adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

TARAZLIQ

VƏSİLƏ USUBOVA
25594 | 2009-10-03 04:27
... Bayırda yağış ara vermir. " Tut ucundan göyə çıx", əsl buna deyiblər. Ancaq göyə çıxmağın da bir adı yoxdu indi. İnsan elə göyə can ata-ata yer üzünü bu hala salmadımı?! " Əlçatmaz şeylər gözəl olur" fikrinə əməl etməyən bəşər övladı gözünü açandan torpaq üstündə ayağını bərkitməmiş baxışlarını göylərə zilləyib oralarda nəsə axtarmağa başladı. Tapdığı da oldu, tapmadığı da. Və bu "nəsə"lər sonradan onun başına oyun açmağa başladı... Bu sətirləri yazanda yadıma bir şey düşdü. Uşaqlıqda qəribə bir oyun oynayardıq; başıyuxarı, göyə baxa-baxa yeriməli, ayağımıza nə ilişəcəyindən qorxmamalıydıq. Yanımızdakılardan da kimsə ayağımızın altında nəyinsə qaldığını deməməliydi. Onda biz yıxılmaqdan çox, yıxılmamaqdan qorxurduq. Nəyinsə ayağımıza ilişib bizi yıxmasından zövq alırdıq. Amma ağlımız kəsəndə ən çox qorxduğumuz da elə bu oldu: ayağımıza dolaşanlar, bizə əngəllər törədənlər...
   
   Təbiətdə nə varsa - canlı da, cansız da öz sirri ilə, özündə gizlətdiyi açılmazlıqla güclü və cazibədardı. Baxışında, təbəssümündə, cizgilərində nəsə gizlinlər cilvələnən qızlar-qadınlar da birinci gözəl sayılıblar həmişə. Qadın qəlbinin müəmmaları da əsrlərdən bəri sənət adamlarını- şairləri, yazıçıları, rəssamları ən çox düşündürən mövzular olub. Müqayisəni niyə qadınla apardım? Mənə elə gəlir ki, yaranmışların ən çox təbiətə oxşayanı da məhz qadınlardı. Gözəllikləri də elə təbiətə bənzədilib- saçları şəlaləyə, gözləri ulduzlara, ətri tər-təzə güllərə, camalı Aya, sinəsi təzə yağmış qara, yanaqları dan üzünə. Hələ gözlərinin ceyrana, boğazının durnaya, əllərinin göyərçinə, boyunun sərvə, dişlərinin sədəfə, ağzının püstəyə bənzədilməsindən danışmıram...
   
   Bəs, bu boyda kainat necə? Deyirsiniz, onun da bizdən gizli, açılmamış bir sirri qalmasın?! N. Tusi deyirdi ki, yerdə rahat yaşamaqdan ötrü göydə baş verənləri bilmək lazımdı. Doğrudanmı, öyrənə bilmişik göylərin sirrini? Öyrənmişiksə, qazandıqlarımız çoxdu, yoxsa itirdiklərimiz?! İnanmıram ki, göylərin sirlərinə nisbətən bələd olan astronom, qaranlıq gecələrdən Ayı, ulduzu seyr edib şeirlər qoşan şair qədər ilham ala bilsin. Ay da, ulduzlar da öz sirriynən, əlçatmazlığıynan gözəldi. İnsan bilmədiyi şeylər haqqında nağıllar, rəvayətlər uydurmağı sevir və bu uydurulanlar gerçək həyatın üzüntülərini unutmaqda ona yardımçı olur. Zaman-zaman Marsda insan, münbit torpaq, Ayda su axtarırlar. Yaxşı ki, Günəşə yaxınlaşa bilmirlər. Yoxsa, onun da başına oyun açıb yer üzünü qaranlığa qərq edərdilər. Bu yaxınlarda oxuyanda ki, dənizdə baş verən tufanı, qasırğanı adi bir hovuzda çəkirlər, dəniz də gözümdən düşdü, dənizlə bağlı sevdiyim filmlər də. Niyə insan belədi? İstəyir ki, hər şeyi ovcunun içi kimi bilsin. (əslində ən böyük sirr elə onun öz ovcunun içindədi və həmişə özündə gəzdirdiyi bu "tale xəritəsi"ndən heç nə anlamır). Onsuz da, biz özümüzü anlamağa çalışmırı ki,.. Fikrimiz elə hey başqalarını ölçüb-biçməkdə, götürüb-qoymaqdadı. Əgər qiymətli vaxtımızın bir hissəsini də özümüzə ayırıb, hərəkətlərimizi, davranışlarımızı ölçüb-biçsək, çox şeylər qazanarıq...
   
   Mətləbdən uzaqlaşdım. Əslində, insanla təbiətin nə fərqi var ki? Onun bir parçası deyilik, yox, başdan-ayağa elə özüyük. Dolub-boşalmağımızla, ağlayıb-gülməyimizlə, qəzəbimizlə, hiddətimizlə, bağırtılarımızla, yaranıb məhv olmağımız, məhv olub yaranmağımızla... Amma anlamırıq, dərk eləmirik bunu. Qorumuruq, qayğısını çəkmirik, incidirik onu. Torpağını dağıdır, güllərini, ağaclarını qırır, sularını qurudur, dağlarını uçurur, dərələrini doldururuq. Aldığımızın əvəzini qaytarmırıq. Sonra da başlayırıq təzədən, özümüz istədiyimiz, bildiyimiz kimi dağlar, dərələr, göllər yaratmağa, meşələr salmağa...
   
   Ömrümdə dibçəkdə bir gül də bəsləməmişəm. Mənə görə, təbiətin qoynunda bitən iysiz, rəngsiz bir tikan kolu evdə becərilən ən ətirli, ən əlvan çiçəklərdən gözəldi. Ona görə ki, təbiidi, öz yerində bitib, özüdü. Onu küləklər əsdirir, yağış isladır, gün yandırır. Daha mətbəx qoxusu, tər qoxusu udmur, krant suyu ilə sulanmır...Bu yerdə inqilablar haqqında deyilənlər yada düşür. Sən demə, inqilablar, bizə öyrədildiyi kimi, " tarixin lokomotivləri" deyil,"bic övladı"ymış...Cəmiyyətin düzənini pozan, insan münasibətlərinə yeni don geyindirən, doğmaları yadlaşdırıb, yadları birləşdirməyə, əkslikləri barışdırmağa , zorakılıqlara humanizmdən libas geyindirməyə çalışan bir dönəm imiş. Elə təbiətin qoynunda süni yolla yaradılanları da " təbiətin bic övladları" adlandırmaq olar...
   
   Sovet dövründə təhsil alan bizlər xeyli dərəcədə ateist böyümüşdük. Elə ki, Sovet İttifaqı dağıdıldı, saysız-hesabsız dini kitablar ayaq alıb yeriməyə başladı. Kimin ağlına nə gəldi, nə bacardı bir kitab bağladı. Arabir belə kitabları nəzərdən keçirirdim. Qəlbimdə o qədər suallar baş qaldırmışdı ki, ... Anlamaq istədiyim çoz şeylər vardı. Amma vərəqlədiyim kitablarda elmi izahlar əvəzinə adamı çaşdıran, fikirlərini dərəyə-təpəyə salan "bilgi"lər verilirdi. Bir dəfə haradansa ağlıma qəribə bir fikir gəldi: " Kaş, Siolkovskinin əsərlərini oxuya biləydim, görəydim o, nə yazır. Onun fikirləri məni daha çox inandırardı". Bir dəfə ixtisasca tarixçi olan qardaşımla bu mövzuda söhbət eləyirdik. Birdən o, gözləmədiyim halda məşhur alimin bu sözlərini dedi: " Mən bütün ömrümü göylərin idarə olunmasına həsr elədim. Ən nəhayət, anladım ki, biz göyləri deyil, göylər bizi idarə edir". Vəssəlam. O gündən bəri daha heç nə axtarmıram...
   
   
   
   ***
   
   
   
   Yağış güclənir. Əvvəllər təbiətin heç nəyindən qorxmazdım. Nə küləyindən, nə göy gürültusundan, nə tufanından, nə də şimşəyindən. Əksinə, sakit havaları sevməz, yerlə göy arasında hər şeyin çalxalanmasından qəribə bir zövq duyardım. Göydən adamın başına nə yağar ki? Yağışdan, doludan, qardan başqa. Bu təbiət hadisələrindən qorxanları anlamazdım, onlara yazığım gələrdi. Mənə görə, külək tellərimizə sığal çəkən görünməz, nəvazişli əllərdi. Həm də alnımızı oxşayıb qara fikirləri başımızdan qovandı. Yağış damcıları hara düşdüyündən asılı olaraq çeşidli duyğular oyadandı. Pəncərə şüşələrindən süzülən damcıları qəlbinə ilk eşqin odu düşən yeniyetmə qızın yanaqlarını oxşayan göz yaşlarına bənzədərdim. Bu qız varlığını bürüyən ilıq, həzin duyğulardan həç nə anlamır, anlamaq da istəmir. Onları heç kəsə danışmaq, bölüşmək də xəyalından keçmir. Yox, qoy kimsə bilməsin. Bu duyğuların həmişə canında qalmasını istəyir. Axı, o, özü də anlamır ki, nələr baş verir. Yaxşısı budu, göz yaşlarına dəm versin. İlahi, nə istidi, nə şirindi sifətini yandıran bu duzlu damcılar...
   
   Yağış damcıları yarpaqları döyəcləyəndə isə başqa mətləblərdən söz açır. Bu səslərdə nəsə qayğını, nəvazişi andıran pıçıltılar var. Yağış qayğısını çəkir yarpaqların, otların, çiçəklərin. Qoymur solmağa, saralmağa- yuyub arındırır, oxşayıb nazlandırır. Heç yağış kəsəndən sonra sərin yellər əsəndə budaqların necə nazla yelləndiyinə fikir vermisinizmi? İndi də külək yağışın islatdığını qurutmaqla məşğuldu... Qar əriyəndə torpağın, xüsusən hündür təpələrin necə buğlandığına heyrətlə baxardıq. Elə bil buxarıdan tüstü çıxırdı. Göylər yerə səpdiklərini təzədən yuxarı "yığırdı". Bir də qaytarmaqçın...
   
   Təbiət öz işini necə də səliqə-səhmanla, əzəli-əbədi bir ahəngdarlıqla görürdü. Biz onun işlərinə qarışmayanda...
   
   
   
   ***
   
   
   
   İllər ötdükcə hiss elədim ki, təbiətdə baş verənlər bizlərə heç də həmişə gözəllik, romantika bəxş eləmir. Sən demə, onun amansızlıqları da varmış. Həm də necə... " Nəsimi" filmində Əmir Teymurun dedikləri həmişə xəyalımı məşğul edirdi. " İldırımı, dolusu, tufanı var bu dünyanın. Seli, daşqını, zəlzələsi var". Niyə deyir bu sözləri? O boyda fatehi əndişələndirən nəyin xofudu? İnsanları qorxudur, yoxsa, düşünməyə, müdrikliyə çağırır?! Hər iki halda düşünməyin yeri var. Sirlərlə doludu yaşadığımız aləm. Həm cazibədar, həm də təhlükəli sirlərlə...
   
   Həftələrdi həyəcanlı xəbərlər səngimir. Hər yağış yağanda neçə rayonumuzu, kəndimizi su basır, adamlar ev-eşiyini, mal-qarasını, toyuq-cücəsini, bir sözlə, üzü soyuğa gedən bir vaxtda rahatlıqlarını itirirlər. Sellər, sular qabağına gələn hər şeyi, adamları belə qarışqa, saman çöpü kimi atıb-tutur, ağzına gələni alıb aparır. Gücümüz, dağları yerindən oynadan qüdrətimiz elə bu qədərmiş?! Əvvəllər təbii fəlakətlər ziyan vuranda özümüzü, müsəlman ətalətimizi qınayardım. Təbiət qarşısında əliyalınıq, deyirdim, niyə Avropada belə şeylər olmur?! Daha susmuşam. Bütün üzüntülərimə Kopernikin aşağıdakı sözlərində cavab tapmışam:
   
   " Alimlər həqiqət axtarışı ilə yalnız Allah tərəfindən insan idrakına verilən imkan daxilində məşğul ola bilərlər... Həkimlər xəstəyə yalnız Allahın izni olarsa, kömək edə bilərlər..."
   
   Həm təəssüf doğuran, həm də rahatlıq verən sözlərdi. Təəssüf doğuran odur ki, insanın yaradıcı gücünə hədsiz inamını itirirsən. Rahatlıq verən də odur ki, daha boş-boş arzularla, çabalarla özünü yormursan...
   
   Axı, ümidsizlik özü də bir təsəllidi...

TƏQVİM / ARXİV