hacklink Adalet.az | YÜZ ÖLÇÜB, BİR BİÇMƏYİ ÖYRƏNMƏLİYİK Adalet.az | YÜZ ÖLÇÜB, BİR BİÇMƏYİ ÖYRƏNMƏLİYİK Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

YÜZ ÖLÇÜB, BİR BİÇMƏYİ ÖYRƏNMƏLİYİK

17112    |   2009-03-14 02:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bizə miras qalan və tez-tez təkrarlanan atalar sözlərindən biri də belədir ki, yüz ölç, bir biç. Çox səslənsə də, deyəsən, bu tövsiyəni eşidənlər, ona əməl edənlər azdır. Belə olmasa, bir ölçüb yüz biçənlər dövrəmizdə bu qədər artmazdı. Yüz biçib işi yöndəmsiz hala salanların ucbatından insanların əsəbi bir az da gərilir, həyatı mürəkkəbləşir. Hər birimiz buna istənilən qədər misal gətirə bilərik. Bunun üçün pəncərədən küçəyə, həyət-bacaya nəzər salmaq belə yetər.
   
   Keçmiş sovet məkanında repressiya dövründə yüz minlərlə zərərçəkmiş insana, onların ailə üzvlərinə 1956-cı ildən sonra bəraət verilməyə başlandı. Həbs edilənlərin çoxu çoxdan dünyasını dəyişmişdi. Başdakıların başsız oyunlarının qurbanları olan günahsızlar iyirmi-otuz il sonra yenidən gündəmə gəldi. "Xalq düşməni" damğasının ailə üzvləri üçün necə böyük sıxıntı gətirdiyini, nə ağır məhrumiyyət yaşatdığını yalnız o acı taleyi yaşayanlar, onun yükünü çəkənlər bilər. Mənim nənəm, atam bu haqda danışmağı xoşlamazdı. Hərdən 1920-30-cu illərin faciələrindən, başlarına gətirilən müsibətlərdən kəlbətinlə də olsa söz çəkib çıxardardım. Sinədəftər nənəmin sınıq qəlbi kimi dili də nadir hallarda açılardı. Amma gözlərindəki nur, fikirlərindəki aydınlıq ömrünün sonuna kimi onu yalqız qoymadı. Yaddaşı da vəfalı idi. Mən onun nağılları ilə böyüdüm. Yatmazdan öncə dualar oxumağı da, ərəb əlifbasını da o mənə öyrətmişdi. Bir vaxtlar Naxçıvan məktəb-lərinin birində müəllimə işləyən Xeyransa nənəm mənim ilk müəllimim idi. Babamın bəraətindən sonra ailəmiz Bakının Sovetski deyilən məhəlləsində üç otaqlı mənzillə təmin edildi. İndi Nərimanovun heykəli ucalan meydanın başına mənim uşaqlıq illərimdə tramvay fırlanardı. Bura son dayanacaq sayılırdı. 3 və 15 nömrəli marşrutda işləyən vaqonlar sıralanıb müştəri gözləyərdi. Boş-bekar məhəllə adamları da yığışardılar tramvayın başına. Quşbazların söhbəti tükənməzdi. O vaxtlar it boğuşduran, xoruz döyüşdürən də az deyildi. Cəmi bir neçə oturacağı olan bağın tən ortasında fontan vardı. Çox nadir hallarda su vurardı. Hamı hovuzun ətrafında oturub tum çırtlayardı. Yay vaxtı içinə bir balaca su dolanda uşaqlar girib çimərdi. O vaxtlar məhəllə suya həsrət idi. Hündür binalara böyük fasilələrlə gündə bir dəfə su verilərdi. Kimin ki, imkanı vardı mənzilində 300-500 litrlik su tutumu quraşdırmışdı. Bəzən qəza baş verdiyindən günlərlə susuz qalardıq. Camaat vedrələrlə yuxarı mərtəbələrə su daşı-yardı. Bu məşğuliyyət bir növ sakinlərin gündəlik idmanına çevrilmişdi. Keçmiş Cənub-Sovet meydanında qarşı-qarşıya dayanan iki binada o vaxtlar bir çox tanınmış ziyalı yaşayardı. Bəstəkar Tofiq Quliyev, kinorejissor Həsən Seyidbəyli, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bunyadov, görkəmli yazıçı və dövlət xadimləri İlyas Əfəndiyev, Şıxəli Qurbanov, Teymur Əliyev, tanınmış alimlərdən Abbas Zamanov, Çingiz Cuvarlı, Musa Haşımov, Emin Əfəndiyev, heykəltəraş Cəlal Qaryağdı, bəstəkar Ağabacı Rzayeva, şair İslam Səfərli, Rəşid pəhləvan, müğənni Gülağa Məmmədov kimi tanınmış simalar burada mehriban qonşuluq içində yaşayardı. İndi binanın, həyət-bacanın nə köhnə sakinləri qalıb, nə də köhnə dadı-duzu. "Bir cənub şəhərində" filminə baxanda həmin tramvaylar yada düşür. Çəlal Qaryağdının müəllifi olduğu Nərimanov heykəlinin ətrafını neçə vaxtdan bəri əməlli-başlı düzəldirlər. Yəqin ki, aprel ayında Nərimanovun doğum gününə kimi işlər tamamlanar.
   
