olduq. 70 il aşura - taşura günü Sovetə vura bilmədiyimiz zənciri özümüzə vurduq, zəncirlə Sovet ordusu ilə üz - üzə durduq.
   
   Bu gün milli - mənəvi və dini dəyərləri daha çox hicab örtməyən xanım təbliğ edir. Bu gün hicab örtməyən xanım uçan məscidləri, müqəddəs ocaqları təmir etdirir, məscid olmayan kəndlərdə məscid tikdirir. Bu gün hicab örtməyən xanım kimsəsiz və əlil uşaqlara ev tikdirir, qayğı göstərir. Bu gün hicab davası edən insanların çoxunun şəxsi problemlərini hicab örtməyən xanım həll edir. Bu gün hicabı siyasi məsələyə çevirən kəndlərə hicab örtməyən xanım şəxsi nüfuzundan və imkanlarından istifadə edərək yeyə durur, qayğı göstərir. Bu gün hicab örtməyən xanım kəndlərdə məktəblər tikdirir, insanların savad alması üçün çalışır. Bu gün Allahın əmrini, Peyğəmbərin buyruğunu, Quranda yazılanlara daha çox bu hicab örtməyən xanım əməl edir. Niyə bu kəndlər ən yüksək səs çoxluğu ilə bu hicab örtməyən xanımı millət vəkili seçdilər, ən çox səs qazanan millət vəkili etdilər? Onda niyə hicab yada düşmədi? Ona görə ki, bu kəndlərdə yad düşüncələr, yad küləklər əsməyəndə, yadlara yer olmayanda öz seçimlərini düzgün edirlər, yəni ən doğrusunu !
   
   Geyim heç vaxt mənəviyyatın, əxlaqın göstəricisi olmayıb, olmayacaq da. Əxlaq - nə geyinməyi, hara necə geyinməyi müəyyənləşdirən məqsəddir. Əxlaqı, mənəviyyatı məqsəd, əməl müəyyənləşdirir. Əsas nə geyinirsən, necə geyinirsən deyil, əsas nəyi, niyə geyinirsən, hara geyinirsən, yəni necə geyinməkdə məqsədin nədir. Geyim özündə informasiya daşıyır. Məqsədi özündə daşıyan informasiya.
   
   Dovlətin məcbur etmək səlahiyyəti var. Hər kəs qanuna tabe olmalıdır. Lazım olan zaman dövlət bu səlahiyyətdən istifadə edəcək və etməlidir də. Fərqli geyinmək, fərqli düşünmək, fərqli yaşamaqda insanlar azaddır. Amma çoxluğun qərarına tabe olmağın bir adı var - ƏDALƏT.
   
   Bilirsiniz bunlar niyə baş verir? Hələ də bizim "İçəri şəhər"imizdə yadlar gəzir. Hələ bizim "İçəri şəhər"imizdə, iç şəhərimizdə yadlara yer var, içimizi yadlaşdırıblar. Gəlin "İçəri şəhər"imizə, "iç şəhər"imizə yaxın olaq, bir gün hamımız bir yerdə, birlikdə "İçəri şəhər"imizdə, "iç şəhər"imizdə olaq. Onda yadlara yer olmayacaq.
   
   20 ildir müstəqilik, amma "İçəri şəhər"imizdə yerləşən metro stansiyasının adını dəyişə bilmirdik. Bu dəyişikliyi heç "İçəri şəhər"də yaşayanlar da istəmirdi. İndi "İçəri şəhər"də yaşayış evlərinin çoxunda ofislər, səfirliklər yerləşir axı. Onların da çoxunun işi bizim içərimizi sökməkdi, necə ki "İçəri şəhər"i sökürlər.
   
   Yaxşı ki, Tağı müəllim də var. Bu təklifi verdi, yəni stansiyanın adını dəyişdi, "Bakı soveti" adını "İçəri şəhər" etdi. Axı o həm də şeir yazır, klip çəkdirir. Bunlar üçün də gərək adamın axı ilhamı ola. Tağı müəllimin ilhamı gəlməsəydi, deməsəydi bu işi Tağı müəllim etməzdi. Tağı müəllimi tanıyanlar deyirlər ki, hələ Sovet dövründən diktor qız metroda "Bakı soveti" stansiyasını elan edəndə, Tağı müəllim dilində deməsə də, ürəyində tez "İçəri şəhər" deyərdi.
   
   Tağı müəllim Sovet dövründən ürəyində qalan arzusunu, müstəqilliyimizdən 20 il keçəndən sonra gerçəkləşdirdi. Bir də Tağı müəllimin bir böyük arzusu var idi, kəndlərinə metro çəkdirmək. Amma mümkün olmayanı necə etmək olar ki?
   
   Tağı müəllim ha hökumətə təklif verir ki, metronun qiymətini qaldıraq, hökümət də hərdən Tağı müəllimi eşidir, hərdən də eşitmir. Tağı müəllim hökümətə demək istəyir ki, ucuz ətin şorbası olmaz. Hökümət də deyir ki, birdən çox qalxarıq metroya minən olmaz. Ay hökümət, Tağı müəllim axı metroya minənləri 50 il olar ki, tanıyır, axı onlar heç dəyişməyiblər, elə yenə şorba yeyirlər.
   
   Amma Tağı müəllimin bir arzusu da var, Bakıda yerüstü metro çəkmək. Tanrı Tağı müəllimi arzusuna çatdırsın.
   
   


YAZARIN ARXİVİ

2018-05-16 : BAŞQA SƏS
2013-11-02 : ÜRƏK AĞRISI
2013-02-19 : Eşşək Həsən
2012-11-09 : İRADƏ
2011-11-12 : MAZQİ
2011-02-24 : İKİNCİ OLMAQ
2011-02-03 : Dəli
2011-01-20 : "Qızışma"
2010-10-29 : MƏN BİR YOLAM
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK