YOLUMUZU AZANDA...

FAİQ QİSMƏTOĞLU
30806 | 2011-01-22 05:59
Anarın "Evləri köndələn yar" televiziya tamaşasında belə bir epizod var: oradakı obrazlardan biri deyir ki, xeyiri olmayan elçiliyə heç vaxt ayaq basmaram. Burda qəribə heç bir şey yoxdur. Yəni bəzi adamlar toyda, yasda və eləcə də elçilikdə çox vaxt öz xeyirlərini fikirləşirlər. Xüsusən də varlı və vəzifəli adamların toyu, yası olanda ora getməyə çalışanlar daha çox olur. Ən çox da yas məclislərinə getməyə can atırlar ki, orda kimləsə görüşüb hansısa problemini həll eləsin, işini düzəltsin.
   
   Bu yaxınlarda da bir vəzifəli adamın yaxın qohumu rəhmətə gedir. Başqa bir vəzifəli adam həmin yasa getmək istəyəndə tanıdığı adamlardan bir neçəsini ora dəvət edir. Onların arasında hər şeydə öz xeyrini axtaran bir yazıçı da olur. Deyir ki, ora getsəm, mənim xeyrim nə olacaq? Vəzifəli şəxs də bildirir ki, hər şeydə xeyir axtarmaq düzgün deyil. Yasa gedərsən başsağlığı verərsən, bundan da yas sahibinin dərdi-kədəri yüngülləşər. Bir sözlə, həmin yazıçı vəzifəli şəxslərlə yas yerinə yollanır. Orda imkanlı adamları görən kimi, bir-bir onlara yaxınlaşır. Yaxınlaşır ki, onların boş damarını tapsın, nəsə bir xahiş eləsin. Xülasə, bir neçəsinə yaxınlaşır, bir şey çıxmır. Növbəti imkanlı adamın qulağına nəsə pıçıldayır. Həmin imkanlı adam da onun sözlərindən bir rəng alıb, bir rəng verir və deyir ki, yasdan çıxandan sonra dediyin məsələləri yoluna qoyarıq. Onlar yasdan çıxırlar, imkanlı adam qonaqları aparıb başqa bir yerdə qonaqlıq verir. Hərəsinə də imkanı daxilində pay-pülüş qoyur. Yasdan qayıtdıqdan bir neçə gün sonra yazıçının xahişini yerinə yetirməsi ilə bağlı imkanlı adam dostlarına telefon açır. Deyir ki, qonağın xahiş etdiyi 15 balığı şəhərə göndərmişəm. Gətirib onu kimə versinlər? Həmin adamlar da təəccüblənir və bilmirlər nə eləsinlər. Deyirlər ki, bizim heç birimiz nəsə xahiş eləməmişik. Görünür, həmin yoldaş tamahını saxlaya bilməyib sizdən nəsə istəyib. Beləcə hər şeydə xeyir axtaran - yasda, toyda vəzifəli adamların yanında əyləşib nəsə xahiş edən yazıçının bəxti gətirmir və hər şey faş olur. O da məlum olur ki, tamahını saxlaya bilməyən insan dostlarından xəlvət nəsə xahiş edib və bu xahiş də yerinə yetirilsə də, axırda tamakar insanın iç üzü açılıb.
   
   
   
   ***
   
   Adam bəzən darıxanda, özünə yer tapmayanda bilmir ki, canını hara qoysun. Elə hara gedir, harda əyləşir və harda oturursa, heç cürə orda rahatlıq tapmır. Bəzən insanın elə anları olur ki, az qala adamın ürəyi partlaya. Bu anlarda başqalarını deyə bilmərəm, mən sadəcə olaraq, içi dolu, işıqlı və daxilən zəngin adamları axtarıram. Axtarıram ki, onunla bir kəlmə söhbət eləyim içimə işıq gəlsin və məni boğan kədərdən, dərddən bir az da uzaqlaşım. Elə ki, belə adam tapa bilmirsən, bax belə anlarda havan da çatışmır, sanki yavaş-yavaş havasızlıqdan boğulmaq istəyirsən. Fikirləşirsən ki, axı, mənim elə də çətinliyim, ağrı-acım yoxdur. Bəs bu sıxıntı, dərd-qüssə və kədər hardandır?! Sadəcə olaraq, hamının ömründə belə anlar olur. Belə anlarda dərdini bölüşməyə, həmsöhbət olmağa içi dolu insan tapırsansa, bax onda hər şeyi üstələyə bilərsən.
   
   Bü günlərdə mən də belə anlarımda çox ziyalı və işıqlı insan olan Kərbəlayi Müzəffərlə görüşdüm. Özü maliyyə işçisi olsa da, ədəbiyyatı, sənəti və poeziyanı çox gözəl bilir. Bəzən bir şeiri, bir misranı o qədər xırdalıqla təhlil edir ki, fikirləşirsən ki, heç tənqidçi həmin şeir haqqında belə obrazlı fikirlər söyləyə bilməz. Amma Müzəffər müəllim özünəməxsus düşüncə tərzi, fəlsəfi fikri və təhlilləri ilə istər-istəməz həmsöhbətini şirin bir məcraya yönəldə bilir. Ən böyük şirinlik isə ondan ibarətdir ki, onunla söhbət eləyəndə heç vaxt darıxmırsan. Tanımadığın, bilmədiyin, oxumadığın kitablar haqqında ondan məlumat alırsan. Azərbaycan ədəbiyyatını və şifahi xalq yaradıcılığını o qədər incəliklə xırdalayır ki, sanki Aşıq Ələsgərdən danışarkən gedib o böyük sənətkarı ziyarət edib gəlirsən. Sonra keçir Səməd Vurğuna, Molla Pənah Vaqifə, İsmayıl Şıxlıya və axırda da gəlib dayanır Nüsrət Kəsəmənlinin poeziyasının üstündə. Həmin ədiblərin əsərlərini mən dəfələrlə oxumuşam, amma onlar barəsində Müzəffər müəllim danışanda, bal kimi şirin söhbətindən təzə nəsə öyrənirəm. Öyrənirəm ki, əsil şair, əsl yazıçı necə olmalıdır və onların yaratdıqları ədəbi nümunələr insanları kamil bir vətəndaş kimi necə formalaşdırır.
   
   Onunla söhbət eləyəndə bayırda hava soyuq idi və sulu qar da yağırdı. Ancaq Müzəffər müəllimin söhbəti o qədər isti idi ki, bir neçə gündür içimdə yüklənən kədəri, qəmi, qüssəni hamısını işığa boyadı. Yəni bir anlıq onun söhbətindən içimdəki qəm-kədər də yoxa çıxdı, qaranlıq aləm də. Bir onu bildim ki, bu söz-söhbətləri heç də hər adamla eləmək mümkün deyil. Ola bilər ondan da savadlı, ondan da istedadlı insanlar olsun. Ancaq inanmıram ki, hər adam qarşısındakı insanı öz şirin söhbəti ilə belə ovsunlaya və onda xoş aura yarada bilsin. Müzəffər müəllimin söhbətindən sonra içimdə baş qaldıran xoş ovqat və nikbin duyğular məndə daha çox inam hissi oyatdı. İnam hissi oyatdı ki, belə insanlardan müsbət enerji almaqla adam sakitləşə bilər, iç dünyasına işıq gələr və bir anlıq da olsa içindəki təlatüm səngiyər.
   
   Hər halda adi bir günlərdə adi olmayan bir insanla bir kəlmə kəsmək, bir stəkan çay içmək və onun şirin söhbətlərini dinləmək insan üçün çox yaxşı andır. Adətən biz bir-birimizə xoş söz deməyi və bəzən də diqqətli olmağı unuduruq. Unuduruq ki, hər bir insan həyatda müvəqqətidir. Ancaq bir-birimizə isti münasibət bəsləyəndə, xoş söz deyəndə və ovqatımıza sığal çəkən anlar olanda işlərimiz daha yaxşı gedir. Ən azından insan bir-birinə arxa olmalı, söykək durmalı, heç olmasa, pislik etməməlidir. Onunla söhbətimiz çox uzun çəkdi. Ancaq bir neçə saatın keçməsini heç birimiz hiss eləmədik. Bir onu hiss etdik ki, artıq qaranlıq düşürdü, bayırda sulu qar yağırdı və hava da çox soyuq idi. Söhbəti bitirib, uşaqlarının yanına tələsdi və xüdafizləşib ayrıldı. Dedi ki, bu da bir gündür. Şükür Allahın məsləhətinə bu günü yaşadıq, bir iz qoyduq və yağan sulu qarın altında hər ikimiz evimizə tələsdik. Qoy bütün insanlar həmişə evlərinə və ocaqlarına bu cür tələssinlər. Çünki o ocaqda, o yurdda, o yuvada onların hərarətinə, istiliyinə və segisinə böyük ehtiyac var.
   
   
   
   ***
   
   Biz bəzən dostluq xatirinə böyük nöqsanlara və günahlara göz yumuruq. Deyirik əşi, filankəs mənim dostumdur, bu məsələyə toxunmaq olmaz. Çünki toxunaram, nəyisə deyərəm, tənqid edərəm həmin adamın xoşuna gəlməz, sonra da məni tutduğum vəzifədən uzaqlaşdırar. Beləcə hər şeyə göz yuma-yuma, hər şeyə susa-susa vəziyyətimiz get-gedə ağırlaşır. Məsələn, bir yerdə hər hansı nöqsanı, çatışmazlığı hamı görür. Ancaq vəzifəli şəxsə onu heç kim demək istəmir, əksinə həmin adama deyirlər ki, sənin iş üslubun çox yaxşıdır. Səndən yaxşı rəhbər yoxdur. Arxada olanda, bir balaca sakitlik yarananda həmin adamlar başqa cür danışırlar, başqa cür söhbət eləyirlər. Yəni ən azından deyirlər ki, filankəs, rəis olsa da, camaatın dərisini soyur, içinə saman səpir, adamları çox incidir. Hələ bu azmış kimi, bir qədər də sakitlik yarananda və həmin vəzifəli şəxsin ayağı büdrəyəndə onu daha da qamçılamağa başlayırlar. Vəzifədə olanda isə tərif tərif dalınca başlayır. Az qala həmin adamı peyğəmbərə, Allaha bənzədələr. Təbii ki, bu tərifdən də əksər vəzifəli adamların xoşu gəlir.
   
   Bilmirəm, dahilərdən kimsə deyib ki, düşmənini məhv eləmək istəyirsənsə onu təriflə, dostunu çox istəyirsənsə tənqid elə. Deməli, ayrı-ayrı vəzifəli adamlar bu barədə dərindən düşünməlidir. Yəni üzə deyilən tərif hardasa məddahlıq deyilmi?! Təəssüf ki, bizim vəzifəli şəxslər üzə deyilən tənqiddən çox ehtiyat edirlər. Hətta bu tənqidə görə onu deyən adam uzun müddət təqib olunur, incidilir və vəzifədən çıxarılır. Vəzifəli şəxsi tərifləyən adamın isə işləri yağ kimi gedir, hörmətli olur və günlərin birində onu yuxarı vəzifəyə aparırlar. Deyirlər ki, bu kişinin oğlu bizə çox sədaqətlidir. Sədaqət heç də tərifdən ibarət deyil. Üzə deyilən həqiqət xoş sözdən min dəfə dəyərlidir.
   
   Əfsuslar ki, əksər insanlar dostluq xatirinə, vəzifə xatirinə və ən nəhayət tutduğu mövqeyi itirməmək xatirinə vəzifəli şəxsləri tərifləməyə məcbur olur və onların nöqsanlarına göz yumurlar. Bu isə zaman keçdikcə insanların həyatına, yaşayış tərzinə, haqq-ədalətə ağır zərbə vurur. Çoxları nöqsanları görür, haqsızlıqları bilir, ədalətsizliyi yəqin edib yenə buna göz yumur. Nəticədə isə ayrı-ayrı vəzifəli şəxslərin günahı üzündən on minlərlə insan haqsızlıqla, özbaşınalıqla və ədalətsizliklə üzləşir. Bir adam məmur qapısına gedib öz haqq işini müdafiə etmək üçün nə qədər əzab-əziyyətlə üzləşməyə məcbur olur. İllərlə, aylarla kimlərinsə qapısı ağzında öz haqqını müdafiə edib tapa bilməyən bir adamın bu cür əzab-əziyyətlərə, stresslərə dözməyib bəzən ürəyi partlayır.
   
   İnsan həddindən çox haqsızlıqla üzləşəndə, hər şeyin meyarı pulla ölçüldüyünü hiss edəndə, bax onda içindən qırılmağa başlayır. Bu cür sıxıntılar və haqsızlıqlar içində yaşayan adamlar nə vaxtsa haqq-ədalətin qalib gələcəyinə ümid bəsləyirlər. Ümumiyyətlə, kimə qarşısa haqsızlıq olunursa, minlərlə insanlar incidilirsə və buna görə vəzifəli şəxslərə "gözün üstə qaşın var" deyilmirsə bunun nə vaxtsa ağır fəsadları ola bilər. Hər bir insanın əməli bumeranqa bənzəyir. Bu bumeranq havaya atılır və nə vaxtsa gəlib insanın özünə dəyə bilər. Deməli, kimliyindən asılı olmayaraq, tutduğu vəzifəyə baxmayaraq, gərək haqq-ədaləti və Allahı heç vaxt yadından çıxarmasın. Çünki dünyanın işini bilmək olmur. Bir də görürsən ki, hər şeyi sənə verən Allah, bir saniyənin içərisində hamısını əlindən aldı və səni pis günə qoydu.

TƏQVİM / ARXİV