   Mənim anam təqaüdçüdür. Amma elə bil hər gün işə tələsir. Səhər saat səkkizdən ayaq üstədir. İlk növbədə yerləri, ev-eşiyi yığışdıracaq, xörəyi bişirəcək, gündəlik nə qəzet alsam onu da oxuyacaq, nəvələri-nəticələri ilə telefonla hal-əhval tutacaq və sonra... Sonra oturacaq pəncərənin qabağında. Gözünü zilləyəcək meydanda gedən təmir-bərpa işlərinə. Bütün günü gör-düklərini də axşam mənə danışacaq. Deyir ki, ay oğul, bunlar bir işi niyə bir neçə dəfəyə görürlər? Soruşuram ki, fəhlələr özbaşına deyillər, üstlərində nəzarətçi var. Nə edəcəklərini iş icraçısı müəyyən edir. Sən televizora bax. Deyir ki, mən səninlə razıyam. Bəs, onda məni başa sal ki, bunlar niyə işıq dirəklərini quraşdırdılar, işıqları yandırıb yoxladılar. Sonra bir gecədə hamısını çıxardıb uzatdılar yerə. Bir aydan çoxdur ki, bu vəziyyətdə qalıb. Odur ey, plafonların yarısı sınıb, topalayıb yığıblar bir qırağa. Yəqin deyəcəklər ki, uşaqlar daş atıb sındırıb. Onun sözlərindən sonra mən də pəncərədən boylanıb baxdım və gördüm ki, həqiqətən işıq dirəkləri qatarlanıblar bir qıraqda. Deyirəm, ana, səndə xəbərlər var, ha. Daha nə görmüsən?
   
   -Heykəlin üzərində iri qızılı rəngli hərflərlə "Nəriman" yazdılar. On-on beş gün sonra onu da çıxartdılar. Yəqin ki, başqa bir şey yazacaqlar. Olmaz ki, əvvəlcədən ölçüb-biçib biryolluq iş görəydilər? Pulları belə havaya sovurmaq ayıbdır, günahdır. Bir yandan təməl daşını təmizlədilər, qaraltdılar, üstünün yazısını vurdular. Sonra da yazılanı bəyənməyib çıxartdılar. Əslinə baxsan, mən də bəyənmədim. Sadəcə Nəriman yazmaq doğru deyildi. Ya adını bütöv yazmalıydılar, ya da heç olmasa, doktor Nəriman olmalıydı.
   
   Düz sözə nə deyəsən? Gördüm ki, onun sözlərində həqiqət var. Arvadın ürəyi dolmuşdu. Dedim, davam, mənim üçün maraqlıdır. Səncə, daha nəyi düz eləməyiblər?
   
   - Şəhərin yaraşıqlı binaları kimi bizim evi də gecələr xüsusi işıqlandıracaqlar. Üzbəüzdə olan bina artıq hazırdır. Dünən axşam yandırmışdılar çıraqları. Elə qəşəng idi ki. Qoy iş tamamlansın, buralar çox gözəl olacaq. Hava qaralanda ətrafda yaşayanlar meydanda dincələcək, hava qəbul edəcək, şəhərə baxacaq. Amma...
   
   - Yenə nə amma, ana?
   
