PULUN VAR?

ƏBÜLFƏT MƏDƏTOĞLU
41788 | 2008-11-22 02:48
Yəqin ki, yazının başlığını oxuyan kimi çöhrənizə bir təbəssüm qonacaq. Xatırlayacaqsınız həmin o səhnəni, o əhvalatı. Yəqin ki, "Arşın mal alan"ı göz önünə gətirdiniz. Məncə, daha artıq detallar xatırlatmağa ehtiyac qalmır. Və mən elə bu xatırlatma ilə də fikirlərimə, yazıma körpü salmaq istəyirəm.
   
   Hər gün təzə bir söz eşidirik və bəzən eşitdiklərimiz bizi təəccübləndirir, əsəbləşdirir, özümüzdən çıxarır və yaxud da düşündürür. Amma indi beş-on il bundan öncə təəccübləndiyimiz, bizə son dərəcə qəribə gələn elə hadisələr, elə əhvalatlar baş verir ki, biz artıq onu "həzm" edirik və bunu yavaş-yavaş günümüzün reallığı kimi qəbul edirik. Ancaq on illər öncə bu cür hadisələr bizim üçün son dərəcə böyük söz-söhbət mövzusu, dilxorçuluq səbəbi olurdu. Düşünürdük ki, azərbaycanlı qızı hansı ağılla bu addımı atır. Burda bir haşiyə çıxım.
   
   Haşiyə: Universitetin 1-ci kursunda oxuyurdum. Bu gün müəyyən hissəsində qaçqınlar yerləşən 5 nömrəli yataqxana xarici tələbələr üçün idi. Tələbə həyatından hələ o qədər anlayışım, məlumatım olmadığından hər şey mənə çox qəribə təsir bağışlayırdı. Dərsdən çıxıb yataqxanaya gələndə yuxarı kursda oxuyan həmyerlilərimdən biri qarşıda gedən cütlüyü mənə göstərib dedi:
   
   - Görürsən onları? Azərbaycanlı qızı zənciyə ərə gedib (o, "neqr" dedi) .
   
   Yalan olmasın gözümü dörd açdım, çünki maraqlı idi. Ağappaq paltar geymiş, ağ çiçəyə bənzəyən bir qız qapqara geyimli, qapqara oğlanın qoluna girib elə nazlanırdı ki, sanki bütün dünyanı ona bəxş etmişdilər. İndi fikirləşirəm ki, bəlkə də onun nazlanmağa, dünyanın sahibi olduğunu hiss etməyə müəyyən əsasları var idi. Nə bilim... Bəlkə də bizə acıq verirdi.
   
   Bəli, bu gün artıq xaricilərlə izdivaca girən, ailə quran qızlarımızın sayı artıq bir-iki deyil, onlarladır. Amma bir zamanlar bizdə daha çox kişilər özgə millətdən olan qızlarla evlənirdilər. Və bunun kökündə də Sovet faktları ideologiyası dayanırdı. Bəs bu gün necə? Səbəb barəsində baş sındıranda ilk öncə düçar olduğumuz müharibənin caynağına aldığı 20 min şəhidimiz göz önünə gəlir. Minlərlə gəncin ölkədən kənarda çörək uğrunda mübarizə aparması yada düşür. Və bu sonuncular da bəzən çörək dalınca gedib qoltuqlarında başqa millətin qızını götürüb gəlir. Və nəhayət, ən vacibi ölkənin iqtisadi durumu.
   
   Bax, bu səbəblər evlənmək yaşı çatmış və hətta ötmüş oğlanlara ailə qurmaq, ev-eşik sahibi olmaq problemi yaradır. Çünki az-çox həyat anlayışı olan qız və yaxud da onun valideyni işsiz, evsiz oğlana çox nadir hallarda qız verər. Deməli, burdan həmin o artıq bizi təəccübləndirməyən xarici ilə nigaha girmək istəyi ortaya gəlib çıxır.
   
   Doğrudur, bəzi qızlar ölkəni tərk edib getmək, bəziləri xoş günlərə qovuşmaq, bəziləri təhsil almaq və ən vacibi isə müəyyən maddi durum məsələsini həll etmək arzusu ilə yaşayan qızların xaricilərlə nigaha girməsi artıq yavaş-yavaş adiləşir. İndi heç kimi bu istəklərlə təəccübləndirmək mümkün deyil. Psixoloqlar, o cümlədən də qadın problemlərini öyrənənlər bu məsələdə anormal heç nə görmürlər. Və millətlərin qaynayıb-qarışmasını adi hal kimi qarşılayırlar. Lakin mən nədənsə azərbaycanlı qızların dünyanın heç bir millətinin qoluna girib getməsini qəbul edə bilmirəm. Hətta ən ali irq kimi tanınan ingilisin də...
   
   Kimlərsə məni qınayar, bu da təbiidir, amma mən hər halda onsuz da öz taleyi ilə barışan, öz milli mentalitetinə sayğı ilə yanaşan və bəzən öz abrını, ismətini, duyğularını ən böyük varidatdan üstün tutan qızlarımızın qarşısında baş əyirəm. Oturub qismətini gözləyən, namusunu hər şeydən uca tutan azərbaycanlı qızı ingilisə, farsa, zənciyə və daha nə bilim hansısa şoqəribə deməz ki:
   
   - Pulun var?
   
   - Var, var.
   
   - Pulun var, gələrəm...
   
   Mən bu sonluğu böyük sevgilər qarşısında görmürəm. Çünki sevgi həmişə maddiyyatı üstələyib. Sadəcə reallığın nə olduğunu hər birimiz indi daha yaxşı anlayırıq. Çünki mənzərə göz önündədi...

TƏQVİM / ARXİV