FAYDASIZ QAZINTI

ƏBÜLFƏT MƏDƏTOĞLU
44005 | 2008-12-06 02:32
Coğrafiya dərsində müəllimimizin tez-tez vurğuladığı, təkrarladığı suallardan biri də hansı ölkədə hansı faydalı qazıntıların olması idi. Onun xobbisinin, yəni maraq dünyasını bildiyimizdən sinifdə hamımız demək olar ki, ölkələrin faydalı qazıntıları ilə əməlli-başlı məşğul olmuşduq. Və hətta bir-birimizə tənəffüslərdə təkrar biliyin anasıdır deyib həmin sualı ünvanlayırdıq. Və beləcə bizim sinfin şagirdlərinin böyük əksəriyyəti həm gözyumulu xəritədə istənilən yeri göstərir, həm də həmin ərazinin faydalı qazıntılarını sadalayırdı.
   
   İndi mən yarıyaşıma gəlib çatmışam. Həmin coğrafiya müəllimimiz də haqq dünyasındadı, Allah rəhmət eləsin, sinif yoldaşlarımın da hərəsi qaçqınlıq dalğasında səpələnib məmləkətin müxtəlif güşələrinə. Hərdənbir xeyirdə-şərdə rastlaşırıqg Bütün bunları sözgəlişi xatırlamadım, sadəcə son vaxtlar şəhərimizin Mətbuat prospektində və bu prospektin düz "20 Yanvar" dairəsinə doğru gedən sol səmtində aparılan qazıntılar birdən-birə məni keçmişə çəkib apardı. Və yadıma ilk düşən də həmin o faydalı qazıntı məsələsi oldu.
   
   Bakı deyilənə görə, qaim-qədim şəhərlərdəndi, yəni əsrləri yola verib. Elə indinin özündə də arxeoloqlar şəhərin altından bir yeraltı yolun keçdiyini müəyyənləşdirdilər. Verilən informasiyalara görə həmin o yol şəhərin altı ilə dənizə gedib çıxır. Bilmirəm, mən o yoldan istifadə etməmişəm, sadəcə eşitdiyimi yazdım. Amma bunu da elə-belə yazmadım. Fikirləşdim ki, görəsən o yolu çəkəndə də indiki kimi bir neçə dəfə fikir dəyişikliyi, rəsmi göstəriş-filan olub, yoxsa yox? Ümumiyyətlə, görəsən tutaq ki, 5-ci əsrdə nə isə tikmək, sökmək lazım gələndə onu əvvəlcə oturub düşünürdülər, yoxsa kiminsə çubuğunun istiqamətində işlər görürdülər? Və yaxud da görülən işi səhəri başa çatmamış və yaxud da gecə yarısı nəyisə dəyişmək fikri, iddiası ortaya çıxırdı?
   
   Bu suallar da elə-belə ağlıma gəlmədi. Çünki bizim bu qaim-qədim Bakıda yaşadığım illər ərzində, yəni tələbəçilikdən bu günə qədər hansısa bir yolun, hansısa bir xəttin birdəfəlik özüllü, köklü tikilib başa gəldiyini görməmişəm. Tutaq ki, yol çəkilir, yəni savab iş görülür, xeyirli olsun. Yolun asfalt örtüyü başa çatmamış, yəni "Allah, sənə şükür!" deməmiş görürsən ki, tək səbir gəldi. Və yadına rəhməlik Mirzə Ələkbər Sabir düşür. O rəhmətlik vaxtında deyib ki:
   
   
   
   İstəyirik ki, bir iş açaq fil-məsəl,
   
   Söyləşirik bir neçə laəqəl
   
   Ta deyilir pul verin açsın əməl,
   
   Ölkədə hər yanda vurur tək səbir...
   
   
   
   gyəni, tək səbir imkan vermir. Asfalt başa çatmamış başlayırlar qazmağa, nə yenicə döşənmiş asfalt örtüyünə heyfi gəlir, nə bura çəkilmiş zəhmətə, nə də ki xərclənmiş pula. Elə bil ki, yağı malıdı. Bir göz qırpımında axşam salınmış asfalıt səhər sübhdən başlayırlar qazıb tökməyə. Və beləcə kənardan baxa-baxa qalırsan. Bilmirsən neyləyəsən. Daha doğrusu, nəsə eləmək istəyirsən gözünə iki dənə yekə plakat (lövhə) girir. Birinin üzərində yazılıb ki: "Müvəqqəti çətinliyə görə üzr istəyirik". İkincisinin də üzərində yazılıb ki: "Qışa hazırlıq".
   
   Deməli, ağıllı adamlardan bizdən əvvəlcə üzr istəyiblər, həm də bizim qışımıza hazırlaşırlar. Ona görə də üzr istəməyə, nəsə deməyə daha həvəs də qalmır. Və başını yelləməkdən, təəssüflənməkdən başqa heç nəyə gücün çatmadan deyinə-deyinə həmin o üzrxahlıq lövhəsinin yanından ötüb keçirsən.
   
   Dünyanın hər yerində faydalı qazıntılar var, elə Azərbaycanda da, Allah artıq eləsin. Onlar bizim yeraltı sərvətimiz, bir növ çörək ünvanımızdır. O yeraltı sərvətlər sonda yerin üstünə çıxarılıb bizlərin həyatını təmin edir. Bərəkətli olsun, amma bu faydasız qazıntılar isəg Bunlar da faydalıdır, baxır kimə və necə. Odur ki, faydasız qazıntılardan bərk yapışmaq lazımdı, çünki bütün faydasızları sonda faydalı etmək insanın öz əlindədi. Doğrudur, faydalıları gec tapıb çıxarırıq ortaya, amma neyləyək, biz də beləyik də. Dağıtmağa meylimiz daha çoxdu. Nə isə, hər kəsin qoluna qüvvətg
   
   g Faydasız qazıntılarla məşğul olanlar məndən inciməsinlər. Cəmi ikicə cümlə yuxarıda onların da faydalı işlə məşğul olduqlarını xatırlatdım. Yəni hər kəsin çörəyi öz işindən çıxdığı kimi onların da çörəyi bu faydasız qazıntılardan çıxır. Çörək məsələsində də gərək təmkinli olub dözüm nümayiş etdirəsən. Axı çörək təkcə bir adam üçün deyil, ailələr onun yolunu gözləyir. Deməli, yaşasın həm də faydasız qazıntı!

TƏQVİM / ARXİV