   - Amma gərək heykəlin önünü tutmayaydılar. Bu heykəlin yerini rəhmətlik Heydər Əliyev özü seçmişdi. Şəhərin hər yerindən Nəriman Nərimanovun heykəli görünürdü. Kirov kölgədə qalmışdı. Bu meydandan da şəhər, dəniz elə bil ki, adamın ovcunun içində idi. Atəşfəşanlıq olanda hamı bura axışardı ki, şəhərə tamaşa eləsin. Yadından çıxıb məgər? Amma indi sağdan-soldan hündür binalar tikib mənzərəni korladılar. Axı, Bakı şəhər olaraq, amfiteatr kimi salınmışdı. Yuxarı məhəllələrə qalxdıqca binaların önü açıq idi. Düz 70 il Sovet hökumətində yaşadıq. Yasamalın, Əhmədlinin çöllü-biyabanında gedib mikrorayon saldılar, amma öz quruluşlarının adını daşıyan küçədə əsaslı abadlıq işi aparmadılar. Bircə tramvayı trolleybusla əvəz elədilər. Sonra onu da bütün şəhərdən yığışdırdılar. Bakıya nə tramvay, nə trolleybus yaraşmadı. İndi fikir ver gör necə böyük sürətlə maşınlar meydanın ətrafına fırlanır. Bağ istifadəyə açılandan sonra yəqin ki, adamlar bura daha çox axışacaq. Bəs niyə bağa piyada keçidi barədə fikirləşən yoxdur? Olmazdı ki, yeraltı keçid salınaydı? Həm bağa gəlmək rahat olardı, həm ma-şınların hərəkətinə maneçilik törənməzdi. Gör necə bərk sürürlər? Yolu keçmək mümkün deyil.
   
   Mən də pəncərədən diqqətimi yolda ildırım kimi şütüyən maşınlara yönəltdim. Bu yolu keçib heykələ yaxınlaşmaq, bağda dincəlmək həqiqətən çətin olacaq. Bu barədə fikirləşmək bəzi körpülərdəki kimi unudulub. Axı, böyük körpülərdə giriş-çıxış qoymaq necə unudula bilər? Bu cür bəsit şeylər layihəyə salınmırsa, hansı yüksək ixtisaslaşmadan, professionallıqdan söhbət gedir? Evdar qadının, təqaüdçünün nəzərindən qaçmayan nöqsanlar bu işlərlə bilavasitə məşğul olan səlahiyyət və vəzifə sahiblərini niyə düşündürmür? Füzuli meydanında, İnşaatçılar prospektində yeraltı keçidlərdə təmirə bağlamazdan əvvəl piyadalar üçün müvəqqəti keçid zolağı müəyyən etmək çoxmu çətin idi? Yol boyu yeni tikilən yaşayış binalarının eyvanlarında bəzən bir necə peyk antenası qoyulur. Olmaz ki, bunu mərkəzləşdirilmiş şəkildə bütün hündür mərtəbəli binaların damında quraşdırıb mərkəzləşdirilmiş şəkildə mənzillərə çəksinlər? Axı, şəhərdə yetərincə kabel xidməti göstərən şirkətlər var. Bunu hər bir hündür binada müstəqil olaraq quraşdırmaq sakinlərə daha ucuz başa gələr. Əvəzində şəhərin yeniləşən görkəmi pozulmaz. Yaxud, yollarda iri ölçülü reklam lövhələri qoyulanda hansı prinsiplər əsas götürülür? Bəzi reklamlara baxanda elə təsəvvür yaranır ki, yeganə şərt reklam vericinin maddi imkanı və qeyri-peşəkar inadıdır. Yoxsa sakinlərin, təhlü-kəsizliyinə əngəl törədən, sürücülərin diqqətini yayındıran işıqlı qurğular harda və necə gözümüzə girməzdi.
   
   Nə isə... Deməklə düzəlməz. Nə qədər ki, hərə öz yerində deyil, yüz ölçüb, bir biçmək çətin olacaq. Bunu hamımız hər gün hər addımda görürük. Yaxşısı budur, anamın sözünü kəsməyim, görüm daha nə danışır. Qoy, heç olmasa, ürəyini mənə boşaltsın.
   
   Mənim ondan fərqli olaraq oxucularımla bölüşmək imkanım var.
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK